Friday, June 9, 2017

"SORUŞ", "QAMÇI" dan parça...


                                                      (ATAMIN əziz xatirəsinə)


Çörəyin ətrini, suyun dadını,
ATASI rəhmətə gedəndən soruş!
Kədərin təzəsin, həm boyadını,
ATASI rəhmətə gedəndən soruş!


Qazılan məzarın dərinliyini,
Cəhənnəm odunun sərinliyini,
Dostun da, yadın da sən kimliyini,
ATASI rəhmətə gedəndən soruş!
Dostun da, yadın da sən kimliyini,
ATASI rəhmətə gedəndən soruş!






                                                                 Yaqut Hüseynova












"YANIMDA YOXSAN"

  
                                                     (ATAMIN əziz xatirəsinə)

Deyirlər, atalar qızın çox istər,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!
Hər kəsin atası qapı döyəndə,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!


Gözlərim doymadı baxışlarından,
Əcəlin utandı göz yaşlarından,
Adını aradım baş daşlarından,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!

Qapıdan çıxanda həzin gülərdin,
"Sənə arxayınam, qızım..." deyərdin,
Hər axşam evinə sən tələsərdin,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!

Həmişə əlimdən möhkəm tutardın,
Taqətsiz əllərin bağrımı yardı,
Ağlasam ürəyin bunu duyardı,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!



                                  
                                                                               Yaqut Hüseynova












Tuesday, June 6, 2017

"MƏZAR BAŞINDA"

                                            
                                                  ( ATAMIN əziz xatirəsinə )



O necə mənzildi,necə ünvandı,
Nə bir pəncərəsi var, nə də qapısı.
Gələni qapıdan qaytarar geri,
Qonağın cavabsız qalar acısı.


Gələni duysa da qapısın açmaz,
Sovqatı çiçəklər, xatirə olar.
Göstərməz üzünü, kəlmə danışmaz,
Sirrini gizləyər, özüylə saxlar.



                                                       Yaqut Hüseynova