Wednesday, March 30, 2016

“Azərbaycan lobbisi” novellası haqda düşüncələrim.



   Novella janrı yazıçı, publisist Eldar Qəmərlinin yaradıcılığında mühüm yerlərdən birini tutur. Onun 2014-cü ildə işıq üzü görən “NOVELLALAR” kitabı nəşrləri arasında xüsusilə fərqlənir. Həmin kitabı yenidən vərəqlədim. İyirmi altı novellanın yer aldığı bu kitabda yazıçı cəmiyyətdə gördüyü müxtəlif problemlərə toxunub. 1999-cu ildə qələmə aldığı “Azərbaycan lobbisi” adlı novellası daha çox diqqətimi çəkdi. Hekayə yazıçının 1981-1984-cü illərdə Tver vilayətinin Udomlya atom elektrik stansiyasında çalışdığı zaman müxtəlif xalqların timsalında müşahidə etdiyi hadisələrdən bəhs edir. Novella Udomlya şəhərinin və əhalisinin tərkibinin kiçik tanıtımı ilə başlayır. Başqa şəhərdə məskunlaşan beş müxtəlif xalqın ümumi mənafe və lobbi işinə yanaşmasının müqayisəsi hekayədə işıqlandırılıb. Rusların, ukraynalıların, ermənilərin, çeçenlərin və azərbaycanlıların Udomlyada, vətəndən uzaqda keçirdikləri həyat tərzinə, milli kimliyinə necə sahib çıxmasına fərqli aspektlərdən aydınlıq gətirilir. Ümumiyyətlə, lobbi işinin necə qurulması və bu fəaliyyətdə nələrin önəm kəsb etdiyi hekayənin mövzusunu təşkil edir. Yazıçı qeyd edir ki, vətəndən kənarda məskunlaşan insanların ictimai fəaliyyəti milli mənsubiyyət və adət-ənənələrinə sədaqətinə köklənməlidir. Əks təqdirdə mənəvi-əxlaqi dəyərlər məhv olar və tarixi Vətənlə əlaqələr tamamilə unudulub yoxa çıxar. Xalqın ideoloji bütövlüyünün, milli birliyinin təminatı olan lobbiçilik fəaliyyəti qürbətdə yaşayan hər bir vətəndaşın içindəki vətən sevgisini təzahür edəcək gücə malik olmalıdır. Məhz millət, xalq dünyanın hər bir qarışına səpələnmiş parçalarının bir amalda bütünləşən vahidliyində qüdrətli bir dövlət kimi öz sözünü deyərək, həm tarixi həqiqətlərini Yer üzünə çatdırmış olur, həm də yenilməzliyi ilə haqqı olan zirvəni fəht edir.

   
   Novellada Udomlyada yaşayan azərbaycanlıların fəaliyyət göstərən lobbisinə rəhbərlik etmək üstündə onlar arasında düşən münaqişələr və bu xoşagəlməz haldan yaranan problemlər nəticəsində baş verən məqamlar təsvir edilib. Asif və Vəlinin özbaşnalığı və “mənəm-mənəmliyi” nəticəsində Udomlyada yaşayan azərbaycanlılar şəhərdən didərgin salınır. Hekayənin müsbət obrazı olan Adil ətrafında cərəyan edən hadisələrin içində olsa da, lobbiyə rəhbərlik etməyi ağlına da gətirmirdi. Çünki Adil həmyerlilərinin birlikdən daha çox parçalanmağa meylli olmalarını, ümummilli maraqlar naminə deyil, şəxsi ambisiyalar üçün fəaliyyət göstərmələrini səhv addım kimi dəyərləndirsə də, onu kimsə dinləmirdi. Lobbini hərə var gücü ilə bir tərəfə yönləndirməyə çalışaraq, param-parça edirdi. Varlığımız digər xalqların qavramında get-gedə haçalanan yollara, məqsədlərə, mənafelərə bölünən kimlik kimi tanınırdı. Fəqət, bu şəhərdə məskunlaşan ermənilər bir amalda sıx birləşdiyi üçün günü-gündən sıraları da böyüyürdü. Demək olar ki, Udomlya sürətlə erməniləşirdi...
   Novellanın dil və üslub normalarına nəzər saldıqda, hekayədə “milis” sözünün yerinə “polis” və “zato” ifadəsinin əvəzinə “fəqət” kəlməsinin işlənməsini daha məqsədəuyğun hesab edirəm. “AZƏRBAYCAN LOBBİSİ” novellası bir vətəndaşın vətən sevgisindən, milli birlik arzusundan qaynaqlanan bütöv AZƏRBAYCAN görmək məqsədilə qələmə sarılan yazıçı qəlbinin, yazıçı beynin düşüncələrə hoparaq sətirlərə köçən hayqırtısıdır.
   Xatırlatmaq istəyirəm ki, yazıçı, publisist Eldar Qəmərli “Evləri köndələn yar”, “Ağacdələn”, “Şirvan şəhəri” və “Novellalar” kitabının müəllifidir.
                                           


                                                     Yaqut Hüseynova



Monday, March 28, 2016

Yazıçı-publisist ELDAR QƏMƏRLİNİN yaradıcılıq gecəsi.











                                                               


                                                                           Yaqut Hüseynova



Thursday, March 10, 2016

OXUCU QƏLBİNƏ YAĞAN “YAĞIŞ”

(İnsanlar) ümidsizliyə qapılandan sonra, YAĞIŞ göndərən,
nemətini (Yağışını) açıb paylayan Odur. Tərifə (şükrə) layiq
olan da Odur.”
                                                     
                                                                           
                                                    “QURANİ-KƏRİM”, Şura 28.
  
  
   Yazıçı, şərqşünas Əli Rzazadənin “YAĞIŞ” romanı müqəddəs kitabımız “QURANİ-KƏRİM” in bu surəsi ilə tamamlanır. Yağış təbiətin əsrarəngiz möcüzəsidir. Yağmurlar mas-mavi asimanı şəfəqləndirən ilahi nuru və torpağın müqəddəs ətrini, məhz narın damlalarında qəlblərə, könüllərə, düşüncələrə çiləyir. Yazıçının ilk romanı olan bu əsərində işıqlandırılan mövzu və ideya mükəmməl bədii çalarlar ilə oxucu qəlbinə, oxucu ruhuna yağan yağışa bənzəyir. Əsəri vərəqləyərkən, oxucu həyatda aradığı həqiqətlərin, cəmiyyətdə gördüyü eybəcərliklərin, cahilliyin insanlar arasında yaratdığı uçurumun köklərini və bu bəlalardan necə xilas olmağın yollarını bir daha analiz edərək, dərk edir. Romanda istifadə olunan dini hədislər, ibrətamiz hekayələr və aforizmlər əsəri daha da oxunaqlı edir. Tanrı sevgisi və ilahi eşqin mahiyyəti bütünlüyü ilə əsərin baş qəhrəmanı gənc zabit Kənanla Abdullah adlı nurani bir qoca arasında olan hər bir dialoqda mükəmməl şəkildə qələmə alınıb. Müəllif “YAĞIŞ” ın damlalarının aydınlatdığı həqiqətə yalnız öz çözümləri ilə deyil, Frans Kafka, Lev Tolstoy, Sartr, Nitşe, Şekspir və digər dünya ədəbiyyatının klassiklərinin yanaşmalarıyla da fikrini əsaslandırıb.
   

