Friday, July 24, 2015

" BİR QIRIQ ÜRƏYİN BAXIŞLARI VAR ! "

Gözündə təbəssüm işıq saçsa da ,
Bir qırıq ürəyin baxışları var !
İnama , güvənə qucaq açsa da ,
Bir qırıq ürəyin baxışları var !

           Məğrur dayansa da , əyilməsə də ,
           Gileyi nurunda deyilməsə də ,
           Gözlərin sevgini məbəd bilsə də ,
           Bir qırıq ürəyin baxışları var !




                                                       YAQUT VAFİQQIZI  


Tuesday, July 7, 2015

“ QAPISIN DÖYƏK ...”



   Qapısını döydüm. Qorxa – qorxa, çəkinə - çəkinə. Qonağı olmaq istədim onun. Çağrılmamış qonağı ... Bəlkə də illərlə yolunu gözlədiyi qonağı olacam... Üzümə qapısın açsa, nələrlə qarşılaşacağımı təxmin etdikcə bir qədər duruxdum. Geri dönmək istədim. Amma onu illər sonra görməliydim, görməyə borcluydum. BİZİ BİZ edən bu evin sahibinin ovcuma sığacaq komasında qonaq olmağı çox istəyirdim. Qəbul edəcəyinə isə inanmırdım . Çünki onun dəfələrlə incidilməsinə İNSANLIQ və ƏTRAFIMA NİFRƏTİ TANIMAMAQ üçün göz yummuşdum. Bu ağrının yükünü elə onun özünə  daşıtdırmışdım. O isə hıçqırıqlarını gizlətdi, hər dəfə məndən. Hər əlimi uzatdıqda eyni nəvazışlə, tükənməz sevgisiylə, ruhuyla tutdu əllərimdən. Əllərindəki əzab cadarlarını əllərimi tutan zaman duydum. Çox incitdi canımı bu cadarlar. Onun necə tab gətirdiyini düşündükcə MƏNƏVİ GÜCÜ gətirdi vəhdətimizə. Addımladığım məqsədə doğru getməyim üçün yolların tikanlarına, daş – kəsəyinə özünü sipər edərək, mübarizə aparmağıma zəmin yaratdı. Ağrılarımı illərlə özü daşıdı. Fəqət, SEVİNCİ, SƏADƏTLİ GÜLÜŞLƏRİ YOLLADI BAXIŞLARIMA ! 
 Danışdıqca bitməz haqqında deyəcəklərim. DÜŞMƏNİMƏ çevrildiyi zaman belə mənə olan ədavətini mənəvi dünyamın qazancına döndərdi aşıladığı çözüm və qərarlarıyla. Özü çox vaxt HƏYATDAN KÜSSƏ DƏ, varlığıma, düşüncə və duyğularıma beynimdə sonsuz həyat eşqini öyrətdi. Dəfələrlə paramparça olsa da, MƏNƏVİ BÜTÖVLÜYÜ tanıtdı. Usanıb yıxılsa da, qırılsa da, əyilsə də sınmadı. MƏĞRURLUĞUN ən gözəl libasını biçdı iç dünyama. Elə hey, məni dinlədi, mənə qulaq asdı. Bir dəfə də yorulmadı. Birlikdə son nəticəyə gəldik. Özünü unutdu. O yalnız var olmanı düşündü, özünütəsdiqin imzasına döndü. Bir ömrə aid olsa da, bir sinədə çırpınsa da yaşamaq üçün deyil, yaşatmaq üçün döyündü. YAŞATMAQ üçün döyündükcə yaralar alsa da dayanmadı, usanmadı səbəb olmaqdan. Ona bağlıyıq, ona. Onunla bizim aramızda olan nəfəs adlı körpüdə yola çıxar tale yollarımız. Nədənsə bir dəfə də qapısın döymədik, VARLIĞIMIZI dəfələrlə silkələsə də! Nələri yaşatdıq, nələrdən keçirtdik onu?! İstəsə də, istəməsə də nələrə vadar etdik?! Heç soruşmadıq. Fərqinə belə varmadıq ki, köksümüzdəki ovcumuz boyda olan torpağını ona doğma etdik, yoxsa sadəcə bir sığıntı seçdik bapbalaca varlığına !!!


 Qapısın döydükcə əllərim titrəsə də, açacağını bilirəm. Çünki hər zaman həmsöhbət olduğumuz ÖZÜMÜZ onun varlığında məskən salıb. Həqiqi dost geriçevirən, bəhanələr axtaran deyil, hər zaman yanında olandı qapısın döysən də, döyməsən də! Nəhayət ... Xatirələrlə salamladı məni. Acılı – şirinli, çox vaxt da unutduğumuz xatirələrlə. Çox xoşbəxt idim. Çünki yenidən ana nəvazışıylə RUHUMU bağrına basdı...
 QAPISIN DÖYƏK ! Bu görüşdən qaçmayaq. Ona görə ki, onunla görüşümüzdə ÖZÜMÜZƏ bir daha qovuşacağıq . BİZİ bizə, ətrafımıza və axirətimizə göstərən o huzur dolu evin sahibi məhz – ÜRƏYİMİZDİR !
 Yazımı Cibran Xəlilin bir fikriylə bitirmək istəyirəm. O deyirdi:- “ Heç vaxt deməyin ; mən qəlbimin yolunu tapmışam ! Deyin, YOLUMA ÇIXAN QƏLBİMƏ RAST GƏLMİŞƏM !.. “





                                           YAQUT HÜSEYNOVA 



                                            7 iyul 2015 – ci il .