Tuesday, April 16, 2019

"BU GECƏ RÖYAMIN QONAĞI OLDUN..."

   

   Hər günüm adınla bağlı....

  ATAM uşaqlıqdan, sanki məni öz yeri üçün hazırlayırdı. Rus dilində mükəmməl danışırdı. Ali təhsilli deyildi. Amma tarixi mən ondan öyrəndim. Bəli, ATAMDAN. Həmişə dediyi bir sözü vardı:-"Mənim ölümüm MƏHBUBƏNİN qarşısında olsun. Bir də Yaqut var, ölümdən qorxmuram..." Yatdığın TORPAĞA qurbanam, SƏNİN 😥



Bu gecə röyamın qonağı oldun,
Kaş ki, o yuxudan ayılmayaydım....
Bu gecə röyamın qonağı oldun,
Tutub əllərindən qayıtmayaydım!



Bu gecə röyamın qonağı oldun,
Hirslənib üstümə "gəlmə" söylədin...
Bu gecə royamın qonağı oldun,
Soruşub evmizi, niyə, göynədin?!



Bu gecə röyamın qonağı oldun,
SƏNSİZLİK nə imiş anladım bir-bir....
İstəyim, tezliklə sevincim olsun,
Yanında ÖZÜMƏ AYIRDIĞIM YER!!!




                                                        Yaqut Hüseynova




Saturday, March 16, 2019

"GÜLÜŞ VAR, DUADIR..."

GÜLÜŞ var, insanın ağlını alar,
GÜLÜŞ var, ətrafın düşündürər həm.
GÜLÜŞ var, acıya qələbə çalar,
GÜLÜŞ var, içində gizlənibdir qəm!


GÜLÜŞ var, hiyləli, həm də ki süni,
Təbəssüm tanıdar insan ruhunu!
Bir gülüş dəf edib nifrəti, kini,
Vahəyə çevirər, həyat yolunu...


GÜLÜŞ var, sevgidən dolub gözlərə,
Bürüyər dörd yanın, sanki sehrinə.
GÜLÜŞ var, çevrilib ciddi sözlərə,
Hər fikri, hər beyni yığar şərhinə...


GÜLÜŞ var, DUADIR, dinib nəğmə tək,
Alar ağuşuna düşüncələri!
GÜLÜŞ var, tikanın sancan kəlmə tək,
ARZUYA, XƏYALA vurar xəncəri!


GÜLÜŞ var, dindirib küsən ürəyi,
ÜMİDLƏ yenidən barışdırar o!
GÜLÜŞ var, ölümün olub gərəyi,
Yaddaşda varlığın dolaşdırar o!


GÜLÜŞ var, DÜNYADIR, həm də ki, ÖLÜM,..
Qaynağı ÜRƏKDİR, zahiri BAXIŞ!
İstərəm, bir qəlbdə sevincə dönüm,
Rəngiylə ömrümə vurulsun naxış!




                                                  
                                                              Yaqut Hüseynova








Thursday, March 14, 2019

"Adına mən daha ÜRƏK demirəm!..."




Daha dinləmirəm, sənin sözünü,
Son nöqtə qoymuşam yorumlarına!
İstəsən, lap məndən çevir üzünü,
Cavabın varmı, de, sorularıma?!!!


Verdiyim qərarın kəsib yolunu,
BEYNİMDƏN qoparıb, çəkdin özünə...
RUHUMUN boynuna salıb qolunu,
Xəlvətcə pərdələr örtdün gözünə...


Adına mən daha ÜRƏK demirəm!...
Sinəmdə vursan da, YADSAN ömrümə!
Adına mən daha ÜRƏK demirəm!...
Ən dərin YARANI sandın könlümə!...




                                                    Yaqut Hüseynova







"İYLƏNMİŞ RUHLARIN xarabasıdır!!!"


