Tuesday, April 21, 2015

“ LƏNƏT SƏNƏ KOR ŞEYTAN ! “

   
   Vurub birinin gözünü çıxardırıq , sonra özümüzü acınacaqlı təsəlliyə boyayaraq, “ lənət kor şeytana “ deyirik . Birinə quyu qazırıq . Yenə hesab zamanı “ sənə lənət kor şeytan “ deyə , haqq qazandırmağa çalışırıq özümüzə . Pislik və ədalətsizliyə səbəb oluruq , təəssüf ki , onda da “ şeytana uydum “ söyləyirik ... Hər etdiyimiz pisliklərdə şeytanı yada salırıq . Törətdiyimiz əməlləri onun adına yazırıq , onu günahlandırırıq . Amma təmizə çıxmaq istədiyimiz halda özümüzü gülünc vəziyyətə saldığımızı dərk etmirik . Düzünü desəm , daha şeytana yazığım gəlir, az qala yanında xəcalət çəkəm . Əməlləri edən biz , adı hallanan , lənəti qazanan o . Yazıq şeytan bəlkə bu ittihamlardan daha bezib . Bəlkə də dəb halını almış , körpüdə intihar edənlərdən biri də , bu minvalla getsə şeytan olacaq . Lap ağlamağım gəldi halına .
Şeytanı gecə - gündüz hər yanda görməyə çalışdım , axtarmağa başladım , sanki əzizimi axtarırmış kimi . Nə zamandı ürəyimdə qalan , beynimdə sarmaşıq tək uzandıqca uzanan qarışıq fikirlərimə , bəlkə o özü aydınlıq gətirə . Bu , nə məsələdi , hamı ona lənət yağdırır . Günlərlə , aylarla , illərlə aradım . Axtarışlarımda bütün cinayətlərin , günahların , pisliklərin adamlar tərəfindən törədildiyinin şahidi oldum , həmişəki kimi !.. Başa düşməyə çalışdıqca , adamların yazıqlaşan acizliyini gördüm , “ lənət kor şeytana , ona uydum “ söyləməsində . TÖRƏDƏN BİZ , EDƏN BİZ , DAĞIDAN BİZ , MƏHV EDƏN BİZ , müttəhim tək adı çəkilən şeytan ! Lap şeytana “ can “ deməyim gəldi . Rəhmətlik nənəm demişkən , anan ölsün nələr çəkirsən adamların əlindən ! Deyirəm , bəlkə mən də bir pislik edim , başqa yol yoxdur . Ancaq bu cür şeytana rast gələ bilərəm ... Bir narazılığa yol açdım . Amma yenə onu görmədim . ÖZÜMÜ və SƏBƏB OLDUĞUM inciklikdən yaranan vəziyyətin ağrısını duydum . Arzum yenə gözümdə qaldı !
Onu görmək mümkün deyil . Çünki o yoxdur . Bütün cinayətlər , günahlar və ədalətsizlikləri özümüz çox vaxt bilərəkdən həyata və ətrafımızdakılara məsulliyyətsizlikdən törədirik . ŞEYTAN adlandırdığımız , uydurduğumuz vahiməli hesab etdiyimiz varlıq yoxdur ! Bu sadəcə özümüzə haqq qazandırmaq üçün əl atdığımız acizyanə YOXLUĞUMUZDUR !!!
Dərin fikirlərə dalan , əsrlər yorğunu olan MOLLA NƏSRƏDDİN ulağının səsinə , sanki yuxudan ayıldı . yoluna davam edə - edə dodağının altında mızıldandı :
- “Adamlar hər şeytana lənət oxuduğu qədər ALLAHA tapınsaydı , ALLAHI tanısaydı , ALLAHA güvənsəydi , yəqin ki , İNSAN olardılar !!!


                                                         31 mart 2015 – ci il .



                                                  HÜSEYNOVA YAQUT VAFİQQIZI
  
                                                             

YOLLAR VƏ ADDIMLAR ...

