Tuesday, January 17, 2017

"BİRİ VARDI, BİRİ YOX..."

Biri vardı, biri yox...
Bu sözlə başlayır, bütün nağıllar.
Biri vardı, biri yox...
Bizimsə sevginin bu sonluğu var.


Biri vardı, biri yox...
Ədalət... Adı var, özü görünmür.
Biri vardı, biri yox...
Vicdana and içən "ölü" dirilmir!


Biri vardı, biri yox...
Düz yolda olanın ayağı yalın.
Biri vardı, biri yox...
Qarışıb dadı da zəhərlə balın.


Biri vardı, biri yox...
Kökləri olmayan qol-budaq verir.
Biri vardı, biri yox...
İblis də Tanrıdan xütbə söyləyir.


Biri vardı, biri yox...
Qapqara beynlər nura bürünməz.
Biri vardı, biri yox...
Günəşi olmayan kölgə sürünməz.


Biri vardı, biri yox...
Çoxuna xas olub quyruq bulamaq.
Biri vardı, biri yox...
Çaqqala qalıbdı, dağda ulamaq.


Biri vardı, biri yox...
Gülənin göz yaşı gizli dənizdir.
Biri vardı, biri yox...
Bu kəlmə hər kəsin QƏLBİNDƏ İZDİR...






                                                                        Yaqut Hüseynova




Tuesday, January 10, 2017

"HƏR ZAMAN YANIMDA OL..."

   Sahildəyəm...

   Hava günəşli olsa da, qışın soyuğu hər yanda duyulur. Yenə də səninlə birlikdəyəm, həmişə olduğu kimi.

   HƏR ZAMAN YANIMDA OL!




   Bir an belə əllərimi buraxma. Bir bax, gör, necə gözəl mənzərədi. Mas-mavi dənizin ağ köpüklü dalğaları sahilin sal daşlarına çırpıldıqca, bəyaz qağayıların səsində, sanki dilə gəlir, yerin-göyün həqiqəti. Məhz bu həqiqətin yaşı qədər yanımda ol! 
Hər kəs axirətə tək gedər, tək gəldiyi kimi... Amma mən tək gözlərimi əbədiyyətə yummayacam ki?! Səninlə birgə qaranlıqdan SONSUZ AYDINLIĞA doğru yola çıxacağam... Bu həyatda olduğu kimi...


   HƏR ZAMAN YANIMDA OL!

   Çox sevdiyim SARI ÇİÇƏKLƏRİN rəngində GÜNƏŞİN əksi təbiətə gözəllik qatdığı kimi...

   HƏR ZAMAN YANIMDA OL!

   Məscid həyətlərində, meydanlarda körpələrin göyərçinlərə səpdiyi buğda dənəciklərinin ürəklərə yaydığı HUZUR kimi...

   HƏR ZAMAN YANIMDA OL!

   Tək güvəndiyim, könlümü açmadan belə ruhumu hiss etməyi bacaran, mən sükuta çəkildikcə, sətirlərdə həmsöhbət olanım...
   Bəzən şeirləşib, bəzən hekayətləşib, bəzən də Molla Nəsrəddinin timsalında söhbətləri ilə ömrümün illərinə çevrilən səadətim...


   HƏR ZAMAN YANIMDA OL,QƏLƏMİM...




                                                                   
                                                                  Yaqut Hüseynova








Monday, January 9, 2017

"HƏYAT KİTABLARDA GÖRDÜYÜN DEYİL!"

                             
                                Ustadım Vaqif Memmedovun eyni adlı şeirinə nəzirə.


Vicdanı itəndən vicdan gözləmə,
Tikanı gül sanıb, sən əzizləmə.
Haqq gözdən itməsin deyə, izləmə,
HƏYAT kitablarda gördüyün deyil!

Günəşin işığı AYA hopsa da,
Yağış da fərqlidir, göydən qopsa da,
Süjeti HƏYATIN əksi olsa da,
HƏYAT kitablarda gördüyün deyil!

Sualı cavabdan sonra qoyular,
Nidası sükutda dinər, duyular,
Nə qədər Yusifi gizlər, quyular,
HƏYAT kitablarda gördüyün deyil!

Həqiqi libası sonda biçilər,
ÜMİDLƏR yox olmaz, fəqət kiçilər,
Salamı eynidir, GEDİŞ seçilər,
HƏYAT kitablarda gördüyün deyil!




                                                              Yaqut Hüseynova





Tuesday, December 27, 2016

ÜÇ RƏNGİN "HARMONİYASI"

    BİZİ deyib, gəldi... 

   BİZİ deyib, məhz BİZİ soraqlayıb çıxdı, zamanın yolçuluğuna. Bəlkə də "BİZ" dediyi üçün elə zamanla birlikdə addımladı. Daha doğrusu, zamanı belə öz addımlarıyla geridə qoya bildi.
   
    BİZİ deyib, gəldi...

   MƏNİ, SƏNİ, ONU, yenidən özü də bir dəfəlik "BİZ" ə çevirmək üçün hər birimizə ayrı-ayrılıqda bu kəlmələrlə səsləndi:-"Sizi deyib, gəlmişəm, ey mənim müsəlman bacı və qardaşlarım..." Tarixi səhifə-səhifə dönə-dönə geriyə vərəqlədikcə, yalnız onun bu çağırışında "BİZ" kəlməsi məndən yaxa qurtarmağa can atdı, "SƏN" müraciətində çözümləriylə, kiçicik, amma bəşəri hayqırışlarıyla bütün yalnışlar sətirlərə mirvari tək düzüldü. Beynlərdə, ürəklərdə həqiqətlərin fonunda "O" ndan bəhs etdi. "O" nun nəqlini verərkən həyatla ortaq məxrəcə gəldi, "ALLAHSIZ" damğası ilə dili qıfıllanan, qolları qandallanan "MOLLA NƏSRƏDDİN" yolçuluğu!
 
