Sunday, May 17, 2015

“ ŞAH ƏSƏRİMİ QƏLƏBƏ GÜNÜNƏ HƏSR EDƏCƏYƏM ! “

  Tablolara və əl işlərinə köçürdüyü düşüncələrinin, duyğularının, sevgi və arzularının coğrafiyasına səyahət etdikcə əllərinin sehri qarşısında sadəcə susur insan . Sanki huzur dolu bir asimanda bərq vuran ulduzların işıltısında danışır söyləmək istədikləri . Müraciət etdiyi mövzuları da rənglər tək müxtəlif və fərqlidi . Gənc olmasına baxmayaraq , fərqli yanaşmalarıyla tətbiqi – sənət işində artıq öz sözünü deyib . Rəsm çəkməklə başlayıb yaradıcılığa . Dəniz əsrarəngizli və dini səpkili əsərlərlə ilk qədəmlərini atan Samirə Lətifova artıq bir usta kimi daha böyük işlərə imza atıb . Yaradıcılığı dəfələrlə mavi ekranda və mətbuat səhifələrində işıqlandırılıb .
 

O, 1977 – ci ildə Əli Bayramlı ( indiki Şirvan ) şəhərində dünyaya göz açıb. E. İmanov adına 10 nömrəli tam orta məktəbi bitirərək , universitetə daxil olub. Bu istedadlı gənclə görüşüb sehrli dünyasının , yaradıcılığının qonağı olduq . Müsahibəyə əsərləriylə bir daha tanış olmaqla başladım . Həmin sənət əsərlərinin içindən balaca bir işi götürüb gülərək söhbətə belə başladı Samirə xanım:
-Bu dovşan mənim ilk işimdi . Rəsmlər çəkməklə başlasam da , 1994-cü ildən Tanrı məni daha geniş şəkildə yaradıcılıqla məşğul olmağa bağladı . Çox xoşbəxtəm . Çünki Uca Rəbbim bu istedadı verib əllərimə . Yaradıcılıq insanın sahib olacağı ən gözəl və əvəzsiz varidatıdı . İnsan bütünlüklə ona həsr edir qəlbini , beynini və zəhmətini . Bu zəhmətin sevinci isə ondan ibarətdir ki , ortaya çıxan əsərlər könülləri oxşamağa , gözlərə huzur gətirməyə qadirdi. Bütün bu əsərlər böyük zəhmət və göz nuru tələb edir . Bəzən çox yoruluram . Amma son nəticə çəkdiyim bütün əziyyətləri unutdurur mənə , bir anda sevincə çevirir yuxusuz keçən gecələrimi . Onu da qeyd edim ki , anam İNCİ xanım mənə hər zaman dəstək olur. Düzəldəcəyim əsərləri onunla birlikdə müzakirə edirəm, fikirlərindən yararlanıram. 2000- ci ildən ən çox kağızla , həsir qabla şkatulkalar toxuyurdum . 2005 – ci ildən muncuqlarla , daha sonra isə keramika ilə işləməyə başladım . Əsas müraciət etdiyim dini , dəniz və təbiət mövzularıdı . Ən böyük arzum İMAM HÜSEYNİN , ƏBƏLFƏZ ABBASIN hərəmlərinin maketini , bir də QARABAĞDA çalacağımız böyük QƏLƏBƏMİZİ əks etdirən əsəri yaratmaqdı !
                                   
                                      “ YARAT SEVİNCLƏ “

     ( şeir gənc tətbiqi – sənət ustası SAMİRƏ LƏTİFOVAYA həsr olunub )
            

         Əllərin sanki bir sehrli aləm ,
             Köçürür qəlbini əsərlərinə !
             Rənglərdə olaraq duyğuların cəm ,
             Həkk edir sevgini hər bir işinə !

             Hisslərin danışır tablolarında ,
             Seyr edən hər kəsi düşündürərək .
             Tanrının lütfü var istedadında ,
             Ovsunlar hamını , inan huzur tək !

             Tablolar rəngarəng arzuların tək ,
             Əks edir ömrünün üfiqlərini .
             Saldığın naxışdan , ilmələrədək ,
             Bəxş etdin SEVGİNİN şəfəqlərini !