   Yol salmaq müqəddəs əməl kimi dəyərləndirilir . Savabı da böyükdür . bunu dinimiz də təsdiqləyir . Hədislərdə də bu haqda saysız məqamlara rast gəlmək mümkündür . Yol salmaq çəkilən əziyyətlərdən qurtuluşa , rahatlığa vəsilədir . Dünyada günəşin al şəfəqlərinin işıqlandırdığı , ay – ulduzlu gecələrin nurunun hopduğu daha bir yol var . O , TANRI tərəfindən müəyyənləşdirilmiş zamana sığdırılan müxtəlif taleyin iz saldığı ömür yollarıdı . UCA YARADANIN bizləri yolçu seçdiyi cığırlar ... Tale yollarına yolçu seçilsək də , onu müəyyənləşdirmək öz əllərimizdədir . Bəli , öz əllərimizdə ! Necə ki , torpaq üstündə salınmış yolları biganəlik , tufanlar , qasırğalar dağıda bilirsə , kiçik zamanla çərçivələnən , hərəmiz üçün ayrılan tale yollarımızın da aqibəti də əməllərimizdən , məqsədlərimizdən , həyata yanaşmamızdan asılıdır .

  Çox zaman həyatı bəmbəyaz qarla örtülmüş ucsuz – bucaqsız aləmə bənzədirəm . Kimi bu qarın üstündə öz cığırını açaraq irəliləyir . Kimi isə izlərin açdığı yollarda addımlayır . Fərq isə ondadır ki , yolların birinin sonu olur . Heç vaxt unutmamalıyıq ki , salınmış izlərlə gedilən yol çox qısadı , tez bitir . Digər yolçuların qısaltdığı yol isə doğru ünvana işarədir . Öz addımlarıyla müəyyənləşdirilən yollar zəhmət və əziyyətlərdən keçdiyi üçün insanda özünə inamı daha da gücləndirir . İZİNİ salaraq irəliləməyi , yalnız və yalnız məqsədi olanlar , özünü yaratmaq istəyənlər bacarır .
Həyat örnəkdi , bəhrələnməkdi . ÖRNƏK və BƏHRƏLƏNMƏK başlıca xüsusiyyətlərimizdən birinə çevrilməlidir . Amma onu təqlidlə zəhərləməməliyik. Bu iki xüsusiyyətdən qaynaqlanan addımlarımızda özümüzü yaratmağı bacaraq ! Ürəyimizdən və beynimizdən əməllərimizə qədər yol keçən məqsədlərimiz fayda verməkdən , müsbət nəticələrə səbəb olmaqdan ibarət olsun !
İnsan xisləti yollara bənzər . Gah dolanbac , gah enişli – yoxuşlu , gah uçurumlu, gah da dərəli – təpəli ... Getdiyimiz yollara fərli anlamı , məhz ATILAN ADDIMLAR GƏTİRİR . Fərqlər dünyasının yolları da təzadlıdır . Minlərlə misal göstərmək olar bu təzada . Odlu silahlardan ölümsaçan güllələrin belə qət etdiyi məsafə fərqlidi . Çoxu günahsız körpələri , insanlığın məhvini hədəf seçərəq soyqırım və faciələrin baş verməsinə səbəbdirsə , bəzisi də haqsızlığın , ədalətsizliyin , hökmranlıq iddiasından doğan amansız müharibələrin susdurulmasına açılan atəşlərin haqq səsidir .


 Yaxud da böyük bir alim etdiyi kəşfdə elmin inkişafına xidməti məqsəd seçsə də , bəşəriyyət həmin kəşfi kainatın məhvinə yönəldərək “ atom bombası “ adlı qiyaməti reallaşdırdı . azğınlaşmış xislətiylə YARADANA belə üz çevirdi YARADILAN ! ALLAHLIQ iddiasına düşən YER KÜRƏSİ TANRIYA əsl qiyamətin nə demək olduğunu göstərdi ALLAHSIZLIĞIYLA !!! Hər addımda azğınlığa sürüdük YERİ , GÖYÜ ! Hər
addımda ...
     BƏLKƏ DƏ TANRI BİZİ YARATDIĞINA BELƏ UTANDI ?!

                                        
                                                       9 mart 2015 – ci il .


                                          HÜSEYNOVA YAQUT VAFİQQIZI

SARI ÇİÇƏKLƏR .


Mən eşqi aradım baxışlarında ,
Bəzədi qəlbimi SARI ÇİÇƏKLƏR !
“ BİZ “ adlı səhnənin alqışlarında ,
Çevrildi dostuma SARI ÇİÇƏKLƏR !

                               3 aprel 2015 – ci il .

