Tuesday, December 15, 2015

ALLAH RƏHMƏT ELƏSİN !



   Dahilər və şəhidlər hər zaman komalarda böyüyür. Dünya yaranandan bəri həyat hər birimizə dönə-dönə anlatdı bunu. Fəqət, çox vaxt bu acı həqiqəti qəbul etmədi bəşəriyyət. Bəlkə də ona görə qəbul etmədi ki, son damla insanlığın daim yaşayacağına bəslədiyi ümid yox olmasın! İndiyə qədər saraylardan nə şəhid yola salındı, nə də elm fədaisi tanındı. Şəhidlik uca məqamdır, hər ömrün son nöqtəsi ola biləcək səadət deyil. Bu ucalığın aliliyini böyük şairimiz Xəlil Rza Ulutürk oğlu Təbrizi torpağa tapşıranda gördü VƏTƏN. “ Şəhidlər Xiyabanı “ nda düzənlənmiş dəfn mərasimində böyük şair həyat yoldaşına “ Gözün aydın, ŞƏHİD ANASI “ müraciətini ünvanladı. Böyük Azərbaycanın müqəddəsliyini, parçalara bölünsə də vahidliyini:
“Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram-qıram... “
deyərək, hayqıran Xəlil Rza şəhidlərin getdiyi yolun mahiyyətini anlatdı hər birimizə...

   
    Şirvan şəhərində daha bir evin qapısı şəhidlik xəbəriylə döyüldü. Daha bir ailənin ocağı övlad itkisinin ünvanı oldu. Əzab daha bir ana ürəyini özünə məskən seçdi. Daha bir atanın gözlərindəki ümid əbədi susdu. Valideyn xeyir-duasıyla əyninə geyindiyi əsgər libasının şərəf və qürurunu duymuşdu. Sağ-salamat geri qayıdacağına söz vermişdi onu sevənlərə. Verdiyi sözə əməl etdi. Amma ŞƏHİD kimi döndü yaxınlarıyla son dəfə vidalaşmağa !
   Yerin behişt olsun, rahat uyu, qanın heç vaxt yerdə qalmayacaq ! 



                                                                    YAQUT HÜSEYNOVA 


 

“ ZAMAN TİPLƏRİNƏ GÖRƏ AYRILAN XALQLAR “



    Molla Nəsrəddin dərin düşüncələr içində öz-özünə deyindi:
-ZAMAN gözəl məhfumdur. Həm də gözəl olduğu qədər amansız və qəddar müəllimdir. Zamanın sütunları, məhz fellərdi. Dilçilik elmində fellər zamana görə üç yerə ayrılır: Keçmiş, indiki və gələcək zaman. İndiki zamandan başqa, qalan iki zaman özü də iki növə bölünür. Bu xatırlatmam ilə mövzuma körpü salmaq istəyirəm. Çünki zamana görə millətlərin, xalqların və dövlətlərin də kimliyini tanımaq olur. Məsələn, müasir dünyada xalqların xisləti də üç tipə ayrılır. BİRİNCİSİ, “Hələ qarşımızda, gör nə boyda gələcək var, niyə tələsirik, vaxtı çatanda EDƏRİK, EDƏCƏYİK“ fikriylə özünü aldadanlar; İKİNCİSİ, elə hey “ ETDİK, ETMİŞİK, heç bir faydası olmadı, nəticəni görmədik, etməyə bir şey qaldımı, varmı “ suallarıyla yerində sayan; ÜÇÜNCÜSÜ, isə dayanmadan, yorulmadan “ EDİRİK, GÖRÜRÜK “ fellərinin nuruyla beynini, ürəyini və ruhunu işıqlandıran xalqlar. Maraqlı ayrımlardı. Eyni zamanda məntiqli olduğu qədər, qəribə yanaşmadi, deyərək Molla Nəsrəddin köks ötürdü və fikrinin tamamını gətirdi:
   -Görən, biz, hansı qrupa mənsubuq?! Hansına sığır addımlarımız?! Maşallah, sadalanan hər tipin göstəriciləri var bizdə. Mükəmməl düşündükdə belə, yenə gələcək və keçmiş zamanın üzərində dayanır süzgəcdən keçirdiyim bütün məqamlar. Daha ikiyə bölünən iki zaman növünün varlığımızdakı damğalarını gördükcə, yalnız bu nəticəyə gəlmək olar. ZAMAN-bütünlükdür. Bu bütövlüyün sütunlarını daha ikiyə ayrılan iki zaman üzərində qurduğumuz üçün VARLIĞIMIZ DA haçalandı, SEVİNCİMİZ DƏ, TARİXİMİZ DƏ...

