Thursday, March 5, 2015

" QUYU , yoxsa BİR OVUC TORPAQ ... " ( yeni yazım )

  Atalarımızdan  bizə  belə  bir  söz  mənəvi  miras  qalıb : - " Özgəsinə  quyu qazan  özü  düşər." Əsrlərin , qərinələrin  deyimlərdə  və  atalar  sözlərindəki həqiqətini  hər  zaman  HƏYAT  özü təsdiq  edib .  Molla  Nəsrəddin  demişkən , " Quyunu  qazanda  dərin  qazma !!! "  Ay  Molla əmi, sən ,  nə  qədər  başa saldın ki , dayaz qaz  quyunu . Nə  eşidən  oldu , nə də  başa  düşən . Daha doğrusu , başa  düşmək  istəmədilər . Amma  çox  sonra  başa  düşdülər .  Onda  da  artıq
gec  idi ! Bax , burda yenə  rəhmətlik  ata - babalarımızın  daha  bir  sözünü xatırladım : - " Böyük sözünə  qulaq  asmayan  mələr  qalar . " Həqiqətən, mələr qalır . Zamanında  quyu  qazanlar murdar  xislətlərinə  aldanaraq , quyunu azğınlaşaraq  daha  da  dərin  qazmasaydılar , bəlkə  də sonra  quyunun zülmət  saçan  dibindəki  mələrtilərini  kimsə  duya  bilərdi . Köməklərinə  gələn olardı  ki , xisləti  şeytani  hissləriylə  yazıqlaşanlara  " SƏN  İNSAN  OLARAQ YARADILDIN ! "  fikrini  bir  də  anlatsın . 
 

  Özgəsinə  quyu  qazanın  hədəfi  yalnız  və  yalnız  ÖZÜDÜR . Çünki  nahaq əlindəki   ölümsaçan  silahıyla  haqq , ədaləti  hədəf  seçsə  də , hər  zaman  öz gülləsiylə özünü  darmadağın  edib !
  QUYU  QAZMAQ ...  Adına  " müasir "  dediyimiz   dünyanın ,  əfsuslar   olsun ki , dəbdən düşməyən  dəbidir .  Bu  dəbi  mənəviyyatına ,  xislətinə geydirənlər  də  milyonlarladır . Bəlkə  də bu prizmadan  yanaşsam , təbəqələşən  cəmiyyətimizin  eyniləşən  məqamı ,  məhz  bu  DƏBDİR ! Yenə Molla  Nəsrəddin  jurnalının  sətirlərinə  qayıdır  düşüncələrim . Çünki  çözməyə çalışdığım mövzunun  ətrafındakı  fikirlərimə  onun sətirlərindəki  həqiqətdə aydınlıq  hopur .  ALLAH  qəni - qəni  rəhmət  eləsin , MİRZƏ  CƏLİLƏ ! O  yazırdı : - " Quyu  qazma , ağac  ək !  Bəlkə ,  ay nadan , TORPAĞI tanıyasan ! "  TORPAĞI  TANIMAQ ,  ona  yaxın  olmaqdan  başlayır . Elə insanlığa  gedən  yol  da  əllimizə  götürəcəyimiz  BİR  OVUC  TORPAQDAN başlayır . Bir  ovuc torpaqdan  başlayan  İNSANLIQ , HƏYAT , İLAHİ   EŞQ elə  bir  ovuc  torpaqda  da  SONA   qovuşur . Üstündə  dayandığımız  qara torpağa  elə  addımlarla  iz  salaq  ki ,  sonda  dönəcəyimiz bir  ovuc  torpağı VƏTƏN  özünə YAD  SAYMASIN !
   

