Tuesday, September 1, 2015

" AYAQLAR "



  Öz ayaqların olsun, öz ayaqların. Atdığın hər addım vicdan torpağının vətəndaşı adını yazsın sənin mənəviyyat kimliyinə! Məhz, öz ayaqlarını ağlınla tanı və qəlbinlə tanıt addımının səsini hər kəsə! Allah rəhmət eləsin, Cibran Xəlilə. Həyatın və insanın mahiyyətini yazdıqlarında elə təsvir və tərənnüm edib ki, oxuduqca insanın vicdanı rahatlaşır ikiüzlü dünyada. O deyirdi: - “ Bu dünyanın tikanlı yollarıyla getməkdən qorxmayın ! Çünki sizin dabanlarınızdan artıq, xarab olmuş qanları çıxaracaq!..”
   Qəribə zamandı. Yer üzünün əşrəfi sayılan İNSAN artıq mənəvi mahiyyətindən çox uzaqlaşıb. Bioloji varlıqdan başqa heç bir anlamı təzahür etmir. Klonlaşmışinsanlığın” qurumuş beynlərinin hökmranlığında bir bataqlığa çevrilən cəmiyyətin üzvünə dönmə. Dəyişmə, mənəviyyatının bir üzü olsun. Yıxılsan da, büdrəsən də, heçliyə yuvarlansan da öz ayaqlarınla addım at. Öz ayaqların üstündə dayan. Kiminsə çiyinləri üzərində dayanmağa çalışma. Belə var olma gözqamaşdırıcı görünsə də, yerə çırpıldığın zaman ALLAHIN sənə verdiyi ayaqların fiziki anlamı belə yox olar ! Çiyinlər üzərində bərqərar olmağa heç vaxt can atma. Və bunu unutma : - “ Məhz ÇİYİNLƏR İNSANI QOYNUNA ALIB, SONRA DA GERİYƏ BAXMADAN QARA TORPAĞA ƏBƏDİ SAKİN EDİR ! “

                                     

                                                                    YAQUT  HÜSEYNOVA

Saturday, August 22, 2015

" DAŞLARI FƏRQLİ BÜNÖVRƏ "


  UNUDA BİLMƏDİK bu iki sözü !.. Beləcə haçalandı yolumuz . Özümüzdən ayrı düşdük. Pərən-pərən oldu varlığımız. UNUDA BİLMƏDİK !.. Bu qədərmi aciz olduq , bu İKİ MƏFHUMUN əlində ?! Bu qədərmi dəyərsiz idi duyğularımız, hisslərimiz, paylaşdıqlarımız ?! İlk addımdan SƏNİ və MƏNİ tanıdıq . Sonunda  " BİZ " vəhdətimizi təzahür etmədi. Özümüzü "BİZ" adlı dünya qurduğumuza inandırdıq. Amma xəyallarımızda , arzularımızda, əməllərimizdə belə bu dünyanın mövcudluğunu görmədik . Bəzən yol eyni olur , amma istiqamət fərqli . İnsanları bir-birindən uzaqlaşdıran ya QÜRURU , ya da FƏQLİ DÜNYAGÖRÜŞLƏRİ OLUR...
  UNUTDUQ ki , daşları fərqli olan bünövrə bir gün mütləq məhvə məhkumdur !


                                                               YAQUT HÜSEYNOVA

Tuesday, August 11, 2015

“ YUXU SEVDAMIZ “


   -Deyəsən, yorulmusan, gör nə qədər yol gəlmişik. Ünvana yetməyimizə hələ çox qalıb. Hava da çox istidi. Lap əldən düşdün. Gəl, bir az dincələk. Bax, nə gözəl kölgəlikdi. 
  Molla Nəsrəddin ulaqdan düşüb yol kənarındakı ağacların kölgəsinə çəkildi. Xurcununa dirsəklənib yenə də özüylə söhbətə başladı:

