Monday, June 15, 2015

" QƏLBİMİZİ QÜRBƏTƏ ÇEVİRMƏYƏK ! "



   Bir damla ümiddən başlar həyat . Yalnız bir damla ümiddən ... Bu kiçik zərrədən neçə - neçə dünya qurular ! Milyon – milyon ömür , məhz ümid adlı nurun səadətində bir qonaq tək gəlib – keçər fani dünyadan . Ümid bağlayar, həyata hər birimizi . Məhz ümid qəlbimizi arzular , sevinclər huzuruyla rənglənən gülüstana çevirərək , min bir ağrının , əzabın içində belə səmimi gülüşləri , təbəssümü doğmalaşdırar baxışlarımıza . Sarsılmaz gücümüz olar ümidlərimiz . Bəzən həsrətlə baxdığımız yolları qısaldar gözlərimizdə , bəzən yaddaşımıza həkk olan unudulmaz xatirələrin yenidən görüş yerinə çevrilər... Bəzən də ümidlərdən uzaqlaşmağa çalışarıq . Sükuta sığınarıq . Çünki çox vaxt bütün mücadilələrimizə baxmayaraq , məhz ümidlər bizi daha çox yaralayar , daha çox qırar ürəyimizi . Bəlkə də ümidlərimizə ruhumuzla sarılmadığımız üçün qəlbimizdə bir ömür boyu sardıqca qanayan yaralar iz salar !..
    
   Duyğularımızın , düşüncələrimizin kəhkəşanı olan arzular qəlbimizdə doğulsa da , beynimizdə yola çıxar . Və xəyallarımızda dönər ümidlərimizə . Əllərimizdən tutan arzular xəyallardan məqsədə doğru aparar bizi . Bu yolun hər qarışında anlayarıq çəkilən zəhmət və əziyyətlərin şirinliyini . Səhv və yalnışlarımızın nədənlərini çözməyə can atarıq . Doğruları arayarıq . Aradıqca mənəvi dünyamızın üfiqlərini dərk edərik . Bir hind atalar sözünü xatırlamaq istəyirəm bu yerdə : - “ Elə xəyallar quraqki , biz deyil , XƏYALLAR BİZƏ aşiq olsun . Və çin olmağa tələssin . “
  ÜMİD könlümüzdəki imandan qaynaqlanan inamdı , güvəndi , həyata verdiyimiz dəyərdi . ÜMİD , elə varlığımızın özüdür ! Ümid sevgidi , tükənməz mərhəmət və ilahi ədalətin əbədi nurundakı qığılcımdı . Bəzən sevgimiz məskən seçdiyi könüldə arzuladığı səadətinə qovuşar . Çox zaman isə məhəbbətimiz özünə doğma sandığı ürəkdə bir QƏRİBƏ dönər . Və qəribliyimiz – dəyər verdiyimiz , ruhuna bağlandığımız qəlbin sevgimizə qürbət olduğu andan başlayar ! SEVGİ – ürəklərdəki dərin sükut , gözlərdəki aşkar həqiqətdir ! Həqiqi sevgini ruhumuzla duymalı , qəlbimizlə tanımalıyıq , qulaqlarımızla dinləməklə , gözlərimizlə görməklə ONU hiss edə bilmərik ! Çalışaq ki , UCA RƏBBİMİZİN yer üzünə olan SEVGİSİNƏ , MƏRHƏMƏTİNƏ VƏ SONSUZ ƏHVİNƏ qəlbimizi QÜRBƏT ETMƏYƏK !!!

                                       

                                                              YAQUT HÜSEYNOVA 



No comments:

Post a Comment