                                 
                                        Yaqut Hüseynova

Monday, December 14, 2015

" UĞURDAN UĞURA "


   Dekabrın 10-11-ində Bakıda Hədəf Karyera Mərkəzi, İstiqlal Tədris və Yaradıcılıq  Mərkəzi və İstanbul Aydın Universitetinin birgə təşkilatçılığı ilə gənc jurnalistlər üçün " Onlayn media: Yeniliklər, perspektivlər, problemlər ” mövzusunda seminar-treninq keçirildi. Həmin seminar-terninqdə jurnalist-yazar Yaqut Hüseynova sertifikat qazanıb.





Paylaşdı: ADMİN



“ QOYMARAM ƏQİDƏM ALÇALA, ÖLƏ... “ Eldar Qəmərli



   Orta əsrlər tarixində illər öncə oxuduğum bir məqamı xatırlamaq istəyirəm. Ölkələrin birində (təəssüf ki, hansı ölkə olduğuin unutmuşam) nə zaman müharibə olurdusa, dövlətin elm və mədəniyyət sahibləri müharibədən uzaqlaşdırılaraq, xüsusi mühafizə olunan məkanda yerləşdirilirdi ki, silahların amansızlığında məhv olmasın. Bunu əbəs yerə yazıma ilk cümlələr etmədim. Çünki işıqlı sabahlar, məhz elm və mədəniyət adamlarının açdığı cığırlarda qurulur. Məhəmməd Hadi isə deyirdi :-“ Doğulduğum torpaq mənə yadi-VƏTƏNDİR. Özünə doğma bilmədi ürəyi onunla olanı. “ Bu mövzuda istənilən qədər aforizm, tarixi məlumatlar və örnəklər misal gətirmək olar. Cabir Novruz bir şeirində yazırdı:-“ Sağlığında qiymət verin insanlara ! “ Bəli, sağlığında qiymət verilsin. Sağlığında edilməli olanlar həyata keçirilsin, zamanında dəyərləndirilsin. Təəssüf, minlərcə təəssüf !!! Bunu etmək niyə çoxlarına ağır gəlir, nədən zamanında oyanmır kor və kar vicdanlar?!

    
   Bu günlərdə şair-publisist Eldar Qəmərli haqqında “ ELDAR QƏMƏRLİ “ kitabı işıq üzü gördü. Kitabın hər sətrində şairin şəxsiyyətinin ucalığı dil açır. “ EVLƏRİ KÖNDƏLƏN YAR “, “AĞACDƏLƏN “, “ ŞİRVAN ŞƏHƏRİ “ və “ NOVELLALAR “ adlı dörd kitab müəllifi olan şairin kitablarının müzakirələri, yaradıcılıq gecəsi sakini olduğu Şirvan şəhərinin möhtəşəm salonlarının, zallarının səhnələrinə heç vaxt yaraşdırılmadı. Fəqət, həmin səhnələrdə bayram tədbirlərində saysız-hesabsız yerli-yersiz müğənnilər dəyər tapdı, yorulmadan alqışlandı! Dəyəri olan unuduldu. Dəyərsizlərin, əlindəki qələmiylə özünü gülünc vəziyyətinə salanların adlarından ağız dolusu danışıldı Şirvan tədbirlərində. Eldar Qəmərli şəhərimizin tarixini, dünənini, bu gününü heç bir çətinliyə baxmayaraq, yazıb nəinki biz şirvanlılara bəxş etdi. Hətta bu kitab vətən tarixinin səhifələrində bütün məqamlarıyla aydınlıq tapan bir nura çevrildi. Fəqət, Şirvanda elə üzdən iraq yazanlara dəyər verildiki, zibil qutusuna atılmağa belə çox olan elə kitablar baş tacı edildi ki... “ QIZIL QƏLƏM “ mükafatı elə qələmi çolağa nəsib oldu ki, Molla Nəsrəddin demiş, bilmirsən ağlayasan , ya güləsən...
   M.Hadinin yazının əvvəlində qeyd etdiyim  sözlərində böyük həqiqət var. Bəzən doğulduğun, yaşadığın, beyninlə, ürəyinlə şərəfinə bağlı olduğun torpaq  edilən haqqsızlıqla, biganəliklə insana elə yadlaşdırılır ki, SÜRGÜNLƏR belə onun yanında kölgədə qalır. Bəlkə də ən ağrılı sürgün də elə MƏNƏVİ SÜRGÜNLÜYƏ MƏHKUM OLMAQDIR!..