  Atalarımızdan  qalan  gözəl  bir  fikirlə  başladım   yazımı . Ümumiyyətlə, xalq
deyimləri mənsub  olduğu  xalqın  kimliyini  sübut  edir ,  onun  hansı əqidəyə , hansı  məsləyə etiqadını   göstərir   və  hansı  amallar  uğrunda yaşadığından   söhbət  açır .  Deməli , atalar sözləri  hər   bir millətin  iç  üzünə ayna tutan başlıca məqamdır. Bu  yerdə  mənfur düşmənlərimizin bir deyimini vurğulamaq istəyirəm:-" Harada  günün  yaxşı  keçirsə , ora sənin vətənindir . "Dünyaya qondarma  erməni soyqırımını  təsdiqlətməyə çalışan , böyük Ermənistan yaratmaq   xülyasıyla yaşayan, " QARABAĞ erməni  torpağıdır " cəfəngiyatını reallaşdırmaq  üçün addımlar  atan daşnaklar  özləri  özlərinə  öz deyimlərində  belə  quyu qazırlar!!!  Ən dəhşətlisi  də elə  budur !!!
  Hərdən  düşünürəm  ki ,  hələ  neçə - neçə  YUSİFLƏR   keçəcək  görən səndən , ey  DÜNYA ?!


                                                    
                                                          YAQUT   HÜSEYNOVA

Monday, February 23, 2015

" ZOOPARK " ( yeni yazım )

  Uşaqlıqda atam tez - tez  bizi  zooparka  aparırdı . Təbiətin  gözəlliyini, əsrarəngizliyini  yaxından görmək  və  tanımaq  üçün .  Bəlkə  də  uşaqlıqda yaşadığımız  o  anlar , bu  gün  yaddaşımızın  ən gözəl  yerində  bərqərar  olan xatirələrimizdəndir . Həmişə  zooparka  getməyi  səbrsizliklə gözləyirdik . Şəhərimizə  gələn  səyyar , yaxud  da  paytaxtda fəaliyyət  göstərən  sirk
proqramlarının  tamaşaçısı  olurduq .  Heyvanların , klonların  hazırladığı səhnəcikləri  sevərək izləyirdik . Valideynimizin  əllərindən  sevinclə   tutaraq, zooparkda  olan  heyvanları  gah yemləyərdik , gah  da  onlar  haqqında soruşduğumuz  sualların  cavablarında   tanıyardıq  təbiəti . Unudulmaz əyləncəni  yaşadırdı  bu  gəzinti  hər  birimizə ... 
  İllər ötdü ...  Böyüdük ...  ZAMAN  da  böyüdü ...  Amma  illəri  üst - üstə gətirərək  deyil ! Bir zamanlar zoopark və sirklərdə  heyvan vəmklonların ifasında izlədiyimiz səhnəcikləri, təlxəklikləri səhnə  dediyimiz  HƏYATDA insanların  yaşam  tərzində   gördük . Daha  doğrusu , insanlar  daha mükəmməl oynadı  sadaladıqlarımı .  Bəlkə  də  cəmiyyətin  bu  dırnaqarası  uğuru qazanmağında təlimçinin  daha  kəskin  təsiri  var ?!  Bəlkə  də  belə  bir " nailiyyəti  "yalnız   bir  güclü " təlimçi "  qazandıra  bilərdi  cəmiyyətə : 
- " O  HƏYATDI ! " ...  
 

