Monday, January 23, 2017

TƏŞƏKKÜR EDİRƏM...

   DOĞUM GÜNÜMLƏ ( 19.01.1983 ) əlaqədar təbrik edən hər kəsə, bütün dostlarıma minnətdarlığımı bildirirəm. 




                                                     ( dəyərli dostum Elnurə ilə )









"ZİBİL QUTUSU VƏ YAXUD DÜŞMƏNİN TANIDILMASI"

   Elmirin 5 yaşı var. Hazırlığa gedir. Bir gün dərsdən gələndə gülə-gülə:-" Zibil qutusu düzətdik. Hamımız onun içinə zibil atdıq və güldük", dedi. 
   -Ay Elmir, zibil qutusuna zibil atmağın nəyi gülməlidir?- deyə, soruşdum.
  -Qutunun üstünə erməni bayrağının şəklini yapışdırıb, qapının yanına qoyduq. Müəllim dedi ki:-"Hərəniz qutuya bir zibil atın. O düşmənimizin bayrağıdır... Ona görə biz də güldük." 
   Bir gün Elmirin, canımızın bir parçası olan bu balacanın ( bacım oğlu ) Molla Nəsrəddinin söhbətlərində yer alacağına inanmazdım. Bir qədər susdum. O isə düzəltdikləri zibil qutusundan günboyu ağız dolusu danışdı. Bilmədim, həmin müəllimin tədris metoduna, ələlxüsus, kurikulumun şəxsiyyətin formalaşdırılması yollarına "min əhsən" deyim, yoxsa təhsilimizin halına acıyım. 
   Düşmənimiz və ondan qisasımızın alınması, nədən zibil qutularının timsalında köçürülür, körpələrimizin beyninə, yaddaşına! Özü də müəllimlər tərəfindən... Ümumiyyətlə, insan psixologiyasına nəzər salsaq görərik ki, insanda görmə yaddaşı daha güclü olur. Yəni nəyi görürsə, onu da yaddaşına bir dəfəlik həkk edir. Bu elə bir yaddaşdır ki, heç vaxt silinmir. Bəlkə də, məhz belə "silinməzlərin" sayəsində yaddaşımız zaman-zaman silinib!!!

   

   Yazılarımın üzərində işləmək üçün noutbukumu açdım. Amma yenə də fikrim Elmirin yanında idi. O, balaca olsa da, erməni bayrağının oğurluq bayraq olduğunu və rənglərinin ifadə etdiyi mənalara qədər bilir. 2016-cı ilin aprel döyüşlərində igid əsgərlərimizin Lələtəpə yüksəkliyində bayrağımızı necə qürurla dalğalandırdığı video görüntünü izahlı şəkildə Elmirə izlətmişdim.
   Yazımın üzərində işləyə bilmədim. Narahat fikirlərim bir yerə cəm olmurdu. Həmin görüntünü açdım. Səsini də yüksəltdim. Məqsədim, Elmirin yaddaşında o səsin qalıb-qalmadığını bilmək idi. Nəhayət, yanıma gəldi. Qucağımda oturub, sakitcə videoya baxdı. "Bir də baxaq..." deyəndə, içimdəki narahatlıq yox oldu. Dünyalar sanki mənim oldu. Təkrar həmin görüntüyə baxa-baxa, elə onun öz dilində:-"Erməni bayrağı bax, belə tapdanır, zibil qutusunun üzərinə yapışdırmaqla yox..."-dedim.
   Razıyam. Körpələr əyləncəni daha çox sevir. Amma tarix və kimliyimiz əyləncəli üsulda uşaqlarımıza izah edilməməlidir. Bir də ki, 5 yaşlı uşaq məktəb qapısından içəri daxıl olursa, deməli, o artıq dünyanı qram-qram dərk etməyi bacaracaq gücə malik bir şəxsiyyətdir. Sadəcə bu şəxsiyyətlərin formalaşdırılmasını yalnış istiqamətlərə yönləndirməyək.
   Bu arada, təəssüf ki, uşaqlarımıza düşməni belə tanıdan müəllimlərimiz də az deyil. Körpələrimizə aşılanan belə intiqam hissi, yalnız və yalnız özümüzə qazılan quyulardı. Bir də unutmayaq ki, kimliyi zibil qutularına bənzədilən daşnakların tarixi həqiqət adlandırdıqları soyqırım adlı zibilləri neçə-neçə parlamentdə qəbul edilərək, türkə tuşlanan ölümsaçan silaha çevrilib! Səbəbsə çox sadədir. Erməni itləri dünyaya gələn uşaqlarının qulağına "TÜRK sənin düşmənindir" pıçıldayır, bizsə 5 yaşlı məktəblilərə zibil qutusuna erməni bayrağını yapışdırmağı öyrədirik!!!





