Saturday, December 5, 2015

“ DİLƏDİYİMİZ HƏDİYYƏ-DÖRD HƏRFDİ “



   Müsabiqənin nəticələrinin açıqlanmasına sayılı dəqiqələr qalmışdı. Bütün iştirakçılar kimi o da həyəcanlıydı. Qalib olmağı çox istəyirdi. Qalibiyyət, onun üçün tablolara köçürdüyü mənzərələrdəki mahiyyəti bütün ürəklərdə bir təbil kimi səsləndirməkdən ibarət idi. Müsabiqəyə iki rəsmlə qatılmışdı. Biri vətənpərvərlik mövzusunda çəkilmişdi. Bu tablo bütün tamaşaçıların əhsən və alqışlarına səbəb oldu. Xocalı faciəsinin qurbanlarından olan Xocalı adlı balaca qızın rəsmi idi. 13 yaşı olmasına baxmayaraq, fərqli yanaşmasıyla rənglərin dilində bu əsəri elə mesajlarla vurğulamışdı ki, görənlər heyran olurdu onun zəkasına. İkinci tablosundakı təsvirlər isə yaşadığı həyatın qəlbində açdığı acıların tərcümanı idi...
   O, uşaq evində böyümüşdü. Uşaq evinə veriləndə heç üç ayı tamam deyildi. Onu yolun kənarında zibil qutusunun yanında tapan bir məhəllə sakinləri uşaq evinə gətirmişdilər. Beləcə o gündən bu ünvanın doğmalarından birinə çevrildi. Sübhan adıyla çağırıldı. Hər zaman sevgi və qayğıyla əhatə olundu. Hər kəsin sevimlisiydi. Dərslərini gözəl oxuyurdu. Eyni zamanda rəsmlər çəkirdi. Qatıldığı bütün müsabiqələrdən uğurla qayıdırdı.

    
   Bu gün isə həyəcanını heç cür yox edə bilmirdi. Müəllimləriylə nə qədər söhbət etsə də, içindəki narahatlıq keçmirdi. Nəhayət, nəticələr kürsüdən elan edildi. İkinci, üçüncü yerin sahiblərinə diplom və mükafatlar təqdim olundu. 10-15 yaş arası keçirilən bu müsabiqədə 50 yeniyetmənin əsəri sərgilənmişdi. ”Birinci yerin qalibi Sübhanı kürsüyə dəvət edirik“ deyiləndə, gözləri gülürdü. Səhnəyə çıxıb mükafatını aldı. Və kiçik nitqiylə ürəkləri riqqətə gətirdi:
  -Əlimdə tutduğum bu diplom və mükafatı mənə böyüdüyüm, adımın belə qoyulduğu uşaq evindəki müəllim və tərbiyəçilərimizin sevgisi bəxş etdi. Qalib olacağıma inanırdım. 13 yaşım var. Bizə hər zaman özümüzə inamı aşıladı müəllimlərimiz. Çünki özümüzə inamın valideynlərimizin boş qoyduğu əllərimizi heç vaxt buraxmayacağını öyrəndik. Bu gün körpələr evində yüzlərlə uşaq böyüyür. Dilində “ ata “, “ ana “ kəlməsi heç vaxt böyüməyən uşaqlar. Bu iki kəlmə bizim qəlbimizdə və gözlərimizdə əbədi sevgidi. Burada “ XOCALI “ və “ DİLƏDİYİMİZ HƏDİYYƏ-DÖRD HƏRFDİ “ adlı iki tablom nümayiş olundu. Birinci tablomda vətən sevgisini canlandırmağa çalışdım şəhid Xocalının timsalında. “ DİLƏDİYİMİZ HƏDİYYƏ-DÖRD HƏRFDİ “ rəsmimdə isə yaşayış tərzindən, dinindən, irqindən asılı olmayaraq, bütün dünya uşaqlarının arzusunu çəkdim rənglərin dilində. Yağlı boya ilə işlədiyim bu əsərdə səmadan sevgiylə uzanan iki əl və balaca bir uşaq təsvir etmişəm. Hər yan gül-çiçəklə əhatələnib. Bu çiçəklər qəlbimizdəki arzulardı. Çəkdiyim Günəşin şəfəqlərində də bir dinclik duyulur. Göylərdən uzanan iki əlin uşağın ovuclarına qoyduğu bir bağlama var rəsmimdə. Bəlkə də, bu tabloya baxanlar həmin bağlamada hansısa oyuncaq və yaxud hansısa başqa bir hədiyyənin olduğunu düşündü. Amma bu belə deyil. Biz, uşaqların həyatda sevgiylə, nəvazışlə ovucumuza qoyulmasını istədiyimiz yalnız bir hədiyyə var:-“ O da AİLƏ sözünü bütövləşdirən, fəqət çoxlarımız üçün pərən-pərən düşən nurunu görmək istədiyimiz bu dörd hərfin vəhdətidir ! “