                             YAQUT HÜSEYNOVA

Thursday, March 5, 2015

" QUYU , yoxsa BİR OVUC TORPAQ ... " ( yeni yazım )

  Atalarımızdan  bizə  belə  bir  söz  mənəvi  miras  qalıb : - " Özgəsinə  quyu qazan  özü  düşər." Əsrlərin , qərinələrin  deyimlərdə  və  atalar  sözlərindəki həqiqətini  hər  zaman  HƏYAT  özü təsdiq  edib .  Molla  Nəsrəddin  demişkən , " Quyunu  qazanda  dərin  qazma !!! "  Ay  Molla əmi, sən ,  nə  qədər  başa saldın ki , dayaz qaz  quyunu . Nə  eşidən  oldu , nə də  başa  düşən . Daha doğrusu , başa  düşmək  istəmədilər . Amma  çox  sonra  başa  düşdülər .  Onda  da  artıq
gec  idi ! Bax , burda yenə  rəhmətlik  ata - babalarımızın  daha  bir  sözünü xatırladım : - " Böyük sözünə  qulaq  asmayan  mələr  qalar . " Həqiqətən, mələr qalır . Zamanında  quyu  qazanlar murdar  xislətlərinə  aldanaraq , quyunu azğınlaşaraq  daha  da  dərin  qazmasaydılar , bəlkə  də sonra  quyunun zülmət  saçan  dibindəki  mələrtilərini  kimsə  duya  bilərdi . Köməklərinə  gələn olardı  ki , xisləti  şeytani  hissləriylə  yazıqlaşanlara  " SƏN  İNSAN  OLARAQ YARADILDIN ! "  fikrini  bir  də  anlatsın . 
 

  Özgəsinə  quyu  qazanın  hədəfi  yalnız  və  yalnız  ÖZÜDÜR . Çünki  nahaq əlindəki   ölümsaçan  silahıyla  haqq , ədaləti  hədəf  seçsə  də , hər  zaman  öz gülləsiylə özünü  darmadağın  edib !
  QUYU  QAZMAQ ...  Adına  " müasir "  dediyimiz   dünyanın ,  əfsuslar   olsun ki , dəbdən düşməyən  dəbidir .  Bu  dəbi  mənəviyyatına ,  xislətinə geydirənlər  də  milyonlarladır . Bəlkə  də bu prizmadan  yanaşsam , təbəqələşən  cəmiyyətimizin  eyniləşən  məqamı ,  məhz  bu  DƏBDİR ! Yenə Molla  Nəsrəddin  jurnalının  sətirlərinə  qayıdır  düşüncələrim . Çünki  çözməyə çalışdığım mövzunun  ətrafındakı  fikirlərimə  onun sətirlərindəki  həqiqətdə aydınlıq  hopur .  ALLAH  qəni - qəni  rəhmət  eləsin , MİRZƏ  CƏLİLƏ ! O  yazırdı : - " Quyu  qazma , ağac  ək !  Bəlkə ,  ay nadan , TORPAĞI tanıyasan ! "  TORPAĞI  TANIMAQ ,  ona  yaxın  olmaqdan  başlayır . Elə insanlığa  gedən  yol  da  əllimizə  götürəcəyimiz  BİR  OVUC  TORPAQDAN başlayır . Bir  ovuc torpaqdan  başlayan  İNSANLIQ , HƏYAT , İLAHİ   EŞQ elə  bir  ovuc  torpaqda  da  SONA   qovuşur . Üstündə  dayandığımız  qara torpağa  elə  addımlarla  iz  salaq  ki ,  sonda  dönəcəyimiz bir  ovuc  torpağı VƏTƏN  özünə YAD  SAYMASIN !
   

  Atalarımızdan  qalan  gözəl  bir  fikirlə  başladım   yazımı . Ümumiyyətlə, xalq
deyimləri mənsub  olduğu  xalqın  kimliyini  sübut  edir ,  onun  hansı əqidəyə , hansı  məsləyə etiqadını   göstərir   və  hansı  amallar  uğrunda yaşadığından   söhbət  açır .  Deməli , atalar sözləri  hər   bir millətin  iç  üzünə ayna tutan başlıca məqamdır. Bu  yerdə  mənfur düşmənlərimizin bir deyimini vurğulamaq istəyirəm:-" Harada  günün  yaxşı  keçirsə , ora sənin vətənindir . "Dünyaya qondarma  erməni soyqırımını  təsdiqlətməyə çalışan , böyük Ermənistan yaratmaq   xülyasıyla yaşayan, " QARABAĞ erməni  torpağıdır " cəfəngiyatını reallaşdırmaq  üçün addımlar  atan daşnaklar  özləri  özlərinə  öz deyimlərində  belə  quyu qazırlar!!!  Ən dəhşətlisi  də elə  budur !!!
  Hərdən  düşünürəm  ki ,  hələ  neçə - neçə  YUSİFLƏR   keçəcək  görən səndən , ey  DÜNYA ?!


