Saturday, August 22, 2015

" DAŞLARI FƏRQLİ BÜNÖVRƏ "


  UNUDA BİLMƏDİK bu iki sözü !.. Beləcə haçalandı yolumuz . Özümüzdən ayrı düşdük. Pərən-pərən oldu varlığımız. UNUDA BİLMƏDİK !.. Bu qədərmi aciz olduq , bu İKİ MƏFHUMUN əlində ?! Bu qədərmi dəyərsiz idi duyğularımız, hisslərimiz, paylaşdıqlarımız ?! İlk addımdan SƏNİ və MƏNİ tanıdıq . Sonunda  " BİZ " vəhdətimizi təzahür etmədi. Özümüzü "BİZ" adlı dünya qurduğumuza inandırdıq. Amma xəyallarımızda , arzularımızda, əməllərimizdə belə bu dünyanın mövcudluğunu görmədik . Bəzən yol eyni olur , amma istiqamət fərqli . İnsanları bir-birindən uzaqlaşdıran ya QÜRURU , ya da FƏQLİ DÜNYAGÖRÜŞLƏRİ OLUR...
  UNUTDUQ ki , daşları fərqli olan bünövrə bir gün mütləq məhvə məhkumdur !


                                                               YAQUT HÜSEYNOVA

Tuesday, August 11, 2015

“ YUXU SEVDAMIZ “


   -Deyəsən, yorulmusan, gör nə qədər yol gəlmişik. Ünvana yetməyimizə hələ çox qalıb. Hava da çox istidi. Lap əldən düşdün. Gəl, bir az dincələk. Bax, nə gözəl kölgəlikdi. 
  Molla Nəsrəddin ulaqdan düşüb yol kənarındakı ağacların kölgəsinə çəkildi. Xurcununa dirsəklənib yenə də özüylə söhbətə başladı:

  - “ Deyirəm, qəribə zamandı. Adamları da qəribələşib. Adamları bir yana, həyata yanaşma və baxışlar da yamanca “müasirləşib“ . Günümüzün problemləri, dərdləri də “avropasayağı“ don geyinib. Bilmirsən, hansından danışasan, hansından həmyerlilərim DANABAŞ kəndinin əhli kimi Həzrət Abbasa məktub yazıb çaya atasan ki, çarəsin bəlkə tapa. Eh, dünya, yazıq neyləsin. Elə hey onu günahlandırırıq, adına min söz deyirik. Daha etiraf etmirik ki, Adəm oğlu adını binəva dünyanın alnına yazır, “ - deyərək, Molla xurcununu açdı. Yol azuqəsini torpağın üstünə sərdiyi kiçik süfrəsinə yığdı. Həm özü yedi, həm də ulağını yemlədi. Sonra “ əlhəmdulillah “ deyib, xurcunundakı kitabları çıxartdı. Dərindən köks ötürərək kitabları vərəqləyə - vərəqləyə sözünə davam etdi:

  -Kitab vərəqləyərkən belə insan nə qədər mənən rahatlaşır. Ruhu dinclik tapır. Hətta səhifələri bir-bir çevirdikcə kitabın özünəməxsus qoxusu beynimizdəki nə qədər təlatümü yatırdır. Mütaliə etmək gözəldir. Amma hər ruh, hər ürək, hər beyn mütaliənin ağuşuna sığınmır. Kitab oxumaqla əqlini qüvvətləndirmir, dünyagörüşünü sərhədsiz etmir. Unudur ki, mütaliənin mənəvi tərəfləri bir yana, onun səhhətimizə, psixalogiyamıza əvəzsiz müsbət təsirləri var. “Avropalaşan “ cəmiyyətimizin bir daha yadına dönə-dönə salmaq istəyirəm ki, Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün ən əlverişli məqam hesab olunur. Bizdə isə istirahət mövsümü əylənmək və gəzmək üçün ən münbit zamandı!!!

