Artıq, neçə saat idi ki, oyanmışdı. Zərif əlləriylə tutduğu fırçası ilə, rənglərin dilində tablonun köksünə köçürdüyü arzularını, kədərini, həsrətini və heç zaman duymadığı, amma həsrətində olduğu sevinclərini tamamlamağa çalışırdı. Az qalmışdı, rəsmini bitirməyinə. Nənəsi, hələ oyanmamışdı. Divardakı saata baxdı. AZANIN səslənməsinə, bir saat qalırdı. Tablolarını işləmək üçün, otagında pəncərənin yanında yer də ayırmışdı. Həmişə, məhz, burada fırçası ilə həmsöhbət olurdu. Sanki, təbiətin əsrarəngiz gözəlliyini əks etdirən mənzərənin özü idi, əlindəki fırça. Hər gün GÜNƏŞDƏN erkən oyanardı, mas-mavi gözləri. Dan yeri günəşin al şəfəqləri ilə yavaş-yavaş söküldükcə, tablosu da bu nurun ənginliyində rənglənərdi. Artıq, on gün idi ki, bu rəsmin üzərində işləyirdi. Qarşısına qoyduğu dəsmalın içində olan bu əzilmiş şəkli tablosuna həkk etməyə çalışırdı, qəlbinin bütün səmimiyyəti ilə. Ürəyində iz salan acı həsrətin tikanlı məftillərlə əhatə etdiyi sevgisini anlatmağa səy göstərirdi, hər dəfə fırçanı rənglərə batırdıqca... Günəş gözlərini tam açıb, yuxusunu bitirənə qədər, tablosunu tamamlamalıydı. Əsərinin bitmək üzrə olan son məqamları qalırdı. Bəli, əsərinin. On iki yaşının olmasına baxmayaraq, indiyə qədər yaratdığı rəsmlər, görənləri məftun edirdi. Rəbiyyə ilk rəsmini, ikinci sinifdə oxuduğu zaman, anası üçün çəkmişdi. Nəzirə qızının çəkdiyi şəklə baxanda çox sevinmişdi. Rəbiyyənin gələcəkdə gözəl bir rəssam olacağına, ürəyində inam və ümid baş qaldırmışdı. Kiçik albom vərəyinə çəkdiyi, bu şəkildə günəşin şəfəqlərinə bürünmüş asiman canlandırılmışdı. Balaca olsa da, səmaya böyüklərə məxsus təxəyyül ilə, anlam vermişdi. Maraqlı təsvir idi. Hətta o zaman anasına:-“Ana, bu səma mənim üçün, sənin gözlərinin əksidir. Şəkli “ANAMIN GÖZLƏRİ“ adlandırmışam.” - demişdi. Rəbiyyənin bu sözləri, anasını çox kövrəltmişdi. Bu balaca qızcığaz dünyaya göz açdığı gündən böyük ağrıların, acıların içində nəfəs alaraq, bacısının əllərindən bərk-bərk tutaraq, körpə qədəmləri ilə həyatı addımlamışdı. Nursel ondan beş yaş böyük idi. Ucqar kəndlərin birində yaşayan bu ailə, taleyin ən amansız üzünü görmüşdü. Atası xurafat və cəhalət ilə beynini zəhərləyən cahil düşüncəli adamlardan idi. İki qızını da üçüncü sinifdən çıxarmışdı. Və deyirdi ki:-“Qız nədir, oxumaq nədir. Qız bozbaş bişirməyi, ev işlərini görməyi öyrənməli, nəinki, fikir bildirməli, ağzını belə açıb, danışmamalıdır. Hərfləri öyrənmək üçün, üç il məktəbə getməyinizə icazə verdiyimə görə, mənə minnətdar olmalısınız. Çünki bu artıq, yetərincə savadlısınız deməkdir. Adınızı yaza bildiniz, bəsdir! Heç bunu bilməyənlər var. Siz, görün, necə xoşbəxtsiniz ki, bunu bacarırsınız. Əlbəttə ki, atanızın sayəsində!”
Bəhruz kənddə amansızlığı ilə ad qazanmışdı.
Döyə-döyə, min bir əzab-əziyyət verərək, həyat yoldaşının axırına çıxmışdı. Nəzirənin
ölüm xəbərini ona çatdıran qonşusuna, hətta istehza ilə:-“Arvaddı da ölüb, ölüb
də, nə çox arvad... Hələ, çox cavanam, yenə evlənərəm.”- deyərək, evə getmişdi.