   Çox  vaxt  belə  bir  söz  deyilir,  "zəmanə  adamı"  deyil . ZƏMANƏ ADAMI ... Leksikonumuza daxil  etdiyimiz  iyrənc  kəlmədir. Sevmədiyim sözdür . Əgər zəmanə adamı - şəxsi ambisiyalarını  reallaşdırmaq  naminə xislətini  dəyişməkdirsə, kürsülərdə  vəzifəyə gəlmək və alqışlanmaq  üçün VƏTƏN  kəlməsini  tanımaqdırsa, klonlaşdırılmış  beynə  sahib olmaqdırsa, radikal  təriqətlərə qoşularaq  aldığı  çirkli pullar müqavilində müqəddəs dinimiz  İSLAMI "təbliğ   edirəm" deməkdirsə  və  bu kimi  neçə - neçə acı  reallıqlardırsa, GERİDƏQALMIŞ kimi dəyərləndirilmək hər kəsin sahib  ola  bilməyəcəyi  ucalığımızdır !
  Yazıma  uşaqlıq  xatırələrimdəki  məqamlarla  başladım .  Təsadüfi  deyil. Çünki o anlar yaddaşıma  təbiətin gözəlliklərini  həkk  etsə  də, bu  gün  bizi istəsək  də , istəməsək  də  əhatə edən  xislətlər  çox  zaman  o  qəfəslər arxasındakı  üzləri xatırladır  mənə ...
  HƏYAT  və  ZAMAN  nə qədər  güclü  " təlimçi "  olursa  olsun ,  BOZ  QURD xislətli  ürəkləri , beynləri , addımları  sevməsə  də ,  məğlub  etməyə  çalışsa  da heç  vaxt    SUSDURA   BİLMƏZ!  Heç  vaxt  ƏYƏ  BİLMƏZ !  Bunu  TARİX də dönə-dönə  təsdiq edir !


                                                                   YAQUT    HÜSEYNOVA




Saturday, February 21, 2015

" NARKOMANİYA ƏSRİN BƏLASIDIR ! "

  " Narkomaniya  əsrin  bəlasıdır "  mövzusunda  Şirvan  şəhərində  şəhər Təhsil şöbəsi və şəhər Polis  idarəsinin  birgə  təşkilatçılığıyla  tədbir  keçirildi . Məktəblilərin , müəllimlərin , hüquq - mühafizə  orqanlarının  və  media nümayəndələrinin  qatıldığı  tədbiri  Təhsil  şöbəsinin  müdiri   Paşa  Nəbiyev  açdı . O  qeyd  etdi  ki , bu  gün  bəşəriyyəti  düşündürən  və  ən  ağrılı problemlərdən biri də  cəmiyyətin  bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadı . Narkotizmlə  mübarizə uzunmüddətli , çoxşaxəli , böyük  maliyyə vəsaiti  tələb edən dinamik  bir  prosesdir . Bu mübarizədə  əldə  olunan  müsbət nəticələrin miqyasını genişləndirmək  üçün maarifləndirici  tədbirlərə  xüsusi diqqət  yetirilməlidir .


  Narkotizmlə mübarizə , bu  problemin  milli  və  beynəlxalq  qanunvericilikdə tənzimlənməsi haqqında   polis  şöbəsinin rəisi  polkovnik  Şahin  Mirzəyev  çıxış etdi .  Polis  rəisi  vurğuladı  ki , bu  gün  Şirvan  şəhər  narkoloji  kabinetində 800 - dən  çox  narkotik vasitələrdən  asılığı  olan şəhər sakini qeydiyyatdadır. O cümlədən,2014-cü ildə şəhər polis şöbəsi tərəfindən narkomaniyaya qarşı  mübarizə  əməliyyat - tədbirlərində  55  fakt  aşkarlanıb  və  4  kq  narkotik
vasitə  dövriyyədən  çixarılıb. Narkotik  maddələrin gənc  nəsillər  arasında yayılması  təhlükəsini nəzərə  alaraq, bir  çox  ölkələrdə, həmçinin respublikamızda " Narkotiksiz  gələcək  naminə " milli proqramlar qəbul edilib. Buraya  təhsil  ocaqlarında, hüquq mühafizə orqanlarında , təşkilatlarda narkomaniyanın  ziyanı  haqqında  maarifləndirilmə  kampaniyaları  daxildir. Bu
kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. Şəhər narkoloji kabinetin  həkimi Dilavər Qurbanov narkotikin insan orqanizminə vurduğu  təhlükəli   zərərləri  və  fəsadları barəsində  məktəbliləri  məlumatlandırdı .
  Sonda  məktəbliləri maraqlandıran  suallar cavablandırıldı .