   Romandakı Nizam obrazını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu surət oxucuya böyük dramaturq Cəlil Məmmədquluzadənin “ÖLÜLƏR” pyesindəki İsgəndər obrazının bədii cizgilərini xatırladır. Cəhalətə, cahilliyə qarşı qorxmadan, cəsarətlə mübarizə aparan, lakin yaşadığı cəmiyyətdə kafir, dinsiz adlandırılaraq, hətta heç kəsin salam belə vermədiyi Nizam ixtisasca riyaziyyat müəllimi olsa da, İSLAM dinini çox gözəl bilir. Hər anını mütaliə ilə keçirir. Yaşadığı cəmiyyətdə qəlbinin, ruhunun, beyninin dərinliyindəki hayqırtını həmsöhbət olduğu kitablar qədər duyan və müzakirə edən başqa bir kimsə yoxdur. O, cəhalət bataqlığında gündən-günə ruhu məhv olan cəmiyyətə ilahi həqiqətin mahiyyətini anlatmağa çalışsa da, səyləri səmərəsiz qalır. Çünki üzvü olduğu cəmiyyətdə Nizam tək idi. İnsanlara çatdırmaq istədiyi haqq və ədalətin səsi hər zaman qondarma, qaraguruhçu dindarlar tərəfindən beyni zəhərlənən böyük kütlənin amansızlığı ilə boğulurdu. Tanrıya gedən yol elmin və mərifətin ucalığından keçir. Əgər Adəm övladı elmsiz olarsa, ruhu mərifət nuru ilə işıqlanmazsa xurafatın, cəhalətin, mövhumatın qurbanlarından birinə çevrilərək, məhv olar. Romanda Abdullah Kənan ilə bir söhbətində dönə-dönə qeyd edir ki:-“CAHİLLİK çayır otuna bənzəyir. Onu torpaqdan çəkib çıxarırsan və birdəfəlik yox olduğunu düşünürsən. Amma bir müddət sonra, fürsət tapan kimi torpağın dərinliklərinə  ilişib qalmış, gizlənmiş toxumları yenidən baş qaldırır.”
  

   Təbiətin qoynunda, yağan yağmur damlaları altında Abdullah ilə Kənanın birlikdə Tanrıya əl açaraq, bir zamanlar Həzrəti Əlinin oxuduğu duanı söyləməsi səhnəsində xüsusilə vurğulanır ki, insan yalnız ALLAHI xatırladıqca, ONA sığındıqca, ONA güvəndikcə, ən əsası ONU dərk etdikcə həqiqi xoşbəxtliyin nə olduğunu anlayaraq, mənəvi hüzuru ruhu ilə dada bilər. Əbədiyyətə gedən yolun başlanğıcı, məhz bu səadətdən qaynaqlanır...
   Əsərin sonuna qədər yağış baş qəhrəmanın həyat yollarında atdığı addımlara öz paklığı, gözəlliyi ilə həmdəm olur. Onun hələ məktəbdə oxuduğu zaman yazdığı ilk hekayəsini tamamlayan son cümləsində qeyd etdiyi:-“Bu YAĞIŞI damla-damla öpərəm, bu YAĞIŞI gözlərimə təpərəm” fikri, romanın bədii estetik gücünü artırır. Kənanın yaddaşında yağış daha bir xatirə ilə əbədiyyətə varmışdı. Ona topladığı hərbi kolleksiyaya daxil etmək üçün, qara rəngli kitel düyməsini hədiyyə edən əsgərin cənazəsinin yağışlı  bir gündə kəndə qayıtması, baş qəhrəmanı çox sarsıdır. Yağış damlalarının müşaiəti ilə kənd camaatının çiyinləri üstündə son mənzilə yola salınan şəhidin axan qanı içindəki VƏTƏN sevgisini şölələndirərək, mənfur düşmənlərə olan nifrətini daha da artırır. Zaman keçir... Kənan hərbi xidmətini şərəflə yerinə yetirərək, doğma kəndinə qayıdır. İllərlə axtardığı həqiqətə qovuşmaq, onu dərk etmək üçün TANRIDAN dilədiyi duaların cavabı olan Abdullah ilə məhz hərbi xidmətdə tanış olur...
   Bu gözəl roman haqda olan düşüncələrimi, onun kiçik bir mətni ilə bitirmək istəyirəm:-“Yağış damcıları göz yaşlarıma qarışıb yanaqlarımdan süzülür, mənsə heç vaxt olmadığı kimi, həyatımda birinci dəfə üzümdən yağış suyunu silmirdim. Gah göydən enən yağışı, gah da ağacdan qopub düşən saralmış yarpağın asta enişini gözlərimlə izləyirdim...” Bir hind atalar sözündə deyildiyi kimi:-“Gözdə göz yaşı yoxdursa, RUHDA GÖY QURŞAĞI OLA BİLMƏZ.”


                                                
                                        Yaqut Vafiqqızı



  


Monday, March 7, 2016

“DÜNYA HAMIMIZIN EVİDİR.”

  Həyat onların varlığı ilə daha gözəldir. Məhz onların gözlərində bərq vuran sevinc və gülüşlər ilə aydınlanır ömrümüz. Varislərimiz olan uşaqları əsl vətəndaş kimi yetişdirmək, onlara dünənimizə və gələcəyimizə layiqli şəkldə sahib çıxmağı öyrətmək ümdə vəzifəmizdir. Mustafa Kamal Atatürk deyirdi ki:-“Bir ölkənin işıqlı gələcəyinə əmin olmaq istəyirsinizsə, uşaq və gənclərinin sahib olduğu istedad və savada diqqət yetirin.”
  