Nəzirə xəstəlikdən vəfat etmişdi. Bəhruzun
ona verdiyi işgəncələrdən, o cümlədən dərddən və fikirdən xəstəlik tapmışdı. O,
el arasında “vərəm” adlandırılan tuberkuleoz xəstəliyinə tutulmuşdur. Getdikcə,
artan öskürəyi, hərarəti günü-gündən geriyə gedən cisminə hakim kəsilərək, gözlərindəki
həyat nurunu sürətlə azaldırdı.
Qaynanası Səadət ana gəlinini qızı qədər çox
sevirdi. Onun bu halını gördükcə, çəkdiyi dərddən şam kimi əriyirdi. Dəfələrlə
oğlu Bəhruza Nəzirənin ciddi müalicəyə ehtiyacı olduğunu söyləyərək, demişdi:
-Oğul,
daha yetər, bu qədər amansızlıq. Sən, mənim yeganə övladımsan. Atan rəhmətə gedəndən
sonra, səni əzab-əziyyətlər içində böyütdüm. Ali təhsil almağına Allahın köməyi
ilə nail oldum. Düzdür, biliyinlə, savadınla özün qazandın, o uca pilləni. Kaş
o günlər, yenidən qayıdaydı. Və zaman, məhz, o gözəl anlarda ömrümün sonuna qədər
dayanardı. Bu kənddə hər kəsin nümunə gətirdiyi övlad idin. Amma indi, sanki, o
səndən bir əsər-əlamət qalmayıb. Yaddaşımın dərinliyində Allaha şükranlıq hissi
ilə iz salan, indi dilimə gətirdiyim bu sözləri, elə bil, başqa birisi, nə
zamansa həyatımda mövcud olmuş o gözəl insan haqqında deyirəm. Bir dön, özünə
bax. Ailənə, sanki, düşmən kəsilmisən. Məgər, mən, Nəzirə və iki övladın ailəni
tamamlayan parçalar deyilikmi?! Sən atasan, bu parçaların bütövlüyünü, sevginlə,
qayğınla sən, yaratmalısan!!! Dön, özünə bir daha, nəzər sal! Bəlkə, içkinin,
eyş-işrətin daşlaşdırdığı qəlbində atalıq borcunu, atalıq vəzifəsini bir daha,
anlaya bildin! Nəzirəni çox sevirdin. Yadındamı, kənddə hamı sizin sevginizə həsəd
aparırdı. Niyə, birdən-birə bu qədər dəyişdin?! Niyə, o gözəl övlad, etibarlı həyat
yoldaşı olan sənin yerini, ruhu şeytana satılmış, qəlbi iblisə təslim edilmiş
biri tutdu? Hanı, o son tikəsini özgələrlə, yadlarla bölüşən oğlum?! Hanı, hər
zaman mənim xeyir-duamın işığında addımlamağa çalışan övladım?! Bir zaman son
tikəsini özgələrlə, başqalarıyla bölüşən sən, indi ailəsini bir tikə çörəyə belə,
möhtac qoyub! Onlara ailə kimi deyil, qul kimi baxırsan! Elə mən anana da, bu
münasibəti bəsləyirsən!!! Nədən?! Bir səbəb göstər, nə olsun ki, ananam, bəlkə,
hardasa sənə qarşı bir səhvim olub?! Danış, Bəhruz, danış, qoy, suallarıma
cavab tapım!!!
Səadət ananın gözləri doldu. İlahi nur kimi,
oğluna haqqı göstərməyə çalışan sözləri qəhərə qərq oldu. Ayaq üstə tab gətirə
bilmədi. Sanki, ayaqlarının dərdlə yüklənmiş, bir ovuc boyda olan qəlbinin
ağırlığına gücü yetmədi. Otağın ortasında qoyulmuş odun sobasının kənarındakı
nalçanın üstündə əyləşib, yenə də evə sərxoş gələn oğlu ilə söhbətinə davam
etdi:
-Bax,
ixtisasca ali təhsilli mühəndissən. İllərlə bu sahədə çalışdın. Hər kəsin hörmətini
qazanmışdın. Seçdiyin sahədə güclü bir kadr idin. Nə özünə, nə də ailənə bir
gün ağlamadın. İçkiyə, eyş-işrətə qurşanaraq, nəinki, özünü, hamımızı məhv
etdin. Qəlbinə necə bu qədər insafsızlığı, ədalətsizliyi tanıda bildin?! Bir
ana kimi, buna inana bilmirəm. Harada səhv etdim ki, bu qədər dəyişə bildin?!