                                                                           YAQUT    HÜSEYNOVA

Wednesday, February 4, 2015

" ... CANLI ÖLÜLƏRİYİK ... ( yeni yazım )

   Deyirlər ,  qəbristanlıq  insan  xislətinin  durulduğu  məkandır .  Amma  görünür ,
heç məzarlıqların  da  çox  xislətləri  durultmağa  gücü  yetmir .  Bu  günlərdə
qəbiristanlıqda  ziyarət   zamanı   seyr   etdiyim  bir   mənzərə  məni  elə  susdurdu
ki , rəhmətlik  nənəm demiş , lap  nitqim  qurudu .  İçimi  dəhşət  bürüdü .
Burdadamı  fərqlər ,  özü   də  heç  bir  çərçivəyə sığmayan   düşüncəsiz ,
dərrakəsiz  fərqlər   qoyulur ?!  Çox  vaxt   qiyamətin  necə  olacağını  öyrənməyə
çalışırıq , amma  etməli  olduqlarımızı  unuduruq ! Dini  kitabları , hədisləri
vərəqləyirik . Din  xadimlərinin  moizələrini  dinləyirik .  Bir  nəticəyə  gəlmək
üçün. Bəlkə  də  səmavi  kitabların  hər  birində  qeyd  olunan  qiyamət  günü  
onun  haqda söylənilənlərin   insan   xislətindəki   eybəcərliklərdən  başlayır    yolu .
   Əsrlər   ötsə  də ,  yaşayanlardı  var  olanlar . Məsələn ,  " MOLLA  NƏSRƏDDİN "
və  bu  cərəyanın   yolçuları  kimi .  Gördüyüm   mənzərə  Molla  Nəsrəddinçilərin
zamanla  yorulmadan   birgə   addımlayan   ayaq  səslərini  bir   daha  eşitdirdi
mənə . Çünki  bu   addımlar   böyük   bir  zaman  kəsiyi  keçsə  də ,  cəmiyyətdəki
həqiqətlərin daxilinə  elə nüfuz  edib  ki ,  zaman  belə   onu   susdurmağa  acizdir .
Zamanı  zamandan  öncə   görən , çözən   və   anladan   cığırlardı   onların  getdiyi
yollar .  Bəlkə   də düşünəcəksiniz  ki , mövzudan   çox   uzaqlaşdım .  Amma   bu
belə   deyil .  Ona   görə  ki ,  şahidi   olduqlarım  " MOLLA   NƏSRƏDDİN "
jurnalının   səhifələrinin  hələ  də   bitmədiyini   hər   birimizə  anladır . Bu  jurnalın
hər  son  səhifəsinə   gəldiyimiz  anda ,  oxuyub   bitirdiyimizi  düşünərkən ,
yenidən  vərəqlənir   çözümləri ,  yanaşmaları , hədəfi  ifşa  və   tənqidləri ...
Qısa  girişimlə  mövzuma   həm   körpü  salmaq   istədim , həm  də  qarışıq
fikirlərimi   aydınlatmağa  çalışdım ...
   
