Sunday, April 20, 2014

Cəmi 19 il yaşadı...

     1975-ci  il  martın  1-də  Əli Bayramlı  şəhərində  dünyaya  göz  açmışdı  Bəhruz  
Aslanov. Xarakteri  və  vətənpərvərliyi  ilə  hər  kəsin  sevimlisi  idi. O,  Əli Bayramlı
şəhər  Hərbi komissarlığı  tərəfindən  1993-cü  il  avqust  ayında  hərbi  xidmətə  
çağırılır. Qanlı-qadalı  illərin  olmasına  baxmayaraq, Bəhruz  bu  çağırışdan  
yayınmır. Valideynlərinin xeyir-duasıyla hərbi  xidmətə  yola  düşür. Bakıda və  
Gəncədə  hərbi  təlim  keçdikdən  sonra   döyüş  bölgəsinə  göndərilir. Füzuli  
rayonunun   Əhmədbəyli, Qaraxanbəyli, Kürdmahmudlu   kəndlərinin  düşməndən  
azad  olunması uğrunda  gedən  döyüşlərdə  iştirak  edir. Onun  axrıncı  döyüşü  
isə Aşağı  Seyidəhmədli  kəndində  oldu.



       Cəmi  19  il  yaşadı...  Amma  ölümüylə  ürəklərə   köçdü  əziz  xatirəsi. Şirvan  
şəhər  16  nömrəli  tam  orta  məktəbdə  şəhidin  anım  günü  keçirildi. Şəhidin  ailə
üzvlərinin  iştirak   etdiyi   tədbirdə  məktəblilərin  hazırladığı  "Şəhidlər  ölməz, 
Vətən  bölünməz!" adlı  ədəbi-bədii  kompazisiya  qonaqlara  təqdim  
olundu. Şəhidin  19  illik  qısa, lakin  şərəfli   ömrünü   işıqlandıran  şeir  və  
səhnəciklər  hər  kəsi  kövrəltdi.  Məktəbin   ibtidai  sinif  müəllimi   Xavər  
Rəhimova  şəhidə  həsr  etdiyi  "Şəhidim  laylay" şeirini  səsləndirdi.



     Şəhidin  atası   Misir  Aslanov  öncə  məktəb   rəhbərliyinə  diqqətə  görə  
təşəkkürünü bildirdi. Oğluyla  bağlı  xatirələrini  dilə   gətirdi. Gənc nəslə 
şəhidlərimizin  həyatının  bir  örnək  olduğunu  vurğuladı.  
      Məryəm  Aslanova  da  oğlunun  anım   gününə   həsr   olunmuş   tədbiri  
yüksək  dəyərləndirdi. Göz  yaşlarını  gizlədə  bilməyən  şəhid  anası  Bəhruzlu  
günləri  qəlbinin  ağrısıyla   dilləndirdi.  
       Mərasimdə  məktəbin  direktoru  Çingiz  Şirəliyev  və  jurnalist  Yaqut  
Vafiqqızı  çıxış  etdi. Sonda  Bəhruz  Aslanovun xatirəsinə ittihaf  olunmuş
slayd  nümayiş olundu.


                                                                     YAQUT    HÜSEYNOVA 

Thursday, April 17, 2014

Şirvan məktəbliləri daha bir konfransa yollanacaq.

AZETA  Azerbaijan  (Azərbaycan  İngilis  dili  Müəllimləri  Assosasiyası)  2006-cı  
ildən  fəaliyyət göstərir. Bu qurumun  şəhərimizdə özək  təşkilatı  2012-ci  ildə 
yaradılıb. AZETA   SHİRVAN BRANCH  yarandığı  iki  il  ərzində  bir  çox  
layihələrdə  uğurla çalışır. Bu proqramlardan  biri də  EAMP- English  Access  
Microschoolarship layihəsidir. Layihənin  əsas  məqsədi  bölgələrdə olan  
aztəminatlı  ailələrin uşaqlarına  ingilis  dilini  dərnəklər  vasitəsilə öyrətməkdir. 
Amerika Departamentinin  maliyyə  dəstəyilə  reallaşdırılan  EAMP  artıq 
neçə-neçə  məktəblinin  ingilis dilinin  bütün  incəliklərini  mənimsəməkdə  
ən  yaxın  yardımçısıdır. 21 saylı  tam  orta  məktəbin direktoru  Səadət  
Quliyevanın  rəhbərlik  etdiyi  AZETA   SHİRVAN  BRANCH-ın   adıçəkilən 
dərnəklərində  12  şagird  dil  öyrənir. Dərsləri  ingilis  dili  müəllimi  Nəzakət  
Səmədova  keçir.
Həftədə  iki  dəfə  keçirilən  
dərnəkdə  əsas   dərslik  
"Cuttinq  Edge"  kitabıdır.
AZETA  Azerbaijan  təşkilatının  
prezidenti Rəqsanə  
Məmmədova  və təşkilatın 
yaradıcılarından  olan  
Südabə Sadıqın iştirakıyla   
AZETA  SHİRVAN BRANCH-ın   
EAMP  uşaqları   "Earth  Day"  
keçirdilər. Məqsəd  məktəblilərdə  
humanistlik, vətənpərvərlik, 