            
                                  
                                       Yaqut Hüseynova

Saturday, May 16, 2015

“ BİGANƏLİYİMİZİN YAZDIĞI VERGÜLLƏR ... “

-Bilirsən , nə düşünürəm ? Düşünürəm ki ...
Deyərək , Mollanı gülmək tutdu . Öz – özünə :
-Elə bil adamla danışıram , lap ağlım da çaşıb . Gəldiyim uzun yolda ondan başqa yol yoldaşım oldu ki , məgər?! Hər kəsi səsləsəm də , bir nəfər belə həmdəm çıxmadı ki , yolçuluğumu bölüşəm və dediklərim havaya getməyə , bir səmərə verə... Nə isə ... Səndən başqa yol yoldaşım olmadı . Bir etirafı da etmək istəyirəm sənə , ölüm – itim dünyasıdı . Az yükümü çəkməmisən . Elə vaxtlar oldu ki , səndən də bezdim . Danışdıqlarımı eşitdin , amma nə fayda . Səninçin demirdim ki , söylədiklərimi . Cümlə camaat üçün elə camaatın diliylə desəm , deyinirdim . Eh nə bilim ! HƏYATDI DA , üzü – astarı bilinməyən HƏYAT ! DÜNYADI DA , çərxi – fələyə belə papış toxuyan DÜNYA !!! Eybi yox , deyirəm başa düşmürsən cəhənnəm, heç olmasa dodaqlarım tərpənəndə səsini çıxart ki , bir az toxtasın SƏBRİM !
Molla Nəsrəddin ulağını yemləyə - yemləyə sözünə davam etdi :


-Harda qalmışdım ? Yenə unutdum fikirlərimi . Daha qocalıq əldən salıb məni . Zarafat deyil, əsrləri adlamaq . Yaddaşım da usanıb çək – çevirlərimdən . Amma nə qədər əldən düşsəm də , TƏKRARLANAN ZAMAN və TARİX sanki təpərimə dönüb. Bəlkə də ZAMAN və TARİX dərsini , deyəcəklərini izlərimdə yenidən izah edir insanlara . Elə özüm deyib , özüm eşidirəm . Beləcə ZAMAN və TARİX BİGANƏLİYİMİZİN sayəsində TƏKRARA ÖYRƏNCƏLİ OLDU !!! Yenə də NƏTİCƏ və SON NÖQTƏMİZ olmadı . Biganəliyimiz faciələrimizi və itkilərimizi bir – birindən ayıran VERGÜLLƏRİ , bir də ÜÇ NÖQTƏLƏRİ yazdı TARİXİMİZƏ!
   Bəni adəmi yol gəldikcə anlamağa çalışdım . Mahiyyətində TANRININ onda görmək istədiklərindən belə əsər qalmayıb . Bir zamanlar, tarixdə ağıllı insanların e.ə. 40 000 il bundan əvvəl meydana gəldiyini oxumuşdum . 40 000 min il bundan əvvəl ... Vallah , elə AĞILLI İNSAN anlayışı o dövrdə qaldı . Məhz o zaman insanlar özünü YARADILAN kimi tanıdı ! Amma hər şeyə qadir olan müasir dünyamızda bəni adəm utanmasa YARADANI mən yaratdım deyəcək qədər azğınlaşıb ! Yer üzündə yaradılan o qədər qəzalara səbəb oldu ki , o qədər mənəvi və bəşəri müsibətlər törətdi ki , gündəlik 17 rükətlik namazını belə bilərəkdən QƏZA NAMAZLARIYLA “ ibadətinə “ yazdı . Bu öyrəncəliyini də yaşam tərzinə çevirərək adiləşdirdi ...
- Niyə qoyduğum yemi yemirsən , deyəsən , danışdıqlarım səni belə doydurdu . Amma insanlara kar etmədi ! – deyərək , Molla Nəsrəddin öz – özünə gileyləndi ...

  

                                                         HÜSEYNOVA YAQUT VAFİQQIZI



Friday, May 15, 2015

" DƏNİZ PIÇILTISI "

   Dənizin pıçıltısını dinləmək istəyirəm. Ruhumuzu oxşayan, dinclik gətirən səsini. Şirin nağılların sətirləndiyi dalğalarında ovunmaq istəyir düşüncələrim, könlümün rahatlığına qayıtmaq üçün ! Masmavi suların həzin nəğməsini dinləmək istəyirəm, kirlənmiş dünya gözlərimdə bir anlıq da olsun durulsun deyə ! Nifrətin, küskünlüyün heç bir zaman ürəyimə ayaq açmamağı üçün !
   Bəzən bir mahnının sözlərinə dönmək istər insan. Sevgisindən, arzularından gözlərindəki nurun parıltısında danışmaq , yaşadıqlarını birər - birər bölüşmək üçün! Bəzən də pianinanın sehrli dillərində çalınan sözsüz bir musiqiyə çevrilməyə çalışar insan . Sadəcə SUSMAQ üçün. Bu susqunluğunda çözmək istər bəhanə və səbəblərin ağırlığını ...




