Wednesday, October 7, 2015

“ HEÇ VAXT ARZULARINDAN DANIŞMADI... “


    
   -19 il yaşadı, cəmi 19 il. 19 illik ömrü sanki on doqquz saniyə gəldi mənə. Bir göz qırpımında ömrümüzdən gəldi, getdi. Hələ də yoxluğuna inanmıram. Gözlərim qapıya dikilib. Elə bilirəm bir gün qapımızı yenidən gülər üzüylə döyəcək. O anı yaşamaq üçün nələri verərdim, nələri... Kaş o anı bir daha, özü də bir ömür boyu yaşaya biləydim. Onun çiyinlərində son mənzilə getmək ən böyük arzum idi. Oğlumun çiyinlərində qəbr evinə huzur dolu ruhla yola salınmaq qəlbimin ən gözəl köşəsində yuva qurmuşdu. Amma tərsinə oldu. Oğlumun ağ kəfənə bükülmüş nəşini qucaqlamaq alnıma yazıldı. Çox çətin və ağır kədərdi. Bu ağrını daşımaq, onun kölgəsində ömür yolunu addımlamaq əzab versə də, hər zaman onunla fəxr edirik, qürur duyuruq. Məftun tək bizim yox, VƏTƏNİN oğlu oldu. Şəhidlik zirvəsinə ucalaraq azadlıq, VƏTƏN uğurunda gənc ömrünün fəda edən mücahid kimi qəlblərdə ölümsüzlüyə qovuşdu. 

   Səfayə ana oğlu Məftun Osmanov haqqında danışdıqca gözlərindən axan yaşlar hər kəsi kövrəltdi. Bir qədər əlindəki şəklə baxıb, dərindən köks ötürüb sözünə davam etdi:
   -Məftun ilk övlad sevincimiz idi. 1973-cü il may ayının 18-də dünyaya göz açmışdı.Hər bir ana kimi mənim də ürəyimdə övladımı qucağıma aldığım gündən min bir arzu doğuldu. Onunla birlikdə böyüdü bu arzular. Elə Məftunla da birgə məzara baş qoydu. Heç biri məni dinləmədi, səsimi, fəryadımı eşitmədi. Nə oğlum, nə də arzularım. Öz dünyası vardı. Sakit, səssiz-səmirsiz dünyası. Heç vaxt arzularından, məqsədlərindən danışmadı. Gözəl təhsil almaq istəyirdi. Mütaliəni çox sevirdi. Onun oxuduğu, vərəqlədiyi, əllərinin qoxusu hopan bu kitablar, sanki bir nur kimi oğlumun yoxluğunun qəlbimizdəki ağrısının qaranlığını aydınladır. Məftunu birinci sinifə apardığım gün çox sevinirdim. Arzum gözəl təhsil alaraq əsl vətəndaş olmasını görmək idi. Dərslərini yaxşı oxuyurdu. Yeddinci sinifə qədər 4 saylı orta məktəbdə oxudu. Sonra 20 saylı orta məktəbin şagirdi oldu və orta təhsilini əla qiymətlərlə başa vurdu. Bu gün adı çəkilən məktəb oğlumun adını daşıyır.
   Səfayə ananın  yenidən gözləri doldu. Stolun üstündəki xatirə dolu anları sərgiləyən şəkil albomunu vərəqlədi. Söhbəti şəhidin atası Əlövsət Osmanov davam etdirdi:-“ TANRI bizə dörd övlad payı verdi. İlkimiz Məftun idi. Ceyhun, Zahidə və Samirə qızımız. Şəkil albomumuzda bir şəkil qəlbimizdəki ən dərin yaradı. Məftunla Ceyhunun birgə yeganə şəkli. Hər dəfə o rəsmə baxanda nələr çəkdiyimizi bir ALLAH bilir. Ceyhun on ay yaşadı.