 
   Məni onunla sosial şəbəkədə paylaşılan kiçik bir yazısı tanış etdi. Nuray Nur bu yazısında dünya uşaqlarının arzusunu dilə gətirmişdi. Misralar ürəyimdə elə bir iz salmışdı ki, günlərlə təsirindən ayrıla bilmirdim. “...Yer üzündə nə müharibə, nə yanğınlar olmasın! Neçə-neçə Fərəhlər alovlarda yanaraq, kül olaraq, sönməsin!...” nidaları ilə ruhuma hakim kəsilən bu düşüncələr, sanki özünü görə bilmək üçün böyüklərin önündə tutulan bir ayna idi... Oxuduğum bu sətirlər, bir körpə qəlbinin harayında dilə gələn acı həqiqətin ağrılarıydı. Digər yazılarını, şeirlərini vərəqlədim. Və onunla görüşüb, həmsöhbət olmaq qərarına gəldim.
-Nuray, necəsən?
-Yaxşıyam, həm də çox həyəcanlıyam... (gülür)
-Neçə yaşın var?
- Doqquz yaşım var. Üçüncü sinifdə oxuyuram. Həm də dərs əlaçısıyam.
- Yazdığın ilk şeiri xatırlayırsanmı, necə adlanırdı?
- İlk şeirim “Mən Nurayam” adlanırdı. Özümü və arzularımı tanıtmaq üçün  yazmışdım. Öncə nənəmə, sonra isə valideynlərimə oxudum. Nənəm, hətta sevincdən kövrəlmişdi. O gündən nənəm şeir və onun qaydaları haqqında mənə danışır.
-Sevdiyin nağıl hansıdır?
-Ən çox sevdiyim nağıl “Yeddi nar çubuğu” dur. Həmin nağıl çox ibrətamizdir. Nağılda uşaqlara tövsiyyə edilir ki, güc birlikdədir, tək əldən səs çıxmaz. Dərsdən əlavə nagıl kitabları da oxuyuram. Şeirləri daha çox sevirəm. Nağıllar uşaqların ən yaxın dostudur. Nağıllar bizə vətəni, anamızı, atamızı sevməyi, yaxşı oxumağı, yalan danışmamağı tövsiyyə edir. Sizə misal da, deyim. Axı yalançının evi yansa, heç kəs inanmaz...
- Uşaqlara verilən hansı sualdan xoşun gəlmir?
-Bəzən məndən soruşurlar ki:-“Atanı çox sevirsən, yoxsa ananı? “ Bu sualdan heç xoşum gəlmir. Və suala cavab olaraq deyirəm ki, mən valideynlərimin hər iksini bərabər şəkildə sevirəm. Bu sevgi bütövdür, heç vaxt fərqlənməz. Bu sualı verənlərə isə çox təəssüf edirəm.
- Dünya sənin üçün nə deməkdir?
-Yaqut xanım, insanlar dünyaya gəlir ki, yaşasınlar və gözəl gələcək naminə mübarizə aparıb yenilməsinlər. Dünya hamımızın evidir. Biz uşaqlar, sakini olduğumuz bu evdə səadət görmək istəyirik. İnsanlar həyatda nə istəsələr, Allahdan diləsinlər. Çünki bizi yaradan bizdən heç nəyi əsirgəməyib.
- Sənə həyatı bir rəngdə boya desələr, xəyallarında, arzularında çəkəcəyin tabloda ən çox hansı rəngdən istifadə edərdin və nə üçün?
-Mən ağ rəngi çox sevirəm. Həmin tabloda, ancaq bu rəngə üstünlük verərdim. Çünki ağ rəng paklıq, təmizlik rəmzidir. Bununla yanaşı, tabloma yağışdan sonra asimana gözəllik qatan göy qurşağında olan bütün rənglərin nurunu da çiləyərdim.
- Vətən nə deməkdir?
-Vətən bizim ikinci anamızdır. Vətəni sevmək, onun uğrunda Şəhid olmaq hər bir vətəndaşın borcudur. Vətənimiz, dilimiz varsa, demək biz də varıq.
- Böyüyəndə hansı ixtisasa yiyələnmək istərdin?
-Arzularım çoxdur. Ən əsası çox savadlı, bilikli və istedadlı bir qələm sahibi olmaq istəyirəm.
- Bilirəm ki, nənənlə tez-tez Şəhidlər Xiyabanına ziyarətə gedirsən. Nələr düşünürsən, orada olarkən?
-Şəhidlər xiyabanında uyuyanlara Allahdan rəhmət diləyirəm. Axı, şəhidlərimizin tökülən qanları hesabına, biz bu gün müstəqil və azad Azərbayanın vətəndaşlarıyıq. İnanıram ki, onların qanı heç vaxt yerdə qalmayacaq.
- Nuray, dərslərini yaxşı oxumayan, valideynlərini incidən, onların sözünə baxmayan uşaqlara nə demək istərdin?
-Mən onlara demək istəyirəm ki, ata-ananızı çox sevin. Onların sözündən çıxmayın. Dərslərinizi yaxşı oxuyaraq, valideynlərinizi sevindirin. Axı, ata-analar öz uşaqlarını həmişə xöşbəxt görmək istəyirlər. Əllərinizdən qələm-dəftər düşməsin. Kitablarla həmişə dostluq edin.
- Təsəvvür et ki, bir tribuna önündəsən. Və səni Yer kürəsi dinləyir. Bütün dünya uşaqlarının görmək istədiyi, arzusunda olduğu həyatı necə nəql edərdin?
-Həyat çox gözəldir. Təbiəti bizlərə Allah bəxş edib. Gəlin, Allahın verdiyi nemətləri qoruyaq. Bütün canlıları sevək. Uşaqlar uşaq evlərinə və küçələrə atılmasın. Hədiyyəmiz SEVGİ və NƏVAZİŞ olsun. Heç vaxt müharibə olmasın. Ordumuzun mənfur düşmənlərimizə qalib gələcəyinə inanıram. Yer üzündə hər zaman sülh olsun. Göylərdəki Günəşin şəfəqlərini  topların, mərmilərin tüstüsü qaraltmasın. Aydın səma altında, gözəl bir dünyada böyümək istəyirik!

P.S. Nuray Nur şair-publisist Təranə Şəmsin nəvəsidir.



                                            
                              Yaqut Hüseynova





Saturday, February 20, 2016

"SON TABLO"



  