                                                    
                                                          YAQUT   HÜSEYNOVA

Monday, February 23, 2015

" ZOOPARK " ( yeni yazım )

  Uşaqlıqda atam tez - tez  bizi  zooparka  aparırdı . Təbiətin  gözəlliyini, əsrarəngizliyini  yaxından görmək  və  tanımaq  üçün .  Bəlkə  də  uşaqlıqda yaşadığımız  o  anlar , bu  gün  yaddaşımızın  ən gözəl  yerində  bərqərar  olan xatirələrimizdəndir . Həmişə  zooparka  getməyi  səbrsizliklə gözləyirdik . Şəhərimizə  gələn  səyyar , yaxud  da  paytaxtda fəaliyyət  göstərən  sirk
proqramlarının  tamaşaçısı  olurduq .  Heyvanların , klonların  hazırladığı səhnəcikləri  sevərək izləyirdik . Valideynimizin  əllərindən  sevinclə   tutaraq, zooparkda  olan  heyvanları  gah yemləyərdik , gah  da  onlar  haqqında soruşduğumuz  sualların  cavablarında   tanıyardıq  təbiəti . Unudulmaz əyləncəni  yaşadırdı  bu  gəzinti  hər  birimizə ... 
  İllər ötdü ...  Böyüdük ...  ZAMAN  da  böyüdü ...  Amma  illəri  üst - üstə gətirərək  deyil ! Bir zamanlar zoopark və sirklərdə  heyvan vəmklonların ifasında izlədiyimiz səhnəcikləri, təlxəklikləri səhnə  dediyimiz  HƏYATDA insanların  yaşam  tərzində   gördük . Daha  doğrusu , insanlar  daha mükəmməl oynadı  sadaladıqlarımı .  Bəlkə  də  cəmiyyətin  bu  dırnaqarası  uğuru qazanmağında təlimçinin  daha  kəskin  təsiri  var ?!  Bəlkə  də  belə  bir " nailiyyəti  "yalnız   bir  güclü " təlimçi "  qazandıra  bilərdi  cəmiyyətə : 
- " O  HƏYATDI ! " ...  
 

   Çox  vaxt  belə  bir  söz  deyilir,  "zəmanə  adamı"  deyil . ZƏMANƏ ADAMI ... Leksikonumuza daxil  etdiyimiz  iyrənc  kəlmədir. Sevmədiyim sözdür . Əgər zəmanə adamı - şəxsi ambisiyalarını  reallaşdırmaq  naminə xislətini  dəyişməkdirsə, kürsülərdə  vəzifəyə gəlmək və alqışlanmaq  üçün VƏTƏN  kəlməsini  tanımaqdırsa, klonlaşdırılmış  beynə  sahib olmaqdırsa, radikal  təriqətlərə qoşularaq  aldığı  çirkli pullar müqavilində müqəddəs dinimiz  İSLAMI "təbliğ   edirəm" deməkdirsə  və  bu kimi  neçə - neçə acı  reallıqlardırsa, GERİDƏQALMIŞ kimi dəyərləndirilmək hər kəsin sahib  ola  bilməyəcəyi  ucalığımızdır !
  Yazıma  uşaqlıq  xatırələrimdəki  məqamlarla  başladım .  Təsadüfi  deyil. Çünki o anlar yaddaşıma  təbiətin gözəlliklərini  həkk  etsə  də, bu  gün  bizi istəsək  də , istəməsək  də  əhatə edən  xislətlər  çox  zaman  o  qəfəslər arxasındakı  üzləri xatırladır  mənə ...
  HƏYAT  və  ZAMAN  nə qədər  güclü  " təlimçi "  olursa  olsun ,  BOZ  QURD xislətli  ürəkləri , beynləri , addımları  sevməsə  də ,  məğlub  etməyə  çalışsa  da heç  vaxt    SUSDURA   BİLMƏZ!  Heç  vaxt  ƏYƏ  BİLMƏZ !  Bunu  TARİX də dönə-dönə  təsdiq edir !