Baxırsan görnüşü adama bənzər,
Ağzı var, dili var, əli, ayağı...
Şah sayır özünü neçə QUL BEÇƏ,
Çatmayır əlində saqqal darağı!!!



Adamlar gördüm ki, varlığı, fəqət,
İYLƏNMİŞ RUHLARIN xarabasıdır!!!
Adamlar gördüm ki, sağlığı, fəqət,
İnsanlıq adının ÜZ QARASIDIR!!!




                                               Yaqut Hüseynova












Sunday, February 3, 2019

"DƏVƏNİN QANADI OLSAYDI, ƏGƏR..."

DƏVƏNİN QANADI olsaydı, əgər...
Nələr gətirərdi, görən, dünyaya?!
DƏVƏNİN QANADI olsaydı, əgər...
Yəqin, o ayaq açardı AYA!!!




DƏVƏNİN QANADI olsaydı, əgər...
Qanunlar yazardı TÜPÜRCƏK ilə!!!
DƏVƏNİN QANADI olsaydı, əgər...
Torlar qurulardı HÖRÜMÇƏK ilə!!!

DƏVƏNİN QANADI olsaydı, əgər...
Tək QARTAL YUVASIN uçurardı o!!!
DƏVƏNİN QANADI olsaydı, əgər...
Yəqin ki, TANRIYA tərs baxardı o!!!

DƏVƏNİN QANADI olarsa, əgər...
ÖKÜZÜN BUYNUZU sınar dərində!
DƏVƏNİN QANADI olsaydı, əgər...
Nizamı gedərdi, şeşin, birin də!!!

DƏVƏNİN QANADI olsaydı, əgər...
Xəzinə götürüb, SUDAN keçərdi!
DƏVƏNİN QANADI olsaydı, əgər...
Həyatı BƏDƏVİ, ÇÖLLÜ edərdi!!!

"DƏVƏLƏR" GÖRÜLDÜ... QANAD yerləri,
Göyərmək istədi, fəqət, çıxmadı!!!
"DƏVƏLƏR" GÖRÜLDÜ... AYAQ İZLƏRİ,
GİRDİYİ KOLLARDAN KƏNAR ÇIXMADI!!!



                                                               


                                                                Yaqut Hüseynova













Tuesday, January 29, 2019

"MOLLA NƏSRƏDDİNİN YUXUSU" və yaxud "İŞIQLI QƏM İÇİNDƏ UYUYAN"


   Molla Nəsrəddin səksəkəli şəkildə yuxudan ayıldı. Oyanar-oyanmaz həyətə çıxdı. Artıq GÜNƏŞ də batırdı. Səma getdikcə qaranlıqlaşırdı. Bu mənzərəni AZAN səsi daha da əsrarəngiz edirdi. Həyətdəki nohurun kənarında əyləşib, fikirlər içində dərindən ah çəkdi. Yenidən GÜNƏŞİN BATIŞINI izləyərək, öz-özünə dedi:-“Hər zaman belədir, OYANDIĞIMIZ zaman, nədənsə həmişə GÜNƏŞİN BATIŞINI görürük...” Əlindəki əsasına söykəndi. Nohurun göz yaşı kimi dupduru suyuna qərq oldu, düşüncələri.
   
   Arvadı kənardan Mollanı görüb, yaxına gəldi. Yanında oturub, əlini Mollanın çiyninə qoydu. Və dedi:
   -Yenə nə olub, ay Molla, gəmilərin dəryadamı batıb? Elə bil yuxuda cin, şeytan görmüsən? Üzündəki bu nə ifadədi belə?
   -Deyirəm, ömrümün çoxunu yaşamışam. MİRZƏ CƏLİL ƏFƏNDİNİN mənimlə birgə yola çıxartdığı ulağımı hələ demirəm. O da yamanca qocalıb, əldən düşüb. Bəlkə də, dünya da, zaman da öz pis üzünə artıq bizi də bənzədib. Uzandıqca, uzanır ömrümüz. “ALLAHSIZ” adı ilə damğalandıq, fəqət ölmədik, hələ də yoldayıq. Offf, ay arvad, yenə də bir sözü qoyub, başqa sözə keçdim. Bəlkə də dinləyən yoxdur deyə, belə çox danışıram. Əslində, gizli-gizli dinləyən olduqca çox, sadəcə, bunu üzdə büruzə verən yoxdur...
   