Əllərimə bax, bir nəzər sal, onların qabarlarına. Bu sözümü etdiklərimi başına
qaxmaq kimi, dəyərləndirmə. Əsla! Əllərimdəki bu qabarlar, mənə elə bir sevinci
xatırladır ki... Bəlkə də, məni həyatda ümidlə ayaqda tutan, məhz, bir zaman sən
diplomunu alıb evə gələndə, mənə dediyin sözlərdir. Təəssüf ki, bu gün o sözləri
xatırlamazsan, özün desən də. Ananın üzünü göz yaşlarına qarışmış əzab dolu təbəssüm
aldı:
-O gün, həyatda
çəkdiyim bütün əzabları unutdurdu mənə. O qədər özümü xoşbəxt hiss etdim ki,
bunu indi də, sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Həmin gün sən əllərimə
baxaraq, “Ana, məni xoşbəxt və uğurlu edən, məhz, əllərindəki qabarların
yollarıma çilədiyi xeyir-duanın nurudur.” - Söyləmişdin. Oğul, özün də
valideynsən. Valideyn üçün bilirsən, ən böyük əzab nədir?!
Bəhruz əlində tutduğu içki dolu stəkanı
içib, istehza ilə, anasına tərəf çevrilərək, soruşdu:
-Hə, ana,
nədir, de bilək! Yamanca filosof kimi danışırsan, bayaqdan. De, bilək, nədir,
valideyn üçün əzablı olan?
Səadət ananın param-parça olan ürəyi bir
daha tikələrə bölündü, eşitdiyi sözlərlə. Çətin də olsa, özünə toxtaqlıq verib,
yenidən danışmağa başladı:
-Sən,
bunu, təəssüflər olsun ki, anlaya bilməzsən, oğul. Ailəsini, uşaqlarını, özü də
iki qız övladını dinləməyən, onların arzularının, ümidlərinin səsini eşitməyən
biri, bunun məğzini başa düşə bilməz. Bəhruz, sən bizə iyirmi illik həsrətdən
sonra, verilmiş şirin payımız, ilk və son sevincimizsən. Atan Nəcəf kişi, sənin
heç iki yaşın tamam olmamış, avtomobil qəzasında dünyasını dəyişdi. Adi sürücü
idi. Amma ailəsini zəhməti ilə dolandırırdı. Kəndin ən hörmətli adamlarından biri
idi. Bu gün də, onun adı kənd camaatı tərəfindən böyük hörmət və ehtiramla
anılır. Yadındadı, atanın məzarını hər həftə ziyarətə gedərdik. Bunu, sən özün
evimizin pozulmaz qaydasına çevirmişdin. Tanrıya hər zaman bizə belə bir övlad
verdiyi üçün, şükürlər edirdim. Sonuncu dəfə nə zaman atanın ziyarətinə getmisən,
oğul, xatırlayırsanmı?
Bəhruz kinayə ilə gülərək, anasının sualını
cavablandırdı:
-Ay arvad,
sən elə danışırsan ki, lap bişmiş toyuğun gülməyi gəlir. Yadında saxla, ölülər
daha yaşamır, öldü, demək, qurtardı, getdi. Yox, işim-gücüm qurtarmışdı, qəbiristanlığa
gedib, dədəmin məzarın ziyarət edim. Ölü nə bilir, ziyarət nədir? Guya, mən ora
getsəm, dədəm biləcək ki, oğlu gəlib. Sən Allah, qurtar, bu söhbəti. Yəqin, o
vaxt axmaq olmuşam...
Səadət ana bir qədər susdu. Oğlunu tanıya
bilmədi. Bunları söyləyən övladı idi, yoxsa düşməni. Heç düşmən də, bunları
dilinə gətirməzdi. Çətin olsa da, deyəcəklərini tamamladı:
-Bütün
bunları boşuna demədim, oğul. Hərçənd ki, artıq, mən sənin üçün “ana” deyil, “
arvad” deyə müraciət ediləcək qədər kiçilən, yox olan bir heçliyə çevrilmişəm.
