Thursday, January 17, 2019

"37-də GÖRÜŞƏNƏDƏK..."


                                      
                                        DOĞUM GÜNÜMƏ...   19 yanvar 1983-cü il... 

   -Günaydın, TANRIMA şükürlər olsun... Daha bir yeni sabahda görüşdüm, SƏNİNLƏ... Bilirsən, bu gün nədənsə, həmişəkindən daha, daha kövrəyəm. Təsəvvür edə bilməzsən, deməyəcəm, SƏNƏ. Çünki bunu məndən yaxşı bilirsən. Nə olub, niyə susmusan?! Salamıma belə cavab vermədin. Deyəsən, burada haqsızlıq etdim, SƏNƏ. Əslində, cavab verdin. Sadəcə, bir gülümsəmənlə. Deyirəm, bəlkə də, ona görə susmusan ki, bu gün, yalnız mən danışım. Səndən, məndən yox, BİZDƏN nəql edim, elə özümüzə. Onsuz da nə eşidən var, nə də dinləmək istəyən...
   -Bilirsən, nə istəyirəm...
   -Yenə, niyə, gülürsən, niyə? Əslində, bilirəm, niyə... “Bilirsən, nə istəyirəm...” lərimin sonu bitməyəcək, bu gün də həmişə olduğu kimi. 
   Havaya bax, şaxta qılınc kimi kəsir. Bizsə çox, çox sevdiyimiz yerdəyik. 
   “DAĞÜSTÜ PARKDA”... Körpə XOCALININ önündə... O körpə ki, oyuncaqlarına günahsız qanı rəng oldu!
   Bilirsən, səni, niyə çox sevirəm? Çünki dünyamın tamamısan. Bütün yarınlarım; həyatın, sevdiklərimin və ömrümü belə fəda etdiklərimin paramparça etdiyi tikələrim SƏNDƏ yenidən əvvəlki halına qayıdır, yenidən bütünləşir, yenidən tamamlanır. Bəlkə də ƏSL SEVGİLİ belə olur. Hər an belə sevdiyinin harada dayanacağını öncədən hiss etmək, onunla birgə düşüncələrdə birləşməkdir, SEVGİ... 
   “FƏRİZƏ və İLHAM” ın məzarı qarşısında birgə dayandıq. Amma bu birinci dəfə idi ki, gözlərimi gözlərindən qaçırtdım. Bilirsən, niyə?! Baxışlarımın sonu bilinməyən hekayətini sətir-sətir duymayasan deyə... Əlimdəki qərənfillərə baxdım. Nədənsə, bu çiçəklərə hər dəfə baxanda, yalnız və yalnız bir şeiri xatırlayıram, bu gülə nə qədər şeirlər yazılsa belə... “XAN QIZI” nın “QƏRƏNFİL” ətirli sətirlərini... 
   Yenə bilirsən, nə istəyirəm? Mən hər bu kəlməni deyəndə, SƏNİN üzümə baxıb, gülməyini çox, çox sevirəm. Çünki bu gülümsəmə adi bir gülüş deyil. DÜŞÜNƏN və DÜŞÜNDÜRƏN gülüşün, təbəssümün səadətini hər sevgili yaşamır. Deməli, ən xoşbəxt sevgiliyəm. Çünki SƏN məndəsən, RUHUMDASAN. 
   -Həəə, harda qalmışdım, İSTƏKLƏRİMDƏ...
   Bir bax, ətrafa... “DAĞÜSTÜ PARK” dan mavi gözlü XƏZƏR necə də möhtəşəm görünür. Bir gün SƏNİNLƏ ən unudulmaz görüşümü, məhz GÖYÇƏ gölünün sahilində yaşayacağıma adım kimi əminəm. Bəli, əminəm! Mənə hədiyyə etdiyin çox sevdiyim SARI GÜLLƏR və QƏRƏNFİLLƏRLƏ NATƏVANIN məzarını SƏNİNLƏ birlikdə bəzəyəcəm. İndisə, ƏN ALİ İSTƏYİMİ demək istəyirəm, SƏNƏ... “ƏSRİ” dəki BÖYÜK AZƏRBAYCANLININ doğum gününə ŞUŞANIN çəmənliklərindən yığdığım XARI BÜLBÜLLƏRİ hədiyyə edim!!! 
   Gözlərim doldu. İlk dəfədir ki, SƏNİN bütün varlığınla “AMİN” dediyini görürəm...
   -Bilirsən, nəyi xatırladım?
   -Tələbəliyimin ilk ayını (2002) ... Verdiyim bir müsahibədən SƏNİN ADININ silindiyi anı!...
   Naxçıvan MR-in ALİ MƏCLİSİNİN mətbu orqanı olan “ŞƏRQ QAPISI” qəzetinin redaksiyasında jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün dəyirmi masa keçirilirdi. Verdiyimiz müsahibə qəzetdə dərc olundu. Yazını oxuyanda dəli oldum. Müsahibəmdə tək SƏNİN adını çəkmişdim, tək SƏNİN. Amma başqa bir isim qeyd olunmuşdu. Dərsdən sonra qəzeti götürüb, mərhum redaktor Məmməd Məmmədovun yanına getdim. Bəlkə də kimsə inanmayacaq. Qəzeti ütünə çırpdım. Arxamca:-“Səni universitetdən çıxartdıracam.” deyərək, qışqırdı... Məni heç nə qorxutmurdu. Təkcə ATAMA (yatdığı torpağa qurban olaram) nə deyəcəyimdən qorxurdum. Fəqət, rahat idim. Çünki SÖZÜMÜ demişdim!!!
   Aylar ötdü. Üçüncü kursda oxuyurdum. “QARANLIQDA IŞIQLAR” adlı yazım Naxçıvan şəhər İH-nin mətbu orqanında dərc olunmuşdu. Dərsdəydim. Dekanlıqdan adam gəldi ki, “Yaquta icazə verin, “ŞƏRQ QAPISI” na çağırıblar.” Redaksiyaya getdim. Məmməd Məmmədov:-“Qəzeti çırpan qız, buyur” dedi. 
   “QARANLIQDA İŞIQLAR” ın qəzetdə çıxacağını söylədi...
   
   SƏNİ SEVİRƏM, SEVİRƏM... 
   
   37-də yenidən, görüşənədək,mənim SEVİMLİ KAİNATIM- 

                                                                                  M O L L A    N Ə S R Ə D D İ N İ M!!!

   


                                                        
                                                               Sevgilərlə,    Yaqut Hüseynova VAFİQQIZI 




No comments:

Post a Comment