Yer  kürəsinə  və  təbiətə  sevgi  aşılanması  idi. Şagirdlər  əvvəlcə məktəbin  və  
onun  həyətyanı  sahəsini təmizlədilər, yeni  ağac  və  gül  kolları  əkərək onları  
suvardılar. Açıq  səma  altında  uşaqlarla   aparılan   fikir  mübadiləsi   qonaqlarda  
yüksək  təəssürat  oyatdı. Və  dərnəyin  altı  üzvi  aprel  ayında  Bakıda keçiriləcək  
EAMP  uşaqlarının  XI  konfransına  seçildi.


                                                              YAQUT  HÜSEYNOVA    

Tuesday, April 15, 2014

Mingəçevirdə "Mobil Jurnalizm" təlimi keçirildi.

Mingəçevir  Media  mərkəzində  İREX  Azərbaycan  təşkilatının  dəstəyilə  "Mobil 
Jurnalizm" layihəsi üzrə  treyninq (10-12 aprel 2014-cü  il)  keçirildi. Böyük  
Britaniyalı  jurnalist  Dan  Maysonun  bu  təlimində respublikamızın   müxtəlif  
regionlarından  olan jurnalistlər,  QHT   nümayəndələri  və  tələbələr  iştirak  
edirdi.



    "Mobil  Jurnalizm  platforması  üzərində  jurnalistika"  haqqında  ətraflı  bilgi 
 və məlumatları   Dan  Mayson  bütün   incəliklərinə  qədər   iştirakçılara  izah  
etdi.  Təlimin əsas məqsədi  jurnalistlərə, bloqçulara, PR  peşəkarlara  və  
mütəxəssislərə  Yeni  Medianın   bacarıqlarını   öyrətməkdir, söyləyən  İREX-in   
əməkdaşı Natella  Abdullayeva  treyninqin  əhəmiyyətindən   danışdı. O   qeyd  
etdi  ki,  mobil   jurnalistika  daha  operativ  işləmək   üçün media
nümayəndələrinə  əlverişli   zəmin  yaradır. 




İştirakçılar  iphone  və  android   əməliyyat  sistemlərini  dəstəkləyən  mobil  
telefonlarının   vasitəsilə   video  sujet   hazırlamaq, audio  müsahibə  almaq, 
onları  redaktə   etmək  və  internet  saytlarında  yerləşdirməyi öyrəndilər. 
Təlimdə Şirvan şəhərindən İREX-in bölmə rəhbəri  Alma  Cəfərova, Heydər 
Cəfərov  və jurnalist  Yaqut  Hüseynova  iştirak  edirdi. 


                                                              YAQUT  HÜSEYNOVA

Monday, April 14, 2014

QƏLBİMDƏKİ SƏN.

 
       Masmavi  dənizin  qırçın  ləpələrinə qarışıb  xəyallarım. Dalğalar  bir-birini  
qovaraq, sanki  harasa  tələsir. Bəyaz  qağayılar  uçuşur  sahildə. Dənizi  çox  
sevirəm. Saatlarla  dayanıb  mavi   dalğaların   sahilə  necə  can atdığını  seyr  
etməkdən  doymaram. Həzin  küləkli  sahildə  yenə  SƏNLİ  düşüncələr  sarıb  
dörd  bir  yanımı. Hər an xəyallarımda, arzularımdasan. Düşüncələr  qəlbimizin,
ağlımızın  bəzən  huzur yeri, bəzən  kədər  yükü, bəzən  də  sevinc  adlı  nəğməsidi.
Çox vaxt  sükuta  dalar insan, susar  saatlarla. Amma... Amma  hayqıraraq  danışar
qəlbiylə. Nəğmələrin ahəngində yox olar duyğularımız. Özümüzə  yolçuluğumuz  və
ruhumuzun rahatlığı, məhz  səssizliyimizdir.  
    Şirin  xəyallarımdan  qopan  bir  damla  dalğalara  qərq  olub. Qəlbinlə dinlə, 
onun səsini:-"Mavi  dənizin  sahilində  sevgimizin  nurlu   sabahlarına   birgə  
yola çıxaq. Bəyaz  qağayıların  ləpələrə  qarışan  sevgi  nəğməsini  birlikdə 
dinləyək. Həzin küləklər  olsun  şahidimiz. Və gözlərinə  baxaraq   
SEVDİYİMİ  söyləyim!..