   Məftunun varlığı bizi çox ovundudrurdu. Məktəbi bitirdikdən sonra 1990-cı ildə Əli Bayramlı şəhər 28 nömrəli orta Texniki Peşə məktəbində avtomobil təmiri-çilingəri kursunu oxudu. Hətta işə də düzəlmışdi. 1992-ci ildə Lvov(Ukrayna ) şəhərinə əsgərliyə yollandı. Üç ay orada xidmət etdi. O zaman Qarabağda qızğın döyüşlər gedirdi. Məftun VƏTƏNƏ qayıtdı. Biləcəridə 15 gün təlim keçdikdən sonra 1992-ci il martın 24-də Füzuliyə xidmət etmək üçün getdi. Çox narahat idik. Hər gün cəbhədən qara xəbər gəlirdi. Nə qədər etdiksə, geri dönmədi. VƏTƏN sevgisi, sanki gözlərinin nuruna dönmüşdü. 1992-ci il may ayının 18-də ilk dəfə idi ki, Məftunun doğum gününü onsuz qeyd edirdik. Mayın 29-zu evə gəldi, 31-i qayıtdı. Dinə çox bağlı idi. “ QURAN “ dərslərinə gedirdi. Müqəddəs kitabımızı səlist oxuyurdu. Elə vaxt olurdu ki, naharını tez çantaya yığıb dərsə tələsərdi. Deyirdi ki, müəllimimlə birlikdə nahar edəcəm. “ QURANİ-KƏRİM” kitabı, gitara, şəkillər və onunla bağlı saysız xatırələr... Bizi ovudan, məhz budur...
   
    Gitarada gözəl ifa edirdi. Çox vaxt qəmli mahnılar çalardı. Dərin xəyallara dalardı, gözləri hey yol çəkərdi. 1992-ci il iyunun 9-zu idi. Mən işdə idim. Onun şəhid olduğu xəbərini aldım. Sanki dünya başıma uçdu. Məftun Şirvan şəhərinin Qarabağ uğurunda gedən döyüşlərdə həlak olan üçüncü ŞƏHİDİ oldu. Oğlumun bir dostu vardı, MÜBARİZ. O da cəbhədə idi. Məftunun yasına gəlmişdi, qəbul edə bilmirdi dostunun yoxluğunu. İnanın bu haqda danışmaq mənim üçün çox ağırdı. Heç bir ay çəkmədi ki, MÜBARİZ də döyüşlərin birində həlak oldu. Belimiz ikinci dəfə büküldü, bu dəfə bir dəfəlik. Məftundan sonra MÜBARİZİN varlığında təsəllimizi tapırdıq.
   Şəhidin bacısı Zahidə Süleymanova qardaşı haqda yalnız bunları deyə bildi:-“ Məftun yaşayır, yaşayacaq da. Onun yasında anamın dili tutuldu. Düz iki ay anam sükut içində yollara baxaraq, göz yaşı tökdü. Heç vaxt unutmaram. Qardaşım ilk maaşını alanda anama, bacıma və mənə kiçik hədiyyə almışdı." Göz yaşları Zahidə xanımın xatirələrini dilə gətirməyə aman vermədi.
    
   Kiçik bacısı Samirə Qəmbərova qardaşına həsr etdiyi “ MƏFTUN “ adlı şeiriylə qəlbindəkilərini söylədi. Onu da qürurla qeyd etdi ki, bu gün qardaşımın adını daşıyan 20 nömrəli tam orta məktəbdə bir müəllim kimi çalışıram, övladlarımızda bu məktəbdə təhsil alır.

ALLAH BÜTÜN ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN !



