Monday, August 15, 2016

"QRAMMATİKA və yaxud KÜNC "

   -Hər addımda insanlıq axtarırıq. Hər yanda onu görmək ümidi ilə yaşayırıq. Amma bir məqamı unuduruq ki, artıq İNSANI olmayan Yer kürəsində İNSANLIQ aramaq özü yalnışdı! Bəli, İNSANI olmayan dünyada!!!
   Bayaqdan al-əlvan güllərlə bəzənmiş bağçaya baxıram. Hər qarışı çiçəklikdir. Seyrinə daldıqca beyn də, qəlb də rahatlıq tapır. Bu gözəllik qara torpağa qarışan alın tərinin, zəhmətin, sevgi və fədakarlığın bəhrəsidir. Əgər bağçanın yalnız bir hissəsində gül kolları əkilsəydi, bu gün buranın müəyyən bir tərəfi çiçəkli olacaqdı. Və bütün bağ üçün çiçəklik deyə bilməyəcəkdik. İNSANLIĞA da bu prizmadan yanaşılmalıdır.
   Dilimizdə düzəltmə isimlərin -lı, -li, -lu, -lü şəkilçisi var. Onu da qeyd edim ki, isimlərdən düzəltmə isim düzəldən bu şəkilçiyə -k, (-q) samiti əlavə edildiyi zaman 
-lık, lik, -luq, -lük sonluğu meydana gəlir ki, yaranan şəkilçi daha böyük məhfumu, anlamı ifadə etmiş olur. Hər yanda aradığımız insanlığı da, məhz bu məntiqlə çözsək, belə bir nəticəyə gəlmək olar ki, İNSANLIĞI görmək üçün sakini olduğumuz Yer kürəsinin hər qarışı gərək İNSANLI ola! İNSANLI ola ki, İNSANLIQ da vicdanlarda dünyaya göz açaraq, böyüyə bilsin!
   

   Ümumiyyətlə, qrammatika incə məqamların qovluğudur. Hər dilin özünəməxsusluğunun məcmusu, eyni zamanda pozulmayan qayda-qanunlar toplusudur. Deyirəm, əvvəllər yalnız dilin qrammatikası vardısa, indi o qədər "qrammatika" lar yaranıb ki, heç Yaradan özü belə baş açmır, o "toplular" ın bəndlərindən. Ən dəhşətlisi budur ki, bu gün hakimiyyətin də öz "qrammatika" sı var. Onu əzbər bilənlər, daha doğrusu dili söz tutmasa da əzbərləmək üçün özünü həlak edənlər elə sağlığındaca bütləşir, heykəlləşir və simvollaşır. Öləndən sonra da hər gələn yeni-yeni nəsillərin beyninə məcburi yeridilərək əbədiləşdirilir. Fəqət, hakimiyyətin "qrammatika" sını öyrənə bilməyənlərin, əslində mahiyyətini dərk edənlərin adı ya MƏHBUS olur, ya VƏTƏN XAİNİ, ya da elə mən Molla Nəsrəddinin alnına 1931-ci ildə vurulan damğa kimi "ALLAHSIZ" adlandırılır. Beləcə, neçə-neçə VƏTƏN   DAŞLARININ atıldığı "VƏTƏN" ə çevrilir MÜHACİRƏT! Yaxud da onların kəfənə bükülmüş nəşi "ƏSRİ" və digər qəbristanlıqların bir KÜNCÜNDƏ qazılmış məzarlara gömülür!
   Rəhmətlik Cibran Xəlil demişkən:-"Bədbəxt o millətdir ki, mənsəb sahibləri-tülkülər, filosofları-hoqqabazlar, sənəti isə təqlidi sənətdir!"





                                                                 YAQUT HÜSEYNOVA