Tuesday, January 29, 2019

"MOLLA NƏSRƏDDİNİN YUXUSU" və yaxud "İŞIQLI QƏM İÇİNDƏ UYUYAN"


   Molla Nəsrəddin səksəkəli şəkildə yuxudan ayıldı. Oyanar-oyanmaz həyətə çıxdı. Artıq GÜNƏŞ də batırdı. Səma getdikcə qaranlıqlaşırdı. Bu mənzərəni AZAN səsi daha da əsrarəngiz edirdi. Həyətdəki nohurun kənarında əyləşib, fikirlər içində dərindən ah çəkdi. Yenidən GÜNƏŞİN BATIŞINI izləyərək, öz-özünə dedi:-“Hər zaman belədir, OYANDIĞIMIZ zaman, nədənsə həmişə GÜNƏŞİN BATIŞINI görürük...” Əlindəki əsasına söykəndi. Nohurun göz yaşı kimi dupduru suyuna qərq oldu, düşüncələri.
   
   Arvadı kənardan Mollanı görüb, yaxına gəldi. Yanında oturub, əlini Mollanın çiyninə qoydu. Və dedi:
   -Yenə nə olub, ay Molla, gəmilərin dəryadamı batıb? Elə bil yuxuda cin, şeytan görmüsən? Üzündəki bu nə ifadədi belə?
   -Deyirəm, ömrümün çoxunu yaşamışam. MİRZƏ CƏLİL ƏFƏNDİNİN mənimlə birgə yola çıxartdığı ulağımı hələ demirəm. O da yamanca qocalıb, əldən düşüb. Bəlkə də, dünya da, zaman da öz pis üzünə artıq bizi də bənzədib. Uzandıqca, uzanır ömrümüz. “ALLAHSIZ” adı ilə damğalandıq, fəqət ölmədik, hələ də yoldayıq. Offf, ay arvad, yenə də bir sözü qoyub, başqa sözə keçdim. Bəlkə də dinləyən yoxdur deyə, belə çox danışıram. Əslində, gizli-gizli dinləyən olduqca çox, sadəcə, bunu üzdə büruzə verən yoxdur...
   
    Həəə, cin, şeytan görməmişəm. Bir də ki, indi İNSAN var ki, cini, şeytanı yuxuda görək, ya da dini kitablardan tanıyaq?! Yadındadı, “KİMSƏLİ KİMSƏZSİZLƏR” və “ALLAH DA İNSAN AXTARIR!” adlı söhbətlərimdə əsl kimsəsizi axtarmağım?... Hər iki söhbətimdə fərqli sonluğum vardı. Fəqət, yuxudan ayılandan sonra, daha çox anladım ki, həqiqi kimsəsiz YADILAN YOX, YARADANDI!!!
   -Ay Molla, çox qəliz adamsaneee, heç nə anlaya bilmədim, danışdıqlarından. Konkret danış görüm, nədir, söyləmək istədiklərin?- deyərək, Mollanın arvadı gileyləndi.

   
   Molla Nəsrəddin isə acı-acı gülümsədi və sözünə qaldığı yerdən davam etdi:
   -Rəhmətlik nənəm deyirdi ki, yuxuda QƏBR görmək, insanın günahlarının bağışlanması üçün göstərdiyi səyə işarədir. Bax, bu maraqlı məqamdır- GÖSTƏRDİYİ SƏYƏ... Həəə, bu kəlməmi yadında möhkəm saxla, çox güman ki, dərdimi, yuxumu danışıb bitirəndən sonra, sözümün tamamını, məhz bu fikrimə bağlayacam.
   Yuxuda görürəm ki, bir qəbiristanlıqdayam. Məzarlara nəzər salıram. Bilinir ki, hər bir məzarın KİMSƏSİ var. Üstünə qoyulan çiçəklərdən belə doğmaların ətri gəlir. Özün bilirsən ki, qəbristanlıqdan qorxmuram. Çünki “ÖLÜLƏR” in içində yaşa dolmuşam. Amma nədənsə, bu dəfə içimə bir vahimə doldu. Bu vahimə, qorxunun yaratdığı deyildi. O, BİGANƏLİYİN, DÜNƏNƏ XƏYANƏTİN ürəyimə gətirdiyi bir sızıltı idi. Yavaş-yavaş bir məzara tərəf addımladım. Desəm, bəlkə də, inanmayacaqsan. Elə bil mən O MƏZARA sarı getmirdim. O MƏZAR mənə doğru irəliləyirdi. Nəhayət, yaxınlaşdım. Gördüyüm mənzərəni təsvir etmək belə mümkün deyil. Ən gözəl, ən uca, ən ülvi kəlmələri bir yerə toplamağa çalışdıqca, fikirlərim yenə də cəmlənmirdi. Ani olaraq, gülümsədim. Və öz-özümə:-“HƏQİQİ VƏTƏN SEVGİSİ və ƏSL VƏTƏNDAŞIN təsviriylə tərənnümü qarşısında sözlər də acizdir. ONLARIN varlığı da, tarixdə qoyduğu İZLƏRİ də, hətta məzardakı İNİLTİSİ də, elə VƏTƏNİN ÖZÜDÜR! Bəli, VƏTƏNİN ÖZÜ!!!"-dedim. 
   