                                                       
                                            YAQUT HÜSEYNOVA




Friday, December 4, 2015

“ BİZİ DEYİB GƏLDİ... “ və yaxud “ YAD DAŞ “



           ( Cəlil Məmmdəquluzadə  “ Sizi deyib, gəlmişəm... “  )

   BİZİ  deyib, gəldi... Nə yoruldu, nə dayandı, nə də bezdi gəldiyi yolların daş-kəsəyindən. BİZİM üçün yola çıxdı. Birlikdə addımlayan silahdaşları çox az, barmaqla sayılası qədər olsa da yoluna dayanmadan davam etdi, əsrləri adladı. Hədəflərinə doğru gördüyü və söylədiyi həqiqətlərin işığında inamla irəlilədi. BEYNLƏRƏ vurulan tikanlı məftilləri sökdü çözümləriylə, lal olan QƏLBLƏRİN, mürgüləyən QEYRƏTLƏRİN susqunluğunu yox etməyə çalışdı tənqidləriylə, kəskin ifşasıyla. Əsarətdə çırpınan MİLLİ RUHUN qandallarını qırdı mücadilələriylə...
   BİZİ deyib gəldi... Özümüzə qaytarmaq üçün kimliyimizi. BİZİ deyib gəldi... Zamanla sahib çıxmadığımız itirdiklərimizin dəyərini anlatmaq üçün. Gözlərimiz açıq olsa da, yatan vicdanımızı zamanın , tarixin vurduğu sillələrlə oyatmağa çalışdı. Fəqət, oyandıqmı ?! Əsla, YOX ! Hələ də yarı mürgülüdü RUHUMUZ !!!
  BİZİ deyib gəldi... Etdiyimiz səhvləri təkraralama nidasıyla. Təkraralanan biganəlik və yalnışlarımızla bölüm-bölüm, didim-didim kiçilən, parçalanan torpağın bütövlüyünü vicdanalara köçürmək üçün.
 

  BİZİ deyib gəldi... Zatı qırıqlara “ kim “, daha doğrusu nə olduğunu xatırlatmaq üçün. “ Bir kərə yüksələn bayraq, bir daha enməz “ ucalığıyla məmləkətimizin varlığını bütün dünyaya bəyan edən M.Ə.Rəsulzadə ölməzliyini təhqir edən vicdanı kəmləri ayaq səslərinin nifrətində əzmək üçün ! Özünə sahib çıxa bilməyənlərin üç rəngli bayrağımızın istiqlaliyyət şərəfiylə ruhumuza köçürən M.Ə.Rəsulzadəyə uzatdığı dili kökündən qopartmaq üçün gəldi...
  BİZİ deyib gəldi... Bir zamanlar cəhənnəmə çevirdiyimiz, əlimizdən gedən cənnəti yadımıza salmaq üçün. Bəli, cəhənnəmə çevirdiyimiz cənnətin hesabını sormaq üçün. F.Rixter yazırdı:-“Yaddaş bizi heç kəsin qova bilməyəcəyi yeganə cənnətdir . “ Təəssüf ki, bu cənnəti özümüz məhv etdik. Bizi başqası yox, məhz ÖZÜMÜZ qovduq! İndi biganəliyimizlə cəhənnəmə çevirdiklərimiz mənfur düşmənlərimizin bütün dünyaya car çəkdiyi, hətta həqiqətləri kimi qəbul etdirdikləri cənnətinə dönüb. Xəlil Rza Ulutürkün bir şeirində deyildiyi kimi:
Bu dünyada otun, suyun,
Torpağın da yaddaşı var.
Sındırılmış bir budağın,
Söndürülmüş ocağın da yaddaşı var.
   YADDAŞLI YADDAŞSIZA DÖNDÜK ! Yaddaşımızı pərən-pərən edib ayaqlarımız altına tökülən daşlara çevirdik. Bununla bitmədi cinayətimiz. Getdiyimiz yollara ələdiyimiz bu daşlar ayağımızı əzməsin deyə, şəxsi mənafelərə dəyişdik ümummilli dəyərləri. Zaman su kimi axıb keçdi. Özümüzə qarışdı başımız. Ayılanda isə çox gec oldu. Çünki, YAD DAŞLARA çevidiyimiz YADDAŞIMIZ başqalarının həqiqəti kimi tanınan QƏSRLƏRİN TƏMƏLİ  oldu!
                                             

                                   
                                                  YAQUT HÜSEYNOVA



Thursday, December 3, 2015

Jurnalist-yazar Yaqut Hüseynovanın daha bir uğuru.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ EL GÜCÜ “ Beynəlxalq Humanitar Assosiyası İctimai Birliyinin “ Region gənclərinin könüllülüyə cəlb olunması “ layihəsi çərçivəsində maarifləndirmə təlimində.