  
  Əzizlərimizi  ziyarət  edərkən   qarşı  məzarın  yanında  iki  qadının  etdiyi  söhbəti
eşitdim .  Biri  digərinə  məzarlardakı  fərqi   göstərib  söyləyirdi  ki ,  " gör  necə
bəxtəvər  ölüdür ,  qəbri  saray  kimi  düzəldilib ,  halal  olsun   övladlarına . O
birisinin  torpağı  belə  aşınıb ...  "  Həqiqətən   qəribə  dünyadı .  HƏYAT
amansızlığıyla  belə   çox  başlara   ağlı  hələ  də  gətirə   bilməyib .  Hər  şeydə , hər
yanaşmada  zahir  axtarılır . Düşünmürük  ki ,  görüntülərin  hamısı  səmimi  olmur , insanların  özü  kimi . Gördüklərimiz çox vaxt  gözümüzü  torlayan  pərdələrdən
ibarətdir .  O  pərdənin  arxasındakı  doğrunu  görmək   isə  hər  vicdana  məxsus
deyil !  Bəlkə  də  qibtə  etdiyimiz  o  dəbdəbə  hansısa  nankor  övladların  əməlini
gizlətmək  üçün  son  acizyanə  çarədir . Yaxud  da  qocalar  evinin  divarlarına
vəsiyyətini  edən  valideynlərin  müqəddəs  çiyinlərinə  övladları   tərəfindən
qoyulan  daha   bir   çəkilməz  dərd   və  ağır  yükdür . Bəlkə   də  fərqinə
varmadığımız  ikinci  məzarın   aşınmış  torpağı ,  ona  axıdılan  göz
yaşlarının  sonsuzluğunun  təzahürüdür ...
   Qibtə  etməkdən  uzaqlaşaq !  Uzaqlaşaq  ki , həqiqəti  görə  bilək .  Zahiri
aldanışlarda  itməyək . Taleyimizin  iz  saldığı   ömür   yollarımızı  " mənəvi
itgin "  damğasıyla  qaranlıqlara   qərq  etməyək .  Yaşadığımız  cəmiyyətin
əyriliklərini  görməyi  bacaraq . Üzvi   olsaq  da  həyatı  paylaşdığımız   cəmiyyətə
bənzəməyək !  Özümüz  olaq !  Cəmiyyətin  tərtib  etdiyi   yeni  " sinonimlərini "
kiçik   dünyamıza   tanıtmayaq .  Məsələn ,  " hörmət "  adlandırdığı   rüşvətdə ,
" ləyaqət " i   əvəz  edən   yaltaqlıqda  və   bu  kimi  sadalamaqla    bitməyən
iyrənclikdə  payımız olmasın .  UCA   YARADANIN   deyərdim  ki ,  ən  günahkar
bəndələri  də ,  məhz   bizik .  Çünki  YALANI   HƏQİQƏT   sözünə  sinonim
seçilən  dünyanın  sakinləriyik .  Daha  doğrusu   CANLI   ÖLÜLƏRİYİK !!! 
     Yazımı  Cibrab   Xəlil   Cibranın   sözləriylə   bitirmək  istəyirəm . O  söyləyirdi : - " İçimizdə   iki  şəxs  var - biri  qaranlıqda   ayıqdır ,  o  biri  işıqdaykən  yatıb ! " 



                                                                YAQUT    HÜSEYNOVA

Thursday, January 29, 2015

" BİRİ VAR ... " ( yeni yazım )

  BİRİ   var ,  hər   birimizin   həyatında .  Nə   yaxşı   ki ,  " var "  deyə   biləcəyimiz
biri ...  Bizi  hər  an  anlayan , sevincimizi  bölüşən , kədərimizi , qəmimizi , hər  bir
sıxıntımızı  bütün  səmimiyyətiylə  dinləyib  çözüm  axtaran  biri ...  Gah  əsl  dost
kimi  şərik  olar  uğurlarımıza ,  gah  düşmən  tək  qarşı  çıxar  bizə ,  gah  da
etdiyimiz  əməllərə ,  səhvlərə  görə  heç  kim  bizi  qəbul  etməyəndə ,  hətta
amansızlıqla  qınayanda  yanımızda  olar ,  əllərimizdən sevgiylə  tutaraq
yaşadıqlarımıza   cavab  tapmaqda  yardım  edər .  BİRİ  var ...  Dünya  içrə
qurduğumuz  kiçik  dünyamızda . Xəyallarımızı   görməyi  bacaran ,
arzularımızdakı  reallaşdırmaq  istədiyimiz  səadəti  gözlərimizə  əxz  edən ,
ruhumuzu  təmkiniylə , sədaqətiylə  var  edən  biri ...  Ümidlərdən  yaratdığımız ,
TANRIDAN   həqiqət  olmasını  dilədiyimiz  şirin  nağıllarımızın  sonundakı
üç  almanı  gətirər  ömrümüzə  o .  Əllərimizi  göylərə  açdığımız  zaman  belə
könlümüzü nurlandıran  duaların  yolu  onun  verdiyi  inam  və  çözümlərdən  keçər.
Möhkəm  tutaq  əllərindən . Bizi  tərk etməsinə səbəb olacaq mənəvi tənəzzüldə yox  olmayaq . Varlığımıza  ayna   tutan  əyrimizi ,  düzümüzü ətrafımızdan  öncə bizə  göstərən  də  odur . 
 
