Monday, February 23, 2015

" ZOOPARK " ( yeni yazım )

  Uşaqlıqda atam tez - tez  bizi  zooparka  aparırdı . Təbiətin  gözəlliyini, əsrarəngizliyini  yaxından görmək  və  tanımaq  üçün .  Bəlkə  də  uşaqlıqda yaşadığımız  o  anlar , bu  gün  yaddaşımızın  ən gözəl  yerində  bərqərar  olan xatirələrimizdəndir . Həmişə  zooparka  getməyi  səbrsizliklə gözləyirdik . Şəhərimizə  gələn  səyyar , yaxud  da  paytaxtda fəaliyyət  göstərən  sirk
proqramlarının  tamaşaçısı  olurduq .  Heyvanların , klonların  hazırladığı səhnəcikləri  sevərək izləyirdik . Valideynimizin  əllərindən  sevinclə   tutaraq, zooparkda  olan  heyvanları  gah yemləyərdik , gah  da  onlar  haqqında soruşduğumuz  sualların  cavablarında   tanıyardıq  təbiəti . Unudulmaz əyləncəni  yaşadırdı  bu  gəzinti  hər  birimizə ... 
  İllər ötdü ...  Böyüdük ...  ZAMAN  da  böyüdü ...  Amma  illəri  üst - üstə gətirərək  deyil ! Bir zamanlar zoopark və sirklərdə  heyvan vəmklonların ifasında izlədiyimiz səhnəcikləri, təlxəklikləri səhnə  dediyimiz  HƏYATDA insanların  yaşam  tərzində   gördük . Daha  doğrusu , insanlar  daha mükəmməl oynadı  sadaladıqlarımı .  Bəlkə  də  cəmiyyətin  bu  dırnaqarası  uğuru qazanmağında təlimçinin  daha  kəskin  təsiri  var ?!  Bəlkə  də  belə  bir " nailiyyəti  "yalnız   bir  güclü " təlimçi "  qazandıra  bilərdi  cəmiyyətə : 
- " O  HƏYATDI ! " ...  
 

   Çox  vaxt  belə  bir  söz  deyilir,  "zəmanə  adamı"  deyil . ZƏMANƏ ADAMI ... Leksikonumuza daxil  etdiyimiz  iyrənc  kəlmədir. Sevmədiyim sözdür . Əgər zəmanə adamı - şəxsi ambisiyalarını  reallaşdırmaq  naminə xislətini  dəyişməkdirsə, kürsülərdə  vəzifəyə gəlmək və alqışlanmaq  üçün VƏTƏN  kəlməsini  tanımaqdırsa, klonlaşdırılmış  beynə  sahib olmaqdırsa, radikal  təriqətlərə qoşularaq  aldığı  çirkli pullar müqavilində müqəddəs dinimiz  İSLAMI "təbliğ   edirəm" deməkdirsə  və  bu kimi  neçə - neçə acı  reallıqlardırsa, GERİDƏQALMIŞ kimi dəyərləndirilmək hər kəsin sahib  ola  bilməyəcəyi  ucalığımızdır !
  Yazıma  uşaqlıq  xatırələrimdəki  məqamlarla  başladım .  Təsadüfi  deyil. Çünki o anlar yaddaşıma  təbiətin gözəlliklərini  həkk  etsə  də, bu  gün  bizi istəsək  də , istəməsək  də  əhatə edən  xislətlər  çox  zaman  o  qəfəslər arxasındakı  üzləri xatırladır  mənə ...
  HƏYAT  və  ZAMAN  nə qədər  güclü  " təlimçi "  olursa  olsun ,  BOZ  QURD xislətli  ürəkləri , beynləri , addımları  sevməsə  də ,  məğlub  etməyə  çalışsa  da heç  vaxt    SUSDURA   BİLMƏZ!  Heç  vaxt  ƏYƏ  BİLMƏZ !  Bunu  TARİX də dönə-dönə  təsdiq edir !