                                                              YAQUT HÜSEYNOVA


Thursday, May 14, 2015

" SÖZÜN TƏRKİBİ "

  Qrammatikada sözün tərkibi ən önəmli məqamlardandı . Kök və şəkilçi isə bu tərkibi müəyyənləşdirən əsas amildir . Sadə , düzəltmə , mürəkkəb - leksikonumuzda olan sözlərin quruluşca təyin edilmiş növləridir . Elə sözlər , elə kəlmələr var ki , düzəltmə hesab olunsalar da, onları bəzən başqa , fəqət vacib olan prizmadan yanaşaraq kök və şəkilçiyə bölməyə çalışır insan . Daha doğrusu cəmiyyətimizdəki çağdaş ədəbi mühit bu addımı atmağa vadar edir bizi . Qrammatik qaydaları kobudcasına pozaraq , həmin sözləri müəyyən bir təxəyyülün, yanaşmanın süzgəcindən keçirməyə ehtiyac duyulur . 


   YAZAR kəlməsindən danışmaq istəyirəm . Bəli , yazar kəlməsindən . Bu gün adiləşdirdiyimiz o böyük SÖZDƏN ! Kök və şəkilçiyə bölsək bu sözü , feldən əmələ gələn düzəltmə isim olduğunu görərik . Fəqət  - ar ( - ər ) şəkilçisini digər aspektdən vurğulamaq istəyirəm . Bu şəkilçini şəkilçi olaraq deyil ," yaz" felinə qoşularaq "yazar " kəlməsini yaradan müstəqil bir söz kimi çözmək zərurətini duyuram . Ar sözünün leksik mənasına diqqət yetirsək , " namus " , geniş şəkildə açıqlasam , insanın üzərinə qoyduğu mənəvi və vicdan məsuliyyətini ifadə etdiyini görərik . Bəli, vicdan məsuliyyətini dərk etdirir insana bu təkhecalı söz . Amma acınacaqlısı budur ki , təmtəraqla , bəh - bəhlə " yazar " adını daşıyan çoxları hələ də qələmə sadiqliyin , vərəqlərin köksünə fikirləri , düşüncələri duyğuları cümlələrlə cəm edib köçürən QƏLƏMİN dəyərini , anlamını hələ də dərk etmir . Heç anlamağa belə səy göstərmir . Çox vaxt içində olduğumuz ədəbi mühit mənə şou - biznesi xatırladır . Necə ki , səsi və sənəti olmayan yüzlərlə müğənninin əlində daş - qaşla bəzədilmiş mikrafonu varsa , çox yazanların əlində QIZIL QƏLƏMİ yox, qızıldan qələmi var .
   YAZMAQ , YARATMAQ qəlbdən , beyndən qaynaqlansa da , ortaq nöqtə olan əlimizdəki qələmin mürəkkəbinin vərəqlərə iz saldığı cığırlarda tanıdar yazarı. Bu cığırlar bəlli edər oxucu ürəyindəki , oxucu düşüncəsindəki ,oxucu tənqid və rəylərindəki məqamını .
   GÜNÜN YAZARI deyil , əsrlərin sətirləri olmağı bacaraq ! QƏLƏMİN məsuliyyətini dərk edənlərdən olaq , QƏLƏM OYNADANLARDAN YOX !!!



                                                              YAQUT HÜSEYNOVA


Sunday, May 3, 2015

" İKİ KƏLMƏ "

   GƏLDİ ... GETDİ ... Həyat bu iki kəlmədən ibarət məhdudiyyətə sığacaq qədər kiçikdi . Amma bu iki kəlməyə yaşanan ömürlər bir - birindən fərqli təzahür gətirir . Kimi haqqında dünya boş qalmasın deyə gəldi , getdi deyilir . Bəziləri üçün gəldi və yaxşı ki getdi ! Çox az qism insanlar üçün isə gəldi . Amma getdi , dilə gətirmək mümkün deyil . Yoxluğunun bizə yaşatdığı kədəri ovutmaq üçün belə getdi sözünü deməyə dilimiz gəlmir . Onlar gəldi ... Yaşatdı və yaşadı ... GÖZLƏRİNİ neçə - neçə ürəkdə əbədi yuman HƏYATLAR yox olmur , ölmür , yeni - yeni ömürlərdə əbədilik qazanır ...