   Tarixçi Nasiman Yaqublunun MƏMMƏD ƏMİN RƏSULZADƏ haqqında yazdığı kitabın ilk səhifəsindəki “YADDAŞ İŞIĞINDA” adlı yazının sətirlərini xatırladım. Həmin sətirlər, M.Ə.Rəsulzadənin anadan olmasının 70-ci il dönümü münasibətilə dostu CƏFƏR KRIMƏRİN ona yazdığı məktubdandı. Məktubda deyilir:-“Bir gün həyatını yazacaq bəxtli bir TÜRK GƏNCİ, yaxud da şəxsiyyətinizi canlandıracaq bir TÜRK SƏNƏTKARI, ömrünüzün hər dövrünü qavrayıb anladıqca “nə şərəflidir mənə ki, bu yaşamağa dəyər səhifələri canlandırıram”-deyə, sevinəcəkdir, bunların əsərlərini oxuyan və ya seyr edənlər də SİZİ daima sonsuz məhəbbət, hörmət və rəhmətlə anacaqdırlar.”
   Kitabı qələmə alan bu məktuba gözəl ad seçib-“YADDAŞ İŞIĞINDA”... Təəssüf ki, “QARANLIQDA İŞIQLAR” ın nurunu dərk etməyənlərin “yaddaşı” hara, YADDAŞ İŞIĞI HARA... Nədənsə, hər zaman əli zorluların, əli qılınclıların yaddaşı tarixin qaranlıq künclərinə məhkum etdiyi YAD DAŞLARIN qırıntılarından ibarətdir!!!
   Hər bu kitabı vərəqləyəndə çox, çox sevinirəm. Sevinirəm ki, nə yaxşı ki, bu sətirlər var. “Nə şərəflidir ki, mənə...” kəlməsi, gördüyüm yuxunun təsiri ilə mənə bəzi fərqli görüntüləri də xatırlatdı. Ay arvad, həmin görüntüləri, bəndlərə, bax, belə bölmüşəm. Qulaq as, sadalayım, həm də izahlarıyla. Deməli, belə...
   
   BİRİNCİ BƏND:- O DAHİ ŞƏXSİYYƏTİN ADI qalaq-qalaq kitablara deyil, 1993-2006-cı illərdə respublikamızda dövriyyədə olmuş 1000 manatlıq pul əskinazının üzərinə həkk edildi. Bilirəm, deyəcəksiniz ki, çoxlarının pul vahidi üzərində rəsmi var. Bəli, razıyam, var. Amma qoyulan hörmətlər tam fərlidir. MƏMMƏD ƏMİN RƏSULZADƏ DÜHASI el arasında 1000 manatlıq “məmməd” ə qədər kiçildildi!!!
   
   BƏND İKİ:- 2000-ci ildə Ağcabədidən, 2012-ci ildə Sabirabaddan büstü, 2007-ci ildə isə Ağsuda ucaldılan heykəli götürüldü.
   