   Artıq, neçə saat idi ki, oyanmışdı. Zərif əlləriylə tutduğu fırçası ilə, rənglərin dilində tablonun köksünə köçürdüyü arzularını, kədərini, həsrətini və heç zaman duymadığı, amma həsrətində olduğu sevinclərini tamamlamağa çalışırdı. Az qalmışdı, rəsmini bitirməyinə. Nənəsi, hələ oyanmamışdı. Divardakı saata baxdı. AZANIN səslənməsinə, bir saat qalırdı. Tablolarını işləmək üçün, otagında pəncərənin yanında yer də ayırmışdı. Həmişə, məhz, burada fırçası ilə həmsöhbət olurdu. Sanki, təbiətin əsrarəngiz gözəlliyini əks etdirən mənzərənin özü idi, əlindəki fırça. Hər gün GÜNƏŞDƏN erkən oyanardı, mas-mavi gözləri. Dan yeri günəşin al şəfəqləri ilə yavaş-yavaş söküldükcə, tablosu da bu nurun ənginliyində rənglənərdi. Artıq, on gün idi ki, bu rəsmin üzərində işləyirdi. Qarşısına qoyduğu dəsmalın içində olan bu əzilmiş şəkli tablosuna həkk etməyə çalışırdı, qəlbinin bütün səmimiyyəti ilə. Ürəyində iz salan acı həsrətin tikanlı məftillərlə əhatə etdiyi sevgisini anlatmağa səy göstərirdi, hər dəfə fırçanı rənglərə batırdıqca... Günəş gözlərini tam açıb, yuxusunu bitirənə qədər, tablosunu tamamlamalıydı. Əsərinin bitmək üzrə olan son məqamları qalırdı. Bəli, əsərinin. On iki yaşının olmasına baxmayaraq, indiyə qədər yaratdığı rəsmlər, görənləri məftun edirdi. Rəbiyyə ilk rəsmini, ikinci sinifdə oxuduğu zaman, anası üçün çəkmişdi. Nəzirə qızının çəkdiyi şəklə baxanda çox sevinmişdi. Rəbiyyənin gələcəkdə gözəl bir rəssam olacağına, ürəyində inam və ümid baş qaldırmışdı. Kiçik albom vərəyinə çəkdiyi, bu şəkildə günəşin şəfəqlərinə bürünmüş asiman canlandırılmışdı. Balaca olsa da, səmaya böyüklərə məxsus təxəyyül ilə, anlam vermişdi. Maraqlı təsvir idi. Hətta o zaman anasına:-“Ana, bu səma mənim üçün, sənin gözlərinin əksidir. Şəkli “ANAMIN GÖZLƏRİ“ adlandırmışam.” - demişdi. Rəbiyyənin bu sözləri, anasını çox kövrəltmişdi. Bu balaca qızcığaz dünyaya göz açdığı gündən böyük ağrıların, acıların içində nəfəs alaraq, bacısının əllərindən bərk-bərk tutaraq, körpə qədəmləri ilə həyatı addımlamışdı. Nursel ondan beş yaş böyük idi. Ucqar kəndlərin birində yaşayan bu ailə, taleyin ən amansız üzünü görmüşdü. Atası xurafat və cəhalət ilə beynini zəhərləyən cahil düşüncəli adamlardan idi. İki qızını da üçüncü sinifdən çıxarmışdı. Və deyirdi ki:-“Qız nədir, oxumaq nədir. Qız bozbaş bişirməyi, ev işlərini görməyi öyrənməli, nəinki, fikir bildirməli, ağzını belə açıb, danışmamalıdır. Hərfləri öyrənmək üçün, üç il məktəbə getməyinizə icazə verdiyimə görə, mənə minnətdar olmalısınız. Çünki bu artıq, yetərincə savadlısınız deməkdir. Adınızı yaza bildiniz, bəsdir! Heç bunu bilməyənlər var. Siz, görün, necə xoşbəxtsiniz ki, bunu bacarırsınız. Əlbəttə ki, atanızın sayəsində!”
   Bəhruz kənddə amansızlığı ilə ad qazanmışdı. Döyə-döyə, min bir əzab-əziyyət verərək, həyat yoldaşının axırına çıxmışdı. Nəzirənin ölüm xəbərini ona çatdıran qonşusuna, hətta istehza ilə:-“Arvaddı da ölüb, ölüb də, nə çox arvad... Hələ, çox cavanam, yenə evlənərəm.”- deyərək, evə getmişdi.
   Nəzirə xəstəlikdən vəfat etmişdi. Bəhruzun ona verdiyi işgəncələrdən, o cümlədən dərddən və fikirdən xəstəlik tapmışdı. O, el arasında “vərəm” adlandırılan tuberkuleoz xəstəliyinə tutulmuşdur. Getdikcə, artan öskürəyi, hərarəti günü-gündən geriyə gedən cisminə hakim kəsilərək, gözlərindəki həyat nurunu sürətlə azaldırdı.
   Qaynanası Səadət ana gəlinini qızı qədər çox sevirdi. Onun bu halını gördükcə, çəkdiyi dərddən şam kimi əriyirdi. Dəfələrlə oğlu Bəhruza Nəzirənin ciddi müalicəyə ehtiyacı olduğunu söyləyərək, demişdi:
-Oğul, daha yetər, bu qədər amansızlıq. Sən, mənim yeganə övladımsan. Atan rəhmətə gedəndən sonra, səni əzab-əziyyətlər içində böyütdüm. Ali təhsil almağına Allahın köməyi ilə nail oldum. Düzdür, biliyinlə, savadınla özün qazandın, o uca pilləni. Kaş o günlər, yenidən qayıdaydı. Və zaman, məhz, o gözəl anlarda ömrümün sonuna qədər dayanardı. Bu kənddə hər kəsin nümunə gətirdiyi övlad idin. Amma indi, sanki, o səndən bir əsər-əlamət qalmayıb. Yaddaşımın dərinliyində Allaha şükranlıq hissi ilə iz salan, indi dilimə gətirdiyim bu sözləri, elə bil, başqa birisi, nə zamansa həyatımda mövcud olmuş o gözəl insan haqqında deyirəm. Bir dön, özünə bax. Ailənə, sanki, düşmən kəsilmisən. Məgər, mən, Nəzirə və iki övladın ailəni tamamlayan parçalar deyilikmi?! Sən atasan, bu parçaların bütövlüyünü, sevginlə, qayğınla sən, yaratmalısan!!! Dön, özünə bir daha, nəzər sal! Bəlkə, içkinin, eyş-işrətin daşlaşdırdığı qəlbində atalıq borcunu, atalıq vəzifəsini bir daha, anlaya bildin! Nəzirəni çox sevirdin. Yadındamı, kənddə hamı sizin sevginizə həsəd aparırdı. Niyə, birdən-birə bu qədər dəyişdin?! Niyə, o gözəl övlad, etibarlı həyat yoldaşı olan sənin yerini, ruhu şeytana satılmış, qəlbi iblisə təslim edilmiş biri tutdu? Hanı, o son tikəsini özgələrlə, yadlarla bölüşən oğlum?! Hanı, hər zaman mənim xeyir-duamın işığında addımlamağa çalışan övladım?! Bir zaman son tikəsini özgələrlə, başqalarıyla bölüşən sən, indi ailəsini bir tikə çörəyə belə, möhtac qoyub! Onlara ailə kimi deyil, qul kimi baxırsan! Elə mən anana da, bu münasibəti bəsləyirsən!!! Nədən?! Bir səbəb göstər, nə olsun ki, ananam, bəlkə, hardasa sənə qarşı bir səhvim olub?! Danış, Bəhruz, danış, qoy, suallarıma cavab tapım!!!
    Səadət ananın gözləri doldu. İlahi nur kimi, oğluna haqqı göstərməyə çalışan sözləri qəhərə qərq oldu. Ayaq üstə tab gətirə bilmədi. Sanki, ayaqlarının dərdlə yüklənmiş, bir ovuc boyda olan qəlbinin ağırlığına gücü yetmədi. Otağın ortasında qoyulmuş odun sobasının kənarındakı nalçanın üstündə əyləşib, yenə də evə sərxoş gələn oğlu ilə söhbətinə davam etdi:
-Bax, ixtisasca ali təhsilli mühəndissən. İllərlə bu sahədə çalışdın. Hər kəsin hörmətini qazanmışdın. Seçdiyin sahədə güclü bir kadr idin. Nə özünə, nə də ailənə bir gün ağlamadın. İçkiyə, eyş-işrətə qurşanaraq, nəinki, özünü, hamımızı məhv etdin. Qəlbinə necə bu qədər insafsızlığı, ədalətsizliyi tanıda bildin?! Bir ana kimi, buna inana bilmirəm. Harada səhv etdim ki, bu qədər dəyişə bildin?! Əllərimə bax, bir nəzər sal, onların qabarlarına. Bu sözümü etdiklərimi başına qaxmaq kimi, dəyərləndirmə. Əsla! Əllərimdəki bu qabarlar, mənə elə bir sevinci xatırladır ki... Bəlkə də, məni həyatda ümidlə ayaqda tutan, məhz, bir zaman sən diplomunu alıb evə gələndə, mənə dediyin sözlərdir. Təəssüf ki, bu gün o sözləri xatırlamazsan, özün desən də. Ananın üzünü göz yaşlarına qarışmış əzab dolu təbəssüm aldı:
-O gün, həyatda çəkdiyim bütün əzabları unutdurdu mənə. O qədər özümü xoşbəxt hiss etdim ki, bunu indi də, sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Həmin gün sən əllərimə baxaraq, “Ana, məni xoşbəxt və uğurlu edən, məhz, əllərindəki qabarların yollarıma çilədiyi xeyir-duanın nurudur.” - Söyləmişdin. Oğul, özün də valideynsən. Valideyn üçün bilirsən, ən böyük əzab nədir?!
   Bəhruz əlində tutduğu içki dolu stəkanı içib, istehza ilə, anasına tərəf çevrilərək, soruşdu:
-Hə, ana, nədir, de bilək! Yamanca filosof kimi danışırsan, bayaqdan. De, bilək, nədir, valideyn üçün əzablı olan?
   Səadət ananın param-parça olan ürəyi bir daha tikələrə bölündü, eşitdiyi sözlərlə. Çətin də olsa, özünə toxtaqlıq verib, yenidən danışmağa başladı:
-Sən, bunu, təəssüflər olsun ki, anlaya bilməzsən, oğul. Ailəsini, uşaqlarını, özü də iki qız övladını dinləməyən, onların arzularının, ümidlərinin səsini eşitməyən biri, bunun məğzini başa düşə bilməz. Bəhruz, sən bizə iyirmi illik həsrətdən sonra, verilmiş şirin payımız, ilk və son sevincimizsən. Atan Nəcəf kişi, sənin heç iki yaşın tamam olmamış, avtomobil qəzasında dünyasını dəyişdi. Adi sürücü idi. Amma ailəsini zəhməti ilə dolandırırdı. Kəndin ən hörmətli adamlarından biri idi. Bu gün də, onun adı kənd camaatı tərəfindən böyük hörmət və ehtiramla anılır. Yadındadı, atanın məzarını hər həftə ziyarətə gedərdik. Bunu, sən özün evimizin pozulmaz qaydasına çevirmişdin. Tanrıya hər zaman bizə belə bir övlad verdiyi üçün, şükürlər edirdim. Sonuncu dəfə nə zaman atanın ziyarətinə getmisən, oğul, xatırlayırsanmı?
   Bəhruz kinayə ilə gülərək, anasının sualını cavablandırdı:
-Ay arvad, sən elə danışırsan ki, lap bişmiş toyuğun gülməyi gəlir. Yadında saxla, ölülər daha yaşamır, öldü, demək, qurtardı, getdi. Yox, işim-gücüm qurtarmışdı, qəbiristanlığa gedib, dədəmin məzarın ziyarət edim. Ölü nə bilir, ziyarət nədir? Guya, mən ora getsəm, dədəm biləcək ki, oğlu gəlib. Sən Allah, qurtar, bu söhbəti. Yəqin, o vaxt axmaq olmuşam...
   Səadət ana bir qədər susdu. Oğlunu tanıya bilmədi. Bunları söyləyən övladı idi, yoxsa düşməni. Heç düşmən də, bunları dilinə gətirməzdi. Çətin olsa da, deyəcəklərini tamamladı:
-Bütün bunları boşuna demədim, oğul. Hərçənd ki, artıq, mən sənin üçün “ana” deyil, “ arvad” deyə müraciət ediləcək qədər kiçilən, yox olan bir heçliyə çevrilmişəm. Oğul, bir valideyn üçün, ən ağrılı məqam, yanında olan, lakin dəyişən övladının simasında bir zamanlar tanıdığı, ömrünə ömür qatan balasının yenidən, var olacağı günə ümidlə inanmasıdır! Bəhruz, gəl, daşı tök, ətəyindən. Gəlinin vəziyyəti çox ağırdı. Artıq, bir neçə dəfə qan da qusub. Bunu uşaqlardan çətin də olsa, gizlədirəm. Heç təsəvvür edirsənmi, bir ana üçün mübtəla olduğu amansız xəstəliyə övladlarını yoluxdurmamaqdan ötrü, onlardan kənar gəzmək nə deməkdir?! Onları öpüb qoxlamaqdan, sevə-sevə bağrına basmaqdan uzaq dayanmaq necə çətindir?! Əslində, sənin üçün bu suallarım mənasızdır. Çünki uşağı olmaq, valideyn olmaq deyil! Bu minvalla getsə, Nəzirə çox yaşamayacaq. Bəs, uşaqların halı nə olacaq? Mən də, çox qocalmışam. Mən cəhənnəm, bu qızların halına kim yanacaq?! Belə amansız zamanda, kim onları himayə edəcək? Nəzirənin bir anası vardı, o da artıq, altı aydır ki, Allahın rəhmətinə qovuşub. Bu iki qızcığazın bizdən başqa, kimsəsi yoxdur! Qızlar həmişə ataların çox istəyir, deyirlər. Həqiqətən də, bu belədir. Nursel ilə Rəbiyyəyə verdiyin zülmlərə baxmayaraq, səni nə qədər çox sevdiklərini mən belə, sözlə ifadə edə bilməyəcəyəm. Çünki, bu sevgini dilə gətirməyə sözlər belə, acizdir. Oğul, səndən bir xahişim var. Yalvarıram, heç olmasa, pensiya kartımı ver, gəlinimi həkimə aparım. Özün bilirsən ki, dərmanlar od qiymətinədir. Düzdür, o pul Nəzirənin müalicəsinə yetməz, əlavə vəsaitə ehtiyacımız var. Bir də, belə xəstələri xəstəxanada qeydiyyata alırlar. Dövlət bəzi dərmanlarla da, təmin edir. Artıq, tibdə bu xəstəliyin əlacı da tapılıb. Güclü müalicə, gözəl abi-hava ilə əhatələnmiş ailə ortamı və yaxşı qidalanma nəticəsində buna qalib gəlmək olar. Və bu sadaladıqlarım, TANRIYA edilən duaların işığında çin ola bilər.
   Bəhruz daha da səsini qaldıraraq, qarşısındakı stolu aşırtdı və:
-Ey arvad, axırıncı dəfə olsun, mənə ağıl verməyin. Bu ailənin böyüyü mənəm. Və mən deyən olacaq. Kimin yaşamağına, kimin ölməyinə mən qərar verirəm, nə sən, nə də sənin ALLAHIN!!! - deyib, evdən çıxdı.
   Ana göz yaşları içində ayağa qalxaraq, səsə digər otaqdan gələn nəvələrinə baxa-baxa, oğlu Bəhruzun bir anın içində cəhənnəmə çevirdiyi otağı səliqəyə salmaq istədi. Nursel ilə Rəbiyyənin təkidi ilə, Səadət ana sobanın kənarında oturdu. Bu iki qızcığaz otağı səliqəyə salmağa başladılar. Əyləşdiyi sobanın yanında, yerdən elə də hündür olmayan pəncərədən həyətə baxdı. Şaxtanın hakim kəsildiyi buz kimi havada Nəzirə, öskürəklər içində boğula-boğula odun doğrayırdı. Gördüyü mənzərə, ananın ürəyinə yanar odlar sancdı. Ayağa qalxmaq istədi, amma buna gücü yetmədi. Deyəsən, şəkəri qalxmışdı. Başı hərlənməyə başladı. Divara söykənib, dərddən yorulmuş gözünün dincini bir anlıq da olsa almaq üçün, mürgülədi. Rəbiyyə nənəsinin yatdığını görüb, üstünü örtməyə ədyal gətirdi. Nənəsini rahatladıqdan sonra, odunları yığmaq üçün, anasına köməyə getdi. Həmin gecə, bu balaca qızların anaları ilə keçirdiyi son gecə oldu. Qəribə gün idi. Gecənin zülməti fərəh dolu söhbətlərlə işıqlandı. Ananın, nənənin və bu iki balaca qızcığazın birlikdə keçirdiyi axırıncı gün, səadət dolu gülüşlərlə xatirələrə qovuşdu...