                                                                   YAQUT    HÜSEYNOVA




Saturday, February 21, 2015

" NARKOMANİYA ƏSRİN BƏLASIDIR ! "

  " Narkomaniya  əsrin  bəlasıdır "  mövzusunda  Şirvan  şəhərində  şəhər Təhsil şöbəsi və şəhər Polis  idarəsinin  birgə  təşkilatçılığıyla  tədbir  keçirildi . Məktəblilərin , müəllimlərin , hüquq - mühafizə  orqanlarının  və  media nümayəndələrinin  qatıldığı  tədbiri  Təhsil  şöbəsinin  müdiri   Paşa  Nəbiyev  açdı . O  qeyd  etdi  ki , bu  gün  bəşəriyyəti  düşündürən  və  ən  ağrılı problemlərdən biri də  cəmiyyətin  bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadı . Narkotizmlə  mübarizə uzunmüddətli , çoxşaxəli , böyük  maliyyə vəsaiti  tələb edən dinamik  bir  prosesdir . Bu mübarizədə  əldə  olunan  müsbət nəticələrin miqyasını genişləndirmək  üçün maarifləndirici  tədbirlərə  xüsusi diqqət  yetirilməlidir .


  Narkotizmlə mübarizə , bu  problemin  milli  və  beynəlxalq  qanunvericilikdə tənzimlənməsi haqqında   polis  şöbəsinin rəisi  polkovnik  Şahin  Mirzəyev  çıxış etdi .  Polis  rəisi  vurğuladı  ki , bu  gün  Şirvan  şəhər  narkoloji  kabinetində 800 - dən  çox  narkotik vasitələrdən  asılığı  olan şəhər sakini qeydiyyatdadır. O cümlədən,2014-cü ildə şəhər polis şöbəsi tərəfindən narkomaniyaya qarşı  mübarizə  əməliyyat - tədbirlərində  55  fakt  aşkarlanıb  və  4  kq  narkotik
vasitə  dövriyyədən  çixarılıb. Narkotik  maddələrin gənc  nəsillər  arasında yayılması  təhlükəsini nəzərə  alaraq, bir  çox  ölkələrdə, həmçinin respublikamızda " Narkotiksiz  gələcək  naminə " milli proqramlar qəbul edilib. Buraya  təhsil  ocaqlarında, hüquq mühafizə orqanlarında , təşkilatlarda narkomaniyanın  ziyanı  haqqında  maarifləndirilmə  kampaniyaları  daxildir. Bu
kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. Şəhər narkoloji kabinetin  həkimi Dilavər Qurbanov narkotikin insan orqanizminə vurduğu  təhlükəli   zərərləri  və  fəsadları barəsində  məktəbliləri  məlumatlandırdı .
  Sonda  məktəbliləri maraqlandıran  suallar cavablandırıldı .


                                                                           YAQUT    HÜSEYNOVA

Wednesday, February 4, 2015

" ... CANLI ÖLÜLƏRİYİK ... ( yeni yazım )

   Deyirlər ,  qəbristanlıq  insan  xislətinin  durulduğu  məkandır .  Amma  görünür ,
heç məzarlıqların  da  çox  xislətləri  durultmağa  gücü  yetmir .  Bu  günlərdə
qəbiristanlıqda  ziyarət   zamanı   seyr   etdiyim  bir   mənzərə  məni  elə  susdurdu
ki , rəhmətlik  nənəm demiş , lap  nitqim  qurudu .  İçimi  dəhşət  bürüdü .
Burdadamı  fərqlər ,  özü   də  heç  bir  çərçivəyə sığmayan   düşüncəsiz ,
dərrakəsiz  fərqlər   qoyulur ?!  Çox  vaxt   qiyamətin  necə  olacağını  öyrənməyə
çalışırıq , amma  etməli  olduqlarımızı  unuduruq ! Dini  kitabları , hədisləri
vərəqləyirik . Din  xadimlərinin  moizələrini  dinləyirik .  Bir  nəticəyə  gəlmək
üçün. Bəlkə  də  səmavi  kitabların  hər  birində  qeyd  olunan  qiyamət  günü  
onun  haqda söylənilənlərin   insan   xislətindəki   eybəcərliklərdən  başlayır    yolu .
   Əsrlər   ötsə  də ,  yaşayanlardı  var  olanlar . Məsələn ,  " MOLLA  NƏSRƏDDİN "
və  bu  cərəyanın   yolçuları  kimi .  Gördüyüm   mənzərə  Molla  Nəsrəddinçilərin
zamanla  yorulmadan   birgə   addımlayan   ayaq  səslərini  bir   daha  eşitdirdi
mənə . Çünki  bu   addımlar   böyük   bir  zaman  kəsiyi  keçsə  də ,  cəmiyyətdəki
həqiqətlərin daxilinə  elə nüfuz  edib  ki ,  zaman  belə   onu   susdurmağa  acizdir .
Zamanı  zamandan  öncə   görən , çözən   və   anladan   cığırlardı   onların  getdiyi
yollar .  Bəlkə   də düşünəcəksiniz  ki , mövzudan   çox   uzaqlaşdım .  Amma   bu
belə   deyil .  Ona   görə  ki ,  şahidi   olduqlarım  " MOLLA   NƏSRƏDDİN "
jurnalının   səhifələrinin  hələ  də   bitmədiyini   hər   birimizə  anladır . Bu  jurnalın
hər  son  səhifəsinə   gəldiyimiz  anda ,  oxuyub   bitirdiyimizi  düşünərkən ,
yenidən  vərəqlənir   çözümləri ,  yanaşmaları , hədəfi  ifşa  və   tənqidləri ...
Qısa  girişimlə  mövzuma   həm   körpü  salmaq   istədim , həm  də  qarışıq
fikirlərimi   aydınlatmağa  çalışdım ...
   
