Tuesday, February 28, 2012
" ANAMI VƏ SADİQİ XATIRLADAN TƏQVİM ... "
" Üçrəngli bayrağımızı biz , Qarabağda göylərə əbədi
ucaldacağıq ! " Bu kəlmələr onun qəlbinin döyüntüsüydü .
Hərbiçi olmaq , Vətənə layiqincə xidmət etmək ən böyük
arzusuydu . Hələ məktəbdə oxuduğu illərdə ibtidai hərbi
hazırlıq dərsinə böyük həvəs və məsuliyyətlə yanaşar ,
müəllimindən hərbi incəlikləri , xüsusən silahların " dilini "
öyrənməyə səy göstərərdi . Təbiətcə sakit olsa da çox
çılğın idi Sadiq . Yaşasaydı martın biri 22 yaşı olacaqdı .
Sadiq ailəmizin sonbeşiyi , yeganə qardaşımız idi . Zəhməti
çox sevirdi . Yaxşı yadımdadır , ailəmizin ən çətin
məqamlarında yaşının az olmasına baxmayaraq ,
işləyərək atama kömək edərdi . Öz dünyası vardı . Şirin
arzulardan qurduğu gözəl bir dünyası . İdmanla məşğul
olurdu . Arzuları sonsuz idi . Həmişə deyirdi ki , hərbi
xidməti yerinə yetirdikdən sonra Məşhədə ziyarətə
gedəcək , bacım Lamiyyəni də özüylə aparacaq ... "
Ləman qardaşını xatırlaya - xatırlaya qəhərə qərq oldu .
Gözlərindən süzülən damlalar kədərdən bir anlıq donmuş
dodaqlarındakı ürək yanğısını tamamladı . Köks ötürərək
sözünə yenidən davam etdi :
- " 2009 - cu il ailəmizə iki böyük itkini yaşatdı . Öncə
anamı iyun ayının 29 - zu itirdik . Qardaşım Sadiq yasın
üçüncü gününə yetişə bildi , onun qəfil ölümüylə barışa
bilmirdi . Yaralı quş tək çırpınırdı .
Sadiqin əsgərliyə getdiyi günü xatırlayıram . 2007 - cı
il aprelin biri onu hərbi xidmətə yola saldıq , çox
sevinirdi . Arzusu cəbhə bölgəsində xidmət etmək idi .
Atalar yaxşı deyib : " Niyyətin hara , mənzilin ora . "
Tez - tez komandirindən təşəkkür məktubları alırdıq . Kiçik
çavuş idi . Anamın qırxından 25 gün keçmişdi . Qəlbimiz
əzablar içində göynəsə də bizi bir ümid , bir sevinc
yaşadırdı . Sadiqin hərbi xidmətini bitirib yanımıza
qayıtmasını səbirsizliklə gözləyirdik . Sayılı günlər qalmışdı .
Hər gün təqvimdən bir yarpaq düşürdü . Anam Sadiq
gedən gündən təqvimin ötən hər gününü qeyd edirdi .
Amma amansız ölüm bu təqvimin tamamlanmasına
imkan vermədi . Bu gün həmin təqvim anamdan bizə
qalmış acı xatırələrimizdəndir . 2009 - cu il sentyabrın
5 - iydi . Qardaşımın gəlməyinə 25 gün qalmışdı . Sadiqin yerinə
qapımızı onun ölüm xəbəri döydü . O Ağdamın Yusifcanlı
kəndində şəhid oldu . İndi anamla birlikdə Şirvan şəhər
qəbiristanlığında uyuyur . "
Tanrının yanında şəhidlər diri ,
Vətənçin ölənə - ölü deyilməz !
Onların yatdığı torpaq , and yeri ,
VƏTƏNçin ÖLƏNƏ - ÖLÜ DEYİLMƏZ !
Şəhidlər ölmür . Atayev Sadiq Seyfi oğlunun adı VƏTƏN
tarixinin şanlı səhifələrinin birində əbədi yaddaşlara köçdü .
ALLAH cəmi ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN !
YAQUT HÜSEYNOVA
Subscribe to:
Posts (Atom)