   ÜÇÜNCÜ BƏND:- 2007-ci ildə KUKLA TEATRI önündə M.Ə.Rəsulzadənin abidəsinin ucaldılacağı haqda məlumatın əks olunduğu lövhə götürülərək, yerində fəvvarə yaradıldı. Əslində, vallah, düz ediblər də, abidə nəyə lazımdır ki, fəvvarə yaxşıdır. Çünki nənəmin diliylə desəm, hökmətə hər fəsildə sərinləmək daha çox lazım olur!!!
   
   
   Pay atonnan, bəndləri sadaladıqca, elə mükəmməl yönləri görürsən ki, maraq adamı bürüyür. 2011-ci ildə isə ONUN Qobustandakı heykəli götürülüb, arxivə verildi. Ən “gözəl”, ən “mükəmməl” yanaşmadır, bu addım. Deyirəm, yaxşı ki, Qobustan qayalarındakı şəkil kimi təqdim edilməyib, gələn turistlərə!!! Heykəli arxivə vermək... Vallah, ayrıca özü də tədqiqatlarla işlənməli mövzudur. ARXİVDƏKİ HEYKƏL və yaxud HEYKƏLLƏŞƏN ARXİV!!! Keçim növbəti bəndə...
   
   Ən gözəl bəndə gəlib yetişdim. BEŞİNCİ BƏNDƏ... Əslində, bəndlərin daha möhtəşəmini sona saxlamışam. Deməli, 2012-ci ildə Tərtərdə büstü götürülərək, yerində təzə-tər YAP binası tikildi. ƏHSƏN, min ƏHSƏN!!! Bizə tarix yoxeee, YAD DAŞLARDAN tikilən bəzəkli binalar lazımdır!!! Çox, çox sevdim, bu bəndi!!!
    
   Deyirlər, 6 şeytan rəqəmidir. Amma ALTINCI BƏNDƏ şeytan köpəkoğlu ani nəzər salsa, özü belə çaşıb qalar ki, “məni geridə qoyanlar da varmış...” İkiayaqlılardan öyrənəcəyi hələ çox şey var, şeytanın da, əcinənin də, cinin də. Altı nədənsə, 28 rəqəmində dayandı. Əslində, 28 may metrosunda. 2013-cü ildə həmin metroda aparılan təmir-tikinti işləri zamanı, M.Ə.Rəsulzadənin metronun divarındakı mozaik şəkli MOZALANLARIN siyası KOSMETİKASIYLA qəşəngcə “makiaj” olundu!!!
   
   Gəlib çatdıq, YEDDİYƏ, müqəddəs rəqəmə. Bu bənd də öz “müqəddəs” liyi ilə xüsusi fərqlənir. “Büstü, heykəli götürülüb” ü başa düşdük, amma danışacağım addımı heç cür qavraya bilmirəm. Məşədi İbad demişkən, “tarixi-nadiri yarıya qədər oxumuşam”, amma beynimə çatmır ki, abidə hasarlanıb, yaxud da başına torba keçirilib. Ən böyük həqiqət odur ki, ONUN beynlərdə, ürəklərdə ucaltdığı sevgini nə hasarlamağa, nə dağıtmağa, nə də kökündən silməyə kimsənin gücü yetməz! Bir də danılmaz həqiqət odur ki, kimi DİRİ İKƏN ÖLÜR, KİMİ DƏ ölərkən belə RUHLARDA BİR DAHA ƏBƏDİYYƏN DİRİLİR!!!
   
   BƏND SƏKKİZ:- Gəlib çatmaq istəmədiyim bənddi bu. 1999-cu ildə Bakı Dövlət Universitetindən M.Ə.Rəsulzadənin büstü götürülərək, adı silindi. Bir zamanlar, BÖYÜK ŞƏXSİYYƏTİN adını daşıyan Bakı Dövlət Universitetinin-bu böyük elm ocağının tüstüsünün istiqaməti də dəyişdirildi. Hər dəfə xitablarında gənclərə dönə-dönə SƏSLƏNƏNİN adı yox edildi. Yuxuda bu fikirlərlə addımlayırdım ki, birdən qarşıma bir LOQO çıxdı. Loqo bir liseyə məxsus idi. Sadə, amma çox gözəl idi. Təsəvvür et. Sənin üçün həmin loqonu təsvir edəcəm. Bir gənc əlində çanta pillələrlə irəliyə doğru addımlayır. Pillələri doğan GÜNƏŞİN ŞƏFƏQLƏRİ bürüyüb. Bu görüntü olduqca dərin ifadəni özündə təcəssüm etdirir.
  