  
  Günəşın   al  şəfəqləriylə  açdığımız   hər   günün  24  saatını   necə
tamamladığımızı  ulduzlu  gecələrin  röyasına  gözlərimizi  yummadan   öncə
sevgiylə  dinləyər . VİCDAN təmizliyini  tanıdar   hər  birimizə . Həyatın
təzadlarında  yorulub - usanan  ruhumuzun dinclik   tapdığı  məkana   çevrilər ,
onunla  vəhdətimiz .  Sevinəndə  UCA  YARADANA   şükranlığımızı  unutdurmaz !
Qəlbimizi  ağrıdan   nisgilin , qəm - qüssənin   silinməsinə  çalışan  səbrimizə
dönər  o . Və  onun  var  olduğu  qədər  İNSAN   kimi  addımlayarıq  həyat
yollarında ...
  BİRİ   VAR ,  həyatımızda  dediyimiz - elə   ÖZÜMÜZÜK !  Söylədiklərimi  yalnız
özümüzlə  etdiyimiz  söhbət  zamanı  yaşayırıq . Çünki  hər  bir  kəs  bütün
səmimiyyətiylə   yalnız  ÖZÜYLƏ   SÖHBƏT   zamanı  TANRININ  hüzuruna  çəkilir .
Mənəvi  hesabatımızı  varlığımızı  var  etmək  üçün  nəfəs  qədər  dəyərli  bilək !
Çünki  bunsuz  mənliyimiz   də ,   vicdanımız  da   boğularaq   məhv  olar ! 


                                                            
                                                                    YAQUT   HÜSEYNOVA

Dərc  olunub :

Avromedia.az                     link :  http://avromedia.az/yaqut-huseynova-biri-var/

  

Friday, January 23, 2015

" KİMLİYİNİ AXTARANLAR ... " ( yeni yazım )

