Sunday, September 6, 2015

" İTİRİLMİŞ VİCDAN "

    Molla Nəsrəddini dərin fikirdən ayağının ağrısı ayıltdı :
-Bu nədir ? Ayağım nəyə dəydi ? Yaman ağrıtdı. Görən nəydi, ayağımı belə ağrıdan?
Yerə əyilib baxanda gördüyü mənzərə sarsıtdı onu. Daşa dəydiyini zənn etmişdi. Amma yerə düşəni, ayaqlar altında tapdananı görəndə dəhşətə gəldi. Vahimə bürüdü onu. " İTİRİLMİŞ VİCDAN " idi. Bəli , İTİRİLMİŞ VİCDAN !
- Eh dünya ! - deyib, Molla yolun kənarındakı ağacın kölgəsində oturdu. Yerdə inildəyən, onu itirənin yerinə xəcalət çəkən, utanan, daşındığı bir dəyərsizin etdiklərinin, heçliyinin töhmətini daşıyırdı İTİRİLMIŞ VİCDAN .
- Ayağımın altında qalması ağrını hiss etdirdi mənə . Görən onu itirən onun itirdiyinin fərqindədirmi?! Heç vaxt geri qaytara bilməyəcək, mənəviyyat didərgininə çevirərək ayaqlar altında tapdaq etdiyi VİCDANININ yoxluğunu duyurmu ?! Əsla yox! Dəyərini bilsəydi, yəqinki itirməzdi. Keşiyində layiqincə dayanardı. Məhz VİCDANIN saldığı yolları tanıyardı və addımlayardı...
İTİRİLMİŞ VİCDANI geri qaytarmaq mümkün deyil . Daha doğrusu , VİCDAN onu itirənin fiziki varlığında bərqərar olmağa yenidən can atmaz. Çünki o VİCDANDIR !!! İtirildisə , onu itirənin kimliyinin asıldığı DAR AĞACINA çevrilər .
Yazıma ən gözəl sonluq da məhz CİBRAN XƏLİLİN dediyi sözlərdir. O deyirdi:- " TANRI- ağıl dünyasının VİCDANIDIR ! "