Oğul, bir valideyn üçün, ən ağrılı məqam, yanında olan, lakin dəyişən övladının
simasında bir zamanlar tanıdığı, ömrünə ömür qatan balasının yenidən, var
olacağı günə ümidlə inanmasıdır! Bəhruz, gəl, daşı tök, ətəyindən. Gəlinin vəziyyəti
çox ağırdı. Artıq, bir neçə dəfə qan da qusub. Bunu uşaqlardan çətin də olsa,
gizlədirəm. Heç təsəvvür edirsənmi, bir ana üçün mübtəla olduğu amansız xəstəliyə
övladlarını yoluxdurmamaqdan ötrü, onlardan kənar gəzmək nə deməkdir?! Onları
öpüb qoxlamaqdan, sevə-sevə bağrına basmaqdan uzaq dayanmaq necə çətindir?!
Əslində, sənin üçün bu suallarım mənasızdır. Çünki uşağı olmaq, valideyn olmaq
deyil! Bu minvalla getsə, Nəzirə çox yaşamayacaq. Bəs, uşaqların halı nə
olacaq? Mən də, çox qocalmışam. Mən cəhənnəm, bu qızların halına kim yanacaq?!
Belə amansız zamanda, kim onları himayə edəcək? Nəzirənin bir anası vardı, o da
artıq, altı aydır ki, Allahın rəhmətinə qovuşub. Bu iki qızcığazın bizdən başqa,
kimsəsi yoxdur! Qızlar həmişə ataların çox istəyir, deyirlər. Həqiqətən də, bu
belədir. Nursel ilə Rəbiyyəyə verdiyin zülmlərə baxmayaraq, səni nə qədər çox sevdiklərini
mən belə, sözlə ifadə edə bilməyəcəyəm. Çünki, bu sevgini dilə gətirməyə sözlər
belə, acizdir. Oğul, səndən bir xahişim var. Yalvarıram, heç olmasa, pensiya
kartımı ver, gəlinimi həkimə aparım. Özün bilirsən ki, dərmanlar od qiymətinədir.
Düzdür, o pul Nəzirənin müalicəsinə yetməz, əlavə vəsaitə ehtiyacımız var. Bir
də, belə xəstələri xəstəxanada qeydiyyata alırlar. Dövlət bəzi dərmanlarla da,
təmin edir. Artıq, tibdə bu xəstəliyin əlacı da tapılıb. Güclü müalicə, gözəl
abi-hava ilə əhatələnmiş ailə ortamı və yaxşı qidalanma nəticəsində buna qalib
gəlmək olar. Və bu sadaladıqlarım, TANRIYA edilən duaların işığında çin ola bilər.
Bəhruz daha da səsini qaldıraraq,
qarşısındakı stolu aşırtdı və:
-Ey arvad,
axırıncı dəfə olsun, mənə ağıl verməyin. Bu ailənin böyüyü mənəm. Və mən deyən
olacaq. Kimin yaşamağına, kimin ölməyinə mən qərar verirəm, nə sən, nə də sənin
ALLAHIN!!! - deyib, evdən çıxdı.
Ana göz yaşları içində ayağa qalxaraq, səsə
digər otaqdan gələn nəvələrinə baxa-baxa, oğlu Bəhruzun bir anın içində cəhənnəmə
çevirdiyi otağı səliqəyə salmaq istədi. Nursel ilə Rəbiyyənin təkidi ilə, Səadət
ana sobanın kənarında oturdu. Bu iki qızcığaz otağı səliqəyə salmağa
başladılar. Əyləşdiyi sobanın yanında, yerdən elə də hündür olmayan pəncərədən
həyətə baxdı. Şaxtanın hakim kəsildiyi buz kimi havada Nəzirə, öskürəklər içində
boğula-boğula odun doğrayırdı. Gördüyü mənzərə, ananın ürəyinə yanar odlar
sancdı. Ayağa qalxmaq istədi, amma buna gücü yetmədi. Deyəsən, şəkəri
qalxmışdı. Başı hərlənməyə başladı. Divara söykənib, dərddən yorulmuş gözünün
dincini bir anlıq da olsa almaq üçün, mürgülədi. Rəbiyyə nənəsinin yatdığını
görüb, üstünü örtməyə ədyal gətirdi. Nənəsini rahatladıqdan sonra, odunları
yığmaq üçün, anasına köməyə getdi. Həmin gecə, bu balaca qızların anaları ilə
keçirdiyi son gecə oldu. Qəribə gün idi. Gecənin zülməti fərəh dolu söhbətlərlə
işıqlandı. Ananın, nənənin və bu iki balaca qızcığazın birlikdə keçirdiyi
axırıncı gün, səadət dolu gülüşlərlə xatirələrə qovuşdu...