  Bu bir yana “ Avropalaşan “ cəmiyyətimizin böyük əksəriyyəti bu gün kitabxana yollarını tanımağı geridəqalmışlıq kimi qiymətləndirir. İnternet var, neynirik, kitabxana qapısın döyüb, rəflərdən oxumaq istədiyimiz kitabı axtararaq vaxt itirək. Təəssüf ki, bu iyrənc düşüncədə olanlar dərk etmirlər ki, kitabxana rəflərindən kitab seçmək, oxu zallarında kitab oxumaq, qeydlər etmək mütaliənin mahiyyətindəki ülvi duyğunu daha dərindən qavramağa zəmin yaradır. O ƏL ŞİKƏSTDİR Kİ, ömründə bir dəfə də olsun KİTAB VƏRƏQLƏMƏYİB! O GÖZLƏR KORDUR Kİ, KİTAB SƏTİRLƏRİYLƏ İŞIQLANMAYIB!


  Bir məqama da fikrimi deyim, bəlkə az da olsa rahatlıq tapam. Vallah, hansı qapını açdımsa, o evlərin çoxunda yalnız və yalnız bir kitabı gördüm. “YUXUYOZMALAR“ ... Marağıma səbəb oldu. Bilmədim faciəmizə ağlayım, yoxsa “müasirləşsək“ də cəhalətimizə acıyaraq gülüm!.. Günlərlə açdığım qapılarda gördüyüm eyniliyin səbəbin axtarmağa çalışdım. Bir deyim də deyildiyi kimi, fikrim bir yerə, gümanım min yerə getdi. Yuxu haqqında elmi məlumatları, aforizmləri birər-birər oxudum. İki aforizm çox diqqətimi çəkdi. Onların üzərində dayanaraq çözümlərə yol açdım. Kəlamlardan biri Mustafa Kamal Atatürkə məxsus idi. O deyirdi:-“ Uyuyan millətlər ya ölür , ya da kölə olur. “ Başqa bir aforizmdə isə vurğulanırdı ki:-“ Yatanı oyatmaq asan, mürgüləyən isə heç vaxt oyanmaz, oyansa da niyə oyandığını anlamaz. “ Artıq çözümü daha aydın görmək mümkündür. YATMAQ və MÜRGÜLƏMƏK bu günə qədər yaşadıqlarımızın yeganə səbəbi! Yata-yata, mürgüləyə-mürgüləyə haçalandı bütövlüyümüz! Bir an da bitmədi yuxu sevdamız. Çox vaxt gözlərimiz yuxudan ayılsa da, RUHUMUZ elə hey mürgülədi! O qədər özümüzə, varlığımıza biganələşdik ki, BÖLÜNDÜYÜMÜZ TİKƏLƏRİN AĞRISINI BELƏ DUYMADIQ! GET-GEDƏ YADLAŞDIQ ÖZÜMÜZƏ!

  Zaman keçdikcə, əsrlər ötdükcə bitmədi, tükənmədi yuxu sevdamız. Daha da şırınləşdi yuxumuz, qulaq batıran səs-küyün içində belə! O qədər şirinləşdi ki, “YUXUYOZMALAR“ müqəddəs kitabımıza döndü ...



                                                  
                                Yaqut Hüseynova



Monday, August 10, 2015

"AVROPALAŞMAQ " yazıldı .

   Şərqdə dünyaya göz açdı . Beşiyi oldu ŞƏRQ . Burda iməklədi , burdan ilk addımının səsi YER ÜZÜNƏ yayıldı . Yıxıla - yıxıla böyüdü . Amma hər dəfə əlindən tutub qaldıran , özünə sarı addımbaadım aparan məhz QƏRB oldu . Beşiyi Şərq olsa da , Qərb onu özününküləşdirdi . Qərbdə " vətəndaşlıq hüququ " əldə etdi . Zaman keçdikcə vətəni - ŞƏRQ unuduldu , " vətəndaşı " olduğu QƏRB tanındı . Və onun kimliyinə beşiyində verilən adı " QƏDİM SİVİLİZASİYA " deyil , "AVROPALAŞMAQ " , " MÜASİRLƏŞMƏK " yazıldı !!!
   Amma bir məqam unuduldu . Cibran Xəlilin sözlərində unutduğumuz bir daha vurğulandı : - " Qərb təqlidçiləri ŞƏRQ ruhunu oyada bilməz ! "



                                                                        YAQUT HÜSEYNOVA

Tuesday, August 4, 2015

Jurnalist - Yazar YAQUT VAFİQQIZI
































                                                       














Paylaşdı : ADMIN