    Həəə, cin, şeytan görməmişəm. Bir də ki, indi İNSAN var ki, cini, şeytanı yuxuda görək, ya da dini kitablardan tanıyaq?! Yadındadı, “KİMSƏLİ KİMSƏZSİZLƏR” və “ALLAH DA İNSAN AXTARIR!” adlı söhbətlərimdə əsl kimsəsizi axtarmağım?... Hər iki söhbətimdə fərqli sonluğum vardı. Fəqət, yuxudan ayılandan sonra, daha çox anladım ki, həqiqi kimsəsiz YADILAN YOX, YARADANDI!!!
   -Ay Molla, çox qəliz adamsaneee, heç nə anlaya bilmədim, danışdıqlarından. Konkret danış görüm, nədir, söyləmək istədiklərin?- deyərək, Mollanın arvadı gileyləndi.

   
   Molla Nəsrəddin isə acı-acı gülümsədi və sözünə qaldığı yerdən davam etdi:
   -Rəhmətlik nənəm deyirdi ki, yuxuda QƏBR görmək, insanın günahlarının bağışlanması üçün göstərdiyi səyə işarədir. Bax, bu maraqlı məqamdır- GÖSTƏRDİYİ SƏYƏ... Həəə, bu kəlməmi yadında möhkəm saxla, çox güman ki, dərdimi, yuxumu danışıb bitirəndən sonra, sözümün tamamını, məhz bu fikrimə bağlayacam.
   Yuxuda görürəm ki, bir qəbiristanlıqdayam. Məzarlara nəzər salıram. Bilinir ki, hər bir məzarın KİMSƏSİ var. Üstünə qoyulan çiçəklərdən belə doğmaların ətri gəlir. Özün bilirsən ki, qəbristanlıqdan qorxmuram. Çünki “ÖLÜLƏR” in içində yaşa dolmuşam. Amma nədənsə, bu dəfə içimə bir vahimə doldu. Bu vahimə, qorxunun yaratdığı deyildi. O, BİGANƏLİYİN, DÜNƏNƏ XƏYANƏTİN ürəyimə gətirdiyi bir sızıltı idi. Yavaş-yavaş bir məzara tərəf addımladım. Desəm, bəlkə də, inanmayacaqsan. Elə bil mən O MƏZARA sarı getmirdim. O MƏZAR mənə doğru irəliləyirdi. Nəhayət, yaxınlaşdım. Gördüyüm mənzərəni təsvir etmək belə mümkün deyil. Ən gözəl, ən uca, ən ülvi kəlmələri bir yerə toplamağa çalışdıqca, fikirlərim yenə də cəmlənmirdi. Ani olaraq, gülümsədim. Və öz-özümə:-“HƏQİQİ VƏTƏN SEVGİSİ və ƏSL VƏTƏNDAŞIN təsviriylə tərənnümü qarşısında sözlər də acizdir. ONLARIN varlığı da, tarixdə qoyduğu İZLƏRİ də, hətta məzardakı İNİLTİSİ də, elə VƏTƏNİN ÖZÜDÜR! Bəli, VƏTƏNİN ÖZÜ!!!"-dedim. 
   
