Saturday, August 16, 2014

"SƏNİN ÜÇÜN"

   Həyatı  sevdirdin  mənə. İnsanlığa  itmiş  inamımı  geri  qaytardın  səmimiyyətinlə. 
Sonsuz  ümidlərlə  işıqlandırdın  könlümü. Nifrəti  sildin  gözlərimdən, gülüşü  
hədiyyə  etdin  çöhrəmə. Qəlbindəki  TANRI  sevgisindən  qopan  bir  damla  tək  
tanıtdın  sevgini  mənə. Ürəyimizdəki  məhəbbətin  həzin  pıçıltısında  var  etdik  
bizi. Danışmadan, etiraf  etmədən  iki  dost  tək  addımladıq  eyni  yolda. Susduq... 
Susaraq   yürüdük.
   Baxışlarımızsa  susmadı. Ülvi  sevgimizin  gözlərimizə  hopan  həqiqətində  
dilləndi  söyləmək  istədiklərimiz. Ulduzların  işıltısında, göylərin  ənginliyində, 
dənizlərin  dalğalarında, günəşin  qürubunda  və  üstündə  addımladığımız  qara  
torpağın  bizi   saracaq  ətrində  çözüldü  sevdamız. AZAN  ÇİÇƏKLƏRİNİN  İLAHİ SƏDAQƏTİNDƏN  rəng   almasını  dilədik  dualarımızda... Sınaqlar  mərhəmətin, 
güvənin, etibarın, dürüstlüyün  dəyərini  anlatdı  bizə. Birgə  addımladığımız  
sevgi  yollarında  ömür  adlı  əmanətin  mahiyyətində   İLAHİ   EŞQİN   gücününün, 
huzurunun   və   sarsılmazlığının  şahidi  olduq! 


                                                                  YAQUT  HÜSEYNOVA

Sunday, July 6, 2014

Ekoloji maarifləndirmə layihəsi.

   "Ekoloq"- Ətraf  Mühitin  Qorunmasına  Yardım  İctimai  Birliyi (2001) Şirvan  
şəhərində,  İcma Məlumat  Mərkəzində  tədbir  keçirdi. Şəhər  ictimaiyyətinin,
müxtəlif  təşkilat  nümayəndələrinin iştirak etdiyi  tədbirdə  birliyin  "Kür-Araz 
çayları  boyunca  yerləşən  yaşayış  məntəqələrində  ekoloji  durum  və  bu  sahədə
əhalinin  maarifləndirilməsi"  layihəsinin  mahiyyət  və  prinsipləri  təşkilatın  
hüquqşünası  Lalə  İsmayılzadə  tərəfindən  açıqlandı.  Natiq  bildirdi  ki,  
Azərbaycan Respublikasının  Prezidenti  Yanında  Qeyri-Hökümət  
Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının maliyyəsi  əsasında  layihə  İmişli, 
Saatlı, Sabirabad  və  Abşeron  yarımadasında  həyata  keçirilir. Təbii  fəlakətlər, 
ətraf  mühitin  təmizlənməsi, qorunması, ekoloji  tarazlıq  haqda  qanunda  
təsbit  olunmuş  maddələrə  diqqəti  çəkən  Lalə  İsmayılzadə,  ekoloji 
təhlükəsizliyin  təmin  olunmasını  əsas  götürərək, ətraf  mühitin  
çirklənməsinin  miniuma  endirilməsi  istiqamətində  bələdiyyələrin   görəcəyi  
işlərdən  və  onların  qarşısında  duran  vəzifələrdən  bəhs  etdi. 
   Ekoloji  fəlakətlər  nəticəsində  xəstəliklərin, müxtəlif  epidemiyaların  
yayılması  zamanı  qorunma, evakuasiya  qaydaları, ekoloji  təhsil  və  bu
sahədə  maarıfləndirmə  standartları, eyni  zamanda  iqtisadi  tənzimlənmə  
haqqında  İB-in  rəhbəri  Rübabə  Hüseynli  çıxış  etdi. 
      Sonda  iştirakçıları  maraqlandıran  suallar  cavablandırıldı.   


                                                                    YAQUT  HÜSEYNOVA

Tuesday, June 17, 2014

Aldığım nəfəsin belə tək adı vardı:-"BİZ!"

