( Real həyat hekayəsi )
Yenə də bəhanə axtarıram...
İllər keçib... Artıq özüm də valideynəm. Ən böyük arzum, qızım heç bir zaman həyatın mənə aratdığı ağrılı bəhanəni aramasın. Əslində, bu bəhanəni ona tanıtmamaq mənim öz əllərimdədir. Bəli, bu valideynin yerinə yetirməyə borclu olduğu vəzifəsidir. Çünki ailənin mənən öldürdüyü övladı ən mükəmməl cəmiyyət belə dirildə bilməz. Əzablısı bilirsiz, nədir?! Bu "ÖLÜLƏRİN", yəni ruhu valideyn əli ilə məhv edilən həyatların "AXİRƏTİ" belə olmur!...
Bəhanədən-bəhanəyə ilmələr atmağa çalışıram, onu xatırlamaq, hıçqırıqlar içində ondan ötrü darıxmaq üçün... Əvəz edilməyəcək, heç kimsənin və heç nəyin doldura bilməyəcəyi yerindən, yoxluğunun acısından elə özünə danışmaq üçün kiçik bir ümidə çevirmək istədiyim bəhanələrə sevgi və ehtiramdan don biçir düşüncələrim. Bəhanələr araya-araya onu bağışlamaq, bizi nə qədər sevdiyinə özümü azacıq da olsa, inandırmaq istəyirəm. Və bunun həqiqət olduğuna bütün varlığımla sığınaraq, mənəvi rahatlığa qovuşmağa addımbaaddım bəhanələrlə yaxınlaşmağa səy göstərirəm. Amma cəhdlərim faydasız, özümü aldatmaqdan başqa, bir şey deyil...
Uşaqlıqda daha çox bəhanələr gətirərdik. Kaş həyatımızın sonuna qədər, məhz o bəhanələrin xatirəsi iz salardı, qəlbimizdə. Ya dərs öyrənməyəndə, ya dərsdən qaçanda və yaxud da nəyisə sındıranda, itirəndə valideynlərimiz bizə hirslənməsin deyə, bəhanələr köməyimizə gələrdi. Çox keçmədən də söylədiklərimizin yalan olduğu üzə çıxardı. Bəlkə də o zamanlar qəlbimizin bütün səmimiyyətilə istəmədən yaratdığımız xoşagəlməz vəziyyəti yumuşaltmaqdan ötrü köməyə çağırdığımız bəhanələrlə bizim üçün dəyərli olanları itirməmək və səhvimizi anladığımızdan dolayı yolla həqiqəti deməyə çalışdıq.
Üst-üstə gələn illərin hərəsinin yaddaşımızda öz rəngi olduğu kimi, söylədiyimiz bəhanələrin siması da fələyin çarxında dondan-dona girdi. Uşaqlıqda itirməmək, yalnışlarımızı görməyi bacardığımız üçün bəhanələrə əl atırdıqsa, böyüdükcə acımadan əzib keçmək, uzaqlaşmaq və ən dəhşətlisi bilərəkdən ürəyimizi, beynimizi səhvlərə öyrəşdirmək məqsədilə əlimizdəki silaha çevrildi...
Üst-üstə gələn illərin hərəsinin yaddaşımızda öz rəngi olduğu kimi, söylədiyimiz bəhanələrin siması da fələyin çarxında dondan-dona girdi. Uşaqlıqda itirməmək, yalnışlarımızı görməyi bacardığımız üçün bəhanələrə əl atırdıqsa, böyüdükcə acımadan əzib keçmək, uzaqlaşmaq və ən dəhşətlisi bilərəkdən ürəyimizi, beynimizi səhvlərə öyrəşdirmək məqsədilə əlimizdəki silaha çevrildi...
Bir bəhanə axtarıram. Səni xatırlamaq, qarşında bir övlad kimi məhəbbətlə əlimi qəlbimin üzərinə qoyaraq, tənzim etmək üçün. Tanımadığı yada belə ağlayan gözlərimdən torpağa qoyulduğun andan bu günə qədər bir damla yaş axmadı, ata! Görən, bunun mənim üçün nə qədər ağrılı olduğunu duya bilirsənmi?! Məncə, yox. Duymadığına əminəm. Çünki sağlığında sən bizi zahirən tanıdın. Heç bir zaman qəlbimizi, ruhumuzu duymadın... Arzularımızı dinləmədin... Xatirimizdə yalnız ölüm tarixin qalıb. Bizə yaşatdığın zülmlər sayəsində atalı ikən atasız olduq. Məhz qəlbimiz o gündən daddı, kimsəsizliyi və yetimliyi...
Bu gün vəfatının ildönümünün növbəti sayı yazıldı ömrümüzə.Hər il anamız ilə birlikdə məzarının başına yığışırıq. Məhz burada dünyanın ən xoşbəxt övladları oluruq. Çoxlarına qəribə görünsə də, acı olsa da bu bizim həqiqətimizdir. Çünki sağlığında heç bir zaman bizi nə ailən bildin, nə də başına topladın!...
Yenə də bəhanə axtarıram...
Bəlkə də HƏYAT və ÖLÜM özü ayrı-ayrılıqda bir bəhanədir. Bir bəhanədə digər bir bəhanəni tamamlamaq üçün alnımıza yazılan "YOXLUQDAN VARLIĞA DOĞRU" nidasıdır...
Yaqut Hüseynova