                                                        
                                                                Yaqut Hüseynova





Tuesday, January 17, 2017

"BİRİ VARDI, BİRİ YOX..."

Biri vardı, biri yox...
Bu sözlə başlayır, bütün nağıllar.
Biri vardı, biri yox...
Bizimsə sevginin bu sonluğu var.


Biri vardı, biri yox...
Ədalət... Adı var, özü görünmür.
Biri vardı, biri yox...
Vicdana and içən "ölü" dirilmir!


Biri vardı, biri yox...
Düz yolda olanın ayağı yalın.
Biri vardı, biri yox...
Qarışıb dadı da zəhərlə balın.


Biri vardı, biri yox...
Kökləri olmayan qol-budaq verir.
Biri vardı, biri yox...
İblis də Tanrıdan xütbə söyləyir.


Biri vardı, biri yox...
Qapqara beynlər nura bürünməz.
Biri vardı, biri yox...
Günəşi olmayan kölgə sürünməz.


Biri vardı, biri yox...
Çoxuna xas olub quyruq bulamaq.
Biri vardı, biri yox...
Çaqqala qalıbdı, dağda ulamaq.


Biri vardı, biri yox...
Gülənin göz yaşı gizli dənizdir.
Biri vardı, biri yox...
Bu kəlmə hər kəsin QƏLBİNDƏ İZDİR...






                                                                        Yaqut Hüseynova




Tuesday, January 10, 2017

"HƏR ZAMAN YANIMDA OL..."

   Sahildəyəm...

   Hava günəşli olsa da, qışın soyuğu hər yanda duyulur. Yenə də səninlə birlikdəyəm, həmişə olduğu kimi.

   HƏR ZAMAN YANIMDA OL!




   Bir an belə əllərimi buraxma. Bir bax, gör, necə gözəl mənzərədi. Mas-mavi dənizin ağ köpüklü dalğaları sahilin sal daşlarına çırpıldıqca, bəyaz qağayıların səsində, sanki dilə gəlir, yerin-göyün həqiqəti. Məhz bu həqiqətin yaşı qədər yanımda ol! 
Hər kəs axirətə tək gedər, tək gəldiyi kimi... Amma mən tək gözlərimi əbədiyyətə yummayacam ki?! Səninlə birgə qaranlıqdan SONSUZ AYDINLIĞA doğru yola çıxacağam... Bu həyatda olduğu kimi...


   HƏR ZAMAN YANIMDA OL!

   Çox sevdiyim SARI ÇİÇƏKLƏRİN rəngində GÜNƏŞİN əksi təbiətə gözəllik qatdığı kimi...

   HƏR ZAMAN YANIMDA OL!

   Məscid həyətlərində, meydanlarda körpələrin göyərçinlərə səpdiyi buğda dənəciklərinin ürəklərə yaydığı HUZUR kimi...

   HƏR ZAMAN YANIMDA OL!

   Tək güvəndiyim, könlümü açmadan belə ruhumu hiss etməyi bacaran, mən sükuta çəkildikcə, sətirlərdə həmsöhbət olanım...
   Bəzən şeirləşib, bəzən hekayətləşib, bəzən də Molla Nəsrəddinin timsalında söhbətləri ilə ömrümün illərinə çevrilən səadətim...


   HƏR ZAMAN YANIMDA OL,QƏLƏMİM...




                                                                   
                                                                  Yaqut Hüseynova








Monday, January 9, 2017

"HƏYAT KİTABLARDA GÖRDÜYÜN DEYİL!"

                             
                                Ustadım Vaqif Memmedovun eyni adlı şeirinə nəzirə.


Vicdanı itəndən vicdan gözləmə,
Tikanı gül sanıb, sən əzizləmə.
Haqq gözdən itməsin deyə, izləmə,
HƏYAT kitablarda gördüyün deyil!

Günəşin işığı AYA hopsa da,
Yağış da fərqlidir, göydən qopsa da,
Süjeti HƏYATIN əksi olsa da,
HƏYAT kitablarda gördüyün deyil!

Sualı cavabdan sonra qoyular,
Nidası sükutda dinər, duyular,
Nə qədər Yusifi gizlər, quyular,
HƏYAT kitablarda gördüyün deyil!

Həqiqi libası sonda biçilər,
ÜMİDLƏR yox olmaz, fəqət kiçilər,
Salamı eynidir, GEDİŞ seçilər,
HƏYAT kitablarda gördüyün deyil!




                                                              Yaqut Hüseynova