Friday, January 15, 2016

" KÖHNƏLMİŞ ÇARIX "



   Molla Nəsrəddin ulağını yemlədikdən sonra, həyətdə xeyli odun doğradı. Doğradığı odunları həyətdə odun qoymaq üçün ayrılmış yerə yığdı. Artıq hava qaralırdı. Günəş üfiqdə çoxdan, qüruba doğru yola çıxmışdı. AZANIN səsi, nəinki asimanı, sanki bütün dünyanı elə gözəlləşdirmişdi ki, Molla nə zaman AZANIN bitdiyini hiss etmədi. Düşüncələrindən onu arvadının çağırması ayırdı:
-Ay Molla, harada qaldın? Di, gəl, artıq süfrəni hazırlamışam. Yeməyi çəkirəm, tez gəl, soyumasın. Yoxsa, yenə “yemək soyuqdur” deyərək, gileylənəcəksən.
-Gəlirəm, gəlirəm... – söyləyib, Molla əllərini yudu. Sobaya qoymaq üçün ayırdığı odunu da götürüb, evə girdi. Əvvəlcə gətirdiyi odunları atəşi azalmış sobanın içinə ataraq, qapağını örtdü. İsti sobanın yanında sərilmiş süfrədə əyləşib, “bismillah” edərək, əlini çörəyə uzatdı. Həyətdə çox işlədiyindən yamanca acımışdı...
Yeməkdən sonra, çarıxını arvadına verərək:
-Ay arvad, bir zəhmət, bunları yamayarsan. Olan-qalan ayaqqabım budur. Maşallah, əlində heç nədi, onu yamamaq. Dərziliyi elə gözəl bacarırsan ki, vallah, çarıxım tikiləndən sonra, onu heç özüm də tanımayacam. – deyərək, Molla güldü. İsti çayını içə-içə nə isə düşünürmüş kimi, gözləri uzun-uzadı yol çəkdi.
Arvadı çarıxa baxıb gileyli-gileyli dilləndi:
-Ay Molla, bəlkə, təzələyəsən bu çarıxı... Rəhmətlik nənəm demişkən, heç didarı belə qalmayıb. Xəsisliyin tutmasın, gəl, məni əziyyətə salma, bu köhnə ayaqabınla vidalaş.
   Molla Nəsrəddin üzündə yarı hirsli, yarı gülüş dolu nəzərləri ilə arvadına baxdı. Onun əllərindən çarıxını alıb, dərdi təzələnən kimi sözə başladı:


-Həəəə... Sən, düz deyirsən. Çarıxlarım çox köhnəlib, sıradan belə çıxıb. Zarafat deyileee, gör, neçə vaxtdır, neçə əsrdir, onlarla və yazıq ulağımla birlikdə yol gəlirəm. Bu ÇARIXLAR keçdiyim yollarda ahların, cəhalətin, nahaq qanların, iztirabların, biganəliklərin, satqınlıqların torpağa hopdurduğu cadarların üzərindəki addımlarıma şahidlik edib. Bir də ki, avropalaşan bir zamanda, müasirləşən bir dünyada getdiyim yollar nə qədər şüşə kimi olsa da, mərmər kimi görünsə də, gərək ayaqlarını yerə elə möhkəm basasan ki, ayaqda dayana biləsən. Büdrəməyinə kimsə nə macal tapa bilsin, nə də imkan...
-Di yaxşı, ay Molla, indi “sevimli” çarıxlarını yamayacam. Özümü öymək kimi olmasın, onu təptəzə edib, sənə verəcəm. Allah rəhmət eləsin, anama. Məni sənət sahibi edərək, dərziliyi öyrətdi. Heyif deyil, dərzilik... Əsl qız sənətidir. Başını aşağı salıb, iynə-sapdan və parçadan başqa, bir tanıdığın olmur...
   Molla Nəsrəddinin arvadı beləcə, bir söhbətdən digərinə keçə-keçə, bir saat içində çarıxın hər iki tayını elə mükəmməl yamadı ki, özü belə “təzə” olduğuna inandı.
   Molla onun sözlərinə qulaq asa-asa, hərdən düşüncələrə dalırdı. Üzündən nə isə demək istədiyi aydınca bilinsə də, bir söz söyləmədi, dərindən köks ötürüb, yenidən sobaya odun qoydu. Artıq gecə yarısı idi. Arvadı işini yekunlaşdırdı. Molla çarıxını görəndə mat-məətəl qaldı. Razılıq edərək, arvadının ötən bir saat içində özünəməxsus şəkildə yanaşmasıyla, don geyindirərək danışdığı sayı bilinməz söhbətlərə də istehza ilə fikrini bildirdi:
-Maşallah, elə bil, dilotu yemisən. Mən dinləməkdən yoruldum, sən isə danışmaqdan bezmədin. Amma bir məqama görə, sənə çox minnətdaram.
Arvadı təəccüb içində lovğalanaraq, Mollanın danışmağını istədi.
-Hə, deyim, sən də, bil. Hər zaman insanların böyük əksəriyyətində sevmədiyim üzdəniraq bir xüsusiyyət var. Hadisə və olanlara çox zaman elə don geyindirirlər ki, elə qiyafə biçirlər ki, adam heç bir söz tapa bilmir. HƏQİQƏTİN ÖZ DONU, ÖZ RƏNGİ, ÖZ QOXUSU belə unudulur. Daha doğrusu, elə yox edilir ki, deyirsən ki, həqiqətin mənfur yanaşmalarla cəmiyyətə edilən “təqdimat” ındadı əsl siması... Sən, dərzilik sənətini elə böyütdün ki, elə bəzədin ki mübaliğələrinlə, deyirəm, bəlkə də yaradılanın dərziliyə olan sonsuz məhəbbətindən həyat  tapıb bu XÜSUSİYYƏTİ...


