Saturday, May 14, 2016

“EVİMİZİN QƏFİL QONAĞI”




-O evimizin qəfil qonağı idi. Övladımız kimi sevirdik onu. Çox zəhmətkeş, dərin düşüncəli, ən əsası qayğıkeş idi. HƏRBÇİ olmaq istəyirdi. Həmişə deyirdi ki:-“ Mütləq hərbi təhsil alacam. Və ömrümün sonuna qədər VƏTƏNƏ layiqincə xidmət edəcəm.” Uşaqlığı böyük çətinliklər içində keçmişdi. Valideynlərinə kömək etmək üçün həmişə müxtəlif işlərdə işləyirdi. Çox gənc olsa da, əllərindəki qabarlar çəkdiyi əziyyət və zəhməti kəlmə-kəlmə nəql edirdi. Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir bizə. Hələ də inanmırıq, RAHİLİN yoxluğuna. Aprel ayının 14-də iyirmi yaşı tamam olmuşdu. Hər dəfə zəng vuranda:-“ Hər şey qaydasındadır. Narahat olmayın. Addımbaadım irəliləyirik. İnşallah, bayrağımızı ŞUŞADA dalğalandıracağıq!”- deyirdi. Rahildən “cəbhədə vəziyyət necədir” soruşanda, bizə cavabı yalnız bu olurdu:-“Mənə belə sual verməyin. Biz bura VƏTƏNİ qorumağa gəlmişik!” Çox yaxında gələcəyini deyirdi. Yolunu səbrsizliklə gözləyirdik... Bəli, o gəldi. ŞƏHİD kimi qayıtdı, doğulduğu torpağa. Həmişəki kimi bu dəfə də gəlişi qəfil oldu...
   Ərəbovlar ailəsinin yaxını Tamilla xanım çətin də olsa, göz yaşları içində sözünü, məhz bu fikirlərlə tamamladı.
   Şəhidin anası Narıngül ana qapıya dikilən gözlərini oğlu Rahilin tablodan boylanan simasına yönəldərək, bunları söyləyə bildi:-“RAHİL ölməyib, o yaşayır, mütləq qayıdacaq. Aprelin 15-i, doğum gününün səhəri mənimlə telefonda danışanda qayıdacağına söz verdi. O evimizin sonbeşiyi idi. 2015-ci ilin oktyabr ayının 10-da oğlumu hərbi xidmətə yola saldıq. And içmə mərasimindən sonra xidmətini könüllü olaraq, Astaradan Ağcabədiyə dəyişdi. Sonuncu dəfə onunla Novruz bayramında görüşmüşdük. Həyatımızın ən gözəl və unudulmaz bayramını yaşadıq. Döyüş bölgəsində övladım və onun əsgər yoldaşları ilə birgə qarşıladıq, bahar bayramını. Nə biləydik ki, gözəl arzularla salamladığımız baharda Rahil şəhid olacaq... Mayın 7-si zəng vurmuşdu. Hamı ilə danışdı. Amma mənimlə danışmadı. Yalnız bunu anama çatdırın demişdi:-“Tezliklə, anama QƏLƏBƏ şəkillərini göndərəcəyəm, nigaran qalmasın...”
   Narıngül ana bağrına basdığı üç rəngli bayrağımızı göz yaşları içində qoxlayaraq, öpdü. Qəlbindəki kədər dediyi ağılarında dilə gəldi:-“Bu bayraqla sarıldı, oğlumun cənazəsi. Arzusu, Şuşada bayrağımızı dalğalandırmaq idi. Allahdan ömür istəyirəm, balamın arzusunu çin etmək üçün. İnşallah QƏLƏBƏ günündə ŞUŞAYA özüm aparacam, BAYRAĞIMIZI!...”
   Qey edək ki, qoşunların təmas xəttində gedən döyüşlərdə Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbə sakini Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Ərəbli Rahil Rafiq oğlu mayın 12-də şəhid olub. Şəhid Şirvan şəhər “ŞƏHİDLƏR XİYABANI” nda torpağa tapşırılıb. 




                                           

                                         Yaqut Hüseynova






No comments:

Post a Comment