   Tarixçi Nasiman Yaqublunun MƏMMƏD ƏMİN RƏSULZADƏ haqqında yazdığı kitabın ilk səhifəsindəki “YADDAŞ İŞIĞINDA” adlı yazının sətirlərini xatırladım. Həmin sətirlər, M.Ə.Rəsulzadənin anadan olmasının 70-ci il dönümü münasibətilə dostu CƏFƏR KRIMƏRİN ona yazdığı məktubdandı. Məktubda deyilir:-“Bir gün həyatını yazacaq bəxtli bir TÜRK GƏNCİ, yaxud da şəxsiyyətinizi canlandıracaq bir TÜRK SƏNƏTKARI, ömrünüzün hər dövrünü qavrayıb anladıqca “nə şərəflidir mənə ki, bu yaşamağa dəyər səhifələri canlandırıram”-deyə, sevinəcəkdir, bunların əsərlərini oxuyan və ya seyr edənlər də SİZİ daima sonsuz məhəbbət, hörmət və rəhmətlə anacaqdırlar.”
   Kitabı qələmə alan bu məktuba gözəl ad seçib-“YADDAŞ İŞIĞINDA”... Təəssüf ki, “QARANLIQDA İŞIQLAR” ın nurunu dərk etməyənlərin “yaddaşı” hara, YADDAŞ İŞIĞI HARA... Nədənsə, hər zaman əli zorluların, əli qılınclıların yaddaşı tarixin qaranlıq künclərinə məhkum etdiyi YAD DAŞLARIN qırıntılarından ibarətdir!!!
   Hər bu kitabı vərəqləyəndə çox, çox sevinirəm. Sevinirəm ki, nə yaxşı ki, bu sətirlər var. “Nə şərəflidir ki, mənə...” kəlməsi, gördüyüm yuxunun təsiri ilə mənə bəzi fərqli görüntüləri də xatırlatdı. Ay arvad, həmin görüntüləri, bəndlərə, bax, belə bölmüşəm. Qulaq as, sadalayım, həm də izahlarıyla. Deməli, belə...
   
   BİRİNCİ BƏND:- O DAHİ ŞƏXSİYYƏTİN ADI qalaq-qalaq kitablara deyil, 1993-2006-cı illərdə respublikamızda dövriyyədə olmuş 1000 manatlıq pul əskinazının üzərinə həkk edildi. Bilirəm, deyəcəksiniz ki, çoxlarının pul vahidi üzərində rəsmi var. Bəli, razıyam, var. Amma qoyulan hörmətlər tam fərlidir. MƏMMƏD ƏMİN RƏSULZADƏ DÜHASI el arasında 1000 manatlıq “məmməd” ə qədər kiçildildi!!!
   
   BƏND İKİ:- 2000-ci ildə Ağcabədidən, 2012-ci ildə Sabirabaddan büstü, 2007-ci ildə isə Ağsuda ucaldılan heykəli götürüldü.
   
   ÜÇÜNCÜ BƏND:- 2007-ci ildə KUKLA TEATRI önündə M.Ə.Rəsulzadənin abidəsinin ucaldılacağı haqda məlumatın əks olunduğu lövhə götürülərək, yerində fəvvarə yaradıldı. Əslində, vallah, düz ediblər də, abidə nəyə lazımdır ki, fəvvarə yaxşıdır. Çünki nənəmin diliylə desəm, hökmətə hər fəsildə sərinləmək daha çox lazım olur!!!
   
   
   Pay atonnan, bəndləri sadaladıqca, elə mükəmməl yönləri görürsən ki, maraq adamı bürüyür. 2011-ci ildə isə ONUN Qobustandakı heykəli götürülüb, arxivə verildi. Ən “gözəl”, ən “mükəmməl” yanaşmadır, bu addım. Deyirəm, yaxşı ki, Qobustan qayalarındakı şəkil kimi təqdim edilməyib, gələn turistlərə!!! Heykəli arxivə vermək... Vallah, ayrıca özü də tədqiqatlarla işlənməli mövzudur. ARXİVDƏKİ HEYKƏL və yaxud HEYKƏLLƏŞƏN ARXİV!!! Keçim növbəti bəndə...
   