                        
                                                          YAQUT HÜSEYNOVA

Friday, September 4, 2015

“ Bölünərək bütünləşən HƏYAT ÇARXI “



   Hər kəs həyata bir cür yanaşır. Onu hərə bir cür dərk edir. Adı bir olsa da, ona edilən xitablar müxtəlifdir. Kimi adına “ boş “ deyir, kimi “ beş günlük “ , kimi “ üç günlük “ , kimi “ yalan “ , kimi də “ mənasız “... Siyahını uzatmaq da olar. Bu müraciətlər sayəsində insan psixologiyası, yanaşma və dərk etməsi bəlli olur. Məhz bu adlandırmalar qalib və məğlubu tanıdır, insanı öz diliylə açır. Gah enilən , gah da bir göz qırpımında qət edilən pillələrə bənzədilir həyat. Onun haqqında çox yazılıb , çox deyilib. Amma yazılanların ən mükəmməli CİBRAN XƏLİLİN qələmiylə əsrlərin yaddaşına köçüb. O deyirdi:-“Mən insanları sevmişəm... Mənim qanunumda insanlar üç qisimdir; bir qisim – HƏYATI LƏNƏTLƏYİR, bir qisim – ona “ EŞQ OLSUN “ deyir, bir qisim də ONU DƏRK EDİR! Birinciləri BƏDBƏXTLİYİNƏ görə sevmişəm, ikinciləri ÜLFƏTİNƏ görə, ÜÇÜNCÜLƏRİ MÜDRİKLİYİNƏ görə! “
   Həqiqətən insanın həyata verdiyi adla malik olduğu mənəvi güc və bacarıqları müəyyən edilir. Verilən adlar gileyin, şikayətin, məğlubiyyətin, itkinin insan qəlbindəki izlərindən qaynaqlanır. Amma bu düzgün yanaşma deyil. Belə yanaşmayla özümüzü məhv etmış oluruq. Zəhmət və inamla qazana biləcəklərimizə məhz belə yanaşmamızla sədd çəkirik. Sonra da “edə bilmirik “ , “ edə bilmərik “ deyərək, xəyallarımızın, məqsədlərimizin, hədəflərimizin heçliyinə səbəb oluruq. Beləcə günahı həyata verdiyimiz adla üstümüzdən atırıq. Özümüzü aldatdığımızın fərqinə belə varmırıq. Daha doğrusu , bu fərqə varmada məsuliyyətsizlik və qorxaqlığımızın satirasındakı ifşa obyektinə çevrildiyimizi görməkdən qaçırıq. Amma dərk etmirik ki, bir-biriylə daim mübarizə aparan özümüzlə özümüzün söyləyəcəklərindən, eyni zamanda qarşımızda tutacağı aynadan qorxuruq. Özümüzdən qaçmaq məsələyə çözüm deyil. Əksinə daha da gücsüzləşməkdir. Cibran Xəlilin söylədiyim o gözəl aforizmindən sonra HƏYATIN ən mükəmməl adını, təsvirini, məğzini NLP elmində gördüm. Artıq 40 ildən çox bütün dünyada bir elm kimi qəbul edilən, inkişaf etdirilən, günümüzün ən böyük zərurətinə çevrilən NLP həyatı bir çarxa bənzədir. Səkkiz hissəyə bölünərək bütövləşdirdiyi bir çarxa. “ HƏYAT ÇARXI “ NLP elmində ən önəmli və ən əsas terminlərdən biridir. Yaşanan həyatı bütün aspektləriylə analiz edən, aydınlaşdıran, dərinlikləriylə açıqlayan, səkkiz vacib hissəyə bölərək bütövləşdirən “ HƏYAT ÇARXI “ deyərdim ki, mütəmadi olaraq ağ vərəyə şəxsi analiz və düzgün qiymətləndirməmizlə bizi bizə tanıdacaq təsvirimizə dönməlidir. Çünki bu təsvir vasitəsilə istədiyimiz nəticələrə qol çəkə bilərik. Həyatımızın hansı yönündə zəifliyin, hansında geriliyin, hansında daha çox durğunluğun, hansında isə qənaətbəxş göstəricinin olduğunu müəyyənləşdirməklə hər anımızı praqmatik şəkildə nizamlamağı öyrədir bizə“ HƏYAT ÇARXI “ . 
   
    NLP elə bir sirli aləmdir ki, insana özünü kəşf və təsdiq etməyə stimul verir. Bu elmi təbliğ edən yaşam kouçuların insanlıq və güvəniləcək gələcək naminə təmənnasız gördüyü böyük xidmətləri dəyərləndirməyi bacaraq, yetərincə bəhrələnək !
   
                                                   

                                                                    YAQUT HÜSEYNOVA


Tuesday, September 1, 2015

" AYAQLAR "



  Öz ayaqların olsun, öz ayaqların. Atdığın hər addım vicdan torpağının vətəndaşı adını yazsın sənin mənəviyyat kimliyinə! Məhz, öz ayaqlarını ağlınla tanı və qəlbinlə tanıt addımının səsini hər kəsə! Allah rəhmət eləsin, Cibran Xəlilə. Həyatın və insanın mahiyyətini yazdıqlarında elə təsvir və tərənnüm edib ki, oxuduqca insanın vicdanı rahatlaşır ikiüzlü dünyada. O deyirdi: - “ Bu dünyanın tikanlı yollarıyla getməkdən qorxmayın ! Çünki sizin dabanlarınızdan artıq, xarab olmuş qanları çıxaracaq!..”
   Qəribə zamandı. Yer üzünün əşrəfi sayılan İNSAN artıq mənəvi mahiyyətindən çox uzaqlaşıb. Bioloji varlıqdan başqa heç bir anlamı təzahür etmir. Klonlaşmışinsanlığın” qurumuş beynlərinin hökmranlığında bir bataqlığa çevrilən cəmiyyətin üzvünə dönmə. Dəyişmə, mənəviyyatının bir üzü olsun. Yıxılsan da, büdrəsən də, heçliyə yuvarlansan da öz ayaqlarınla addım at. Öz ayaqların üstündə dayan. Kiminsə çiyinləri üzərində dayanmağa çalışma. Belə var olma gözqamaşdırıcı görünsə də, yerə çırpıldığın zaman ALLAHIN sənə verdiyi ayaqların fiziki anlamı belə yox olar ! Çiyinlər üzərində bərqərar olmağa heç vaxt can atma. Və bunu unutma : - “ Məhz ÇİYİNLƏR İNSANI QOYNUNA ALIB, SONRA DA GERİYƏ BAXMADAN QARA TORPAĞA ƏBƏDİ SAKİN EDİR ! “