  - “ Deyirəm, qəribə zamandı. Adamları da qəribələşib. Adamları bir yana, həyata yanaşma və baxışlar da yamanca “müasirləşib“ . Günümüzün problemləri, dərdləri də “avropasayağı“ don geyinib. Bilmirsən, hansından danışasan, hansından həmyerlilərim DANABAŞ kəndinin əhli kimi Həzrət Abbasa məktub yazıb çaya atasan ki, çarəsin bəlkə tapa. Eh, dünya, yazıq neyləsin. Elə hey onu günahlandırırıq, adına min söz deyirik. Daha etiraf etmirik ki, Adəm oğlu adını binəva dünyanın alnına yazır, “ - deyərək, Molla xurcununu açdı. Yol azuqəsini torpağın üstünə sərdiyi kiçik süfrəsinə yığdı. Həm özü yedi, həm də ulağını yemlədi. Sonra “ əlhəmdulillah “ deyib, xurcunundakı kitabları çıxartdı. Dərindən köks ötürərək kitabları vərəqləyə - vərəqləyə sözünə davam etdi:

  -Kitab vərəqləyərkən belə insan nə qədər mənən rahatlaşır. Ruhu dinclik tapır. Hətta səhifələri bir-bir çevirdikcə kitabın özünəməxsus qoxusu beynimizdəki nə qədər təlatümü yatırdır. Mütaliə etmək gözəldir. Amma hər ruh, hər ürək, hər beyn mütaliənin ağuşuna sığınmır. Kitab oxumaqla əqlini qüvvətləndirmir, dünyagörüşünü sərhədsiz etmir. Unudur ki, mütaliənin mənəvi tərəfləri bir yana, onun səhhətimizə, psixalogiyamıza əvəzsiz müsbət təsirləri var. “Avropalaşan “ cəmiyyətimizin bir daha yadına dönə-dönə salmaq istəyirəm ki, Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün ən əlverişli məqam hesab olunur. Bizdə isə istirahət mövsümü əylənmək və gəzmək üçün ən münbit zamandı!!!

  Bu bir yana “ Avropalaşan “ cəmiyyətimizin böyük əksəriyyəti bu gün kitabxana yollarını tanımağı geridəqalmışlıq kimi qiymətləndirir. İnternet var, neynirik, kitabxana qapısın döyüb, rəflərdən oxumaq istədiyimiz kitabı axtararaq vaxt itirək. Təəssüf ki, bu iyrənc düşüncədə olanlar dərk etmirlər ki, kitabxana rəflərindən kitab seçmək, oxu zallarında kitab oxumaq, qeydlər etmək mütaliənin mahiyyətindəki ülvi duyğunu daha dərindən qavramağa zəmin yaradır. O ƏL ŞİKƏSTDİR Kİ, ömründə bir dəfə də olsun KİTAB VƏRƏQLƏMƏYİB! O GÖZLƏR KORDUR Kİ, KİTAB SƏTİRLƏRİYLƏ İŞIQLANMAYIB!


  Bir məqama da fikrimi deyim, bəlkə az da olsa rahatlıq tapam. Vallah, hansı qapını açdımsa, o evlərin çoxunda yalnız və yalnız bir kitabı gördüm. “YUXUYOZMALAR“ ... Marağıma səbəb oldu. Bilmədim faciəmizə ağlayım, yoxsa “müasirləşsək“ də cəhalətimizə acıyaraq gülüm!.. Günlərlə açdığım qapılarda gördüyüm eyniliyin səbəbin axtarmağa çalışdım. Bir deyim də deyildiyi kimi, fikrim bir yerə, gümanım min yerə getdi. Yuxu haqqında elmi məlumatları, aforizmləri birər-birər oxudum. İki aforizm çox diqqətimi çəkdi. Onların üzərində dayanaraq çözümlərə yol açdım. Kəlamlardan biri Mustafa Kamal Atatürkə məxsus idi. O deyirdi:-“ Uyuyan millətlər ya ölür , ya da kölə olur. “ Başqa bir aforizmdə isə vurğulanırdı ki:-“ Yatanı oyatmaq asan, mürgüləyən isə heç vaxt oyanmaz, oyansa da niyə oyandığını anlamaz. “ Artıq çözümü daha aydın görmək mümkündür. YATMAQ və MÜRGÜLƏMƏK bu günə qədər yaşadıqlarımızın yeganə səbəbi! Yata-yata, mürgüləyə-mürgüləyə haçalandı bütövlüyümüz! Bir an da bitmədi yuxu sevdamız. Çox vaxt gözlərimiz yuxudan ayılsa da, RUHUMUZ elə hey mürgülədi! O qədər özümüzə, varlığımıza biganələşdik ki, BÖLÜNDÜYÜMÜZ TİKƏLƏRİN AĞRISINI BELƏ DUYMADIQ! GET-GEDƏ YADLAŞDIQ ÖZÜMÜZƏ!