                                                                   YAQUT    HÜSEYNOVA




Saturday, February 21, 2015

" NARKOMANİYA ƏSRİN BƏLASIDIR ! "

  " Narkomaniya  əsrin  bəlasıdır "  mövzusunda  Şirvan  şəhərində  şəhər Təhsil şöbəsi və şəhər Polis  idarəsinin  birgə  təşkilatçılığıyla  tədbir  keçirildi . Məktəblilərin , müəllimlərin , hüquq - mühafizə  orqanlarının  və  media nümayəndələrinin  qatıldığı  tədbiri  Təhsil  şöbəsinin  müdiri   Paşa  Nəbiyev  açdı . O  qeyd  etdi  ki , bu  gün  bəşəriyyəti  düşündürən  və  ən  ağrılı problemlərdən biri də  cəmiyyətin  bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadı . Narkotizmlə  mübarizə uzunmüddətli , çoxşaxəli , böyük  maliyyə vəsaiti  tələb edən dinamik  bir  prosesdir . Bu mübarizədə  əldə  olunan  müsbət nəticələrin miqyasını genişləndirmək  üçün maarifləndirici  tədbirlərə  xüsusi diqqət  yetirilməlidir .


  Narkotizmlə mübarizə , bu  problemin  milli  və  beynəlxalq  qanunvericilikdə tənzimlənməsi haqqında   polis  şöbəsinin rəisi  polkovnik  Şahin  Mirzəyev  çıxış etdi .  Polis  rəisi  vurğuladı  ki , bu  gün  Şirvan  şəhər  narkoloji  kabinetində 800 - dən  çox  narkotik vasitələrdən  asılığı  olan şəhər sakini qeydiyyatdadır. O cümlədən,2014-cü ildə şəhər polis şöbəsi tərəfindən narkomaniyaya qarşı  mübarizə  əməliyyat - tədbirlərində  55  fakt  aşkarlanıb  və  4  kq  narkotik
vasitə  dövriyyədən  çixarılıb. Narkotik  maddələrin gənc  nəsillər  arasında yayılması  təhlükəsini nəzərə  alaraq, bir  çox  ölkələrdə, həmçinin respublikamızda " Narkotiksiz  gələcək  naminə " milli proqramlar qəbul edilib. Buraya  təhsil  ocaqlarında, hüquq mühafizə orqanlarında , təşkilatlarda narkomaniyanın  ziyanı  haqqında  maarifləndirilmə  kampaniyaları  daxildir. Bu
kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. Şəhər narkoloji kabinetin  həkimi Dilavər Qurbanov narkotikin insan orqanizminə vurduğu  təhlükəli   zərərləri  və  fəsadları barəsində  məktəbliləri  məlumatlandırdı .
  Sonda  məktəbliləri maraqlandıran  suallar cavablandırıldı .


                                                                           YAQUT    HÜSEYNOVA

Wednesday, February 4, 2015

" ... CANLI ÖLÜLƏRİYİK ... ( yeni yazım )

   Deyirlər ,  qəbristanlıq  insan  xislətinin  durulduğu  məkandır .  Amma  görünür ,
heç məzarlıqların  da  çox  xislətləri  durultmağa  gücü  yetmir .  Bu  günlərdə
qəbiristanlıqda  ziyarət   zamanı   seyr   etdiyim  bir   mənzərə  məni  elə  susdurdu
ki , rəhmətlik  nənəm demiş , lap  nitqim  qurudu .  İçimi  dəhşət  bürüdü .
Burdadamı  fərqlər ,  özü   də  heç  bir  çərçivəyə sığmayan   düşüncəsiz ,
dərrakəsiz  fərqlər   qoyulur ?!  Çox  vaxt   qiyamətin  necə  olacağını  öyrənməyə
çalışırıq , amma  etməli  olduqlarımızı  unuduruq ! Dini  kitabları , hədisləri
vərəqləyirik . Din  xadimlərinin  moizələrini  dinləyirik .  Bir  nəticəyə  gəlmək
üçün. Bəlkə  də  səmavi  kitabların  hər  birində  qeyd  olunan  qiyamət  günü  
onun  haqda söylənilənlərin   insan   xislətindəki   eybəcərliklərdən  başlayır    yolu .
   Əsrlər   ötsə  də ,  yaşayanlardı  var  olanlar . Məsələn ,  " MOLLA  NƏSRƏDDİN "
və  bu  cərəyanın   yolçuları  kimi .  Gördüyüm   mənzərə  Molla  Nəsrəddinçilərin
zamanla  yorulmadan   birgə   addımlayan   ayaq  səslərini  bir   daha  eşitdirdi
mənə . Çünki  bu   addımlar   böyük   bir  zaman  kəsiyi  keçsə  də ,  cəmiyyətdəki
həqiqətlərin daxilinə  elə nüfuz  edib  ki ,  zaman  belə   onu   susdurmağa  acizdir .
Zamanı  zamandan  öncə   görən , çözən   və   anladan   cığırlardı   onların  getdiyi
yollar .  Bəlkə   də düşünəcəksiniz  ki , mövzudan   çox   uzaqlaşdım .  Amma   bu
belə   deyil .  Ona   görə  ki ,  şahidi   olduqlarım  " MOLLA   NƏSRƏDDİN "
jurnalının   səhifələrinin  hələ  də   bitmədiyini   hər   birimizə  anladır . Bu  jurnalın
hər  son  səhifəsinə   gəldiyimiz  anda ,  oxuyub   bitirdiyimizi  düşünərkən ,
yenidən  vərəqlənir   çözümləri ,  yanaşmaları , hədəfi  ifşa  və   tənqidləri ...
Qısa  girişimlə  mövzuma   həm   körpü  salmaq   istədim , həm  də  qarışıq
fikirlərimi   aydınlatmağa  çalışdım ...
   