  Elə  mövzular  var  ki , nə  qədər  müzakirə  olunsa  da , daha  doğrusu  ən  çox
müzakirə  olunan  mövzu  və  problemlər   olsa  da  nə  bir  konkret  nəticəsi  var ,
nə  də  bir cavabı .  Məhz  yazacağım  mövzu  kimi ...
  Bu   günlərdə  sosial  şəbəkələrin  birində  şəkil  paylaşılmışdı . Çox  maraqlı  və
düşündürücü   mənzərə   əks  olunmuşdu . Cəmiyyətin  acı   gerçəkliyi
vurğulanırdı . Şəkildə  qəribə  mağaza  təsvir  edilmişdi .  Mağazanın  vitrin   və
rəflərində  müxtəlif  simanı   əks  etdirən  çoxlu  sayda  başlar  düzülmüşdür .  Alıcı
isə  rəflərdəki  başlardan  hansını  seçəcəyini   bilməyən  başsız  bədən  idi .
Şəkildəki   mənzərə  mənə  çox  təsir  etdi . Eyni  zamanda  düşüncələrimə   çözüm
tapmağa  çalışdım . Hətta   bir  atalar  sözümüzü   də   xatırlatdı  mənə : - " Axtaran
tapar . "  Amma  özümə  də  gülməli  göründü  bu  xatırlatmam .  Çünki   yanaşma
və  məğzlər  tamam  fərqli   idi .  Başsız  bədənin   əlindəki  səbəti   dolduracaq
qədər  rəflərdən  baş  axtarması ,  seçməsi   çirkli   xislətini   gizlətmək ,  var
olmayan   " varlığını "   xarici   vizuallıqla  yaratmaq   istəməsindən   başqa  bir  şey
deyildi . Xarici  vizuallıq   heç  vaxt   insana  cəmiyyətdə  həqiqi   ehtiram ,  sevgi
və  hörmət  gətirə  bilməz .  Əksinə   bunu  edənlərin  iç  dünyasının  bataqlıqdan
ibarət olduğunu   anladır   hər  kəsə .  Bir də    xarici  vizuallıq  mənəviyyatı  zəif ,
yaxud  da  mənəviyyatı  olmayan   gözləri  aldada   bilər !!!  Cəmiyyət  təəssüflər
olsun   ki , xarici   vizuallığı   önəmsəyir . Bəşəriyyətin  ümumi  bəlası  da  budur .
Bəlkə  də   həqiqətləri susdurmaq   üçün   dırnaqarası   cəmiyyətin
" yükşəlişlərinin "   təminatıdır    belə   yaşam.  Hər  addımda   şəxsi   mənfəətlər
önə   çəkilir ,  ümumi    mənafelər   tapdanaraq  yox  edilir .
  KİMLİK ...  Var   olmanı  sübut  edən  önəmli  məqam  və  atributdu !  Məişətdə
işlətdiyimiz  əşyaların   çoxunun  belə  sənədi  olur .  Aldığımız  zaman  orijinalı
saxtadan  seçməyə   çalışırıq .  Ağrılı  və   təzadlı   məqama  yol  açır   qələmim .
Belə   mövzuda   yazdıqca   qəribə   bir   vahimə   duyuram .  Bəlkə  də  ALLAH
eləməmiş   elə   bir  zaman   gələcək  ki ,  Yer  üzünün   əşrəfi  adlandırılan   və
bütün   mənəvi  gözəlliyi   ilə  təcəssüm  edən   İNSAN   sözünə  lüğətlərdə  rast
gələcəyik .  Dünyada ,  cəmiyyətlərdəki   bu  günkü   hadisə   və   proseslərə   nəzər
salsaq   bu   bəlanın  qaçılmaz   olduğunu  görərik .  Əşyaların  belə  sənədləri
olduğu halda ,  insanların   çoxu   kimliklərini  müəyyənləşdirə   bilməyib ,  yaxud
da  geyindiyi   maskalar  məhv  edib   varlıqlarını !
  MASKALANMAQ ... CİLDDƏN   CİLDƏ   GİRMƏK  ...  Məncə   öz  yolu   və
düşüncəsi   olmayanlar   belə  edir    həmişə . TƏQLİD  edərək   yaşayırlar . Çünki
özləri   mövcud   deyil ,  yaxud   da  özlərini   yarada   bilməyirlər .  Problemdən
doğan   faciə   isə   budur  ki ,  artıq   belələri   daşıdıqları   maskaların  öldürdüyü   kimliklərini, əvvəllər   kim   olduqlarını ,  ən  əsası   dünyaya  hansı  cilddə  gəldiklərini   xatırlaya   bilməyir !!! 
  Tarixin   səhifələrinə  diqqət   yetirsək ,  heç  vaxt   mövcud  olmayan   vətənini ,
kimliyini   axtaran   " toplum "   və   " xalqlar "  ı    da   görmək   olar .  Qondarma
" həqiqətlərində "  ,  başqa   dövlətlərin  qulu ,  köləsi  olaraq   murdar  varlığını
sübut  etməyə   çalışan  mənfur  düşmənlərimiz  ermənilər  kimi !.. 
   KİMLİYİMİZİ   unutmayaq ,  XİSLƏTİMİZİ   dəyişməyək !  Bizi  izah  edəcək
iç  dünyamızı  olduğu  kimi  yansıdaq ,  bir  simamız  olsun !  Saysız - hesabsız  
taxdığımız   maska  və   üzlərimizlə   çaşdırmayaq   özümüzü !  İNSAN   kimi
yaşayaq .  Son  nəfəsdə ,  kəfənə  büküləndə  yadımıza  düşməsin  RƏBBİMİZİN
buyurduqları !  Əməllərimizlə  adına  fani  dedirtdiyimiz  dünyadan   müttəhimlər
tək   ayrılmayaq !.. 
  CİBRAN  XƏLİL  CİBRANIN   Tanrı  sevgisi  və   insanlıq   haqda  söylədiyi
bir  kəlamın  nuruyla  bitirmək  istəyirəm  yazımı . O  deyirdi : - " TANRI - ağıl
dünyasının  vicdanıdır ! "  