    Bu  gün  göylər  səni  xatırlatdı  mənə. Çünki  sevgin  də, səmimiyyətin  də  
asiman  qədər  dərin  və  əlçatmaz  idi. Ulduzlar  səni  anlatdı,  bu  gecə  mənə. 
Göylərin  sükutunu  nura  qərq  edən  Azanın  sədasında  huzura  qovuşdu,  
"biz"  adlı  kiçik  dünyamız. Deyilməmiş arzularımız, söylənməmiş  duyğularımız, 
yaşanmamış  xəyallarımız,  sanki   həqiqətə  döndü  həsrət  dolu ürəyimizdə. Ötən  
aylar,  saatlar,  saniyələr  belə  geri  qayıtdı,  baxışlarımızın  pıçıltısında! 
   
   Bəzən  saatın  əqrəblərini  qovmağa  çalışdıq,  incikliyimiz  unudulsun,  
küskünlüyümüz  bitsin, bəzən  əqrəbləri  dayandırmaq  istədik,  sevgimizin  
gözlərimizdəki  səadəti  bitməsin  deyə!  Bəzən də  önəmsəmədik, biganələr  
tək  izlədik,  bizsiz  keçən  saatların,  günlərin  axıb  gedişini. Qürurumuzu  
daha üstün  tutduq  hisslərimizdən.  Əl-ələ  verib  qəlbimizdəki  "biz"  arzulu  
sevdanı  məsum  bir  qığıltıyla bəzəmək  əvəzinə, sevgimizin  üzünə  ayrılıq   
adlı  qapını  açdıq!!!  


                                                                        YAQUT  HÜSEYNOVA   

Sunday, June 15, 2014

Balaca rəqqas.

   Artıq  üç  ildir  ki,  rəqslə  məşğul  olur. Rəqsin  incəliklərini, mahiyyətini  
öyrənmək  və  hərəkətləri  dəqiqliklə  yerinə  yetirmək  üçün  daim  öz  üzərində  
çalışır. Sevərək  solo   ifa  etdiyi  "Avar", "Bayram", "İgidlər"  və   onlarla  bu   
kimi  rəqsləriylə  neçə-neçə  tamaşaçının  ürəyinə yol  tapıb.
   
   Haqqında  danışdığımız  balaca  rəqqas,  Şirvan  şəhər  klubunda  fəaliyyət  
göstərən   rəqs dərnəyinin  üzvü  8  yaşlı  İlkin  Əzizovdu. İlkin  yaşının  
az  olmasına  baxmayaraq, artıq  daha çətin  rəqsləri  müəllimi  Cavid  Ziyadidən  
aldığı  dərslərlə  repertuarına  daxil  etməyə  çalışır. Məşqlərdə   aktivliyi  
və   yaradıcı xüsusiyyətiylə  hər  zaman  fərqlənir. Gələcəkdə  həkim  olmaq 
istəyən  İlkinin   maraq  dairəsi, dünyagörüşü  geniş  və  əhatəlidi. Futbol  
oynamağı, kompyuterdə işləməyi  də  çox  sevir. Dərslərinə  məsulliyyətlə  
yanaşan  İlkin  əlaçıdı. Həm  valideynlərinin, həm də müəllimlərinin  sevimlisidi. 
Hazırcavab  olması, eyni   zamanda  fikirlərini  sərbəst  və özünəməxsus  şəkildə  
çatdırması  hər  kəsdə  maraq  oyadır. Onun   haqqında  "Tumurcuq" və başqa  
mətbu  orqanlarında  yazılar  dərc  olunub. Dəfələrlə  televiziya  proqramlarında  
iştirak edib. Şirvan  şəhərində  keçirilən  tədbirlərə  İlkin  Əzizov  solo  ifasıyla  
rəng  qatır.

   Balaca  qəhrəmanımızın babası  Seyran  Əzizov  deyir  ki, İlkinin  uğurları  
ömrümüzə  sevinc  gətirir. Həm  dərslərində, həm  də  rəqsdə  nailiyyət  əldə  
etməsi  üçün  daim  çalışırıq. Onu  əsl  vətəndaş, gözəl  həkim  kimi  görmək  ən  
böyük  arzumuzdu. İnanırıq  ki, nəvəm  həm  bizim, həm də müəllimlərinin  
ümidlərini  doğruldacaq!