  
  Əzizlərimizi  ziyarət  edərkən   qarşı  məzarın  yanında  iki  qadının  etdiyi  söhbəti
eşitdim .  Biri  digərinə  məzarlardakı  fərqi   göstərib  söyləyirdi  ki ,  " gör  necə
bəxtəvər  ölüdür ,  qəbri  saray  kimi  düzəldilib ,  halal  olsun   övladlarına . O
birisinin  torpağı  belə  aşınıb ...  "  Həqiqətən   qəribə  dünyadı .  HƏYAT
amansızlığıyla  belə   çox  başlara   ağlı  hələ  də  gətirə   bilməyib .  Hər  şeydə , hər
yanaşmada  zahir  axtarılır . Düşünmürük  ki ,  görüntülərin  hamısı  səmimi  olmur , insanların  özü  kimi . Gördüklərimiz çox vaxt  gözümüzü  torlayan  pərdələrdən
ibarətdir .  O  pərdənin  arxasındakı  doğrunu  görmək   isə  hər  vicdana  məxsus
deyil !  Bəlkə  də  qibtə  etdiyimiz  o  dəbdəbə  hansısa  nankor  övladların  əməlini
gizlətmək  üçün  son  acizyanə  çarədir . Yaxud  da  qocalar  evinin  divarlarına
vəsiyyətini  edən  valideynlərin  müqəddəs  çiyinlərinə  övladları   tərəfindən
qoyulan  daha   bir   çəkilməz  dərd   və  ağır  yükdür . Bəlkə   də  fərqinə
varmadığımız  ikinci  məzarın   aşınmış  torpağı ,  ona  axıdılan  göz
yaşlarının  sonsuzluğunun  təzahürüdür ...
   Qibtə  etməkdən  uzaqlaşaq !  Uzaqlaşaq  ki , həqiqəti  görə  bilək .  Zahiri
aldanışlarda  itməyək . Taleyimizin  iz  saldığı   ömür   yollarımızı  " mənəvi
itgin "  damğasıyla  qaranlıqlara   qərq  etməyək .  Yaşadığımız  cəmiyyətin
əyriliklərini  görməyi  bacaraq . Üzvi   olsaq  da  həyatı  paylaşdığımız   cəmiyyətə
bənzəməyək !  Özümüz  olaq !  Cəmiyyətin  tərtib  etdiyi   yeni  " sinonimlərini "
kiçik   dünyamıza   tanıtmayaq .  Məsələn ,  " hörmət "  adlandırdığı   rüşvətdə ,
" ləyaqət " i   əvəz  edən   yaltaqlıqda  və   bu  kimi  sadalamaqla    bitməyən
iyrənclikdə  payımız olmasın .  UCA   YARADANIN   deyərdim  ki ,  ən  günahkar
bəndələri  də ,  məhz   bizik .  Çünki  YALANI   HƏQİQƏT   sözünə  sinonim
seçilən  dünyanın  sakinləriyik .  Daha  doğrusu   CANLI   ÖLÜLƏRİYİK !!! 
     Yazımı  Cibrab   Xəlil   Cibranın   sözləriylə   bitirmək  istəyirəm . O  söyləyirdi : - " İçimizdə   iki  şəxs  var - biri  qaranlıqda   ayıqdır ,  o  biri  işıqdaykən  yatıb ! " 



                                                                YAQUT    HÜSEYNOVA