   Qışın çovğununda açılan səhərin aləmə yaydığı nurunda Nəzirənin, bu gənc ananın gözləri əbədi yumuldu. Amma ölümündən bir gün əvvəl, səhərdən axşamacan doğradığı odun parçaları, sanki, qarlı qış günlərində yanan sobada közə döndükcə, Nursel ilə Rəbiyyənin yaralı qəlbini ovundurmağa, isitməyə çalışırdı.
   Nəzirə vəfat etdikdən çox az sonra, Nursel atasının amansız təkidi ilə, qonşu kənddən olan yaşı qırxı ötmüş, üç dəfə evlənib boşanmış, varlı bir kişiyə ərə verildi. Hətta atası gələn elçilərə:-“Bir yüküm azaldı...” - deyərək, qəhqəhə çəkmişdi. Səadət ana buna dözməyib, elçilər gedəndən sonra, oğluna hətta, bunları söyləmişdi:-“Barı, Rəbiyyəyə qıyma, o hələ uşaqdır. Nurseli diri-diri həyatın məzarlığına gömdün! Diri ikən ölüyə çevirdin, gözəl nəvəmi! Bundan sonra, daha hansı amansızlığının qurbanı olacağıq!!!”
   Bəhruz anasına əl qaldırmış və bu azmış kimi, acımadan zəhərli sözlərlə qəlbini bir daha dağlamışdı:
-Ey qoca, bir də ağzını açsan, səni qocalar evinə göndərəcəm. Rəbiyyə mənim qızımdır, sənin yox. Necə sadəlövhsən, ay arvad! Heç Rəbiyyəni əldən verərəm? Heç vaxt. Allah ona gör, nə boyda istedad verib. Çox balacadır. Amma çəkdiyi şəkillərə, bax! Elə bilirsən, mən ona şəkil çəkmək üçün, lazım olan vəsaitləri boşuna alıram. Əlbəttə ki, yox! O şəkillər çəkəcək, özü də istirahət etmədən çəkəcək! Yoruldum, belə deməyəcək. Heç, bunu söyləməyə ixtiyarı da çatmaz! Desə, dilini qopararam yerindən. Mən də, çəkdiyi rəsmləri satıb, pul qazanacam!
   Ana, sanki, oğlu ilə deyil, iblis ilə danışırdı. Elə bil, onun qarşısında şeytan dayanmışdı və dayanmadan ananın qəlbini nizələyirdi, söylədikləri ilə. İnsan cildinə girən iblislə mübarizə edirdi ana. Ən dəhşətlisi bu idi ki, bu şeytan ananın elə öz bətnində doqquz ay böyüyərək, həyata ilk addımını atmışdı. “Yox, aman Allah, mən nələr düşünürəm! Mən, övlad dünyaya gətirdim! Amma iblisə çevrildi, həyat bəxş etdiyim!!!”- fikirləri ilə özünü həmişə günahlandırmışdı...
   Artıq, kəndin səmasında məscidin minarəsindən səslənən AZAN öz nurunu yayırdı. Bu müqəddəs sədanın işığında körpə çöhrəsinə qəlbinin sevinci hopmuşdu. Tablosu tamamlanmaq üzrə idi. Əsərinin varlığı ona yorğunluğunu tamam unutdurmuşdu. Birdən nənəsinin:-“Afərin, qızım.” - deməsi, Rəbiyyəni şirin xəyallarından ayırdı.
-Şükürlər olsun, rəsmini tamamladın. Məncə, bir anaya doğum günündə veriləcək, bundan gözəl hədiyyə ola bilməz...
   Nənə sözlərini bitirə bilmədi. Göz yaşlarının düzüldüyü nurlu üzünü qabarlı əlləri ilə silə-silə nəvəsini bağrına basdı. Rəbiyyənin də yaralanmış, bapbalaca ürəyi hönkürə-hönkürə qəhərə qərq olmuş hıçqırıqlarında dilə gəldi:
-Artıq iki ildir ki, anamız dünyasını dəyişib. Bu tablo, anamın ruhuma həkk olan rəsmidir. Nənə, bəlkə də, yaşadıqlarımızda atamın heç bir günahı yoxdur. Taleyin bizim üçün yazdıqlarıdır. Müəyyənləşdirdiyi yoldur. Bəlkə də, alın yazımızdır. Bir düşün, axı, heç bir ata ailəsinə əzab verməz. Heç zaman unutmaram, anam bizə hər an deyərdi ki:-“Atanız dünyanın ən gözəl valideynidir. Ailə söz-söhbətsiz olmaz.” Həmişə baş verənləri, taleyin alnımıza yazdığını fikirləşirdim. Verdiyi bütün əzablara baxmayaraq, atama nifrət etməmək üçün, biz iki bacı belə düşünürdük. Axı, necə, ona nifrət edə bilərdik ki? Onu çox sevirdik və bizi də sevdiyini duyurduq, bunu büruzə verməsə də... Amma, amma...
   Rəbiyyə sözünün davamını gətirə bilmədi. Nənəsinin dizlərinə başını qoyub, illərlə ürəyində yığılıb qalmış kədərini, yenidən, cümlələrə düzdü:
-Amma yeganə bacım Nurseli döyə-döyə yaşlı kişiyə ərə verdiyi gün, yaşadıqlarımızın  taleyin hökmü olmadığını dərk etdim. Bəlkə də, o dəhşətli ana qədər bunu balaca olsam da, anlamışdım. Fəqət, valideynə olan güvəni, inamı itirməmək üçün, bunu qəbul etmək istəmirdim. Bir övlad üçün, valideynə olan inam və güvəni itirmək qədər əzablı bir şey yoxdur. Yaşaya-yaşaya ölməkdir, o anın ağırlığını duymaq və daşımaq! Nəfəs ala-ala boğulmaqdır! Gözlərin baxsa da, ətrafındakı dünyanı, həyatı yalnız və yalnız qara rəngdə görməkdir! Sənə olan sevgini, nəvazişi böyüdüyün (Əgər, buna böyümək deyilirsə...) ailədən deyil, yad simalardan görmək, insanı içindən məhv edir. Gördüyün bu məhəbbət və nəvazış günəşin nurunu belə kölgədə qoysa da, öz doğma ailəndən görmək istəyirsən, bir qətrə sevgi və nəvazişi. Nursel ilə elə arzularımız vardı ki... Heç dilimizə belə, gətirməyə macal tapmadıq, atamızın qəlbimizdə yaratdığı qorxunun baltalarının səsindən. Bacım, pianina müəllimi olmaq istəyirdi. Ürəyində olan bütün arzuların, ümidlərin fövqündə toxunmaq istəyirdi, pianinanın dillərinə. Hər ikimiz, yalnız və yalnız hərfləri tanıdıq. Şükür, kitab oxuya bilirik. Cəhalətin atamızın beynində, ruhunda, qəlbində saldığı bataqlıqda məhv oldu, uşaqlıq arzularımız.
   Bunu deyib, özü də güldü söylədiklərinə. Təbəssüm içində fikirlərinin ardını gətirməyə çalışdı:
-Elə bil, qırx yaşım var... Elə də deyirəm ki, uşaqlıq arzularımız! Əslində, mən haqlıyam. Çünki həyatda yaşımız ilə deyil, gördüklərimizlə, yaşadıqlarımızla böyüdük. Yaşımız heç onluğu keçməyib hələ, düşüncələrimiz və mülahizələrimiz isə qırx yaşı belə, adlayıb...