   Ən gözəl bəndə gəlib yetişdim. BEŞİNCİ BƏNDƏ... Əslində, bəndlərin daha möhtəşəmini sona saxlamışam. Deməli, 2012-ci ildə Tərtərdə büstü götürülərək, yerində təzə-tər YAP binası tikildi. ƏHSƏN, min ƏHSƏN!!! Bizə tarix yoxeee, YAD DAŞLARDAN tikilən bəzəkli binalar lazımdır!!! Çox, çox sevdim, bu bəndi!!!
    
   Deyirlər, 6 şeytan rəqəmidir. Amma ALTINCI BƏNDƏ şeytan köpəkoğlu ani nəzər salsa, özü belə çaşıb qalar ki, “məni geridə qoyanlar da varmış...” İkiayaqlılardan öyrənəcəyi hələ çox şey var, şeytanın da, əcinənin də, cinin də. Altı nədənsə, 28 rəqəmində dayandı. Əslində, 28 may metrosunda. 2013-cü ildə həmin metroda aparılan təmir-tikinti işləri zamanı, M.Ə.Rəsulzadənin metronun divarındakı mozaik şəkli MOZALANLARIN siyası KOSMETİKASIYLA qəşəngcə “makiaj” olundu!!!
   
   Gəlib çatdıq, YEDDİYƏ, müqəddəs rəqəmə. Bu bənd də öz “müqəddəs” liyi ilə xüsusi fərqlənir. “Büstü, heykəli götürülüb” ü başa düşdük, amma danışacağım addımı heç cür qavraya bilmirəm. Məşədi İbad demişkən, “tarixi-nadiri yarıya qədər oxumuşam”, amma beynimə çatmır ki, abidə hasarlanıb, yaxud da başına torba keçirilib. Ən böyük həqiqət odur ki, ONUN beynlərdə, ürəklərdə ucaltdığı sevgini nə hasarlamağa, nə dağıtmağa, nə də kökündən silməyə kimsənin gücü yetməz! Bir də danılmaz həqiqət odur ki, kimi DİRİ İKƏN ÖLÜR, KİMİ DƏ ölərkən belə RUHLARDA BİR DAHA ƏBƏDİYYƏN DİRİLİR!!!
   
   BƏND SƏKKİZ:- Gəlib çatmaq istəmədiyim bənddi bu. 1999-cu ildə Bakı Dövlət Universitetindən M.Ə.Rəsulzadənin büstü götürülərək, adı silindi. Bir zamanlar, BÖYÜK ŞƏXSİYYƏTİN adını daşıyan Bakı Dövlət Universitetinin-bu böyük elm ocağının tüstüsünün istiqaməti də dəyişdirildi. Hər dəfə xitablarında gənclərə dönə-dönə SƏSLƏNƏNİN adı yox edildi. Yuxuda bu fikirlərlə addımlayırdım ki, birdən qarşıma bir LOQO çıxdı. Loqo bir liseyə məxsus idi. Sadə, amma çox gözəl idi. Təsəvvür et. Sənin üçün həmin loqonu təsvir edəcəm. Bir gənc əlində çanta pillələrlə irəliyə doğru addımlayır. Pillələri doğan GÜNƏŞİN ŞƏFƏQLƏRİ bürüyüb. Bu görüntü olduqca dərin ifadəni özündə təcəssüm etdirir.
  

   
   Bax, haqqında danışdığım loqo, 1993-cü ildə yaradılan MƏMMƏD ƏMİN RƏSULZADƏ adına ANADOLU LİSEYİDİR. Təhsil ocağı barəsində hər şeyi araşdırdım. İnternet səhifəsindəki bölmələrə qədər incələdim. Amac və məramını dönə-dönə çək-çevir etdim. Məni sevindirən məqam, bilirsən. Nə oldu?
   -Nə, ay Molla, söylə, eşidirəm... – deyərək, Mollanın arvadı sakitcə onu dinləməyə davam etdi.
   
