Tuesday, September 23, 2014

"Yanımda olmağını istədim..."

    ( "Gözlərdi-ürəyin danışan dili"  şeirimə   yazılan  mahnını  dinləyərkən )
       
       Mus: Sahib  Mustafayev

   Kaş  yanımda  olaydın  bu  gün. Səninlə  paylaşmaq  istədim, yaşadığım  ən   
gözəl  anları, sevincləri, sonsuz  arzuları. Bütün  küskünlüklərin, acıların  
aramızda  hördüyü  hicran  adlı  tikanlı  məftilləri  sevginlə  yox  etməyini  
dilədim. Mən  arzuladıqca, xəyal  etdikcə  suallarıma  "bəlkə"    və   "kaş"  
lardakı  həqiqət  cavab  verdi. Gah  bir  dost  kimi  mənə  sarıldı, gah  bir   
düşmən  kimi   məhf  etməyə  çalışdı  məni, gah  da  bir  huzur  kimi  sardı  
ətrafımı  "kaş"  və  "bəlkə"  lər. Yanılmaq  istədim! Şirin  bir   yuxu  idi,  
oyandım! Yaşadığım  yox, oxuduğum  sonu  vüsalla  bitən  bir  sevda  
nağılıydı, bitdi  deməyə  çalışdım!  Amma  xatirələr  gecələrimi  ulduzlu   
asiman tək  bəzəyib, gündüzlərimə  günəş  tək  şəfəq  saçdı!.. 
   

   Yanımda  olmağını  istədim, bu   gün. Bir  ömürboyu  gedə  biləcəyimiz  yollara  
ilk  addımlarımızı  atmağı  diləsəm  də, ürəyimdə  düyünlədi  qəhərim. Narın  payız
yağışlarında  sevgi  nəğməsinə  çevrilən  şeirimi  sənsiz  dinləyirəm. Ağ  vərəyin  
köksünə  illər  öncə  köçürdüyüm  bu  sətirlər bizi  tanış  edən, sən  və  məni  
BİZ  edən  yeganə  sevincimdi!..


                                                                    YAQUT   HÜSEYNOVA

No comments:

Post a Comment