-Ay mənim, ağıllı qızım. Səninlə fəxr edirəm. Çox xoşbəxtəm ki, sən yanımdasan, ən azından halından xəbərdaram. Amma ürəyim parçalanır, Nursel yadıma düşəndə. Zorla ərə veriləndən sonra, atan nə bizi qoydu onun yanına getməyə, nə də Nurselin ailəsi gəlməyinə icazə verdi. Dəhşətdir, on beş yaşında, özündən belə böyük olan “dörd uşağa” analıq etmək! Nələri yaşadıq, nələri! Daha doğrusu, bütün bunları bizə özgəsi deyil, öz doğma oğlum, səninsə doğma atan yaşatdı!!!
   -Nənə, Nursel üçün, çox darıxmışam. Fikir eləmə, bir gün ona, mütləq qovuşacağıq. Özüm, səni onun yanına aparacam. Nənə, heç demirsən, tablom necədir. Düşüncələrini bölüşmədin, mənimlə. - Uşaq şıltaqlığıyla soruşdu və öz sualına, elə özü cavab verdi:
-Tablo “ANAMIN GÖZLƏRİ” adlanır. İlk rəsmim, yadındamı? Həmin şəklin təkrarıdı, amma çox kiçik bir fərqlə fırçaya almışam. Bəlkə də, həmin fərq çox kiçikdir, amma mənim üçün həmin fərq yaşadığım həyatın əksidir, desəm, yanılmaram. Həmin şəkli anam çox sevirdi. Rəhmətə gedən günü, yastığının altından tapmışdıq onu. İndi, məndədi həmin şəkil. O ilk rəsmim olduğuna gorə deyil, anamın ətrinin hopduğu üçün, mənə daha dəyərlidir. – Deyərək, yamaqlı, köhnə paltarının cibindən bir dəsmal çıxardı. Dəsmalı açıb, içindəki rəsmi əvvəlcə qoxlayıb öpərək, nənəsinə göstərdi.
   Rəbiyyənin əlində tutduğu şəkil, bir az öncə, tamamladığı tablo ilə eyni görüntüdə idi. Çəkilmiş səmada mas-mavi rəng, sanki adi rəngdən çox, ilahi bir səsləniş kimi canlandırılmışdı tabloda. Bu səma, bu asiman Rəbiyyənin əzablarla qıvrılan qəlbinin əksi idi. Səmanın dan yerindən boylanan al şəfəqli Günəşdə min bir arzu, sonsuz ümid işıqlanırdı. Tablo kağız üzərində illər öncə, çəkilmiş əslindən, yalnız xırda bir haşıyə ilə fərqlənirdi. Tablonun aşağı hissəsində cadar-cadar olmuş kiçik bir torpaq və bu torpağın üstündə üzərində qan ləkələri olan doğranmış bir odun parçası vardı. Nənə bunu anlaya bilmədi. Təəccüblə nəvəsinin gözlərinə baxdı. Sualına cavabı, sanki, onun dərdlə rənglənən körpə baxışlarında axtarmağa çalışdı. Yenə heç nə anlaya bilmədi. Soruşmaq istəyirdi ki, Rəbiyyə nənəsinin verəcəyi sualı gözləmədən, cəld dilləndi:
-Hə, nənə, soruşacaqsan ki, üzərində qan ləkəsi olan bu odun nədir? Bu rəsmə nə aidiyyatı var? Bəli, bu odun parçası tabloda söylədiklərimin son nöqtəsi, tamamıdır. Yadındadı, anamın vəfat etdiyi günə bizi yaxınlaşdıran öncəki səadət dolu gün... O gün anam səhərdən axşamacan odun doğradı. Sanki, öləcəyini əvvəlcədən hiss etmişdi. Atamın başı eyş-işrətə qarışdığı zamanda, rəhmətlik anamızın əlləri ilə doğranmış odunlar sobada yandıqca, öz isti nəfəsi ilə ağuşuna aldı bizi. Bizə uzun qış gecələrində kimsəli kimsəsizliyimizi unutdurdu. Həmin gün anama kömək edəndə, o əvvəlkindən daha pis öskürürdü. Ana-bala şirin söhbətlər edə-edə odunları tövləyə daşıdıq. Nursel axşam yeməyini hazırlayırdı. Sən isə atamla etdiyin mübahisədən sonra, çox ağlamışdın. Göz yaşların qurumadan, elə sobanın yanında yuxuya getmişdin. Birdən, anamın barmaqlarında qan izi gördüm. Əlindəki dəsmal da qanın içində idi. Nə olduğunu soruşdum. Gülərək:-“Balta ilə əlimi yaralamışam. “ – Dedi. Amma əllərində yara yox idi. İsrarla əllərinə baxmaq istəsəm də, buna imkan vermədi. Beləcə, işimizə davam etdik. Qucağıma götürdüyüm odunların birinin üstündə, bir neçə yerdə qan ləkəsi vardı... Çox sonra, öyrəndim həqiqətləri. Bəlkə də, anam yaşaya bilərdi. Amma atam buna imkan vermədi. Bu tablo, çəkdiyim rəsmlərin “GÜNƏŞİ” olacaq, nənə. Heç vaxt icazə vermərəm, atam digər rəsmlərim kimi, bunu da satsın. O biri tablolarım satılanda, heç vaxt səsimi çıxartmadım. Bilirdim ki, razı olmasam, atam ya onları yandıracaq, ya da ayaqları altına atıb param-parça edəcək. Və bir daha sevdiyim fırçamdam, rənglərdən məni əbədi ayıracaq. Rəsmlərimin satılmasına razı olmaqla, çox xoşbəxt idim.  Düşünürdüm ki, tablolarım hardasa yaşayacaq, dəyər tapacaq. Hansısa bir evin, ələlxüsus, hansısa bir yaşıdımın atasının onun üçün qurduğu, kitab rəfləri ilə zəngin olan gözəl bir otağının bəzəyinə çevriləcək. Belə olduğu halda, mən də həmin xoşbəxt taleyi yaşayan, ən azından şagird olan həmyaşıdımın timsalında yarın qalmış arzılarıma çatmış olacam. Çin olmayan bir arzum belə, qalmayacaq! HƏYAT, yadlar ona düşmən kəsiləndə yox, doğmalar ögeyləşəndə dözülməz olur! Doğma atamız belə, bizə ögeyləşdi. Anamızı əllərimizdən, məhz, onun laqeydliyi aldı. Bacım Nursel diri-diri məhvə sürükləndi, onun cəhalətiylə. Mənimsə arzularımın sevinci olan tablolarım satılaraq, əldə edilən vəsait, onun içkisinə verilən pullara qatıldı. Bütün bu yaşadıqlarımızla belə, çox xoşbəxtəm, çox. Çünki, sevdiklərim, bizi sevməyən atam belə, sağ-salamatdır...
   Artıq, AZANIN səsi tamamlanırdı. Səadət ana göz yaşları içində nəvəsini bağrına basdı. Onu doya-doya öpdü. Sonra səhər namazını qılmaq üçün, otağına getdi.
   Bu gün, Nəzirənin doğum günü idi. Ruhu göylərdə öz rahatlığına qovuşan bu nakam ana ilk və son möhtəşəm hədiyyəsini, məhz, övladından almışdı. Günorta nənəsi ilə anasının məzarını ziyarətdən qayıdanda, atasını yad bir nəfər ilə evlərinin həyətində gördü. Atası onları uzaqdan görcək:
-Belə getsə, molla olacaqsız. Yenə qəbiristanlıqdan gəlirsiz, deyəsən. Axırıncı dəfə olsun, bir də məndən xəbərsiz ora getməyiniz! Hə, Rəbiyyə, təzə tablonu gətir, müştərisi var. Gələni gözlətməyək.
   Ananın qəzəbdən az qala ürəyi partlasın. Oğlunu evə çağırıb, satmamasını xahiş etdi. Rəbiyyə də ilk dəfə idi ki, atasına verdiyi cavabla etiraz edirdi:
-Onu qoymaram, satasan, qoymaram. Həmin tablo, anama hədiyyəmdir!
Atası əsəbləşərək, Zəhranı sillə ilə vurdu. Və bu azmış kimi:
-Ananı belə çox istəyirsənsə, get yanına! – Dedi.
   Ağsaçlı anası onun ayaqlarına qapansa da, Bəhruzu fikrindən döndərmək mümkün olmadı:
