Friday, July 24, 2015

" BİR QIRIQ ÜRƏYİN BAXIŞLARI VAR ! "

Gözündə təbəssüm işıq saçsa da ,
Bir qırıq ürəyin baxışları var !
İnama , güvənə qucaq açsa da ,
Bir qırıq ürəyin baxışları var !

           Məğrur dayansa da , əyilməsə də ,
           Gileyi nurunda deyilməsə də ,
           Gözlərin sevgini məbəd bilsə də ,
           Bir qırıq ürəyin baxışları var !




                                                       YAQUT VAFİQQIZI  


Tuesday, July 7, 2015

“ QAPISIN DÖYƏK ...”



   Qapısını döydüm. Qorxa – qorxa, çəkinə - çəkinə. Qonağı olmaq istədim onun. Çağrılmamış qonağı ... Bəlkə də illərlə yolunu gözlədiyi qonağı olacam... Üzümə qapısın açsa, nələrlə qarşılaşacağımı təxmin etdikcə bir qədər duruxdum. Geri dönmək istədim. Amma onu illər sonra görməliydim, görməyə borcluydum. BİZİ BİZ edən bu evin sahibinin ovcuma sığacaq komasında qonaq olmağı çox istəyirdim. Qəbul edəcəyinə isə inanmırdım . Çünki onun dəfələrlə incidilməsinə İNSANLIQ və ƏTRAFIMA NİFRƏTİ TANIMAMAQ üçün göz yummuşdum. Bu ağrının yükünü elə onun özünə  daşıtdırmışdım. O isə hıçqırıqlarını gizlətdi, hər dəfə məndən. Hər əlimi uzatdıqda eyni nəvazışlə, tükənməz sevgisiylə, ruhuyla tutdu əllərimdən. Əllərindəki əzab cadarlarını əllərimi tutan zaman duydum. Çox incitdi canımı bu cadarlar. Onun necə tab gətirdiyini düşündükcə MƏNƏVİ GÜCÜ gətirdi vəhdətimizə. Addımladığım məqsədə doğru getməyim üçün yolların tikanlarına, daş – kəsəyinə özünü sipər edərək, mübarizə aparmağıma zəmin yaratdı. Ağrılarımı illərlə özü daşıdı. Fəqət, SEVİNCİ, SƏADƏTLİ GÜLÜŞLƏRİ YOLLADI BAXIŞLARIMA ! 
 Danışdıqca bitməz haqqında deyəcəklərim. DÜŞMƏNİMƏ çevrildiyi zaman belə mənə olan ədavətini mənəvi dünyamın qazancına döndərdi aşıladığı çözüm və qərarlarıyla. Özü çox vaxt HƏYATDAN KÜSSƏ DƏ, varlığıma, düşüncə və duyğularıma beynimdə sonsuz həyat eşqini öyrətdi. Dəfələrlə paramparça olsa da, MƏNƏVİ BÜTÖVLÜYÜ tanıtdı. Usanıb yıxılsa da, qırılsa da, əyilsə də sınmadı. MƏĞRURLUĞUN ən gözəl libasını biçdı iç dünyama. Elə hey, məni dinlədi, mənə qulaq asdı. Bir dəfə də yorulmadı. Birlikdə son nəticəyə gəldik. Özünü unutdu. O yalnız var olmanı düşündü, özünütəsdiqin imzasına döndü. Bir ömrə aid olsa da, bir sinədə çırpınsa da yaşamaq üçün deyil, yaşatmaq üçün döyündü. YAŞATMAQ üçün döyündükcə yaralar alsa da dayanmadı, usanmadı səbəb olmaqdan. Ona bağlıyıq, ona. Onunla bizim aramızda olan nəfəs adlı körpüdə yola çıxar tale yollarımız. Nədənsə bir dəfə də qapısın döymədik, VARLIĞIMIZI dəfələrlə silkələsə də! Nələri yaşatdıq, nələrdən keçirtdik onu?! İstəsə də, istəməsə də nələrə vadar etdik?! Heç soruşmadıq. Fərqinə belə varmadıq ki, köksümüzdəki ovcumuz boyda olan torpağını ona doğma etdik, yoxsa sadəcə bir sığıntı seçdik bapbalaca varlığına !!!


