Yazıçılıq Yaqut Hüseynova (Vafiqqızı) üçün nə deməkdir?
-Mənim üçün qələm sahibi olmaq ən uca hissdir, eyni zamanda böyük məsuliyyət. Hər dəfə bəyaz vərəqlər və qələm ilə həzin musiqi dinləyə-dinləyə həmsöhbət olanda dünyam elə bir nura boyanır ki, sözlər belə acizdir onu ifadə etməyə. Çünki insan bütün səmimiyyəti ilə yazılara köçürür, çözüm və duyğularını. Bir yazar kimi ən ali məqsədim dəsti-xəttimi yaratmaqdır. Bəhrələnməyi çox sevirəm, amma təkrarlamağı yox. Buna nail olmaq üçün daha çox zəhmət çəkməli və daha çox öyrənməliyəm.
Maraqlıdır, yazılarınızı musiqi dinləyə-dinləyə yazırsınız?
-Bəli. (Gülür) Bütün yazılarımı sevdiyim musiqiləri dinləyərək qələmə almışam.
 -Həyatın son tablosunu necə təsəvvür edirsiniz?
-Çox vaxt insan ömrünü qarlı yollara salınan izə bənzədirlər. Amma mənim üçün yaşanan həyat və ömür bir kitabdır. Atılan addımlarla səhifələnən bir kitab. Bu kitabın cildi isə keçdiyimiz həyat yolunun xatirələrə yansıtdığı rənglərin məcmusudur.
-Bilirik ki, UYGAD- bütün Türk dünyasının yazarlarını bir araya gətirən Uluslararası Yazarlar və Qazeteçilər cəmiyyətinin Azərbaycan təmsilçisi seçilmisiniz. Yaqut xanım, istəyirik bu mövzuda söhbətimizi davam etdirək.
2015-ci ilin fevral ayından mercekhabergazetesi.com saytının köşə yazarıyam. Bu sayt mənə böyük təcrübə qazandırdı. “UYGAD” cəmiyyəti bu ilin aprel ayında Türkiyədə təsis edilib. Yazar Mehmet Derviş Canbeklinin rəhbərlik etdiyi bu cəmiyyətin əsas məqsədi Türk dövlətlərinin yazar və jurnalistlərinin birliyini yaratmaq, eyni zamanda mətbuat sahəsində qazanılmış uğur və yenilikləri paylaşmaqdır. Belə bir cəmiyyətin Azərbaycan təmsilçisi olduğum üçün qürur duyuram. Hətta cəmiyyətin mükafatına da layiq görülmüşəm. Məqsədim tarixi həqiqətlərimizi , milli-mənəvi dəyərlərimizi və mədəniyyətimizi bütün dünyaya çatdırmaqda bir jurnalist-yazar kimi layiqincə xidmət etməkdir.
-Uşaq ikən zooparklar bizə yalnız maraqlı yerlər kimi görünürdü. Böyüdükdən sonra anladıq ki, gözəl və əyləncəli sandığımız zooparklar insan xislətlərində gizlənmiş həyatın rənglərindən imiş. Qadağalar qoyulmuş insana həyat zoopark kimi görünə bilərmi?
-Ağrılı məqama toxundunuz. Sualınıza “ZOOPARK” adlı yazımdan kiçik bir hissə ilə cavab vermək istəyirəm. “… İllər ötdü… Böyüdük… ZAMAN da böyüdü… Amma illəri üst-üstə gətirərək deyil! Bir zamanlar zoopark və sirklərdə heyvan və klonların ifasında izlədiyimiz səhnəcikləri, təlxəklikləri səhnə dediyimiz HƏYATDA insanların yaşam tərzində gördük. Daha doğrusu, insanlar daha mükəmməl oynadı sadaladıqlarımı. Bəlkə də cəmiyyətin bu dırnaqarası uğuru qazanmağında təlimçinin daha kəskin təsiri var!!! Bəlkə də belə bir “nailiyyəti” yalnız bir güclü “təlimçi” qazandıra bilərdi cəmiyyətə. “O HƏYATDIR!” Bir də Günel xanım, qadağa sözünü sevmirəm. Çünki insan davranış və mənəviyyatının sərhədlərini müəyyən etməklə özünü tanımağı bacarmalıdır.
-Yaqut Hüseynova məğlubiyyətlə barışırmı?