Paylaşdı: ADMİN

KÖNÜLLÜLÜK, liderliyi öyrənmək üçün ən mükəmməl yoldur.



Şirvan şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ EL GÜCÜ “ Beynəlxalq Humanitar Assosiyası İctimai Birliyinin “ Region gənclərinin könüllülüyə cəlb olunması “ layihəsi çərçivəsində maarifləndirmə təlimi keçirildi. İB-in idarə heyətinin üzvi Taleh Əliyev layihə haqqında iştirakçıları məlumatlandıraraq, könüllülük nədir, onun mahiyyəti, cəmiyyətə verə biləcəyi effektiv nəticələr barəsində önəmli məqamlara diqqəti çəkdi. O, könüllülərin vəzifələri, hüquqları, könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə və onun şərtləri barəsində danışdı. Təlimdə yaşam kouçu Sənan Nəcəfov “ Könüllü fəaliyyət haqqında “ Azərbaycan Respublikasının qanunu, QHT-də könüllülərin iştirakı, könüllülük psixologiyası, o cümlədən demokratiyanın inkişafında könüllülük hərəkatının rolunun əhəmiyyətini vurğulayaraq, qeyd etdi ki, uğura gedən yolun ilk pilləsi, məhz könüllülükdür. Natiq bu fəaliyyətin gənclərin öz bacarıqlarını inkişaf etdirmək üçün bir stimul olduğunu qeyd edərək bildirdi ki, könüllülük insanın qətiyyətli və uğurlu addımlar atmasına, peşəkar təcrübələrə yiyələnməsinə mükəmməl şərait yaradır. Könüllülük, hər bir gəncin həyatında əsas prinsiplərindən birinə çevrilməlidir.



Layihə yaşam kouçu Sənan Nəcəfovun fərdi inkişaf və yaşam koçluğu təlimiylə davam etdirildi. Yaşam koçluğu nədir, fərdi inkişafa mükəmməl şəkildə nail olmaq üçün insan hansı üstünlükləri özündə formalaşdırmalıdır, bu istiqamətdə ilk addımlar necə atılmalıdır mövzusunda yaşam kouçunun nitqi dinlənildi. O bildirdi ki, yaşam koçluğu xəyallarınızı planlara, planlarınızı isə gerçəyə çevirmək üçün gedilən yolun başlanğıcıdır. Bu başlanğıcın süzgəcindən keçərək dəfələrlə çözülərək mükəmməl formaya salınmayan xəyallar heç vaxt reallaşa bilməz. Yaşam koçluğunda olan çox gözəl bir fikirlə ifadə etsək, “ Yaşam koçluğu hər zaman güvənə biləcəyiniz yol yoldaşınızdı. “ Xəyallarınızı görməyi bacaran və sizi özünüzə inandıraraq hədəflərinizə doğru çıxdığınız yolda atacağınız addımları mükəmməl izlərlə nailiyyətə yetirən bir yolçuluqdur. Unutmamalıyıq ki, NLP-də, eyni zamanda fərdi inkişafın mahiyyətində könüllülük prinsipi özünəməxsus yerlərdən birini tutur.

Təlimin sonunda iştirakçılara sertifikatlar, “ Gənc könüllünün yaddaş kitabçası “ və İB-in geyimləri təqdim olundu, xatirə şəkli çəkdirildi.


                                                     

                                                              YAQUT HÜSEYNOVA




“ DOSTLARIM ANAMDAN GÖZƏLDİR DEYƏN....”



“ Dostlarım anamdan gözəldir “ , deyən,
-De, görüm, kim verib HƏYATI sənə ?!
O “ gözəl sandığın dostları “ görən,
Gözünə, bil, ANAN işıq çiləyib !


“ Dostlarım anamdan gözəldir “ , deyən,
Unutma, ananın fədakarlığın.
Mənliyin yox edib, ruhunu əyən,
Bir daha yaşama VİCDAN KARLIĞIN !


Üzündə taleyin yorğunluğu var,
Bil, sən tox yatanda o ac şükr edib !
ANANIN əlinə iz salan qabar,
Sən hardan biləsən nələrdən keçib !


“ Dostlarım anamdan gözəldir “ , deyən,
Bu sözün TANRIYA kəfən toxudu !
İNSANLIQ utandı, lənəti sənə,
Mələklər bir yana, iblis oxudu.


ANA AYAĞINA ruhun əyilsə,
Ucalıq o zaman qismətin olar .
Adına layiqli övlad deyilsə,
DUASI ruzulu nemətin olar.


                                      
                                        YAQUT HÜSEYNOVA