 Qapısın döydükcə əllərim titrəsə də, açacağını bilirəm. Çünki hər zaman həmsöhbət olduğumuz ÖZÜMÜZ onun varlığında məskən salıb. Həqiqi dost geriçevirən, bəhanələr axtaran deyil, hər zaman yanında olandı qapısın döysən də, döyməsən də! Nəhayət ... Xatirələrlə salamladı məni. Acılı – şirinli, çox vaxt da unutduğumuz xatirələrlə. Çox xoşbəxt idim. Çünki yenidən ana nəvazışıylə RUHUMU bağrına basdı...
 QAPISIN DÖYƏK ! Bu görüşdən qaçmayaq. Ona görə ki, onunla görüşümüzdə ÖZÜMÜZƏ bir daha qovuşacağıq . BİZİ bizə, ətrafımıza və axirətimizə göstərən o huzur dolu evin sahibi məhz – ÜRƏYİMİZDİR !
 Yazımı Cibran Xəlilin bir fikriylə bitirmək istəyirəm. O deyirdi:- “ Heç vaxt deməyin ; mən qəlbimin yolunu tapmışam ! Deyin, YOLUMA ÇIXAN QƏLBİMƏ RAST GƏLMİŞƏM !.. “





                                           YAQUT HÜSEYNOVA 



                                            7 iyul 2015 – ci il .


Monday, June 22, 2015

“ BİR RUHDA VAR OLAN ÜLFƏT ... “



   
    Gözəl mahnı gözəl sözlərdən yaranır . Sevdiyimiz musiqini pianinanın həyatı yansıdan dillərinə hər toxunuşda qəlbimizlə köçürərkən baxışlarımıza huzur çökər . Çünki bu zaman söyləmək istədiklərimizi dilimizlə deyil , məhz notların dilində ruhumuzla nəql etməyə çalışarıq . Bəzən düşünürəm ki , VERƏK DÜNYANI RƏSSAMLARA VƏ BƏSTƏKARLARA ... Sakini olduğumuz , lakin tanımadığımız dünyanı bir daha anlatsınlar bizə rənglərin və musiqinin dilində . Anlatsınlar bəşəriyyətin ümumi dili olan rəsmlərdə , bir də notlara köçürülmüş düşüncələrdə ... 
  SÖZ , UCA TANRININ yer üzünə bəxş etdiyi ən ülvi qüdrətdi . Sözü gah ürəkdəki sağalmaz yaralara məlhəm edərik . Amma çox zaman da bu uca qüdrətin mahiyyətindəki həqiqətdən uzaqlaşaraq, var olan bir könülün huzurunu parçalayan yaralara çevirərik sözü! Şah İsmayıl Xətainin bir şeirində deyildiyi kimi :

              SÖZ var , kəsdirər başı ,

              SÖZ var , kəsər savaşı .

   Bəzən bilərəkdən , bəzən də istəməyərəkdən üzərik sevdiklərimizi , dəyər verdiklərimizi . Çox vaxt bu üzüntüyə səbəb , həyatın qəlbimizdə yox etdiyi inamdan , güvəndən irəli gələr . Çünki qarşılaşdığımız , amma layiq olmadığımız haqsızlıqlar inamı , güvəni , sevgini bizim üçün yalnız və yalnız leksikonumuzda qalan bir kəlməyə çevirər istəməsək də . İllər keçsə də , xatirələr təkrar – təkrar çözülsə də quracağımız bütün münasibətlərdə yenidən zərbə almaq , yenidən qəlbimizin paramparça ediləcəyi qorxusu sarar düşüncələrimizi . Bu məqamdakı acımasız davranışlarımızı da dərk edərik , anladıqca daha çox əzab çəkərik . Və bu əzabı yalnız özümüzlə bölüşərik . Beləcə həyatın bizə qarşı bir vaxtlar etdiyi amansızlığın GÜNAHSIZ GÜNAHKARI kimi görünərik zamanla !.. Qəlbimiz belə soyuq daşlara bənzədilər . Cibran Xəlil Cibran deyirdi : - “ Elə zənn edirsən ki , daşlar cansızdır . Yox . Burada bircə dənə də cansız şey yoxdur . Daş da yaşayır . Fərq – ürəyin döyünməsindədir . Səninki bir qədər böyük döyünür . Onunkunu isə eşitmirsən . Hərgah sən öz qəlbinin dərinliyini və dağ zirvələrinin ucalığını ölçə bilsəydin , onda sən o melodiyanı eşıdərdin ki , daşlar da , ulduzlar da eyni kökdə , eyni ahəng üstündə danışır ... “