                                     

                                                                    YAQUT  HÜSEYNOVA

Saturday, August 22, 2015

" DAŞLARI FƏRQLİ BÜNÖVRƏ "


  UNUDA BİLMƏDİK bu iki sözü !.. Beləcə haçalandı yolumuz . Özümüzdən ayrı düşdük. Pərən-pərən oldu varlığımız. UNUDA BİLMƏDİK !.. Bu qədərmi aciz olduq , bu İKİ MƏFHUMUN əlində ?! Bu qədərmi dəyərsiz idi duyğularımız, hisslərimiz, paylaşdıqlarımız ?! İlk addımdan SƏNİ və MƏNİ tanıdıq . Sonunda  " BİZ " vəhdətimizi təzahür etmədi. Özümüzü "BİZ" adlı dünya qurduğumuza inandırdıq. Amma xəyallarımızda , arzularımızda, əməllərimizdə belə bu dünyanın mövcudluğunu görmədik . Bəzən yol eyni olur , amma istiqamət fərqli . İnsanları bir-birindən uzaqlaşdıran ya QÜRURU , ya da FƏQLİ DÜNYAGÖRÜŞLƏRİ OLUR...
  UNUTDUQ ki , daşları fərqli olan bünövrə bir gün mütləq məhvə məhkumdur !


                                                               YAQUT HÜSEYNOVA

Tuesday, August 11, 2015

“ YUXU SEVDAMIZ “


   -Deyəsən, yorulmusan, gör nə qədər yol gəlmişik. Ünvana yetməyimizə hələ çox qalıb. Hava da çox istidi. Lap əldən düşdün. Gəl, bir az dincələk. Bax, nə gözəl kölgəlikdi. 
  Molla Nəsrəddin ulaqdan düşüb yol kənarındakı ağacların kölgəsinə çəkildi. Xurcununa dirsəklənib yenə də özüylə söhbətə başladı:

  - “ Deyirəm, qəribə zamandı. Adamları da qəribələşib. Adamları bir yana, həyata yanaşma və baxışlar da yamanca “müasirləşib“ . Günümüzün problemləri, dərdləri də “avropasayağı“ don geyinib. Bilmirsən, hansından danışasan, hansından həmyerlilərim DANABAŞ kəndinin əhli kimi Həzrət Abbasa məktub yazıb çaya atasan ki, çarəsin bəlkə tapa. Eh, dünya, yazıq neyləsin. Elə hey onu günahlandırırıq, adına min söz deyirik. Daha etiraf etmirik ki, Adəm oğlu adını binəva dünyanın alnına yazır, “ - deyərək, Molla xurcununu açdı. Yol azuqəsini torpağın üstünə sərdiyi kiçik süfrəsinə yığdı. Həm özü yedi, həm də ulağını yemlədi. Sonra “ əlhəmdulillah “ deyib, xurcunundakı kitabları çıxartdı. Dərindən köks ötürərək kitabları vərəqləyə - vərəqləyə sözünə davam etdi:

  -Kitab vərəqləyərkən belə insan nə qədər mənən rahatlaşır. Ruhu dinclik tapır. Hətta səhifələri bir-bir çevirdikcə kitabın özünəməxsus qoxusu beynimizdəki nə qədər təlatümü yatırdır. Mütaliə etmək gözəldir. Amma hər ruh, hər ürək, hər beyn mütaliənin ağuşuna sığınmır. Kitab oxumaqla əqlini qüvvətləndirmir, dünyagörüşünü sərhədsiz etmir. Unudur ki, mütaliənin mənəvi tərəfləri bir yana, onun səhhətimizə, psixalogiyamıza əvəzsiz müsbət təsirləri var. “Avropalaşan “ cəmiyyətimizin bir daha yadına dönə-dönə salmaq istəyirəm ki, Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün ən əlverişli məqam hesab olunur. Bizdə isə istirahət mövsümü əylənmək və gəzmək üçün ən münbit zamandı!!!