                                                               
                                                             YAQUT HÜSEYNOVA


Tuesday, September 15, 2015

“ XALQ NƏ İSTƏYİR DEYƏNLƏRƏ NAMİZƏD DEDİK ! “



-Bu nədir, yenə nə mərasimidi, görəsən ? Adamların üzündən məcburi yığışma aydınca oxunur. Görən, nə olub ? - deyə, Molla Nəsrəddin öz-özünə söyləndi. Ulağına minib getmək istəyirdi ki, birdən gözləri qaraldı ətrafına toplaşanları görəndə.
-Siz də, bizim toplantımıza qatılsaz, məmnun olarıq. Adamlar yığmışıq, amma yenə də lazımdır ki, say çox olsun. Əsas iş saydı - deyə, Mollanı toplantıya apardılar. Molla lap çaşıb qaldı. Elə dəmdəzgahla, elə dillə zala gətirildi ki, bir də gördü, boş qalmış yerlərdən birində artıq əyləşib. Amma çox yerlər boş idi. Yenə çoxları lazım idi, zalı doldurmaq üçün. Təşkilatçıları qınamasan, yazıq ulağıma da zalda yer göstərəcəkdilər ki, təki yerlər boş qalmasın,- deyə, Molla düşüncələrə daldı və soruşdu:
-Nə toplantısıdı, ilin, günün bu vaxtında?
-Seçkilərdir, necə bəyəm bilmirsiz , hörmətli namizəd gələcək, xalqla görüşəcək ki, görsün xalq nə istəyir?
-Xalqın nə istədiyini bilməyəndən namizəd olarmış, maraqlıdır. Deyir, qulaq gündə bir yeni söz eşitməsə kar olar. Vallah, bir gün seçki tariximiz araşdırılsa, elə “ gözəl terminlər “ ortaya çıxar ki, Sokrat sağ olsa, o belə mat qalar.
  
 
   Nə isə toplantı başlandı. Tribunaya səhnə mədəniyyətindən, natiqlik bacarığından xəbərsiz, qəlbin güzgüsü olan səs və baxışlarında VƏTƏN SEVGİSİNDƏN əsər-əlamət olmayan, dəhşətlisi tərcümüyi-halını, eyni zamanda görəcəyi “ işlər “ adlı yalanlarını üzündən oxuyan “ namizəd “ gəldi. Nə qulaq asan oldu, nə dinləyən. Ürəyim ulağımın yanında qalmışdı, həyətdə yazıq heyvan neyləyir, görəsən? Allahın bu heyvanı mənimçin bu dırnaqarası toplantıdan daha dəyərlidir. Ona görə ki, əsrlərlə gəldiyim yolların ümummilli mənafe olduğunu anlaya bilir!
   Uzun-uzadı çək-çevirlərimdən toplantının nə zaman bitdiyini hiss etmədim. Elə alqışlar səsləndi ki, bilmədim alqışdı, yoxsa nifrət nidaları idi. Tez həyətə düşüb ulağımla birlikdə öz yoluma davam etdim. Və fikirlərimi özümlə bölüşdüm:
  -Deyirəm, hər şeydə bu günə qədər say axtardıq. Say göstəricisinin tamamlanmağına can atdıq. Keyfiyyət nədir düşünmədik, kəmiyyəti beynimizə yazdıq. Uğuru, atılan addımı keyfiyyətlə deyil, kəmiyyətlə ölçdük. XALQIN DƏRDİNİ BİLƏNLƏRƏ, BU DƏRDLƏRLƏ NƏFƏS ALANLARA deyil, “ XALQ NƏ İSTƏYİR “ deyənlərə NAMİZƏD DEDİK ! Bununla da gələcəyimizin ucsuz-bucaqsız sərhədlərini sildik!
  Allah rəhmət eləsin, CİBRAN XƏLİLƏ. O yazırdı:-“ O millət bədbəxtdir ki, TALANÇILARINI qəhrəman mərtəbəsinə yüksəldir, qəsbkarlarını isə alicənab sayır! O millət bədbəxtdir ki, mənsəb sahibləri-tülkülər, filosofları-hoqqabazlar, sənəti isə təqlidi sənətdir! "

                                         

                                                         YAQUT HÜSEYNOVA



Monday, September 14, 2015

“ KİMSƏLİ KİMSƏSİZLƏR… “


   KİMSƏLİ KİMSƏSİZ ETDİK, ana-atamızı lazımsız əşya tək qocalar evinin soyuq divarlarına, yollara boylanan pəncərəsinə sirdaş etməklə. Kimi qəddarcasına günahsız körpəsini zibil qutusuna atmaqla, kimi də övladını uşaq evinin qapısına qoyub qaçmaqla kimsəli kimsəsiz etdi onları. İllərlə, əsrlərlə, qərinələrlə kimsəli kimsəsiz etdik, yaşadığımız şəhəri, eli, obanı biganəliyimizlə. Kimsəli kimsəsiz etdik, YER ÜZÜNÜ, HƏYAT MİZANINI ! Beynimizə, qəlbimizə də kimsəli kimsəsiz damğasını vurduq. Milyon-milyon varlıqda döyünsə də ürək, dayanmadan irəli addım atmaq istəsə də beyn kimsəsi ola-ola, sadəcə fiziki anlam daşıdı. Dinimiz İSLAMI belə kimsəli kimsəsiz etdik. Çox evdə müqəddəs kitabımız “ QURANİ KƏRİM “ olsa da, yenə kimsəsizə döndü. Çünki vərəqlənmədi. GÖZLƏRİN və RUHUN QAZANILMIŞ NURUNA çevrilmədi. AZAN belə ikiyə bölündü bir şəhərdə. Məscidlərin çoxundakı vəziyyət Nəcəf Bəy Vəzirovun “ MÜSİBƏTİ-FƏXRƏDDİN “ faciəsindəki Fəxrəddin obrazının bir sözünü dönə-dönə xatırlatdı mənə:-“ HEYF, SƏNƏ, GÖZƏL İSLAM, HEYF ! “ 
 