   
   Bax, haqqında danışdığım loqo, 1993-cü ildə yaradılan MƏMMƏD ƏMİN RƏSULZADƏ adına ANADOLU LİSEYİDİR. Təhsil ocağı barəsində hər şeyi araşdırdım. İnternet səhifəsindəki bölmələrə qədər incələdim. Amac və məramını dönə-dönə çək-çevir etdim. Məni sevindirən məqam, bilirsən. Nə oldu?
   -Nə, ay Molla, söylə, eşidirəm... – deyərək, Mollanın arvadı sakitcə onu dinləməyə davam etdi.
   
   -Səhifədə DAHİ ÖNDƏR haqda hər şey, ən çox da ONUN GƏNCLƏRƏ etdiyi XİTAB yer alıb. Həqiqətən, çox qürurvericidir. Bu da mənim YUXUM. Bu yerdə, ƏZİZ NESİNİN bir sözünü xatırlamaq lap yerinə düşər. O deyirdi:-“Bir gün məmləkətin yanağına öpücük, baş ucuna da bir not burakıp gideceğim: Öylə güzel uyuyordun ki, UYANDIRMAYA KIYAMADIM.”
   
   VAQİF SƏMƏDOĞLU isə yazırdı:

İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm!


   DOĞUM GÜNÜNÜ, məhz bu misralarla təbrik etmək istəyirəm, EY BÖYÜK AZƏRBAYCANLI!!!


   135 yaşın MÜBARƏK, İŞIQLI QƏM İÇİNDƏ UYUYAN MƏMMƏD ƏMİN RƏSULZADƏ!!!





                                       
                        
                                           DƏRİN SEVGİLƏRLƏ,
                                                                                 

                                                                               Yaqut VAFİQQIZI











Thursday, January 17, 2019

"37-də GÖRÜŞƏNƏDƏK..."


                                      
                                        DOĞUM GÜNÜMƏ...   19 yanvar 1983-cü il... 