   Sevginin , inamın və güvənin ən gözəl məqamı həqiqi dostluqda görüntülənər . Uca Yaradanın könlümüzü sönməz nuruyla aydınlatdığı dostluq , hər ürəkdə , hər yanaşmada müxtəlif anlam daşıyır . Dostluq və sevgi QÜRUR tanımaz ! Çünki dostluq və sevgi adlı ülfətdə QÜRUR – yalnız və yalnız layiqincə bu münasibəti hər səddi , çətinliyi , incikliyi qarşılıqlı səbr , hörmət , anlayış və inamla aşılaraq VAR EDİLMƏSİDİR ! Dostluq – düşüncələrin , həyata baxışların , çözümlərin , sevincin yaşananlardan daha da möhkəmlənib sarsılmamasıdır . İllər keçdikcə , məsafələr uzandıqca unudulan deyil , daha da var olmasıdı ,iki qəlbin bir yolda bütünləşməsi və sonuna qədər gedilən yoldur , DOSTLUQ ! 
   DOST sözü hecaya bölünmür . Bəlkə də UCA RƏBBİMİZ bir daha bizə bu ülfətdəki iki ürəyin , iki ömrün BİR RUHDA vahidliyini göstərir ! Bəzən qəlbimizdə bir acının ünvanı olar : - “ TƏƏSSÜF Kİ , BU KƏLMƏNİ DƏ BÖLMƏYİ BACARDIQ !.. “



                                             
                                                          YAQUT HÜSEYNOVA

  


Thursday, June 18, 2015

“ KAŞ MİLLƏTDƏ RUH YAŞASIN ! “


    Atalar yaxşı deyib : - “ Polad əyilər , amma sınmaz . “ İnsanın ruhu da polad kimi olmalıdır . Əyildikcə , daha doğrusu haqsızlıq və ədalətsizliklər onu nə qədər əyməyə çalışsa da , qalibiyyət qazanmaq və özünü təsdiq etmək üçün daha da əzmlə dirənməlidir çətinliklər önündə . Mənfur niyyətlər qarşısında heç vaxt sarsılmamalıdır . Yalnız irəli addımlayaraq , həqiqətləri uğrunda mübarizə aparmalıdır . Ruhumuza içtənliklə sarılmalıyıq ki , məğlubedilməz olaq , ədalətsizliklərin qurbanına çevrilməyək . Bunu bacarmalıyıq . Çünki bir insanı məhv etmək – onu ayaqda məğrur dayanmağının təminatçısı olan ruhunu öldürməkdən başlayır . Bəli , ruhunu öldürməkdən . Bizləri var edən , addımbaaddım irəli aparan , yıxıldığımız anda əllərimizdən tutaraq qaldıran , əyilməz edən , məhz ruhumuzdur . Ölməz şairimiz Cabir Novruzun “ KAŞ MİLLƏTDƏ RUH YAŞASIN ! “ şeirini bir daha oxudum bu yazımı qələmə almaq qərarına gələndə . Çünki bu sətirlər mövzuma ən gözəl , ən təsirli və ən qəti məqamları əxz edəcək . Şeirdə deyilir :

                              Millət əzər , əzilər də ,

                              KAŞ MİLLƏTDƏ RUH YAŞASIN !

                              Əyri qəddi düzələr də ,

                              KAŞ MİLLƏTDƏ RUH YAŞASIN !