   -Səhifədə DAHİ ÖNDƏR haqda hər şey, ən çox da ONUN GƏNCLƏRƏ etdiyi XİTAB yer alıb. Həqiqətən, çox qürurvericidir. Bu da mənim YUXUM. Bu yerdə, ƏZİZ NESİNİN bir sözünü xatırlamaq lap yerinə düşər. O deyirdi:-“Bir gün məmləkətin yanağına öpücük, baş ucuna da bir not burakıp gideceğim: Öylə güzel uyuyordun ki, UYANDIRMAYA KIYAMADIM.”
   
   VAQİF SƏMƏDOĞLU isə yazırdı:

İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm!


   DOĞUM GÜNÜNÜ, məhz bu misralarla təbrik etmək istəyirəm, EY BÖYÜK AZƏRBAYCANLI!!!


   135 yaşın MÜBARƏK, İŞIQLI QƏM İÇİNDƏ UYUYAN MƏMMƏD ƏMİN RƏSULZADƏ!!!





                                       
                        
                                           DƏRİN SEVGİLƏRLƏ,
                                                                                 

                                                                               Yaqut VAFİQQIZI











Thursday, January 17, 2019

"37-də GÖRÜŞƏNƏDƏK..."


                                      
                                        DOĞUM GÜNÜMƏ...   19 yanvar 1983-cü il... 