   -Günaydın, TANRIMA şükürlər olsun... Daha bir yeni sabahda görüşdüm, SƏNİNLƏ... Bilirsən, bu gün nədənsə, həmişəkindən daha, daha kövrəyəm. Təsəvvür edə bilməzsən, deməyəcəm, SƏNƏ. Çünki bunu məndən yaxşı bilirsən. Nə olub, niyə susmusan?! Salamıma belə cavab vermədin. Deyəsən, burada haqsızlıq etdim, SƏNƏ. Əslində, cavab verdin. Sadəcə, bir gülümsəmənlə. Deyirəm, bəlkə də, ona görə susmusan ki, bu gün, yalnız mən danışım. Səndən, məndən yox, BİZDƏN nəql edim, elə özümüzə. Onsuz da nə eşidən var, nə də dinləmək istəyən...
   -Bilirsən, nə istəyirəm...
   -Yenə, niyə, gülürsən, niyə? Əslində, bilirəm, niyə... “Bilirsən, nə istəyirəm...” lərimin sonu bitməyəcək, bu gün də həmişə olduğu kimi. 
   Havaya bax, şaxta qılınc kimi kəsir. Bizsə çox, çox sevdiyimiz yerdəyik. 
   “DAĞÜSTÜ PARKDA”... Körpə XOCALININ önündə... O körpə ki, oyuncaqlarına günahsız qanı rəng oldu!
   Bilirsən, səni, niyə çox sevirəm? Çünki dünyamın tamamısan. Bütün yarınlarım; həyatın, sevdiklərimin və ömrümü belə fəda etdiklərimin paramparça etdiyi tikələrim SƏNDƏ yenidən əvvəlki halına qayıdır, yenidən bütünləşir, yenidən tamamlanır. Bəlkə də ƏSL SEVGİLİ belə olur. Hər an belə sevdiyinin harada dayanacağını öncədən hiss etmək, onunla birgə düşüncələrdə birləşməkdir, SEVGİ... 
   “FƏRİZƏ və İLHAM” ın məzarı qarşısında birgə dayandıq. Amma bu birinci dəfə idi ki, gözlərimi gözlərindən qaçırtdım. Bilirsən, niyə?! Baxışlarımın sonu bilinməyən hekayətini sətir-sətir duymayasan deyə... Əlimdəki qərənfillərə baxdım. Nədənsə, bu çiçəklərə hər dəfə baxanda, yalnız və yalnız bir şeiri xatırlayıram, bu gülə nə qədər şeirlər yazılsa belə... “XAN QIZI” nın “QƏRƏNFİL” ətirli sətirlərini... 
   Yenə bilirsən, nə istəyirəm? Mən hər bu kəlməni deyəndə, SƏNİN üzümə baxıb, gülməyini çox, çox sevirəm. Çünki bu gülümsəmə adi bir gülüş deyil. DÜŞÜNƏN və DÜŞÜNDÜRƏN gülüşün, təbəssümün səadətini hər sevgili yaşamır. Deməli, ən xoşbəxt sevgiliyəm. Çünki SƏN məndəsən, RUHUMDASAN. 
   -Həəə, harda qalmışdım, İSTƏKLƏRİMDƏ...
   Bir bax, ətrafa... “DAĞÜSTÜ PARK” dan mavi gözlü XƏZƏR necə də möhtəşəm görünür. Bir gün SƏNİNLƏ ən unudulmaz görüşümü, məhz GÖYÇƏ gölünün sahilində yaşayacağıma adım kimi əminəm. Bəli, əminəm! Mənə hədiyyə etdiyin çox sevdiyim SARI GÜLLƏR və QƏRƏNFİLLƏRLƏ NATƏVANIN məzarını SƏNİNLƏ birlikdə bəzəyəcəm. İndisə, ƏN ALİ İSTƏYİMİ demək istəyirəm, SƏNƏ... “ƏSRİ” dəki BÖYÜK AZƏRBAYCANLININ doğum gününə ŞUŞANIN çəmənliklərindən yığdığım XARI BÜLBÜLLƏRİ hədiyyə edim!!! 
   Gözlərim doldu. İlk dəfədir ki, SƏNİN bütün varlığınla “AMİN” dediyini görürəm...
   -Bilirsən, nəyi xatırladım?
   -Tələbəliyimin ilk ayını (2002) ... Verdiyim bir müsahibədən SƏNİN ADININ silindiyi anı!...
   Naxçıvan MR-in ALİ MƏCLİSİNİN mətbu orqanı olan “ŞƏRQ QAPISI” qəzetinin redaksiyasında jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün dəyirmi masa keçirilirdi. Verdiyimiz müsahibə qəzetdə dərc olundu. Yazını oxuyanda dəli oldum. Müsahibəmdə tək SƏNİN adını çəkmişdim, tək SƏNİN. Amma başqa bir isim qeyd olunmuşdu. Dərsdən sonra qəzeti götürüb, mərhum redaktor Məmməd Məmmədovun yanına getdim. Bəlkə də kimsə inanmayacaq. Qəzeti ütünə çırpdım. Arxamca:-“Səni universitetdən çıxartdıracam.” deyərək, qışqırdı... Məni heç nə qorxutmurdu. Təkcə ATAMA (yatdığı torpağa qurban olaram) nə deyəcəyimdən qorxurdum. Fəqət, rahat idim. Çünki SÖZÜMÜ demişdim!!!
   Aylar ötdü. Üçüncü kursda oxuyurdum. “QARANLIQDA IŞIQLAR” adlı yazım Naxçıvan şəhər İH-nin mətbu orqanında dərc olunmuşdu. Dərsdəydim. Dekanlıqdan adam gəldi ki, “Yaquta icazə verin, “ŞƏRQ QAPISI” na çağırıblar.” Redaksiyaya getdim. Məmməd Məmmədov:-“Qəzeti çırpan qız, buyur” dedi. 
   “QARANLIQDA İŞIQLAR” ın qəzetdə çıxacağını söylədi...
   
   SƏNİ SEVİRƏM, SEVİRƏM... 
   