                                     

                                      YAQUT HÜSEYNOVA 







Tuesday, December 8, 2015

“ NIFRƏTƏ DÖNƏN DƏNİZ “



“ GÜNƏŞLİ “ platformasında baş vermiş yanğında itkin düşənlərdən biri də Şirvan şəhər sakini, 37 yaşlı Bayram Mirzəğa oğlu Qasımovdur. Bayram ailənin yeganə övladı idi. 20 ildən artıq idi ki, neft sənayesində çalışırdı. Şirvan şəhərinin bir qrup fəal gəncləriylə birlikdə onun ailəsini ziyarət etdik. Acılarına şərik olduq.
-“ Bayram dənizdən bu gün ( 9 dekabr 2015-ci il ) gələcəkdi. Hər ayın 23-ü işə gedib, yeni ayın 9-zu qayıdırdı dənizdən. Dənizi çox sevirdi. Hər gəlişində övladlarına dənizi anladırdı, onun təlatümündən, dalğalarından, həzinliyindən söhbət edirdi. Üç uşaq atası idi. Övladları həmişə onun dəniz haqqında söylədiklərinə maraqla qulaq asaraq, dənizi özlərinə daha çox doğma bilirdilər.” Bayramın qaynanası Flora Dadaşova göz yaşlarına hakim ola bilmədi. Çətin və ağrılı olsa da, sözünə davam etdi:-“ Dənizi Bayramın danışdığı gözəlliklərlə tanıyırdıq. İndi bu sevgi gözlərimizdəki nifrətdən başqa bir şey deyil. Dənizi çox sevdik, amma o bizim ümidimizi əllərimizdən acımadan aldı. Üç körpənin dilindəki “ ata “ kəlməsini sularında qərq etdi qəm-kədərə. Dəniz çox amansız oldu. Bayram və onun kimi neçə-neçə insanın həyatını dalğalarında yox etdi.


Həsrət dolu gözlərə son bir təsəlli, toxtaxlıq üçün məhv etdiyi canların cəsədlərini belə çox gördü. Evə son gəlişində, sanki ürəyinə dammışdı, bir daha geri qayıtmayacağı. Hər zaman pul kartı özündə olardı. Son gedişində hər kəslə görüşüb qapıdan çıxdı. Yenidən geri qayıdıb pul kartını həyat yoldaşı Ülkər xanıma verərək, “ bu kart səndə qalsın, birdən gec gələrəm, pula ehtiyacınız olmasın “ dedi. Çox ailəcanlıydı. Ata-anasının yeganə övladı idi. Cavan olmasına baxmayaraq, hər kəsin hörmət və etiramını qazanmışdı. Heç vaxt yaddımdam çıxmaz. Bayram anası dünyasını dəyişəndə də dənizdə idi. Qızılı xanım can üstəydi. Bayrama zəng vurduq, teleqram göndərdik. Təəssüflər olsun ki, ona işdən icazə verilmədi. Müəyyən müraciətlərdən sonra icazə ala bildi. Anası son nəfəsdə Bayramı işarələrlə bizdən soruşanda, ona heç bir cavab verə bilmədik. Beləcə oğlu ilə vidalaşmadan haqq dünyasına aqovuşdu. Bayram anası torpağa veriləndən sonra evə gələ bildi. İnanın, dənizi bağışlamırdı. Anasının son nəfəsinə yetməsinə əngəl olduğu üçün... Atası da vəfat edəndən sonra isə özünü həmişə tənha adlandırırdı. “
   Bayramın dayısı qızı Rüxsarə Qasımova Bayram haqqında bunları söylədi:- Övladları ilə bağlı gözəl arzuları vardı. Onların mükəmməl təhsil alması üçün çalışırdı. Amma dənizin amansızlığı onu bu arzularına çatmağına imkan vermədi. Yanğın baş verən gün Bayram həyat yoldaşı Ülkər xanımla telefonda danışdı. “ Xilasedici qayıqdayıq, narahat olmayın. Qayıtmasam, uşaqlara yaxşı bax ... “ söylədi. Və əlaqə kəsildi. Bayramın son sözləri, məhz bu oldu; uşaqlara yaxşı bax! Məmmədağa (15 yaş ) , Nurlan ( 11 yaş )  və qızı Mələk ( 6 yaş ) atasının hələ də dənizdən qayıdacağına inanır...


                                             
                                              YAQUT HÜSEYNOVA