                                                         YAQUT   HÜSEYNOVA

Şəhid Fərid Əhmədovun nənəsinin yarın qalmış arzusu- Bir çiçəyin nağılı...

       Şəhid  Fərid  Əhmədov... Azərbaycanın qəhrəman oğlu... Artıq onun şəhid 
olmasından illər ötüb. Amma əziz  xatirəsi  xalqımızın  qəlbində əbədi yaşayacaq. 
Şəhidlər azadlıq uğrunda cihada qalxaraq  əbədiyyətə vardılar. Fərid Əhmədovun 
yas mərasimində Şirvan şəhər "SEVİL" qadınlar cəmiyyəti olaraq iştirak edəndə 
şəhidin nənəsinin  xatirələri hər kəsi kövrəltdi. Nənə yarın qalmış arzusunu belə 
dilə gətirdi:



    
   -"Oğlum Güloğlan çox həyatpərvər  və sevgi dolu idi. Həyətimizdə gördüyünüz 
bu güllər  onun  arzularının  acı xatirəsidi. Hər zaman  tükənməz sevgiylə onlara 
qulluq edərdi. Mən də həmişə gileylənirdim ki, oğul özünü niyə belə yorursan. 
O isə cavabında gülərək yanıma gəlib deyərdi ki, ana, bu gülləri  gözəl  bir  arzuyla 
böyüdürəm. Allahdan tək  diləyim  FƏRİDİN toyunda bu  çiçəkləri  sevinclə, 
səadətlə bəzəyək.  Bax, o  gün  bu  çiçəklər  daha gözəl  olacaq..." Sən saydığını 
say, gör  fələk  nə sayır! Bu  güllər  əvvəlcə oğlumun,  sonra  nəvəm  FƏRİDİN   
yasına  göz  yaşı  tökdü. Hər  onlara   baxanda  ürəyim   qübarlanır , bir yandan 
da elə  bilirəm  ki, FƏRİD  üçün  hələ  bu  çiçəkləri  bəzəyəcəyik..."

                                                                   YAQUT  HÜSEYNOVA     

BİR SEVGİ YAŞADIQ...

Sən mənim qəlbimin dərinliyində,
Bir ülvi sevgiylə SONSUZA vardın!
Ən şirin arzumun ənginliyində,
Yaralı könlümü ümidlə sardın.

             Bir SEVGİ yaşadıq... Səssiz-səmirsiz...
             Biz susduq... Danışdı ürəklərimiz!
             Bir SEVGİ yaşadıq... Səssiz-səmirsiz...
             Biz susduq... Danışdı diləklərimiz!

Əl-ələ bir dünya qurmaq istədik,
Səadət evimiz oldu ayrılıq!
Bir isti ülfətlə qısaltdığımız,
Birgə yolumuzu yordu ayrılıq!

          "BƏLKƏ" lər ittiham etdi eşqimi,
          "KAŞ" larda  çözüldü düşüncələrim!
           Gözləyir  yolunu heç yorulmadan,
           Ötən hər səhərim, həm gecələrim!
        

                                                                
                                                                         YAQUT HÜSEYNOVA

Sunday, December 9, 2012

AĞRILAR İÇİNDƏ QIVRILAN İKİ QIĞILTI...