                                       

                             Yaqut Hüseynova




Friday, January 8, 2016

“ BİR ASİMAN VAR “



  
   
   Bir asiman var... Hər kəsin başının üstündə ülviyyətiylə sonsuza varmaz ! Hər ömrün torpağına ənginliyi yansımaz ! Hər taleyin gündüzü onun GÜNƏŞİYLƏ, gecələrisə AY-ULDUZUYLA şəfəqlənməz ! Bir asiman var... Hər könülün torpağına yağmurları can verməz! Hər vicdanın rahatlığına dönməz mas-mavi rəngi ! Bir asiman var... Hər gözün nuruna nidası çökməz ! Hər yaradılanı TANRI SEVGİSİNƏ qovuşdurmaz ! O asiman-YARADANA açılan neçə-neçə əllərdə adımızın ünvanı olan DUALARDIR...


                                          
                                       Yaqut Hüseynova



Tuesday, January 5, 2016

" İTKİ "

İtkilər taleyin rənginə dönər,
Ağrısı ürəyi söküb parçalar.
" KAŞ Kİ " lər,  " TƏƏSSÜF " lər,  həm peşimanlıq,
ZAMAN İTKİSİNİN nöqtəsi olar !



                                                        
                                                                 YAQUT HÜSEYNOVA




Monday, January 4, 2016

“ TANRI DA XATIRLAMIR... “




   TANRI da sevinir. TANRI da gülür. Məhz ONUN sevinclərində uzanır GÜNƏŞİN ömrü. Həyatımız boyu bu sevinci axtardıq, onu görmək üçün çabaladıq, onun huzurunu ruhumuza köçürmək istədik. Amma hər zaman bir məqamı unutduq. Unutduq ki, İLAHİNİN sevinci yaratdığı aləmlərin, dünyanın nə təbiətində, nə dənizlərində, nə nemətlərində, nə də axirətinin cənnətindədir. Bəli, sadaladıqlarımın heç birində deyil. ONUN sevinci yalnız və yalnız KÖRPƏLƏRİN, UŞAQLARIN sevgi və fərəh dolu  BAXIŞLARINDADIR. Bax, o gözlərə. İrqindən, dinindən, dilindən, vətənindən asılı olmayaraq hər birinin gözləriylə bir anlıq da olsa həmsöhbət ol. O zaman hekayətlərindəki eyni acının şahidi olacaqsan. O gözlərdə amansız bəşərin “ Parçala, hökmranlıq et! “ addımlarıyla sərgilənən “ hədiyyə edilənlərə “ nəzər sal. Bütün yaradılışı, yeri-göyü hər bir məqamıyla olduğu kimi göstərən yeganə aynada, elə odur. Ruhu kor, vicdanı kar olanlar duymaz, o gözlərdəki həqiqətləri. El arasında belə bir inanc var. Aynanın qırılmağı səadətin yerini əzabların alacağına işarədir. Bu gün yer kürəsindəki körpələrin, uşaqların günahkar gözlərimizə dikilən baxışları, məhz bu qırıq aynaları xatırladır...
   Beləcə unutdurduq, YARADANA sevinci, rahatlığı. “O“ da xatırlamır nə zaman gülüşünün GÜNƏŞİN şəfəqlərinə köçdüyünü...


