-Deyəsən, yorulmusan, gör nə qədər yol gəlmişik.
Ünvana yetməyimizə hələ çox qalıb. Hava da çox istidi. Lap əldən düşdün. Gəl,
bir az dincələk. Bax, nə gözəl kölgəlikdi.
Molla Nəsrəddin ulaqdan düşüb yol kənarındakı
ağacların kölgəsinə çəkildi. Xurcununa dirsəklənib yenə də özüylə söhbətə
başladı:
- “ Deyirəm, qəribə zamandı. Adamları da qəribələşib.
Adamları bir yana, həyata yanaşma və baxışlar da yamanca “müasirləşib“ .
Günümüzün problemləri, dərdləri də “avropasayağı“ don geyinib. Bilmirsən,
hansından danışasan, hansından həmyerlilərim DANABAŞ kəndinin əhli kimi Həzrət
Abbasa məktub yazıb çaya atasan ki, çarəsin bəlkə tapa. Eh, dünya, yazıq neyləsin.
Elə hey onu günahlandırırıq, adına min söz deyirik. Daha etiraf etmirik ki, Adəm
oğlu adını binəva dünyanın alnına yazır, “ - deyərək, Molla xurcununu açdı. Yol
azuqəsini torpağın üstünə sərdiyi kiçik süfrəsinə yığdı. Həm özü yedi, həm də
ulağını yemlədi. Sonra “ əlhəmdulillah “ deyib, xurcunundakı kitabları
çıxartdı. Dərindən köks ötürərək kitabları vərəqləyə - vərəqləyə sözünə
davam etdi:
-Kitab vərəqləyərkən belə insan nə qədər mənən
rahatlaşır. Ruhu dinclik tapır. Hətta səhifələri bir-bir çevirdikcə kitabın
özünəməxsus qoxusu beynimizdəki nə qədər təlatümü yatırdır. Mütaliə etmək gözəldir.
Amma hər ruh, hər ürək, hər beyn mütaliənin ağuşuna sığınmır. Kitab oxumaqla əqlini
qüvvətləndirmir, dünyagörüşünü sərhədsiz etmir. Unudur ki, mütaliənin mənəvi tərəfləri
bir yana, onun səhhətimizə, psixalogiyamıza əvəzsiz müsbət təsirləri var.
“Avropalaşan “ cəmiyyətimizin bir daha yadına dönə-dönə salmaq istəyirəm ki, Avropa
ölkələrində istirahət mövsümü kitab oxumaq üçün ən əlverişli məqam hesab
olunur. Bizdə isə istirahət mövsümü əylənmək və gəzmək üçün ən münbit
zamandı!!!
Bu bir yana “ Avropalaşan “ cəmiyyətimizin
böyük əksəriyyəti bu gün kitabxana yollarını tanımağı geridəqalmışlıq kimi qiymətləndirir.
İnternet var, neynirik, kitabxana qapısın döyüb, rəflərdən oxumaq istədiyimiz
kitabı axtararaq vaxt itirək. Təəssüf ki, bu iyrənc düşüncədə olanlar dərk
etmirlər ki, kitabxana rəflərindən kitab seçmək, oxu zallarında kitab oxumaq,
qeydlər etmək mütaliənin mahiyyətindəki ülvi duyğunu daha dərindən qavramağa zəmin
yaradır. O ƏL ŞİKƏSTDİR Kİ, ömründə bir dəfə də olsun KİTAB VƏRƏQLƏMƏYİB! O GÖZLƏR
KORDUR Kİ, KİTAB SƏTİRLƏRİYLƏ İŞIQLANMAYIB!
Bir məqama da fikrimi deyim, bəlkə az da olsa rahatlıq tapam. Vallah, hansı qapını açdımsa, o evlərin çoxunda yalnız və yalnız bir kitabı gördüm. “YUXUYOZMALAR“ ... Marağıma səbəb oldu. Bilmədim faciəmizə ağlayım, yoxsa “müasirləşsək“ də cəhalətimizə acıyaraq gülüm!.. Günlərlə açdığım qapılarda gördüyüm eyniliyin səbəbin axtarmağa çalışdım. Bir deyim də deyildiyi kimi, fikrim bir yerə, gümanım min yerə getdi. Yuxu haqqında elmi məlumatları, aforizmləri birər-birər oxudum. İki aforizm çox diqqətimi çəkdi. Onların üzərində dayanaraq çözümlərə yol açdım. Kəlamlardan biri Mustafa Kamal Atatürkə məxsus idi. O deyirdi:-“ Uyuyan millətlər ya ölür , ya da kölə olur. “ Başqa bir aforizmdə isə vurğulanırdı ki:-“ Yatanı oyatmaq asan, mürgüləyən isə heç vaxt oyanmaz, oyansa da niyə oyandığını anlamaz. “ Artıq çözümü daha aydın görmək mümkündür. YATMAQ və MÜRGÜLƏMƏK bu günə qədər yaşadıqlarımızın yeganə səbəbi! Yata-yata, mürgüləyə-mürgüləyə haçalandı bütövlüyümüz! Bir an da bitmədi yuxu sevdamız. Çox vaxt gözlərimiz yuxudan ayılsa da, RUHUMUZ elə hey mürgülədi! O qədər özümüzə, varlığımıza biganələşdik ki, BÖLÜNDÜYÜMÜZ TİKƏLƏRİN AĞRISINI BELƏ DUYMADIQ! GET-GEDƏ YADLAŞDIQ ÖZÜMÜZƏ!
Zaman keçdikcə, əsrlər ötdükcə bitmədi, tükənmədi
yuxu sevdamız. Daha da şırınləşdi yuxumuz, qulaq batıran səs-küyün içində belə!
O qədər şirinləşdi ki, “YUXUYOZMALAR“ müqəddəs kitabımıza döndü ...
Yaqut Hüseynova
No comments:
Post a Comment