  Zaman keçdikcə, əsrlər ötdükcə bitmədi, tükənmədi yuxu sevdamız. Daha da şırınləşdi yuxumuz, qulaq batıran səs-küyün içində belə! O qədər şirinləşdi ki, “YUXUYOZMALAR“ müqəddəs kitabımıza döndü ...



                                                  
                                Yaqut Hüseynova



Monday, August 10, 2015

"AVROPALAŞMAQ " yazıldı .

   Şərqdə dünyaya göz açdı . Beşiyi oldu ŞƏRQ . Burda iməklədi , burdan ilk addımının səsi YER ÜZÜNƏ yayıldı . Yıxıla - yıxıla böyüdü . Amma hər dəfə əlindən tutub qaldıran , özünə sarı addımbaadım aparan məhz QƏRB oldu . Beşiyi Şərq olsa da , Qərb onu özününküləşdirdi . Qərbdə " vətəndaşlıq hüququ " əldə etdi . Zaman keçdikcə vətəni - ŞƏRQ unuduldu , " vətəndaşı " olduğu QƏRB tanındı . Və onun kimliyinə beşiyində verilən adı " QƏDİM SİVİLİZASİYA " deyil , "AVROPALAŞMAQ " , " MÜASİRLƏŞMƏK " yazıldı !!!
   Amma bir məqam unuduldu . Cibran Xəlilin sözlərində unutduğumuz bir daha vurğulandı : - " Qərb təqlidçiləri ŞƏRQ ruhunu oyada bilməz ! "



                                                                        YAQUT HÜSEYNOVA

Tuesday, August 4, 2015

Jurnalist - Yazar YAQUT VAFİQQIZI
































                                                       














Paylaşdı : ADMIN

Friday, July 24, 2015

" BİR QIRIQ ÜRƏYİN BAXIŞLARI VAR ! "

Gözündə təbəssüm işıq saçsa da ,
Bir qırıq ürəyin baxışları var !
İnama , güvənə qucaq açsa da ,
Bir qırıq ürəyin baxışları var !

           Məğrur dayansa da , əyilməsə də ,
           Gileyi nurunda deyilməsə də ,
           Gözlərin sevgini məbəd bilsə də ,
           Bir qırıq ürəyin baxışları var !




                                                       YAQUT VAFİQQIZI  


Tuesday, July 7, 2015

“ QAPISIN DÖYƏK ...”