-Xeyr, barışmıram, qətiyyən. Belinski deyirdi ki:-“Mübarizə həyat üçün şərtdir, mübarizə bitdikdə həyat yox olur.” Deməli, həyatı var etmək, onu qurmaq öz əllərimizdədir. Əslində mahiyyətə varsaq, görərik ki, istər məğlubiyyət, istərsə də qalibiyyət malik olduğumuz qüvvə və bacarıqlarımızın ifadəsi olan nəticəyə qoyulan nöqtədir. Məhz bu zaman insan zəif tərəflərini görməyi bacarır. Və bunun sayəsində hədəfə pillə-pillə yaxınlaşaraq uğur qazanır.
-Ümidin təzahürünü nədə görürüsünüz?
-Sevgi və fədakarlıqda.
- Ailənin mənən öldürdüyü övladı ən mükəmməl cəmiyyət belə dirildə bilməz.” Fikirlərini söyləmisiniz. Belə qənaətə gəlməyinizin səbəbi nədir?
-Ailə-məişət problemləri mövzusunda araşdırma etməyi çox sevirəm. Çünki ailə həyatın təməl nöqtəsidir. Əslində, bu fikirlər yeni yazılarımdan birinin sətirləridir. Bir yeniyetmənin taleyinin fonunda bu ağrını daşıyan uşaq və gənclərin çəkdiyi mənəvi əzabları əks etdirməyə çalışmışam bu yazımda. Ailə sevgi, güvən və inamdır. Sadaladıqlarımı ailə övlada bəxş etmirsə, ən mükəmməl cəmiyyət ona sevginin, güvənin və inamın ən dərinini, ən gözəlini, ən etibarlısını versı belə nə ruhu huzur tapacaq, nə də qəlbinin yarası qaysaq bağlayacaq. Çünki insan sevgini doğmalarından və yaxınlarından görmək istəyir.
-Yazıçı, şərqşünas Əli Rzazadənin yeni işıq üzü görən “Səmaya Qayıdan Yazı” romanının redaktoru oldunuz. Yəqin ki, gələcəkdə yazarlıqdan əlavə, redaktor kimi də imzanızı görəcəyik.
-Mən bu romanının ilk oxucusu oldum. Dini radikalizm və İŞİD-in iyrənc mahiyyətindən bəhs edən belə gözəl və möhtəşəm bir əsərin ilk oxucusu olduğum üçün çox xoşbəxtəm. İnanıram ki, bu romanın əsasında mükəmməl bir film ekranlaşdırılacaq. Günel xanım, redaktorluq olduqca böyük məsuliyyət tələb edən bir işdir.

– “İKİ RƏNG” dən danışdınız bir yazınızda. Amma həmin yazınızı paylaşmadınız. Hər kəs həyatı bir rəngdə görür, bəs sizin üçün dünya hansı rənglərdən ibarətdir?
-Bəli, “İKİ RƏNG” və “AZ AN” yazılarımın yalnız adını paylaşdım sosial şəbəkədə. Yaxın zamanda bu yazılarım və digərləri blog saytımda yerləşdiriləcək. Mənim üçün həyat ağ və sarı rəngdən ibarətdir. Sarı çiçəklərin ətrindən, günəşin şəfəqlərindən, “SARI GƏLİN” in tarixi yaddaşımızı dilə gətirən həzin musiqisindən, korların belə görə bildiyi atom bombasının dünyaya tanıtdığı sarı rəngli fəlakətdən sətirlənən “İKİ RƏNG” yazım kəfənin bəyazlığındakı ucalıqla nöqtələnir.
 -Maraqlıdı Yaqut xanım Hüseynova sevgidə məğlubiyyəti  seçərdi yoxsa uğura gedən  yolda qalibiyyəti?
- Mənim üçün sevgi hər şeydən üstündür. Sonu əzab olsa belə…
-Yola çıxdığınız  zaman yolu sona qədər getməyib geri dönüş etmisinizmi? Geri dönüş etdiyiniz zaman kimləri və nələri itirmisiniz?
- Bəli, olub. Bunu həyatımın sınağı kimi dəyərləndirirəm.
 Hər kəsin qəlbində bir nağılı var!” deyən Yaqut xanım üçün sevgi nədir?
-Sevgi huzur dolu nəfəs almaqdır. Sevgi bütün varlığınla güvənə bilməkdir, inanamaqdır. Ən əsası, sevgi SƏNDƏN, MƏNDƏN qoparaq, BİZ ola bilməkdir.


                                                MÜSAHİBƏNİ APARDI: GÜNEL AĞAYEVA