  Bu bir yana “ Avropalaşan “ cəmiyyətimizin böyük əksəriyyəti bu gün kitabxana yollarını tanımağı geridəqalmışlıq kimi qiymətləndirir. İnternet var, neynirik, kitabxana qapısın döyüb, rəflərdən oxumaq istədiyimiz kitabı axtararaq vaxt itirək. Təəssüf ki, bu iyrənc düşüncədə olanlar dərk etmirlər ki, kitabxana rəflərindən kitab seçmək, oxu zallarında kitab oxumaq, qeydlər etmək mütaliənin mahiyyətindəki ülvi duyğunu daha dərindən qavramağa zəmin yaradır. O ƏL ŞİKƏSTDİR Kİ, ömründə bir dəfə də olsun KİTAB VƏRƏQLƏMƏYİB! O GÖZLƏR KORDUR Kİ, KİTAB SƏTİRLƏRİYLƏ İŞIQLANMAYIB!


  Bir məqama da fikrimi deyim, bəlkə az da olsa rahatlıq tapam. Vallah, hansı qapını açdımsa, o evlərin çoxunda yalnız və yalnız bir kitabı gördüm. “YUXUYOZMALAR“ ... Marağıma səbəb oldu. Bilmədim faciəmizə ağlayım, yoxsa “müasirləşsək“ də cəhalətimizə acıyaraq gülüm!.. Günlərlə açdığım qapılarda gördüyüm eyniliyin səbəbin axtarmağa çalışdım. Bir deyim də deyildiyi kimi, fikrim bir yerə, gümanım min yerə getdi. Yuxu haqqında elmi məlumatları, aforizmləri birər-birər oxudum. İki aforizm çox diqqətimi çəkdi. Onların üzərində dayanaraq çözümlərə yol açdım. Kəlamlardan biri Mustafa Kamal Atatürkə məxsus idi. O deyirdi:-“ Uyuyan millətlər ya ölür , ya da kölə olur. “ Başqa bir aforizmdə isə vurğulanırdı ki:-“ Yatanı oyatmaq asan, mürgüləyən isə heç vaxt oyanmaz, oyansa da niyə oyandığını anlamaz. “ Artıq çözümü daha aydın görmək mümkündür. YATMAQ və MÜRGÜLƏMƏK bu günə qədər yaşadıqlarımızın yeganə səbəbi! Yata-yata, mürgüləyə-mürgüləyə haçalandı bütövlüyümüz! Bir an da bitmədi yuxu sevdamız. Çox vaxt gözlərimiz yuxudan ayılsa da, RUHUMUZ elə hey mürgülədi! O qədər özümüzə, varlığımıza biganələşdik ki, BÖLÜNDÜYÜMÜZ TİKƏLƏRİN AĞRISINI BELƏ DUYMADIQ! GET-GEDƏ YADLAŞDIQ ÖZÜMÜZƏ!

  Zaman keçdikcə, əsrlər ötdükcə bitmədi, tükənmədi yuxu sevdamız. Daha da şırınləşdi yuxumuz, qulaq batıran səs-küyün içində belə! O qədər şirinləşdi ki, “YUXUYOZMALAR“ müqəddəs kitabımıza döndü ...



                                                  
                                Yaqut Hüseynova



Monday, August 10, 2015

"AVROPALAŞMAQ " yazıldı .

   Şərqdə dünyaya göz açdı . Beşiyi oldu ŞƏRQ . Burda iməklədi , burdan ilk addımının səsi YER ÜZÜNƏ yayıldı . Yıxıla - yıxıla böyüdü . Amma hər dəfə əlindən tutub qaldıran , özünə sarı addımbaadım aparan məhz QƏRB oldu . Beşiyi Şərq olsa da , Qərb onu özününküləşdirdi . Qərbdə " vətəndaşlıq hüququ " əldə etdi . Zaman keçdikcə vətəni - ŞƏRQ unuduldu , " vətəndaşı " olduğu QƏRB tanındı . Və onun kimliyinə beşiyində verilən adı " QƏDİM SİVİLİZASİYA " deyil , "AVROPALAŞMAQ " , " MÜASİRLƏŞMƏK " yazıldı !!!
   Amma bir məqam unuduldu . Cibran Xəlilin sözlərində unutduğumuz bir daha vurğulandı : - " Qərb təqlidçiləri ŞƏRQ ruhunu oyada bilməz ! "



                                                                        YAQUT HÜSEYNOVA

Tuesday, August 4, 2015

Jurnalist - Yazar YAQUT VAFİQQIZI
































                                                       














Paylaşdı : ADMIN