   Şeirin ilk sətirlərində söyləndiyi kimi , “ Millət əzər , əzilər də ! TƏKİ , MİLLƏTDƏ RUH YAŞASIN !!! “ Təki ümumumilli maraq və mənafe uğrunda mübarizə eşqini ruhumuza qəlbimizlə , beynimizlə yansıda bilək . Bu qüdrətlə ruhumuzu daha da sarsılmaz edək . Önəmli olan da budur .


    
   Tarixdə ilk dəfə keçirilən I Avropa oyunlarının vətənimizdə reallaşması bir daha Odlar Yurdunun qüdrətini bütün dünyaya bəyan etdi . Bu tarixi hadisənin ( 12 iyun 2015 – ci il ) açılış mərasimindəki unudulmaz məqamların möhtəşəm təqdimatı tariximizi , dünənimizi , bu günümüzü , məqsəd və amalımızı , milli – mənəvi dəyərlərimizi , ələlxüsus “ SARI GƏLİN “ mahnısının , balabandakı ifanın , ədəbiyyatımız və digər mənəvi irsimizin əsl sahibinin kim olduğunu dönə - dönə yer üzünə sübut etdi . Zəngin mədəniyyətimizin bu incilərini izləyən xarici dövlətlərin vəzifəli şəxsləri tərəfindən milli – mənəvi irsimizin yüksək dəyərləndirilməsi düşmənlərimiz üzərində qazandığımız ən böyük uğurlardandı . I Avropa oyunlarının ilk günündən idmançılarımız qələbəyə imza atdı . Hər birimiz bu uğurların əvəzsiz sevincini və qürurunu yaşadıq . Yarışlara qatılan mənfur düşmənlərimizin idmançılarımız tərəfindən məğlub edilməsi , erməni daşnaklarına “ QARABAĞ BİZİMDİR ! “ , “ QƏLƏBƏYƏ TEZLİKLƏ NAİL OLACAĞIQ“ mesajı idi . Bu oyunlarda yunan – roma güləşi üzrə Dünya və Avropa çempionu HƏSƏN ƏLİYEVİN erməni idmançısına uduzmasına mətbuatda , sosial şəbəkələrdə münasibəti oxuduqca sarsıldım . Bir idmançının , ən önəmlisi bir insan şəxsiyyətinə mənən nə qədər zərbə vuracaqlarını düşünmədilərmi müxtəlif başlıqlı münasibəti , rəy və fikirləri bildirənlər ?! Sadəcə mənimçin bir məqam çox maraqlıdır . Bu yazıları yazanlar vətən üçün nə etmişik sualını heç özlərinə verdilərmi ?! Belə iyrənc yanaşmayla nə qazandılar bütün beynəlxalq diqqətin ölkəmizə yönəldiyi bir zamanda ?!.

   HƏSƏN ƏLİYEVİ günahlandırmağa çalışdılar . Amma bir həqiqəti unutdu , boğazdan yuxarı danışan VƏTƏNŞÜVƏNLƏRİMİZ ! Bir daşnak erməninin nəinki tatami üzərində , ümumiyyətlə qazandığı qələbə MƏĞLUBİYYƏTƏ BƏRABƏRDİR! Çünki RUHU KİMLƏRİNSƏ KÖLƏSİ OLAN , VARLIĞI BİLİNMƏYƏN TOPLUMUN QAZANDIĞI QƏLƏBƏNİ , MƏHZ KÖLƏ RUHU KÖLGƏLƏYİR !!! TÜRK OĞLUNUN məğrur , düşmənə hər zaman meydan oxuyan RUHU HƏYATDA QAZANDIĞI ƏN BÖYÜK QALİBİYYƏTİDİR !