   37-də yenidən, görüşənədək,mənim SEVİMLİ KAİNATIM- 

                                                                                  M O L L A    N Ə S R Ə D D İ N İ M!!!

   


                                                        
                                                               Sevgilərlə,    Yaqut Hüseynova VAFİQQIZI 




Wednesday, September 19, 2018

"VƏTƏNƏ SARI"

MƏHƏMMƏD HADİ bir misrasında deyirdi:-"Doğulduğum torpaq, mənə yadi-VƏTƏNDİR..."


Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Torpaqdan VƏTƏNİN ətri gəlmədi!
Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Beş yaşlı XOCALI susdu, gülmədi!


Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Ayağım getsə də, RUHUM bir QƏRİB!
Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Ətrafın tıkanlı məftillər sarıb.


Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Palmalar bəzəmiş təbiətini.
Hər yeni yaşıllıq, bil ki, verməyir,
Bir XARI BÜLBÜLÜN təravətini!


Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Arxamca səsləndi, MƏHƏMMƏD HADİ...
Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Sevgisi qəlbimdə, sanki YARADI!


Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Eşqinin şərhini verib ŞƏHRİYAR!
Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Düşüncəm dolaşdı, həm diyar-diyar.


Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Babəkin BİR GÜNÜ qırx ildən uca!
Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Onunla var olum, canım çıxınca!


Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Yadlaşan VƏTƏNDƏ doğmaya dönək!
Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Odunda alışıb, külündə sönək!


Üz tutmaq istədim, VƏTƏNƏ sarı,
Bürüdü içimi...
İTİRMƏK qorxusu, İTMƏK QORXUSU!!!
Üz tutdum, "ƏSRİ" də mən ONA sarı,
Doldu ürəyimə, VƏTƏN QOXUSU!!!


                                           
                                                        Yaqut Hüseynova




                                                      

Saturday, September 1, 2018

"BİR QAŞIQ SU"



Ətrafı cahillə dolu olarsa,
BİR QAŞIQ SUDA da boğular, İNSAN!
GÖYÜN aqıbəti yerə qalarsa,
ÜMİDLƏR öləndə, İNAD DOĞULAR!!!...



                                                   
                                                              Yaqut Hüseynova









"BAXDIM Kİ, TANRI DA İNSAN AXTARIR..."




Mən İNSAN aradım, görüm necədi,
Ruhuyla irqinin fərqi varmıdı?!
Mən İNSAN aradım, görüm necədi,
Varlığı dünyanı qəlbən sardımı?!


Mən İNSAN aradım, görüm necədi,
Ətrafı bürüyüb iki ayaqlı!
Mən İNSAN aradım, görüm necədi,
Gözdəki baxışlar yalan, boyaqlı!


Mən İNSAN aradım, görüm necədi,
Əlləri görmədim, tuta bir əli.
Mən İNSAN aradım, görüm necədi,
Sevgini dərk edən adlandı, "DƏLİ" !


Mən İNSAN aradım, görüm necədi,
Dörd KİTAB dayandı, qarşımda mənim.
Mən İNSAN aradım, görüm necədi,
Çoxu tənhalığa dedi, MƏSKƏNİM!!!


Mən İNSAN aradım, görüm necədi,
Nəfəslər üşütdü, buzları belə...
Mən İNSAN aradım, görüm necədi,
Ən gözəl hisslər də köç etmiş dilə...


Mən İNSAN aradım, görüm necədi,
"İBLİS" dən söyləndi, CAVİD əfəndi.
Mən İNSAN aradım, görüm necədi,
Canlandı gözümdə "DANABAŞ KƏNDİ"...


Mən İNSAN aradım, görüm necədi,
"ÖLÜLƏR" dirildi, İSGƏNDƏR susdu.
Mən İNSAN aradım, görüm necədi,
XOCALI, İRƏVAN, GÖYÇƏ QAN QUSDU.


Mən İNSAN aradım, görüm necədi,
"ALLAHSIZ" damğası göstərdi yolu.
Mən İNSAN aradım, görüm necədi,
İsimlər oxundu, qandaldı qolu!


Mən İNSAN aradım, görüm necədi,
Tapmadı, CİBRANIN "PEYĞƏMBƏR" i də.
Mən İNSAN aradım, görüm necədi,
"SƏMAYA QAYIDAN YAZI" izində.


