Saturday, May 16, 2015

“ BİGANƏLİYİMİZİN YAZDIĞI VERGÜLLƏR ... “

-Bilirsən , nə düşünürəm ? Düşünürəm ki ...
Deyərək , Mollanı gülmək tutdu . Öz – özünə :
-Elə bil adamla danışıram , lap ağlım da çaşıb . Gəldiyim uzun yolda ondan başqa yol yoldaşım oldu ki , məgər?! Hər kəsi səsləsəm də , bir nəfər belə həmdəm çıxmadı ki , yolçuluğumu bölüşəm və dediklərim havaya getməyə , bir səmərə verə... Nə isə ... Səndən başqa yol yoldaşım olmadı . Bir etirafı da etmək istəyirəm sənə , ölüm – itim dünyasıdı . Az yükümü çəkməmisən . Elə vaxtlar oldu ki , səndən də bezdim . Danışdıqlarımı eşitdin , amma nə fayda . Səninçin demirdim ki , söylədiklərimi . Cümlə camaat üçün elə camaatın diliylə desəm , deyinirdim . Eh nə bilim ! HƏYATDI DA , üzü – astarı bilinməyən HƏYAT ! DÜNYADI DA , çərxi – fələyə belə papış toxuyan DÜNYA !!! Eybi yox , deyirəm başa düşmürsən cəhənnəm, heç olmasa dodaqlarım tərpənəndə səsini çıxart ki , bir az toxtasın SƏBRİM !
Molla Nəsrəddin ulağını yemləyə - yemləyə sözünə davam etdi :


-Harda qalmışdım ? Yenə unutdum fikirlərimi . Daha qocalıq əldən salıb məni . Zarafat deyil, əsrləri adlamaq . Yaddaşım da usanıb çək – çevirlərimdən . Amma nə qədər əldən düşsəm də , TƏKRARLANAN ZAMAN və TARİX sanki təpərimə dönüb. Bəlkə də ZAMAN və TARİX dərsini , deyəcəklərini izlərimdə yenidən izah edir insanlara . Elə özüm deyib , özüm eşidirəm . Beləcə ZAMAN və TARİX BİGANƏLİYİMİZİN sayəsində TƏKRARA ÖYRƏNCƏLİ OLDU !!! Yenə də NƏTİCƏ və SON NÖQTƏMİZ olmadı . Biganəliyimiz faciələrimizi və itkilərimizi bir – birindən ayıran VERGÜLLƏRİ , bir də ÜÇ NÖQTƏLƏRİ yazdı TARİXİMİZƏ!
   Bəni adəmi yol gəldikcə anlamağa çalışdım . Mahiyyətində TANRININ onda görmək istədiklərindən belə əsər qalmayıb . Bir zamanlar, tarixdə ağıllı insanların e.ə. 40 000 il bundan əvvəl meydana gəldiyini oxumuşdum . 40 000 min il bundan əvvəl ... Vallah , elə AĞILLI İNSAN anlayışı o dövrdə qaldı . Məhz o zaman insanlar özünü YARADILAN kimi tanıdı ! Amma hər şeyə qadir olan müasir dünyamızda bəni adəm utanmasa YARADANI mən yaratdım deyəcək qədər azğınlaşıb ! Yer üzündə yaradılan o qədər qəzalara səbəb oldu ki , o qədər mənəvi və bəşəri müsibətlər törətdi ki , gündəlik 17 rükətlik namazını belə bilərəkdən QƏZA NAMAZLARIYLA “ ibadətinə “ yazdı . Bu öyrəncəliyini də yaşam tərzinə çevirərək adiləşdirdi ...
- Niyə qoyduğum yemi yemirsən , deyəsən , danışdıqlarım səni belə doydurdu . Amma insanlara kar etmədi ! – deyərək , Molla Nəsrəddin öz – özünə gileyləndi ...

  

                                                         HÜSEYNOVA YAQUT VAFİQQIZI



No comments:

Post a Comment