   
   BİZİ deyib, gəldi ki, VƏTƏN SƏNLƏŞMƏSİN, MƏNLƏŞMƏSİN!... Nədənsə, zamanında dinləmədik, onu. Bilə-bilə kar etdik, qulaqlarımızı səbrini tükətdiyimiz, BİZİ deyib gələnin insanlığa, daha doğrusu, insan adı ilə yaradılan, lakin bu şərəfi daşıya bilməyənlərə haray çəkə-çəkə söylədiklərinə. Ruhumuz illərlə, əsrlərlə könüllü kölələr tək əsarətlərdə SƏNİN, MƏNİN və ONUN xoşbəxtliyinin ardınca qaçdı... BİZLƏŞMƏYİ dilimizə, barı bir kəlmə olaraq, gətirməyə belə səy etmədik. Getdikcə, MƏN də, SƏN də, O da "MƏN, MƏN" söylədikcə, leksikonumuzda "MƏNƏMLİK" mənafeyimizin daşlaşmış təzahürü oldu. Beləcə, bu sözlər böyük şairimiz MƏMMƏD ARAZIN misralarında illər sonra, yenidən vulkana çevrilərək, od püskürdü, daşlaşan vicdanları qırıb-tökmək üçün... "BİZ" i azacıq da olsa, damla-damla toplamağa çalışan zərrələr, təkrar haçalandı. "MƏNDƏN ÖTDÜ, SƏNDƏN ÖTDÜ, ONDAN KEÇDİ..." əqrəblərinin zəhərindən milli ruhumuza tuşlanan xəncərlər, elə ustad şairin dili ilə desək, "VƏTƏN, VƏTƏN SƏNƏ DƏYDİ!"

    BİZİ deyib, gəldi...

   "ÖLÜLƏR" ində cəmiyyətimizin böyük əksəriyyətini təşkil edən "CANLI ÖLÜLƏR" i "BİZ" vəhdətində diriltmək üçün!...

    BİZİ deyib, gəldi...

   Dilin ilk şəxs əvəzliyi olan "MƏN" dən danışmaq üçün... Əslində, BİZİ parçalayan birinci qılınc zərbəsi olan MƏN əvəzliyindəki HEÇLİYİ hər birimizə tarixi gerçəkliklərin acı nümunələrində göstərmək üçün... Çox zaman kinayəmizin hopduğu SƏN ittihamındakı ədalət və ədalətsizlik arasında öz əllərimizlə qazdığımız sonu görünməyən uçurumlara göz qırpmadan yuvarlatdığımız kimliyimizə bir daha nəzər salmaq üçün gəldi...
   "Ey mənim müsəlman bacı və qardaşlarım" xitabı ilə gəldi ki, o müraciətini, o şəxsini, yalnız "O" nun varlığında ruhumuzla tanıyaq. "O" nun ali anlamı insan qanına susayanlar tərəfindən düşünülmüş şəkildə beynlərdən yuyulmasın... Bəlkə də bir gün XX əsrin əvvəllərində müsəlman dünyasına, ümumiyyətlə, bütün bəşəriyyətə edilən bu çağırış, Suriya torpaqlarında axıdılan günahsız qanların ürəklərə çilənən BİZ vəhdətində dilə gələcək...
   
   "SİZİ deyib, gəlmişəm" söylərkən belə, yenə o, "BİZİ" nəzərdə tutdu. "BİZ" i görmək istədi. Fəqət, özü tək idi. Sona qədər də tək addımladı. Ətrafında barmaqla sayılası qədər tərəfdarı oldu. Heç biri yürürkən taqətdən düşmədi. Cəmiyyət onu tükətməyə çalışdıqca, yenidən doğuldu, daha da basılmaz oldu. Bəli, TƏK İDİ. Amma gücü HƏQİQƏT idi. Gördüyü, anladığı, göz yummadığı gerçəkliklər oldu, çiyin-çiyinə addımladığı silahdaşları...

   Pikasso deyirdi:-"Mən gördüklərimi deyil, düşündüklərimi çəkirəm." Yaradılan da öz rəsmini çəkdi. Özü də onu Yaradanın həyat adlı mənzərəsində MƏN, SƏN və ONDAN ibarət rənglərin fonunda...



                                                     
                                                              
                                                                           
                                                                     Yaqut Hüseynova





   




Thursday, December 22, 2016

"O" ANLAR ...


Düşünmə, UNUTDUM, sənli günləri,
Əbədi sevgimə döndü, o anlar...
Bir qərib sevdanın iki ürəkdən,
Keçdiyi yolları, yalnız "O" ANLAR...





                                                    


                                                                            Yaqut Hüseynova






                                          

Thursday, December 15, 2016

YENİ YAZILARIM...


"MOLLA  NƏSRƏDDİN, QƏDİR VƏ VƏHABİ QIZ"



                    "DÜNYANIN ƏN GÖZƏL MƏKTUBU"



                                           "SƏKKİZ ERMƏNİYƏ AYRILMIŞ YER"










"YAĞMURUN SƏSİ"

Yenə də göylərin gözü nəmlidi,
Nəğməsi həzindi, sözü qəmlidi,
Bəzən sevinclidi, həm ələmlidi,
Nur kimi yayılan yağmurun səsi.


Sanki bir məktubun sətirləridir,
Hər damla sevginin nəqlini edir...
Ən yaxın dost kimi qəlbi dindirir,
Nur kimi yayılan yağmurun səsi.





                                                            
                                                                                     Yaqut Hüseynova