-Oğul, bu gün, Nəzirənin doğum günüdür. Heç olmasa, başqa gün satarsan, uşağın sınıq ürəyini qırma!
   Bəhruz heç nəyə məhəl qoymadan, tablonu dəyər-dəyməzə satdı. Rəbiyyə, sanki, donmuşdu yerində. Nitqi tutulmuşdu, gördüyü dəhşətdən. Elə bil, anasını ikinci dəfə onun əllərindən alıb, aparırdılar. Bu dəfə daha uzaqlara... Anasının qoyulduğu məzar heç zaman ona belə, uzaq görünməmişdi!
   Düzdür, Rəbiyyə bu sahədə heç bir təhsil almamışdı. Onun yeganə müəllimi, həyat və nənəsinin söylədiyi şirin nağıllar idi. Bir də, rəsmlərində Tanrının ona bəxş etdiyi ilahi istedadın nurunda rənglər dilə gəlirdi. Müəllimləri, bütün məktəb kollektivi onun və bacısının yenidən, məktəbə qayıtması üçün nə qədər çalışsa da, atasını razı sala bilməmişdilər.
   Alıcı tablonu sevinə-sevinə maşına qoyub, kənddən uzaqlaşdı. Rəbiyyə heç nə olmamış kimi, nənəsinin yanına qayıtdı. Çay dəmləyib, nənəsi ilə birlikdə süfrəyə əyləşdi. Bir qədər onunla dərdləşdikdən sonra, gülə-gülə həyətdə əkdikləri gülləri suvarmağa getdi. Təbiətin gözəlliyində ruhunun dincliyini aradı. Səadət ana Rəbiyyənin bu halına sevinsə də, bir yandan çox narahat idi . Çünki, Rəbiyyə hər tablosu satılanda, günlərlə özünə gələ bilmirdi. Çətinliklə yenidən fırçanı əlinə alaraq, şəkil çəkməyə başlayardı. Nənəsi onun belə ruhi sarsıntılarına dözə bilmirdi. Nəvəsini rəsm çəkməkdən uzaqlaşdırmağa çalışırdı. Rəbiyyə isə:-“Nənə, fırça və rənglərlə nəfəs alıram. Bir düşün, nəfəs almadan, yaşamaq mümükündürmü?! Əlbəttə ki, yox.” –  Təbəssüm edərək, söyləmişdir.
   Günü beləcə, yekunlaşdırdılar. Atası həmişə olduğu kimi, evə gecəyarısı gəlirdi. Evdəkilərin gündəlik yemək ehtiyaclarından başqa, onlar üçün heç nə etmirdi. Üstəlik:-“Hələ, minnətiniz olsun, camaat evdəkilərə heç quru çörək də vermir.” - deyirdi.
    Rəbiyyə anası vəfat etdikdən sonra, gecələr nənəsi ilə yatırdı. Onun şirin nağıllarının fövqündə gözlərinə yuxu qonardı. Rəsmlərin isə min arzularla bəzədiyi kiçik otağında çəkirdi. Bu gecə yatmaq üçün, nədənsə, öz otağına getdi. Nənəsini israrına baxmayaraq, “rəsm çəkəcəyəm” deyərək, öz otağına çəkildi. Səaədt ana sobanın yanında sərdiyi yerinə girərək, düşüncələrə daldı. Gecəyarı iki dəfə ayılıb, Rəbiyyəyə baxdı. Onun şirin-şirin yatmasına tamaşa etdi...
   Artıq, AZAN verilirdi. Nənə səhər namazını qılıb, adəti üzrə, Rəbiyyənin otağına tərəf yollandı. “Gözəl nəvəm, indi, nə çəkir, görən...” – deyərək, otağın qapısını açdı. Gördüklərinə inanmadı. Elə fəryad çəkdi ki, yer-göy lərzəyə gəldi. Rəbiyyənin cansız bədəni tavandan asılı vəziyyətdə önündəydi. O özünü asmışdı. Nənəsi onun ayaqlarını qucaqlayaraq, haray çəkə-çəkə ağladı. Səsinə qonşular gəldi. Hamı gördüklərindən dəhşətə gəlmişdi. Səadət ananın nəvəsi Rəbiyyənin ayaqlarına bərk-bərk sarılan əllərini cəsəddən güclə ayırdılar. Onun ölümünə səbəb olmuş qatil “ata” içkili vəziyyətdə evə gələndə artıq, Rəbiyyə yad çiyinlərdə son mənzilə yola salınaraq, dəfn olunmuşdu. Bacısı Nursel də gəlmişdi, onu ötürməyə. Sanki, ötən bu qısa zamanda Nursel qocalmışdı. Onu tanımaq belə olmurdu. Nakam anasının taleyi, elə bil, onun alın yazısında təkrarlanırdı. Rəbiyyə öz ölümü ilə, nənəsini bacısı Nurselə qovuşdurmuşdu. Yəqin ki, indi o çox xoşbəxt idi...
   Səadət ana iki qızının həyatını məhv edən oğlunu, bir az öncə torpağa tapşırılan Rəbiyyənin otağına gətirib, çəkdiyi dərdin alovlarında ürəyi yana-yana nifrətini dilə gətirdi:
-Bax, bu otaq, burada təməli qoyulan arzulara məzar oldu. Bir ailəni dağıtdın, onun parçalarının hər birini məzara göndərdin. İkisini torpaq altına gömdün, məni və bədbəxt Nurseli isə həyatın məzarlığında diri-diri basdırdın. Bu otaqda çəkildi, sənin eyş-işrətə acımadan xərclədiyin pullara qatılan vəsaiti sənə qazandıran tablolar. Rəbiyyəm, çox istedadlı idi. Amma bu otaqda çəkilən son tablonu görəndən sonra, nəvəmin istedadını unutdum. Bəli, unutdum. Bilirsən, niyə, çünki dediyim o tablonu HƏYAT ÇƏKMİŞDİ, öz fırçası ilə deyil. Bir QATİL “ATA” nın biganəliyinin, laqeydliyinin, verdiyi əzablarının rəngində çəkildi, o əsər! O əsər sənin əsərin idi. TAVANDAN ÖZÜNÜ ASAN KÖRPƏ BİR ÖVLADIN CANSIZ CİSMİNİN, QATİL “ATA” NIN ƏLİ İLƏ ÇƏKİLMİŞ TABLOSU İDİ!!! Deməli, ən böyük rəssam sənsən, Bəhruz, sən!!! İndi, sadəcə, bunu düşünürəm! Görən, sənin üçün, yaratdığın o əsərin dəyəri nə qədərdi?!! Nə qədər qiymət kəsərdin, onu satmaq üçün? De, susma, nə qədər istəyərdin?! Amma o “möhtəşəm əsərin” qiymətini elə, övladın öz körpə canı ilə ödəmişdi, sənə!!! Bəlkə, bu qazanc sənə, nəinki, bu dünyada, hətta o dünyada belə, bəs edər! Bir də unutma, bu dəfə ki, alıcın QARA TORPAQ oldu. O çəkdiyin “əsərini” aldı. Amma dəyərini sənə ödəmədi. Bilirsənmi, niyə? Məzar, çox ədalətli alıcıdı. Aldığı əsərin qiymətini, sənə, məhz, axirətdə çatdıracaq! Buna, heç bir zaman şübhən olmasın!
    Səadət ana əlində saxladığı, qızı qədər sevdiyi gəlini Nəzirənin və nəvəsi Rəbiyyənin qoxusunun əbədi hopduğu kiçik kağız parçasına köçən şəklə baxa-baxa, acı günlərini bir daha xatırladı. Artıq, Rəbiyyənin haqqa qovuşmasından, üç il keçmişdi. Onun yasını verdikdən sonra, evi tərk edərək, qohum-qonşunun köməyi ilə paytaxtda yerləşən “Qocalar evi” nə sığınmışdı. Burada hərə bir dərddə idi. Buranın sakinlərinin bir sirdaşı vardı, pəncərələrdən görünən yollar və gözlərinin dikildiyi qapılar...
    Səadət ananı burada hər kəs çox istəyirdi. Hətta, rəhbərlik bura gəldiyi gündən, nəvəsi Rəbiyyənin hər ildönümündə ananı onun ziyarətinə aparırdı. Yenə də o, səhəri səbrsizliklə gözləyirdi. Çünki, Rəbiyyənin sabah “atasının əli” ilə, otağında çəkilmiş “SON TABLO” sunun üçüncü ildönümü tamam olurdu...


                         Yaqut Hüseynova

                                  20 fevral 2016-cı il.