Qışın çovğununda açılan səhərin aləmə
yaydığı nurunda Nəzirənin, bu gənc ananın gözləri əbədi yumuldu. Amma ölümündən
bir gün əvvəl, səhərdən axşamacan doğradığı odun parçaları, sanki, qarlı qış günlərində
yanan sobada közə döndükcə, Nursel ilə Rəbiyyənin yaralı qəlbini ovundurmağa,
isitməyə çalışırdı.
Nəzirə vəfat etdikdən çox az sonra, Nursel
atasının amansız təkidi ilə, qonşu kənddən olan yaşı qırxı ötmüş, üç dəfə evlənib
boşanmış, varlı bir kişiyə ərə verildi. Hətta atası gələn elçilərə:-“Bir yüküm
azaldı...” - deyərək, qəhqəhə çəkmişdi. Səadət ana buna dözməyib, elçilər gedəndən
sonra, oğluna hətta, bunları söyləmişdi:-“Barı, Rəbiyyəyə qıyma, o hələ
uşaqdır. Nurseli diri-diri həyatın məzarlığına gömdün! Diri ikən ölüyə
çevirdin, gözəl nəvəmi! Bundan sonra, daha hansı amansızlığının qurbanı
olacağıq!!!”
Bəhruz anasına əl qaldırmış və bu azmış kimi,
acımadan zəhərli sözlərlə qəlbini bir daha dağlamışdı:
-Ey qoca,
bir də ağzını açsan, səni qocalar evinə göndərəcəm. Rəbiyyə mənim qızımdır, sənin
yox. Necə sadəlövhsən, ay arvad! Heç Rəbiyyəni əldən verərəm? Heç vaxt. Allah
ona gör, nə boyda istedad verib. Çox balacadır. Amma çəkdiyi şəkillərə, bax! Elə
bilirsən, mən ona şəkil çəkmək üçün, lazım olan vəsaitləri boşuna alıram. Əlbəttə
ki, yox! O şəkillər çəkəcək, özü də istirahət etmədən çəkəcək! Yoruldum, belə
deməyəcək. Heç, bunu söyləməyə ixtiyarı da çatmaz! Desə, dilini qopararam
yerindən. Mən də, çəkdiyi rəsmləri satıb, pul qazanacam!
Ana, sanki, oğlu ilə deyil, iblis ilə
danışırdı. Elə bil, onun qarşısında şeytan dayanmışdı və dayanmadan ananın qəlbini
nizələyirdi, söylədikləri ilə. İnsan cildinə girən iblislə mübarizə edirdi ana.
Ən dəhşətlisi bu idi ki, bu şeytan ananın elə öz bətnində doqquz ay böyüyərək,
həyata ilk addımını atmışdı. “Yox, aman Allah, mən nələr düşünürəm! Mən, övlad
dünyaya gətirdim! Amma iblisə çevrildi, həyat bəxş etdiyim!!!”- fikirləri ilə
özünü həmişə günahlandırmışdı...
Artıq, kəndin səmasında məscidin minarəsindən
səslənən AZAN öz nurunu yayırdı. Bu müqəddəs sədanın işığında körpə çöhrəsinə qəlbinin
sevinci hopmuşdu. Tablosu tamamlanmaq üzrə idi. Əsərinin varlığı ona
yorğunluğunu tamam unutdurmuşdu. Birdən nənəsinin:-“Afərin, qızım.” - deməsi, Rəbiyyəni
şirin xəyallarından ayırdı.
-Şükürlər
olsun, rəsmini tamamladın. Məncə, bir anaya doğum günündə veriləcək, bundan gözəl
hədiyyə ola bilməz...