   -Günaydın, TANRIMA şükürlər olsun... Daha bir yeni sabahda görüşdüm, SƏNİNLƏ... Bilirsən, bu gün nədənsə, həmişəkindən daha, daha kövrəyəm. Təsəvvür edə bilməzsən, deməyəcəm, SƏNƏ. Çünki bunu məndən yaxşı bilirsən. Nə olub, niyə susmusan?! Salamıma belə cavab vermədin. Deyəsən, burada haqsızlıq etdim, SƏNƏ. Əslində, cavab verdin. Sadəcə, bir gülümsəmənlə. Deyirəm, bəlkə də, ona görə susmusan ki, bu gün, yalnız mən danışım. Səndən, məndən yox, BİZDƏN nəql edim, elə özümüzə. Onsuz da nə eşidən var, nə də dinləmək istəyən...
   -Bilirsən, nə istəyirəm...
   -Yenə, niyə, gülürsən, niyə? Əslində, bilirəm, niyə... “Bilirsən, nə istəyirəm...” lərimin sonu bitməyəcək, bu gün də həmişə olduğu kimi. 
   Havaya bax, şaxta qılınc kimi kəsir. Bizsə çox, çox sevdiyimiz yerdəyik. 
   “DAĞÜSTÜ PARKDA”... Körpə XOCALININ önündə... O körpə ki, oyuncaqlarına günahsız qanı rəng oldu!
   Bilirsən, səni, niyə çox sevirəm? Çünki dünyamın tamamısan. Bütün yarınlarım; həyatın, sevdiklərimin və ömrümü belə fəda etdiklərimin paramparça etdiyi tikələrim SƏNDƏ yenidən əvvəlki halına qayıdır, yenidən bütünləşir, yenidən tamamlanır. Bəlkə də ƏSL SEVGİLİ belə olur. Hər an belə sevdiyinin harada dayanacağını öncədən hiss etmək, onunla birgə düşüncələrdə birləşməkdir, SEVGİ... 
   “FƏRİZƏ və İLHAM” ın məzarı qarşısında birgə dayandıq. Amma bu birinci dəfə idi ki, gözlərimi gözlərindən qaçırtdım. Bilirsən, niyə?! Baxışlarımın sonu bilinməyən hekayətini sətir-sətir duymayasan deyə... Əlimdəki qərənfillərə baxdım. Nədənsə, bu çiçəklərə hər dəfə baxanda, yalnız və yalnız bir şeiri xatırlayıram, bu gülə nə qədər şeirlər yazılsa belə... “XAN QIZI” nın “QƏRƏNFİL” ətirli sətirlərini... 
   Yenə bilirsən, nə istəyirəm? Mən hər bu kəlməni deyəndə, SƏNİN üzümə baxıb, gülməyini çox, çox sevirəm. Çünki bu gülümsəmə adi bir gülüş deyil. DÜŞÜNƏN və DÜŞÜNDÜRƏN gülüşün, təbəssümün səadətini hər sevgili yaşamır. Deməli, ən xoşbəxt sevgiliyəm. Çünki SƏN məndəsən, RUHUMDASAN. 
   -Həəə, harda qalmışdım, İSTƏKLƏRİMDƏ...
   Bir bax, ətrafa... “DAĞÜSTÜ PARK” dan mavi gözlü XƏZƏR necə də möhtəşəm görünür. Bir gün SƏNİNLƏ ən unudulmaz görüşümü, məhz GÖYÇƏ gölünün sahilində yaşayacağıma adım kimi əminəm. Bəli, əminəm! Mənə hədiyyə etdiyin çox sevdiyim SARI GÜLLƏR və QƏRƏNFİLLƏRLƏ NATƏVANIN məzarını SƏNİNLƏ birlikdə bəzəyəcəm. İndisə, ƏN ALİ İSTƏYİMİ demək istəyirəm, SƏNƏ... “ƏSRİ” dəki BÖYÜK AZƏRBAYCANLININ doğum gününə ŞUŞANIN çəmənliklərindən yığdığım XARI BÜLBÜLLƏRİ hədiyyə edim!!! 
   Gözlərim doldu. İlk dəfədir ki, SƏNİN bütün varlığınla “AMİN” dediyini görürəm...
   -Bilirsən, nəyi xatırladım?
   -Tələbəliyimin ilk ayını (2002) ... Verdiyim bir müsahibədən SƏNİN ADININ silindiyi anı!...
   Naxçıvan MR-in ALİ MƏCLİSİNİN mətbu orqanı olan “ŞƏRQ QAPISI” qəzetinin redaksiyasında jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün dəyirmi masa keçirilirdi. Verdiyimiz müsahibə qəzetdə dərc olundu. Yazını oxuyanda dəli oldum. Müsahibəmdə tək SƏNİN adını çəkmişdim, tək SƏNİN. Amma başqa bir isim qeyd olunmuşdu. Dərsdən sonra qəzeti götürüb, mərhum redaktor Məmməd Məmmədovun yanına getdim. Bəlkə də kimsə inanmayacaq. Qəzeti ütünə çırpdım. Arxamca:-“Səni universitetdən çıxartdıracam.” deyərək, qışqırdı... Məni heç nə qorxutmurdu. Təkcə ATAMA (yatdığı torpağa qurban olaram) nə deyəcəyimdən qorxurdum. Fəqət, rahat idim. Çünki SÖZÜMÜ demişdim!!!
   Aylar ötdü. Üçüncü kursda oxuyurdum. “QARANLIQDA IŞIQLAR” adlı yazım Naxçıvan şəhər İH-nin mətbu orqanında dərc olunmuşdu. Dərsdəydim. Dekanlıqdan adam gəldi ki, “Yaquta icazə verin, “ŞƏRQ QAPISI” na çağırıblar.” Redaksiyaya getdim. Məmməd Məmmədov:-“Qəzeti çırpan qız, buyur” dedi. 
   “QARANLIQDA İŞIQLAR” ın qəzetdə çıxacağını söylədi...
   
   SƏNİ SEVİRƏM, SEVİRƏM... 
   
   37-də yenidən, görüşənədək,mənim SEVİMLİ KAİNATIM- 

                                                                                  M O L L A    N Ə S R Ə D D İ N İ M!!!

   


                                                        
                                                               Sevgilərlə,    Yaqut Hüseynova VAFİQQIZI