   Qapısını döydüm. Qorxa – qorxa, çəkinə - çəkinə. Qonağı olmaq istədim onun. Çağrılmamış qonağı ... Bəlkə də illərlə yolunu gözlədiyi qonağı olacam... Üzümə qapısın açsa, nələrlə qarşılaşacağımı təxmin etdikcə bir qədər duruxdum. Geri dönmək istədim. Amma onu illər sonra görməliydim, görməyə borcluydum. BİZİ BİZ edən bu evin sahibinin ovcuma sığacaq komasında qonaq olmağı çox istəyirdim. Qəbul edəcəyinə isə inanmırdım . Çünki onun dəfələrlə incidilməsinə İNSANLIQ və ƏTRAFIMA NİFRƏTİ TANIMAMAQ üçün göz yummuşdum. Bu ağrının yükünü elə onun özünə  daşıtdırmışdım. O isə hıçqırıqlarını gizlətdi, hər dəfə məndən. Hər əlimi uzatdıqda eyni nəvazışlə, tükənməz sevgisiylə, ruhuyla tutdu əllərimdən. Əllərindəki əzab cadarlarını əllərimi tutan zaman duydum. Çox incitdi canımı bu cadarlar. Onun necə tab gətirdiyini düşündükcə MƏNƏVİ GÜCÜ gətirdi vəhdətimizə. Addımladığım məqsədə doğru getməyim üçün yolların tikanlarına, daş – kəsəyinə özünü sipər edərək, mübarizə aparmağıma zəmin yaratdı. Ağrılarımı illərlə özü daşıdı. Fəqət, SEVİNCİ, SƏADƏTLİ GÜLÜŞLƏRİ YOLLADI BAXIŞLARIMA ! 
 Danışdıqca bitməz haqqında deyəcəklərim. DÜŞMƏNİMƏ çevrildiyi zaman belə mənə olan ədavətini mənəvi dünyamın qazancına döndərdi aşıladığı çözüm və qərarlarıyla. Özü çox vaxt HƏYATDAN KÜSSƏ DƏ, varlığıma, düşüncə və duyğularıma beynimdə sonsuz həyat eşqini öyrətdi. Dəfələrlə paramparça olsa da, MƏNƏVİ BÜTÖVLÜYÜ tanıtdı. Usanıb yıxılsa da, qırılsa da, əyilsə də sınmadı. MƏĞRURLUĞUN ən gözəl libasını biçdı iç dünyama. Elə hey, məni dinlədi, mənə qulaq asdı. Bir dəfə də yorulmadı. Birlikdə son nəticəyə gəldik. Özünü unutdu. O yalnız var olmanı düşündü, özünütəsdiqin imzasına döndü. Bir ömrə aid olsa da, bir sinədə çırpınsa da yaşamaq üçün deyil, yaşatmaq üçün döyündü. YAŞATMAQ üçün döyündükcə yaralar alsa da dayanmadı, usanmadı səbəb olmaqdan. Ona bağlıyıq, ona. Onunla bizim aramızda olan nəfəs adlı körpüdə yola çıxar tale yollarımız. Nədənsə bir dəfə də qapısın döymədik, VARLIĞIMIZI dəfələrlə silkələsə də! Nələri yaşatdıq, nələrdən keçirtdik onu?! İstəsə də, istəməsə də nələrə vadar etdik?! Heç soruşmadıq. Fərqinə belə varmadıq ki, köksümüzdəki ovcumuz boyda olan torpağını ona doğma etdik, yoxsa sadəcə bir sığıntı seçdik bapbalaca varlığına !!!


 Qapısın döydükcə əllərim titrəsə də, açacağını bilirəm. Çünki hər zaman həmsöhbət olduğumuz ÖZÜMÜZ onun varlığında məskən salıb. Həqiqi dost geriçevirən, bəhanələr axtaran deyil, hər zaman yanında olandı qapısın döysən də, döyməsən də! Nəhayət ... Xatirələrlə salamladı məni. Acılı – şirinli, çox vaxt da unutduğumuz xatirələrlə. Çox xoşbəxt idim. Çünki yenidən ana nəvazışıylə RUHUMU bağrına basdı...
 QAPISIN DÖYƏK ! Bu görüşdən qaçmayaq. Ona görə ki, onunla görüşümüzdə ÖZÜMÜZƏ bir daha qovuşacağıq . BİZİ bizə, ətrafımıza və axirətimizə göstərən o huzur dolu evin sahibi məhz – ÜRƏYİMİZDİR !
 Yazımı Cibran Xəlilin bir fikriylə bitirmək istəyirəm. O deyirdi:- “ Heç vaxt deməyin ; mən qəlbimin yolunu tapmışam ! Deyin, YOLUMA ÇIXAN QƏLBİMƏ RAST GƏLMİŞƏM !.. “





                                           YAQUT HÜSEYNOVA 



                                            7 iyul 2015 – ci il .