                                                                        

                                                          YAQUT HÜSEYNOVA




Monday, June 15, 2015

" QƏLBİMİZİ QÜRBƏTƏ ÇEVİRMƏYƏK ! "



   Bir damla ümiddən başlar həyat . Yalnız bir damla ümiddən ... Bu kiçik zərrədən neçə - neçə dünya qurular ! Milyon – milyon ömür , məhz ümid adlı nurun səadətində bir qonaq tək gəlib – keçər fani dünyadan . Ümid bağlayar, həyata hər birimizi . Məhz ümid qəlbimizi arzular , sevinclər huzuruyla rənglənən gülüstana çevirərək , min bir ağrının , əzabın içində belə səmimi gülüşləri , təbəssümü doğmalaşdırar baxışlarımıza . Sarsılmaz gücümüz olar ümidlərimiz . Bəzən həsrətlə baxdığımız yolları qısaldar gözlərimizdə , bəzən yaddaşımıza həkk olan unudulmaz xatirələrin yenidən görüş yerinə çevrilər... Bəzən də ümidlərdən uzaqlaşmağa çalışarıq . Sükuta sığınarıq . Çünki çox vaxt bütün mücadilələrimizə baxmayaraq , məhz ümidlər bizi daha çox yaralayar , daha çox qırar ürəyimizi . Bəlkə də ümidlərimizə ruhumuzla sarılmadığımız üçün qəlbimizdə bir ömür boyu sardıqca qanayan yaralar iz salar !..
    
   Duyğularımızın , düşüncələrimizin kəhkəşanı olan arzular qəlbimizdə doğulsa da , beynimizdə yola çıxar . Və xəyallarımızda dönər ümidlərimizə . Əllərimizdən tutan arzular xəyallardan məqsədə doğru aparar bizi . Bu yolun hər qarışında anlayarıq çəkilən zəhmət və əziyyətlərin şirinliyini . Səhv və yalnışlarımızın nədənlərini çözməyə can atarıq . Doğruları arayarıq . Aradıqca mənəvi dünyamızın üfiqlərini dərk edərik . Bir hind atalar sözünü xatırlamaq istəyirəm bu yerdə : - “ Elə xəyallar quraqki , biz deyil , XƏYALLAR BİZƏ aşiq olsun . Və çin olmağa tələssin . “
  ÜMİD könlümüzdəki imandan qaynaqlanan inamdı , güvəndi , həyata verdiyimiz dəyərdi . ÜMİD , elə varlığımızın özüdür ! Ümid sevgidi , tükənməz mərhəmət və ilahi ədalətin əbədi nurundakı qığılcımdı . Bəzən sevgimiz məskən seçdiyi könüldə arzuladığı səadətinə qovuşar . Çox zaman isə məhəbbətimiz özünə doğma sandığı ürəkdə bir QƏRİBƏ dönər . Və qəribliyimiz – dəyər verdiyimiz , ruhuna bağlandığımız qəlbin sevgimizə qürbət olduğu andan başlayar ! SEVGİ – ürəklərdəki dərin sükut , gözlərdəki aşkar həqiqətdir ! Həqiqi sevgini ruhumuzla duymalı , qəlbimizlə tanımalıyıq , qulaqlarımızla dinləməklə , gözlərimizlə görməklə ONU hiss edə bilmərik ! Çalışaq ki , UCA RƏBBİMİZİN yer üzünə olan SEVGİSİNƏ , MƏRHƏMƏTİNƏ VƏ SONSUZ ƏHVİNƏ qəlbimizi QÜRBƏT ETMƏYƏK !!!

                                       

                                                              YAQUT HÜSEYNOVA 



Monday, June 8, 2015

RUHUNLA SARIL !

Ürəyi sındırıb , qırmağa nə var ,
Çalış ki , bir qəlbi həyata bağla !
Üzdəki gülüşün , sən fərqinə var ,
RUHUNLA sevgiyə sarıl , qucaqla !



   
                                                                                   YAQUT HÜSEYNOVA

Wednesday, June 3, 2015

SEVGİYLƏ TANIDAR ...

ATA kəlməsinin , ANA sözünün ,
Sevincin yaşadır bizə uşaqlar !
Valideyn olmağın mahiyyətini ,
SEVGİYLƏ tanıdır bizə uşaqlar !



                                                                            YAQUT HÜSEYNOVA