     
   Məktəblərdə şagirdlərə sevgisiz yanaşmaqla, universitetlərdə auditoriyalar tələbələrə “ diplom sevdasını “ aşılamaqla elmimiz kimsəli kimsəsiz oldu. Valideynlər acımadan, cahilcəsinə qız övladlarını orta təhsildən belə uzaqlaşdırıb erkən nigaha məcbur etməklə gələcəyin neçə-neçə ümid çırağını söndürdü. Hətta qələm və ağ vərəqlər kimsəsizliyin bataqlığında boğuldu. Çünki onu tutan əllər heçliyi ilə kimsəli kimsəsizliyi yaşatdı cızma-qaraları daşıyan kağızlara...
   Yazdıqca bitməz kimsəli kimsəsizlərin bir-birindən fərqli ünvanları. Kimsəsizliyin ən dəhşətlisi İNSANLIĞIN kimsəli kimsəsizliyi oldu. Bəli, İNSANLIĞIN. UCA YARADAN Yer üzünün əşrəfini İNSAN adıyla yaratsa da, İNSANLIQ kimsəli kimsəsiz kimi tanındı !..

                                         

                                                                  YAQUT HÜSEYNOVA  





Thursday, September 10, 2015

“ ALIN TƏRİNDƏ İSLANMAYAN VİCDAN ”


   Hər bir şeydə bütünlük axtarırıq. Həyatda bütünlüyün arxasınca qaçırıq. Tamlığı yaratmaq üçün hərəmiz bir yolla dəridən-qabıqdan çıxırıq. BÜTÜNLÜYÜN, BÜTÖVLÜYÜN, TAMLIĞIN tərənnümünü təzahür etdirməyə, təsvirini sərgiləməyə çalışırıq yaşamımızla. Təəssüf ki, buna çox vaxt nail ola bilmirik. Səbəbini düşünürük. Niyə, nə üçün həyatımızda və mənəviyyatımızda bütünlüyün yaradıcısı ucalığına imza ata bilmirik? Aradıqca, səbəbin çox sadə olduğunu görürük. Bəs nədən bu sadəliyi var etmə gücünə malik deyilik ? Bütövlüyü, bütünlüyü, tamlığı, məhz KİÇİK HİSSƏLƏRİN NİZAMLI və MƏQSƏDYÖNLÜ DÜZÜLÜŞÜ YARADIR. Bu nizama, nəinki iki əlimizin, eyni zamanda düşüncə və hisslərimizin qabarları yol açır. Açılan yolları isə bütün maneə və cadarlardan qoruyaraq düzgün istiqamətləndirən, məhz ALIN TƏRİDİR! Təəssüf ki, alın təri hər simanın doğma cizgilərinə çevrilə bilmir. Bu məqamda bir həqiqət ortaya çıxır. TANRI SEVGİSİNDƏ NURLANMAYAN və ALIN TƏRİNDƏ İSLANMAYAN VİCDAN- BÜTÖVLÜYƏ cığır sala bilməz!

