Monday, June 22, 2015

“ BİR RUHDA VAR OLAN ÜLFƏT ... “



   
    Gözəl mahnı gözəl sözlərdən yaranır . Sevdiyimiz musiqini pianinanın həyatı yansıdan dillərinə hər toxunuşda qəlbimizlə köçürərkən baxışlarımıza huzur çökər . Çünki bu zaman söyləmək istədiklərimizi dilimizlə deyil , məhz notların dilində ruhumuzla nəql etməyə çalışarıq . Bəzən düşünürəm ki , VERƏK DÜNYANI RƏSSAMLARA VƏ BƏSTƏKARLARA ... Sakini olduğumuz , lakin tanımadığımız dünyanı bir daha anlatsınlar bizə rənglərin və musiqinin dilində . Anlatsınlar bəşəriyyətin ümumi dili olan rəsmlərdə , bir də notlara köçürülmüş düşüncələrdə ... 
  SÖZ , UCA TANRININ yer üzünə bəxş etdiyi ən ülvi qüdrətdi . Sözü gah ürəkdəki sağalmaz yaralara məlhəm edərik . Amma çox zaman da bu uca qüdrətin mahiyyətindəki həqiqətdən uzaqlaşaraq, var olan bir könülün huzurunu parçalayan yaralara çevirərik sözü! Şah İsmayıl Xətainin bir şeirində deyildiyi kimi :

              SÖZ var , kəsdirər başı ,

              SÖZ var , kəsər savaşı .

   Bəzən bilərəkdən , bəzən də istəməyərəkdən üzərik sevdiklərimizi , dəyər verdiklərimizi . Çox vaxt bu üzüntüyə səbəb , həyatın qəlbimizdə yox etdiyi inamdan , güvəndən irəli gələr . Çünki qarşılaşdığımız , amma layiq olmadığımız haqsızlıqlar inamı , güvəni , sevgini bizim üçün yalnız və yalnız leksikonumuzda qalan bir kəlməyə çevirər istəməsək də . İllər keçsə də , xatirələr təkrar – təkrar çözülsə də quracağımız bütün münasibətlərdə yenidən zərbə almaq , yenidən qəlbimizin paramparça ediləcəyi qorxusu sarar düşüncələrimizi . Bu məqamdakı acımasız davranışlarımızı da dərk edərik , anladıqca daha çox əzab çəkərik . Və bu əzabı yalnız özümüzlə bölüşərik . Beləcə həyatın bizə qarşı bir vaxtlar etdiyi amansızlığın GÜNAHSIZ GÜNAHKARI kimi görünərik zamanla !.. Qəlbimiz belə soyuq daşlara bənzədilər . Cibran Xəlil Cibran deyirdi : - “ Elə zənn edirsən ki , daşlar cansızdır . Yox . Burada bircə dənə də cansız şey yoxdur . Daş da yaşayır . Fərq – ürəyin döyünməsindədir . Səninki bir qədər böyük döyünür . Onunkunu isə eşitmirsən . Hərgah sən öz qəlbinin dərinliyini və dağ zirvələrinin ucalığını ölçə bilsəydin , onda sən o melodiyanı eşıdərdin ki , daşlar da , ulduzlar da eyni kökdə , eyni ahəng üstündə danışır ... “


   Sevginin , inamın və güvənin ən gözəl məqamı həqiqi dostluqda görüntülənər . Uca Yaradanın könlümüzü sönməz nuruyla aydınlatdığı dostluq , hər ürəkdə , hər yanaşmada müxtəlif anlam daşıyır . Dostluq və sevgi QÜRUR tanımaz ! Çünki dostluq və sevgi adlı ülfətdə QÜRUR – yalnız və yalnız layiqincə bu münasibəti hər səddi , çətinliyi , incikliyi qarşılıqlı səbr , hörmət , anlayış və inamla aşılaraq VAR EDİLMƏSİDİR ! Dostluq – düşüncələrin , həyata baxışların , çözümlərin , sevincin yaşananlardan daha da möhkəmlənib sarsılmamasıdır . İllər keçdikcə , məsafələr uzandıqca unudulan deyil , daha da var olmasıdı ,iki qəlbin bir yolda bütünləşməsi və sonuna qədər gedilən yoldur , DOSTLUQ ! 
   DOST sözü hecaya bölünmür . Bəlkə də UCA RƏBBİMİZ bir daha bizə bu ülfətdəki iki ürəyin , iki ömrün BİR RUHDA vahidliyini göstərir ! Bəzən qəlbimizdə bir acının ünvanı olar : - “ TƏƏSSÜF Kİ , BU KƏLMƏNİ DƏ BÖLMƏYİ BACARDIQ !.. “



                                             
                                                          YAQUT HÜSEYNOVA

  


No comments:

Post a Comment