Mən İNSAN aradım, görüm necədi,
"HÜDUDSUZ" kitabın aldım əlimə.
Mən İNSAN aradım, görüm necədi,
"-BƏS NİYƏ???" sualı gəldi, dilimə.


Mən İNSAN aradım, görüm necədi,
"ƏSRİ" də UYUYAN VƏTƏN axtarır!
Mən İNSAN aradım, görüm necədi,
Baxdım ki, TANRI da İNSAN axtarır!!!
Baxdım ki, TANRI da İNSAN axtarır!!!



                                                               

                                                                Yaqut Hüseynova




Sunday, August 5, 2018

"KOSMETİKA və yaxud MOZALANLAR"




   "-Deyirem, ay arvad, kosmetik vasitələrdən qadınlar bilmirəm, gözəlləşmək üçün istifadə edir, yoxsa çirkinliyin gizlətmək üçün... Sən yaxşı bilərsən, dəqiq cavab tapa bilmirəm. Çaşıb qalmışam. 

   -Nə olub, ay Molla, indi də kosmetika ilə maraqlanırsan? Nəyinə lazım, axı, bu sual?! Lap qəribə adamsaneee... 
   -Yox, ay arvad, nə danışırsan... Mənim maraqlandığım başqa "kosmetika" dı. Məşədi İbad demişkən, "tarixi-nadiri yarıya qədər oxumuşam, amma bu "kosmetika" ya bir ad verə bilmirəm ki, hansı "brend"ə məxsusdur. Yox edilmiş mozaik şəkil mənə bunu xatırlatdı. Əslində, edilənlər "MOZALAN" sərgüzəştləri kimi dayandı, gözlərimin önündə. Fərq də qəribə idi, bənzətməm də. Qəfildən Dollar yadıma düşdü. Nənəm demiş, ay arvad, elə bil başıma od töküldü. Dolların adı pul eskinazında olsa da, onu deyəndə, milliyyətindən asılı olmayaraq, imtanosiyada da özünəməxsus bir səsləniş var. Amma... Amma deyirəm, pul eskinazlarımız dəyişilsə də, yeni eskinaz adları, təəsssüf ki, çox beynlərdə elə "məmməd" qalıb. Bəli, "məmməd"!!! Lap uşaqlığım yadıma düşdü. Kəndimizdə, məhləmizdə Məmməd adlı birini çağıranda, müraciətdə belə bir hörmət vardı. Fəqət, DAHİ BİR DÜHANIN ÜRƏKLƏRDƏ ƏBƏDİYYƏTƏ QOVUŞAN ADI VƏ SOYADI beynlərə "MOZALAN" lar tərəfindən sadəcə "məmməd" kimi həkk edilməyə məhkum edildi. 
   Yenə də hardan-hara gəldim. Dilxorluğum fikrimi qarışdırdı. Yadınızdadırsa, bir söhbətimdə "Köhnəlmiş çarıx" larımdan danışmışdım. Məhz o çarıxlarımla qoca vaxtımda metroda addımlaya-addımlaya O BÖYÜK TARİXİ ŞƏXSİYYƏTİN mozaik şəklini axtardım. Divara elə üzlük çəkilmişdi ki, baxan deyərdi ki, divar əzəldən belə olub. Nə şəkil? Nə vaxtsa burada mozaik şəkil olub?! "QƏTİYYƏN!" Bir az da acı-acı gülümsədim. Deyirəm, dünyanın ən istedadlı və nənəm demiş, ən sanballı arxieoloqları gəlsə də 28 may metrosundakı MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN mozaik şəklinin izlərin axtarıb tapa bilməz. ƏSL KOSMETİKA, BAX, budur!!!





                                                                       Yaqut Hüseynova





Monday, April 23, 2018

"ZORLANMIŞ QIZIN DÜNƏNİ" (hekayə)

   Jurnalist-yazar Yaqut VAFİQQIZININ "ZORLANMIŞ QIZIN DÜNƏNİ" adlı hekayəsi çox yaxında saytlarda yayımlanacaq. Hekayə VİCDANSIZLIĞA vurulan ÖLÜMCÜL SİLLƏ olacaq...