                                                   
                                Yaqut  Hüseynova


Sunday, January 3, 2016

" YARA "

YARA dilsiz deyil, ağrısın ancaq,
Yaşayan hiss edər, vuran anlamaz !
Sanma ki, zamanla şəfa tapacaq,
Sardıqca qanayan yara sağalmaz !


Qoy sevgin nur olsun neçə əllərin,
TANRIYA qovuşan dualarında.
Sən haqqa tapın ki, adın keçməsin,
Bir sınıq ürəyin YARALARINDA
!




                                                                  YAQUT HÜSEYNOVA

Saturday, January 2, 2016

“ DUYĞULAR, DÜŞÜNCƏLƏR... “




“ ŞƏHİDLƏR XİYABANI, yalnız faciə günlərində gedilən yol deyil. “


“ Gənclikdə görmədiyin, səsinə qulağını kar etdiyin HAQQI, illər sonra ulasan da tapa bilməyəcəksən. “


“ Hər uğur hekayətinin, uğur əhvalatının təməlində həyata keçməyən bir ARZU dayanır. “


“ XOŞBƏXTLİK-mənən və fizikən aldığımız rahat nəfəsin VƏHDƏTİNDƏN başlayır.”


“ Cəmiyyətin xəstə və cahil düşüncəsin, yanaşmasın, diktəsin dinlədinsə ÖZÜNÜ UNUT, daha doğrusu, DİRİ-DİRİ İÇİNDƏ DƏFN ET ! “


“ GÖZƏLLİK-insanın ruhundan başlamalıdı. Ruhu zülmət olanın zahiri heç bir zaman işıq saça bilməz. “


“ Bəzən yol eyni olur. Amma istiqamət fərqli. İnsanları bir-birindən uzaqlaşdıran ya QÜRURU, ya da FƏRQLİ DÜNYAGÖRÜŞLƏRİ olur. “


“ FİZİKİ YORĞUNLUQ keçər, yaralar sağalar izi qalsa da. YORULMUŞ və YARALANMIŞ RUH isə dincliyini heç vaxt tapmaz. “


“ İnsan düşmən danışanda, dostlar susanda daha güclü olur. “


“ QƏLƏMİ-əlinlə deyil, ürəyinlə tut, ruhunla duy. “


“ Əsl səadət odur ki, həyatında şirin nağıllarını vərəqləyən bir mələyin var... “


“ Hər fəslin öz gözəlliyi var; öz istisi, öz küləyi, öz yağmuru, öz nəfəsi, ən əsası öz GÜNƏŞİ var.”


“ Əqidən dəyişirsə, deməli İNSAN deyilsən. VARLIĞIN Yer Üzündə sadəcə say artımının göstəricisidir.”


“ Bir cəmiyyəti məhv etmək istəyirsənsə, DİNİNİ şəkilləndirərək hissələrə böl. Bu hissələrin yenidən heç bir zaman BÜTÖVLÜYÜ olmayacaq. “


“ Əyləncə gözəldir. Amma əyləncə o zaman daha gözəl olur ki, onun içində bilgi və məlumatlandırma var. “


“ İctimai mühit hər bir yerin, ölkənin, şəhərin varlığının əlifbasını tanıdır hər kəsə. Bu əlifba elə mükəmməl qurulub ki, hərfləri olduğu kimi ifadə edir görüntü və yanaşmaları. Nə qədər mübaliğələrdən istifadə olunsa da.”


“ Nə istifadə et, nə də istifadə olunmağına izn ver. Özünü yaratmaq istəyirsənsə, bunu bacarmalısan. Yoxsa, üzsüz cəmiyyətin kopyalarından birinə dönərsən. “


“ UĞUR- zəhmət və məsuliyyətin nəticəsidi. Təəssüf ki, zəhməti başqasının olanları öz uğuru sayanlar da var. Bu uğur deyil, mənəvi axsaqlığınız və ən böyük məğlubiyyətinizdir! “


“ Vəzifə insanın dəyərli və savadlı olduğu anlamına gəlmir. Kimi vəzifəsinə görə hörmətli olur. Elə vəzifələr də var ki, ona sahib olanlara görə dəyərlidir.“


“ Ustadının, böyüyünün dəyərini bilməyən gəncliyin atdığı addım hər an büdrəyər, SABAHLARI isə heç vaxt böyüməz. “


“ Yaxşılıq adlar hallansın deyə yox, insanlıq naminə edildiyi zaman uğurlu olar. “


“ Qələmin ucu və dəftərin sətirlərindən başlayır yenilməzliyin gücü. “


“ Zəhmətlə qazandığın uğur günəş tək şəfəqlərinə boyayar addımlarını. Vasitələrlə əldə edilənlər isə kölgə damğasını vurar adına. “