                                                                    YAQUT HÜSEYNOVA

" XARI BÜLBÜL "

  Xarı bülbül haqqında sosial şəbəkədə bir yazı oxudum . Şuşanın simvolu hesab edilən bu gülün artıq başqa bir rayonda da bitdiyi yazılırdı ...

Sən çiçək açdığın torpağa gülüm ,
Sadiqdin ŞUŞADA gələn bahara .
Bəs nədən unutdun VƏTƏN ətrini ,
De niyə bənzədin , biz İNSANLARA ?!





                                                                          YAQUT HÜSEYNOVA



Saturday, May 2, 2015

" TOZ BASMIŞ VİCDANLAR ... "

   Ey Uca Rəbbim , mən MOLLA NƏSRƏDDİN əsrlərdir yol gəlirəm , nə ulağım yorulur məni daşımaqdan , nə də canımı alırsan ? Vallah , lap məətəl qalmışam özümə də , bu yazıq heyvana da . Deyəsən yaşadığımız dünyada ölümsüzlük şərbəti biz iki binəvaya verilib . Əsrlərdi keçib , getdiyim yolları artıq qayıdıram . Yaman dəyişilb yollar da , elə dünyanın özü də . Bilmirəm maşallah deyim , yoxsa lənət oxuyum ! İnsanlar daha betər dəyişilib . Dərd elə burasındadı . Hə, yolları deyirdim . Təzə qədəm qoyanda yollara daşlı - kəsəkli idi . FƏQƏT , əsrlər keçsə də , zahiri gözəlliklər yaradılsa da HƏYAT və EYBƏCƏRLİKLƏR eynilə qalıb . İlk addımlarda görüb gileyləndiyim kimidir YER KÜRƏSİ ! Uzun yolları qət edə - edə yenə fikirlərə dalmışdım . Gördüklərim elə heyrətləndirdi ki məni , nə fikirləşdiyimi belə unutdum. ZƏMANƏ tamam dəyişib .MİRZƏ CƏLİL qələmindən dünyaya gələn ömrümdə bu günləri əsrlərdən sonra yenidən görmək də varmış . Vallah yoruldum . Mən gördüm, dedim , yeri gələndə hayqırdım , lap qulaqburması da verdim , ALLAHSIZ deyib susdurmağa çalışdılar . Fəqət , ZAMAN təzədən həyata qaytardı məni . Bu yazıq heyvandan başqa dinləyən olmadı dediklərimi ! Eh nələr - nələr gördüm ...
   
   
   Dövlət məmurlarının kreslodan bərk - bərk dördəlli yapışdıqlarını izlədim . Hətta çoxları var ki , iyrəncliklə sahib olduqları kresloya toz düşməsinə belə razı deyil , amma xəbərləri yoxdur ki , VİCDANLARIN , MƏNLİKLƏRİN elə toz basıb ki, ifunətində eybəcərləşiblər . Bir onlara deyən lazımdı ki , mənəvi ifunətindən qurtul ki , əyləşdiyin kreslona da toz qonmasın !!!
   VƏTƏN , ŞƏHİD kəlməsindən yararımız üçün istifadə edildi . BORÇALIDAN , İRƏVANDAN XOCALIYADƏK parçalana - parçalana gəldik . Gələ - gələ unutduq . Unuda - unuda kiçildik ! Faciələri başımıza gətirən erməni dığalarına dəfələrlə "qardaş " dedik ! Məni üşəndirən daha dəhşətli mənzərə İÇİMİZDƏKİ ERMƏNİLƏRİN mənfur dığaların qondarma soyqırımına beynəlxalq ictimaiyyətin qarşısında az qala dəsmal götürüb ağlaması oldu . İÇİMİZDƏKİ ERMƏNİLƏRDƏN qorunaq və qoruyaq VARLIĞIMIZI !
   Bu qədər tərəqqi olan Yer üzündə hara getdimsə DANABAŞ kəndinin
abi - havasını gördüm ...


                                                             YAQUT HÜSEYNOVA