 
   Bütövlük haqda Cibran Xəlilin bir kəlamını vurğulamaq istəyirəm . O yazırdı:- “AZADLIĞIN nə olduğunu bilməyən HƏYAT cansız bədənə, AMALIN nə olduğunu bilməyən AZADLIQ isə çaşqın ruha bənzəyir. “ Bütövlüyün əsas prinsipi olan bu üç anlayış varlığın təcəssümü olmaqla yanaşı, YER ÜZÜNÜN hansı mizan üzərində dayandığını izah edir. HƏYATIN, AZADLIĞIN, AMALIN bütövlüyünü ana torpağın sinəsini param-parça edən səngər yaralarını VƏTƏNƏ olan sevgimizdə sağaltmaqla və tökülən ŞƏHİD QANLARININ VİCDANIMIZDA saldığı izlərdə addımlamaqla yaradaq !

                                              

                                                                    YAQUT HÜSEYNOVA

Wednesday, September 9, 2015

“ İKİ FƏRQLİ ƏTİR ”



 Bu gün çox sevincliydi. Maaşını alacaqdı. Axşama qədər necə səbr edəcəyini düşündükcə gözləri gülürdü. Artıq illər idi ki, çalışırdı. Gənc olmasına baxmayaraq, yaşıdlarından yanaşmalarıyla çox fərqlənirdi. Ətrafında demək olar ki, kimsə yox idi. Çünki “ müasirləşən dünyanın “ çürük beynlərini daşıyanlar onun çevrəsində ola bilməzdi. Onun qəlbinə, düşüncələrinə yaxın isə yalnız və yalnız oxuduğu kitablar və sevdiyi məşğuliyyətləri idi. Kasıb bir ailədə göz açmışdı. Uşaqlıqdan həyatın bütün çətinliklərinin sınaqlarını görmüşdü. Qürur və məğrurluğu, zəhmət və alın tərini öyrətmişdi ona valideynləri. Hər kəsin sevimlisi idi. Səmimiyyətiylə qazanmışdı sevgi və hörməti. Qəlbi gözlərindən oxunurdu.
   Savadlı bir müəllim kimi şagirdlərinin sevimlisi idi. İbtidai sinif müəllimi olmağın çətinliyinin və məsuliyyətinin öhdəsindən çalışqanlığıyla hər zaman layiqincə gəlirdi.
   Yavaş-yavaş axşam düşürdü. Banuçiçək müəllim yoldaşı ilə maaşını alıb evə yollandı. Bir qədər getdikdən sonra müəllim yoldaşı ondan yolüstü mağazaya getməyi istədi. Beləcə onlar mağazaya girdilər. Şəhərin mərkəzində yerləşən bu mağazada bahalı ətir brendləri satılırdı. Banuçiçək ilk dəfəydi bura gəlirdi. Müəllim yoldaşı bahalı ətir brendlərinin birini göstərib:- “ Ən çox bu ətirdən istifadə edirəm . Bunu hər kəs ala bilmir. Brend işlətmək başqa zövqdu “- deyə, qürrələndi. Banu sadəcə susdu. Və müəllim adını daşıyan kolleqasının məntiqini başa düşməyə çalışdı. Sağollaşıb ayrılandan sonra , yolboyu dərin fikirlərlə irəliləyən Banu evə nə vaxt çatdığını belə hiss etmədi. Tez pul qabından maaşından ayırdığı bir miqdarda pulu götürüb qonşuya getdi. İşlədiyi gündən o bunu edirdi. Qonşuları həyat yoldaşını itirmiş, biri əlil olmaqla iki övladıyla kasıb evində tənha və köməksiz yaşayırdı. Banu salamlaşıb əlil arabasında ömrünün 17-ci ilini addımlayan Əli ilə görüşdü. Hal-əhval tutub , bir qədər onlarla söhbət etdi. Sonra kiçik köməyini Sevda  xalaya verib sevinclə evlərinə qayıtdı. 
    
   Anası qızının gözlərindəki sevinc dolu sualları görüb, nə olduğunu soruşdu. Banu olanları birər-birər anasına nəql etdi. Anası köks ötürüb, qızının saçlarına sığal çəkərək, yalnız bunları dedi :- “ Bax, qızım, həyat-sınaqlar meydanıdır. Bunu unutma, KİMİNİN ƏTRİNİN QOXUSU FANİ DÜNYADA DUYULUR, KİMİNİN İSƏ ƏMƏLLƏRİNİN GÖZƏLLİYİ AXİRƏTİNİ ƏBƏDİ ƏTİRLƏYİR !!! “
                                                          

                                                
                                                              YAQUT HÜSEYNOVA