“ Altı şəxs əvəzliyi olsa da, təəssüf ki, çoxunun tanıdığı “MƏN” di, daha doğrusu, MƏNƏMLİKDİR!!! BİZ varlığını var etmək bu qədərmi çətindir ?! “


“ Əzib keçmək, tapdayıb irəliləmək... Bunu həyat tərzinə, vərdişə çevirənlər unutmasınlar ki, əzib keçdikləri, tapdadıqları ayaqlarını yox, vicdanlarını elə parçalayar ki, atdığı hər addım ƏQİDƏSİ AXSAĞIN izi kimi tanınar. “


“ Vəzifəni itirmək qorxusuyla boğulan, miskinləşən “ mənliklərə “ nifrət etmək də çoxdur. Çünki nifrətin özündə də bir QÜRUR var. Onlara yazığım gəlir. “


“ Kökündən ayrılan çıxdığı yolda nə irəli gedə bilər, nə də geri qayıdar. “


“ Sətirlərində ruhunu baş sağlığı və itkilərə öyrətdiyimiz VƏTƏN... “


“ Adı yox, özü “ODLAR YURDU” na dönən VƏTƏN “


“ Musiqinin hopmadığı nə yazı, nə də söz təsirli ola bilməz. Heç bir ürəkdə o doğmalıq tapa bilməz.“


“ Yaralara duz axtaranlardan yox, məlhəm edənlərdən olaq. “


“ Yarımçıq yazılar qədər ağrılı məqam yoxdur qələm sahibi üçün. Bitirmək istəsən belə çox vaxt bitirə bilməzsən yazdığını. İstədiyin nəticəni almaq üçün bəzən aylar, hətta illər keçər...”


“ ZƏHMƏT-ruhun ətridir. “


“ Ömür illərlə pillələnir, illərsə HƏDƏFLƏRLƏ dəyər tapır. “


“ HƏYAT-iki fərqli qolda tarazlanan bir təzaddır. “


“ YER KÜRƏSİNİ çox vaxt MARS planetinə bənzədirəm. Marsda su və torpağın qalıqlarına rast gəlindiyi kimi, yer üzündə də İNSANLIĞIN qalıqlarını görmək mümkündür. “


“ Bir insanı məhv etmək istəyirsənsə, yalnız və yalnız onun RUHUNU öldür! Bir də unutma, RUH əqidəli insanlarda olur, VİCDANI KƏMLƏRDƏ YOX ! “


“ Axının əksinə getmək... İnsanın əksinə getməyinə səbəb, ədalətsizlik və haqsızlıqlardan qaçaraq aradığı həqiqətdə yox olmaq istəməsidir.”


“ İNAM və GÜVƏN ümidlərin doğrulduğu zaman yaranar.”


“ İrəli getmək və özün olmaq istəyirsənsə, ayağına dolaşan sarmaşıqlara addımını tanıtmağı bacarmalısan ! “


“ Səhvə öyrəncəli addımların yolları da haçalı olar. “


“ Məhz valideyn sevgisi və nəvazişi övladı həyatda yönləndirir. “


“ Sınan ürəyin memarı yoxdur . “


“ Qarşındakına bəslədiyin hörmət özünə hörmətdən qaynaqlanır. “


“ Kimsəni özün kimi düşünmə, çünki çox vaxt fədakarlıq bədbəxtliyə gedən yolun başlanğıcıdır. “


“ Nadanlığa qarşı elm əlində qılıncın, ağılsa qalxanındır. “


“ Hər danışılan yalan qədər, hər atılan iyrənc addım qədər daxili və xarici simanı eybəcərləşdirən ikinci bir şey yoxdur. “


“ Tənqidlərin də səmimi və qeyri-səmimisi olur, TƏRİFLƏR KİMİ. “


“ Bəzən böyük əksəriyyət var olduğunu zənn edir, amma dərk etmir ki, “ belə var olma “ yuvarlandığı, yaxud yuvarlanacağı HEÇLİKDƏN başqa bir şey deyil. “


                                                        
                                    Yaqut Hüseynova



Friday, January 1, 2016

" İLANLAR "

Yolumu, izimi çaşdıra bilməz,
İlanlar zəhərin töksə də belə !
Həyat da səbrimi daşdıra bilməz,
İlanlar zəhərin töksə də belə !


Sözdən danışmaqçın HƏRFİ tanı,
Ağıldı, ürəkdi kəlmənin canı.
Torlamaz ruhumu sisi, dumanı,
İlanlar zəhərin töksə də belə !

 
  


                                            YAQUT HÜSEYNOVA