Thursday, March 5, 2015

" QUYU , yoxsa BİR OVUC TORPAQ ... " ( yeni yazım )

  Atalarımızdan  bizə  belə  bir  söz  mənəvi  miras  qalıb : - " Özgəsinə  quyu qazan  özü  düşər." Əsrlərin , qərinələrin  deyimlərdə  və  atalar  sözlərindəki həqiqətini  hər  zaman  HƏYAT  özü təsdiq  edib .  Molla  Nəsrəddin  demişkən , " Quyunu  qazanda  dərin  qazma !!! "  Ay  Molla əmi, sən ,  nə  qədər  başa saldın ki , dayaz qaz  quyunu . Nə  eşidən  oldu , nə də  başa  düşən . Daha doğrusu , başa  düşmək  istəmədilər . Amma  çox  sonra  başa  düşdülər .  Onda  da  artıq
gec  idi ! Bax , burda yenə  rəhmətlik  ata - babalarımızın  daha  bir  sözünü xatırladım : - " Böyük sözünə  qulaq  asmayan  mələr  qalar . " Həqiqətən, mələr qalır . Zamanında  quyu  qazanlar murdar  xislətlərinə  aldanaraq , quyunu azğınlaşaraq  daha  da  dərin  qazmasaydılar , bəlkə  də sonra  quyunun zülmət  saçan  dibindəki  mələrtilərini  kimsə  duya  bilərdi . Köməklərinə  gələn olardı  ki , xisləti  şeytani  hissləriylə  yazıqlaşanlara  " SƏN  İNSAN  OLARAQ YARADILDIN ! "  fikrini  bir  də  anlatsın . 
 

  Özgəsinə  quyu  qazanın  hədəfi  yalnız  və  yalnız  ÖZÜDÜR . Çünki  nahaq əlindəki   ölümsaçan  silahıyla  haqq , ədaləti  hədəf  seçsə  də , hər  zaman  öz gülləsiylə özünü  darmadağın  edib !
  QUYU  QAZMAQ ...  Adına  " müasir "  dediyimiz   dünyanın ,  əfsuslar   olsun ki , dəbdən düşməyən  dəbidir .  Bu  dəbi  mənəviyyatına ,  xislətinə geydirənlər  də  milyonlarladır . Bəlkə  də bu prizmadan  yanaşsam , təbəqələşən  cəmiyyətimizin  eyniləşən  məqamı ,  məhz  bu  DƏBDİR ! Yenə Molla  Nəsrəddin  jurnalının  sətirlərinə  qayıdır  düşüncələrim . Çünki  çözməyə çalışdığım mövzunun  ətrafındakı  fikirlərimə  onun sətirlərindəki  həqiqətdə aydınlıq  hopur .  ALLAH  qəni - qəni  rəhmət  eləsin , MİRZƏ  CƏLİLƏ ! O  yazırdı : - " Quyu  qazma , ağac  ək !  Bəlkə ,  ay nadan , TORPAĞI tanıyasan ! "  TORPAĞI  TANIMAQ ,  ona  yaxın  olmaqdan  başlayır . Elə insanlığa  gedən  yol  da  əllimizə  götürəcəyimiz  BİR  OVUC  TORPAQDAN başlayır . Bir  ovuc torpaqdan  başlayan  İNSANLIQ , HƏYAT , İLAHİ   EŞQ elə  bir  ovuc  torpaqda  da  SONA   qovuşur . Üstündə  dayandığımız  qara torpağa  elə  addımlarla  iz  salaq  ki ,  sonda  dönəcəyimiz bir  ovuc  torpağı VƏTƏN  özünə YAD  SAYMASIN !
   

  Atalarımızdan  qalan  gözəl  bir  fikirlə  başladım   yazımı . Ümumiyyətlə, xalq
deyimləri mənsub  olduğu  xalqın  kimliyini  sübut  edir ,  onun  hansı əqidəyə , hansı  məsləyə etiqadını   göstərir   və  hansı  amallar  uğrunda yaşadığından   söhbət  açır .  Deməli , atalar sözləri  hər   bir millətin  iç  üzünə ayna tutan başlıca məqamdır. Bu  yerdə  mənfur düşmənlərimizin bir deyimini vurğulamaq istəyirəm:-" Harada  günün  yaxşı  keçirsə , ora sənin vətənindir . "Dünyaya qondarma  erməni soyqırımını  təsdiqlətməyə çalışan , böyük Ermənistan yaratmaq   xülyasıyla yaşayan, " QARABAĞ erməni  torpağıdır " cəfəngiyatını reallaşdırmaq  üçün addımlar  atan daşnaklar  özləri  özlərinə  öz deyimlərində  belə  quyu qazırlar!!!  Ən dəhşətlisi  də elə  budur !!!
  Hərdən  düşünürəm  ki ,  hələ  neçə - neçə  YUSİFLƏR   keçəcək  görən səndən , ey  DÜNYA ?!


                                                    
                                                          YAQUT   HÜSEYNOVA