  
  Əzizlərimizi  ziyarət  edərkən   qarşı  məzarın  yanında  iki  qadının  etdiyi  söhbəti
eşitdim .  Biri  digərinə  məzarlardakı  fərqi   göstərib  söyləyirdi  ki ,  " gör  necə
bəxtəvər  ölüdür ,  qəbri  saray  kimi  düzəldilib ,  halal  olsun   övladlarına . O
birisinin  torpağı  belə  aşınıb ...  "  Həqiqətən   qəribə  dünyadı .  HƏYAT
amansızlığıyla  belə   çox  başlara   ağlı  hələ  də  gətirə   bilməyib .  Hər  şeydə , hər
yanaşmada  zahir  axtarılır . Düşünmürük  ki ,  görüntülərin  hamısı  səmimi  olmur , insanların  özü  kimi . Gördüklərimiz çox vaxt  gözümüzü  torlayan  pərdələrdən
ibarətdir .  O  pərdənin  arxasındakı  doğrunu  görmək   isə  hər  vicdana  məxsus
deyil !  Bəlkə  də  qibtə  etdiyimiz  o  dəbdəbə  hansısa  nankor  övladların  əməlini
gizlətmək  üçün  son  acizyanə  çarədir . Yaxud  da  qocalar  evinin  divarlarına
vəsiyyətini  edən  valideynlərin  müqəddəs  çiyinlərinə  övladları   tərəfindən
qoyulan  daha   bir   çəkilməz  dərd   və  ağır  yükdür . Bəlkə   də  fərqinə
varmadığımız  ikinci  məzarın   aşınmış  torpağı ,  ona  axıdılan  göz
yaşlarının  sonsuzluğunun  təzahürüdür ...
   Qibtə  etməkdən  uzaqlaşaq !  Uzaqlaşaq  ki , həqiqəti  görə  bilək .  Zahiri
aldanışlarda  itməyək . Taleyimizin  iz  saldığı   ömür   yollarımızı  " mənəvi
itgin "  damğasıyla  qaranlıqlara   qərq  etməyək .  Yaşadığımız  cəmiyyətin
əyriliklərini  görməyi  bacaraq . Üzvi   olsaq  da  həyatı  paylaşdığımız   cəmiyyətə
bənzəməyək !  Özümüz  olaq !  Cəmiyyətin  tərtib  etdiyi   yeni  " sinonimlərini "
kiçik   dünyamıza   tanıtmayaq .  Məsələn ,  " hörmət "  adlandırdığı   rüşvətdə ,
" ləyaqət " i   əvəz  edən   yaltaqlıqda  və   bu  kimi  sadalamaqla    bitməyən
iyrənclikdə  payımız olmasın .  UCA   YARADANIN   deyərdim  ki ,  ən  günahkar
bəndələri  də ,  məhz   bizik .  Çünki  YALANI   HƏQİQƏT   sözünə  sinonim
seçilən  dünyanın  sakinləriyik .  Daha  doğrusu   CANLI   ÖLÜLƏRİYİK !!! 
     Yazımı  Cibrab   Xəlil   Cibranın   sözləriylə   bitirmək  istəyirəm . O  söyləyirdi : - " İçimizdə   iki  şəxs  var - biri  qaranlıqda   ayıqdır ,  o  biri  işıqdaykən  yatıb ! " 



                                                                YAQUT    HÜSEYNOVA