                                                                 YAQUT   HÜSEYNOVA                   

Monday, June 9, 2014

ÜMİD və QORXU.


  İnsanı  həyata  iki  hiss  bağlayar; ÜMİD  və  QORXU. Və bu  iki  amil  yaşadar  
hər  kəsi. Bəzən  də  sarıldığımız  həyat   eşqindən   qoparar  əllərimizi. Yaradılışın  
mahiyyəti,  fani  dünyamızın  ilk  və  son  nöqtəsi, bəlkə  də  elə  bu  duyğulardı!
  Aldığımız  hər   nəfəsdə,  xəstəlikdə, sevgidə, nifrətdə, səadətdə, sevinc  
və  kədərdə  heç  vaxt  tərk  etməz  qəlbimizi,  düşüncələrimizə  hər  an  hakim  
kəsilər, ümid  və  onun  doğurduğu  qorxu!  
  İçimizdəki  sonsuz  ümid  və  qorxumuz  dualarımızla  İLAHİ  nura  qovuşduğu
zaman  huzurumuza  dönər!  


                                                                 YAQUT  HÜSEYNOVA 

Friday, June 6, 2014

Gözlərindəki mən...


    Gözlərindəki  məni  gördüm  bu  gün. Baxışlarının  soyuqluğunda  çözüldü  
qəlbimdəki  suallar.  O  an əbədi  susdu  arzularım,  adınla  bağladığım  xəyallarım. 
Sevgim  də  susdu, baxışlarında  dilə gələn  "ƏLVİDA!"  kəlməsində. Amma  ünvanı
SƏN  olan  dualarım, məktubların, ömrümə gətirdiyin  dəyər,  yaşatdığın  incikliklər,
sevinclər  bu  sevgidən  mənə  qalan  tək  və  unudulmaz   xatirəmdi. 
     Həyatın  bəlkə  də  dəyişməz  qanunu  da  elə  budur:-"SEVİNCİ  yaşamadan 
kədəri  gətirər  gözlərimizə, SEVGİNİ  söyləmədən  ayrılığı  tanıdar! BİZ  adlı  
kiçik  bir  dünyanı  qurmaq  istədiyin  an  acımadan   SƏNƏ   və   MƏNƏ   bölər  
ülvi  məhəbbəti!  

                                                                   YAQUT    HÜSEYNOVA
                                                                                     

Sunday, June 1, 2014

"NV-LYUKS" Mingəçevirdə.

"NV-LYUKS"  Tikinti  və  Təmir  şirkətinin  nümayəndələri  Mingəçevir  şəhərində 
şirkətin flilialının  təqdimat  toplantısında  iştirak  edib. Toplantıda "Liderpersona"  
qəzetinin müxbiri, "Təmiz  Dünya"  İctimai  Birliyinin  İctimaiyyətlə  əlaqələr  
deportamentinin, "İdeal  Gənclər"  İctimai  Birliyinin  mətbuat  və  informasiya, 
eyni   zamanda   adıçəkilən  şirkətin  reklam  şöbəsinin  rəhbəri  Vasif  Akifli çıxış  
edərək, toplantı  iştirakçılarına  şirkət   haqqında  geniş  məlumat  verdi. Şirkətin  
veb  səhifəsinin (nvtikinti.com) təqdimatı  zamanı  Vasif   Akifli   şirkətə   onlayn  
müraciət  qaydalarını  izah  etdi.

Göstərilən  xidmətlərin  dəyəri,  tikiləcək  və  təmir  olunacaq  evlərin  orta  hesabla
müştərilərə  təklif  edilən  qiymətləriylə  bağlı  suallara  şirkətin  maliyyə  şöbəsinin  
müdiri Kənan Fərəcov  cavab  verərək,  müştərilərə  ilkin  ödəniş  30%  olmaqla, 
6  aydan  36   aya  qədər  faizsiz kredit   şərtləri  ilə  evlərin  tikintisini  və  təmirini  
təklif  etdi. Şirkətin  daxili  audit  xidmətinin rəhbəri  Şahmar  Musayev  toplantı  
iştirakçılarını  maraqlandıran  məsələlərə  aydınlıq  gətirərək,  xidmətlərin  
zəmanətli  və  ümumi  işlərin  keyfiyyətli   həyata  keçirildiyini  diqqətə  çatdırdı. 
Sonda  müştərilərin   təklifləri  dinlənildi.