GÜLÜŞ var, insanın ağlını alar,
GÜLÜŞ var, ətrafın düşündürər həm.
GÜLÜŞ var, acıya qələbə çalar,
GÜLÜŞ var, içində gizlənibdir qəm!
GÜLÜŞ var, hiyləli, həm də ki süni,
Təbəssüm tanıdar insan ruhunu!
Bir gülüş dəf edib nifrəti, kini,
Vahəyə çevirər, həyat yolunu...
GÜLÜŞ var, sevgidən dolub gözlərə,
Bürüyər dörd yanın, sanki sehrinə.
GÜLÜŞ var, çevrilib ciddi sözlərə,
Hər fikri, hər beyni yığar şərhinə...
GÜLÜŞ var, DUADIR, dinib nəğmə tək,
Alar ağuşuna düşüncələri!
GÜLÜŞ var, tikanın sancan kəlmə tək,
ARZUYA, XƏYALA vurar xəncəri!
GÜLÜŞ var, dindirib küsən ürəyi,
ÜMİDLƏ yenidən barışdırar o!
GÜLÜŞ var, ölümün olub gərəyi,
Yaddaşda varlığın dolaşdırar o!
GÜLÜŞ var, DÜNYADIR, həm də ki, ÖLÜM,..
Qaynağı ÜRƏKDİR, zahiri BAXIŞ!
İstərəm, bir qəlbdə sevincə dönüm,
Rəngiylə ömrümə vurulsun naxış!