                                                                     YAQUT    HÜSEYNOVA

Dərc olunub :  

kultur.az                              link :  http://kultur.az/?p=7879 

Avromedia.az                     link :  http://avromedia.az/yaqut-huseynova-kimliyini-
                                         
                                             axtaranlar/   

blogustan.com                   link :  http://blogustan.com/kimliyini-axtaranlar/#

Tuesday, January 13, 2015

" QARŞILIQSIZ SEVƏK VƏ YAŞADAQ ! " ( yeni yazım )

     Cibran  Xəlil  Cibran  yazırdı : - " İnsan  cismının   bərki   sümükdür , zərifi
nəfəs . Ancaq ... Sizin  sümüklərinizə  həyat  verən ,  onları  möhkəmləndirən
NƏFƏSİNİZ   deyilmi ?! "  Həyata da , verilən  ömür  payına   da   bu   aspektdən
yanaşmalıyıq . Yəni   YAŞADARAQ   YAŞAMALIYIQ !  Daha   da   açıqlasam ,
yaşatmağı - hər  an  aldığımız   nəfəs  tək  yaşam amalımıza   çevirməliyik .  Hər
zaman  " xoşbəxtəm "  sözünü   dilimizə  şükranlıqla gətirməliyik . Yaşadığımız
acıların  mahiyyətindəki   səadəti  görməyi ,  dərk  etməyi  düşünməliyik .
Gileylənməkdən qaçmalıyıq . Hər  şey   öz  əllərimizdə ,  ovcumuzun   içindədir .
Bunu  ortaya  çıxarmağı ,  yəni  özümüzü   tanımağı  bacarmağı  bilməliyik .
Şikayətlənməyə haqqımız  belə  yox . Çünki   TANRI   insanı   Yer  üzünün 



əşrəfi   tək  yaratdı .  Deməli ,  " bacara   bilməyəcəyik "  fikriylə   gücümüzü
tükətməməliyik . Saf  niyyət   və  amallar naminə  bu  ucalığı  dəyərləndirməliyik .
Zəhmət   və  əziyyətlərdən  keçən  bu  yolda qorxmadan ,  bizi  YARADANA 
güvənərək   addımlamalıyıq . Yenə   Cibran  Xəlil  Cibranın  bir   fikrinə   istinad
etmək  istəyirəm . O  söyləyirdi : - " Bu  dünyanın   tikanlı   yollarıyla   getməkdən
qorxmayın . Çünki    o   yollar  sizin  dabanlarınızdakı  artıq ,  xarab   olmuş qanları
çıxaracaq !.. "  Digər   bir   kəlamında  bu  fikri   başqa  şəkildə  vurğulayır :
- " Üstünüzə   qaranlıq   çökəndə ...  deyin  ki ,  bu  qaranlıq   hələ  doğulmamış
sübhdür . "  
    Təmənna   gözləmədən   sevək   və   yaşadaq !  Qarşılıqsız   səbəb  olaq ,
üzlərdəki   təbəssümə ,  ürəklərdəki   kədəri   yox  edəcək ,  ovudacaq   sevinclərə !
Bunu  bacardığımız   an    əsl   xoşbəxtliyin   nə   olduğunu  duyarıq .  İnsan  o
zaman  xoşbəxtdir  ki ,  özünü   və   mənəvi  dünyasının  sərhədlərini   tanıyır .
Duyduğumuz   bu   hüzur ,  nəinki   bu dünyamıza ,   axirətimizə  də   nur  ələyər .
Belə   bir   nurun   həyat   yollarımızı   izləməsi  diləyi   ilə,  
                                                      
                                                                                            YAQUT  VAFİQQIZI .