Tuesday, September 13, 2016

"DƏMİR BARMAQLIQLAR"

   O, dünyanın ən qəribə həbsxanasıdır. Bəli, ən qəribə... Çünki hökmü məhbusunun əli ilə imzalanır. Hakimi də elə dustaqının özü olur. Nəticədə, bir insan HAKİM, MÜTTƏHİM və VƏKİL qisminə bölünərək, öz-özlüyündə haçalanır. Qurulan məhkəmədə hər üçünün də nitqində həqiqət danışır. Acınacaqlısı odur ki, hər biri söylədiklərində haqlıdır. "HAKİM" verdiyi qərarında, "MÜTTƏHİM" etiraflarında, "MÜDAFİƏÇİ" isə qurbanın müdafiəsində doğru və yalnışları göstərməyə çalışır, hər kəsə. ŞAHİD isə susur. Üzündəki istehza ifadələri ilə izləyir, üçtərəfli dialoqun məhv etdiyi həyatları. Gah qələbəsini susaraq, gah da yenidən haqsız ittihamlarıyla qeyd edir. Diriykən canını aldığı daha bir "ölüyə" qazdığı məzarla, qəhqəhələr içində qaldırır, növbəti qədəhini!...
   O, dünyanın ən qəribə həbsxanasıdır...
   

   Həyatın amansız cəzalarıyla yazılıb kitabı. Əslində azad olarsan, aydın səma altında hər kəs kimi, hamı ilə birlikdə addımlayarsan. Fəqət, nə qəlbinin azadlığını  hiss edərsən, nə də yolunu aydınlatmağa can atan düşüncələrin, xəyalların doğmalaşar sənə. Asimanın ənginliyini belə duya bilməzsən. Masmavi dənizin dalğalarında yox olmaq istəsən də, içindəkiləri onunla bölüşməkdən qaçarsan. Günəşi görə-görə, zülmətə boyun əyərsən. Var ola-ola, yaşaya-yaşaya yoxluğunu tanıyarsan. 
   Zaman keçdikcə, dəmir barmaqlıqların sərtliyinin fərqinə daha çox vararsan. Kimsə görməz, ətrafını çevrələyən bu barmaqlıqları. Qəlbini tez-tez vahimə bürüyər. Sən qorxduqca, içinə qapandıqca, daxilindəki məni boğduqca, ömrünə gələn illər məhbusu olduğun həbsxananın dəmir barmaqlıqlarının artan sayına çevrilər.
   Onun məzar kimi soyuq olan dörd divarını, məhz insan özü hörər, həyatına. Üst-üstə qoyulan "SAL DAŞLARINI" isə bir parçası olduğumuz cəmiyyət verər, insanın əllərinə. Onu dağıtmaq və ömürlük məhkumlarını azad etmək üçün nələrsə etməyə kimsənin gücü yetməz. Bu həbsxananı, yalnız və yalnız dörd divarının söyuqluğunda mənəvi dünyası qandallanan məhbusun özü məhv edə bilər. 
   An gələr, cəsarət taparsan özündə. "KİM İDİM?", "KİM OLMAQ İSTƏYİRDİM?", "NƏLƏR DÜŞÜNÜRDÜM?", "XƏYALLARIM, HƏDƏFİM NƏ İDİ?", "SONUNDA NƏYİ BACARA BİLDİM?" suallarıyla özünə dönmək istəyərsən. Lakin özünü axtarmağa çalışsan da, bir zamanlar külünü göylərə sovurduğun varlığının ən kiçik zərrəsinə belə rast gələ bilməzsən. Çünki onu CƏMİYYƏTİN "NƏ DEYƏRLƏR" adlı həbsxanasında öz əllərinlə yox etdin!!!




                                                                    Yaqut Hüseynova









No comments:

Post a Comment