     Yaxınlarımdan   birinin   körpəsini   ziyarət   etmək   üçün   onların   müalicə   
olunduğu  xəstəxanaya   yollandım . Orada   gördüklərim   məni   dəhşətə   gətirdi . 
İçin - için  sızıldadı  qəlbim . Düşüncələrim   bir   fırtına  tək  gözlərimdən   damla - 
damla  axdı ...
     Şöbəni   körpələrin   şirin   qığıltısı   və  gülüşləri   bürümüşdü . Həmin gün 
həkimin  qapısı   önündə   nə   qədər   valideyn   öz   növbəsini   gözləyirdi   ki , 
uşaqlarını  müayinə   etdirsin . Birdən   hər   kəsin    diqqətini    bir    ananın   
sakit - sakit   ağlamaq  səsi  çəkdi .  Ana    körpə   balasını   bağrına   sevgi   
və   nəvazişlə   basaraq   göz  yaşı   tökürdü . Həyat   yoldaşı  da   sanki   bu   
dərdin    içində   sükuta   qərq  olmuşdu . Növbənin   çox   olduğunu   görən   
ana : - " Balam  can  üstədir , icazə  verin , həkimin   yanına   keçək , vaxtımız  
azdır ! " - deyə , gözləyənlərə   müraciət  etdi . Qucağındakı   körpənin   xırıltılı , 
ağır - ağır   nəfəs   alması    onun   gözlərində  bir   imdada   dönmüşdü . Amma   
növbədə   gözləyənlərdən   qarşılıq   belə   olmadı . Əksinə , " növbəni   gözlə ,  
biz   səhərdən    gozləyirik "  deməsi    yeri - göyü  göynətdi . Düşündüm : 
- " Bumu    İNSANLIQ ?! Bumu   HƏYAT ?! "
     Nəhayət , uzun - uzadı   cəhdlərdən   sonra   həkimin    qəbuluna   keçə   
bildilər . Körpəyə   ilk   tibbi   yardım   göstərildi . Övladının   yaşaması , həyatı   
naminə  valideynlərin   tökdüyü   göz   yaşları  və   özlərini   necə   oda - közə    
vurması  hamını   riqqətə   gətirdi ...
     O   gün    xəstəxanada    bir   təzadın   alovlarında    dondu   həyat   gözlərimdə .
Digər   palatada    yenə   ağır   vəziyyətdə   olan   bir   körpə   və    onun    baş
ucunda   oturub   balasının    bapbalaca   əllərindən    tutmuş   gənc   bir   ana .
Bu    mənzərə   daha   acınacaqlıydı . Övladının   başını   sığallaya - sığallaya
kədərə   qarışan   təbəssümüylə   nağıllar   danışan    ana   onu   ovundurmağa
çalışırdı . Ağrılar   içində   qıvrılan   körpə   elə  hey : - " Ana , atam  gəldi ? "
soruşurdu . Ana    isə   bu   sualdan   qaçaraq , körpəsinin   fikrini   yayındırmağa
çalışırdı . Bu   səhnə   düşüncələrimi   tarimar   etdi . Suallar   bürüdü   dörd  bir
yanımı . Sonradan    bildim  ki ,   körpənin    atası    eyş - işrətə   uyaraq    ailəsini  
dağıtmış , övladının    adını   belə   unutmuş !!!

 
     Aman   ALLAH ! Üç    yaşlı    bir   körpənin    dilində  " ata "     kəlməsi
sevgiylə , ümidlə , arzuyla    dillənir , " ata " nınsa   ağrılar   içində    qıvrılan
balasından   xəbəri   də   yox !!!
    HƏYAT ...  Dünəni , bu   günü    və    sabahları    özündə   birləşdirən
mübarizə   meydanı ...  HƏYAT , hər   birimizin   rol   aldığı    böyük   bir
səhnə ...   HƏYAT , ən   əsası    yaşayaraq   YAŞATMAQDIR !..  
     Məsum    gülüşləri    əzablarla   rənglənən   İKİ   QIĞILTI   keçdi
gözlərimin   önünüdən . Bu   fani   dünyamızda    milyonlarla    belə   inildəyən
qığıltılar  var . Təəssüflər   olsun  ki , həyatda   çoxları   ana   və   ata   olmağın
səadətini ,  valideynlik   şərəfini ,  məsuliyyətini , vəzifə   və   borclarını   hələ
də   dərk   etmir ...
     Yazımı   kiçik   bir   hekayə  ilə   bitirmək   istəyirəm .
     " Bir    gün   bir   körpədən   soruşurlar :
     - Sənin   niyə   iki   əlin   var ?
      Balaca   şirin - şirin   gülümsəyərək    cavab   verir :
     - Biriylə   ANAMIN , o  birisiylə   ATAMIN   əlindən   tuta   bilməkçin    RƏBBİM
mənə    iki   əl   verib ! "
     Qoy , uca  YARADAN   heç  bir   körpənin   əllərini   boş   qoymasın ,  arzusuyla ,


                                                                      YAQUT      HÜSEYNOVA