Nənə sözlərini bitirə bilmədi. Göz
yaşlarının düzüldüyü nurlu üzünü qabarlı əlləri ilə silə-silə nəvəsini bağrına
basdı. Rəbiyyənin də yaralanmış, bapbalaca ürəyi hönkürə-hönkürə qəhərə qərq
olmuş hıçqırıqlarında dilə gəldi:
-Artıq iki
ildir ki, anamız dünyasını dəyişib. Bu tablo, anamın ruhuma həkk olan rəsmidir.
Nənə, bəlkə də, yaşadıqlarımızda atamın heç bir günahı yoxdur. Taleyin bizim
üçün yazdıqlarıdır. Müəyyənləşdirdiyi yoldur. Bəlkə də, alın yazımızdır. Bir
düşün, axı, heç bir ata ailəsinə əzab verməz. Heç zaman unutmaram, anam bizə hər
an deyərdi ki:-“Atanız dünyanın ən gözəl valideynidir. Ailə söz-söhbətsiz
olmaz.” Həmişə baş verənləri, taleyin alnımıza yazdığını fikirləşirdim. Verdiyi
bütün əzablara baxmayaraq, atama nifrət etməmək üçün, biz iki bacı belə
düşünürdük. Axı, necə, ona nifrət edə bilərdik ki? Onu çox sevirdik və bizi də
sevdiyini duyurduq, bunu büruzə verməsə də... Amma, amma...
Rəbiyyə sözünün davamını gətirə bilmədi. Nənəsinin
dizlərinə başını qoyub, illərlə ürəyində yığılıb qalmış kədərini, yenidən, cümlələrə
düzdü:
-Amma
yeganə bacım Nurseli döyə-döyə yaşlı kişiyə ərə verdiyi gün,
yaşadıqlarımızın taleyin hökmü
olmadığını dərk etdim. Bəlkə də, o dəhşətli ana qədər bunu balaca olsam da,
anlamışdım. Fəqət, valideynə olan güvəni, inamı itirməmək üçün, bunu qəbul etmək
istəmirdim. Bir övlad üçün, valideynə olan inam və güvəni itirmək qədər əzablı
bir şey yoxdur. Yaşaya-yaşaya ölməkdir, o anın ağırlığını duymaq və daşımaq! Nəfəs
ala-ala boğulmaqdır! Gözlərin baxsa da, ətrafındakı dünyanı, həyatı yalnız və
yalnız qara rəngdə görməkdir! Sənə olan sevgini, nəvazişi böyüdüyün (Əgər, buna
böyümək deyilirsə...) ailədən deyil, yad simalardan görmək, insanı içindən məhv
edir. Gördüyün bu məhəbbət və nəvazış günəşin nurunu belə kölgədə qoysa da, öz
doğma ailəndən görmək istəyirsən, bir qətrə sevgi və nəvazişi. Nursel ilə elə
arzularımız vardı ki... Heç dilimizə belə, gətirməyə macal tapmadıq, atamızın qəlbimizdə
yaratdığı qorxunun baltalarının səsindən. Bacım, pianina müəllimi olmaq istəyirdi.
Ürəyində olan bütün arzuların, ümidlərin fövqündə toxunmaq istəyirdi,
pianinanın dillərinə. Hər ikimiz, yalnız və yalnız hərfləri tanıdıq. Şükür,
kitab oxuya bilirik. Cəhalətin atamızın beynində, ruhunda, qəlbində saldığı
bataqlıqda məhv oldu, uşaqlıq arzularımız.
Bunu deyib, özü də güldü söylədiklərinə. Təbəssüm
içində fikirlərinin ardını gətirməyə çalışdı:
-Elə bil,
qırx yaşım var... Elə də deyirəm ki, uşaqlıq arzularımız! Əslində, mən
haqlıyam. Çünki həyatda yaşımız ilə deyil, gördüklərimizlə, yaşadıqlarımızla
böyüdük. Yaşımız heç onluğu keçməyib hələ, düşüncələrimiz və mülahizələrimiz isə
qırx yaşı belə, adlayıb...
-Ay mənim,
ağıllı qızım. Səninlə fəxr edirəm. Çox xoşbəxtəm ki, sən yanımdasan, ən azından
halından xəbərdaram. Amma ürəyim parçalanır, Nursel yadıma düşəndə. Zorla ərə
veriləndən sonra, atan nə bizi qoydu onun yanına getməyə, nə də Nurselin ailəsi
gəlməyinə icazə verdi. Dəhşətdir, on beş yaşında, özündən belə böyük olan “dörd
uşağa” analıq etmək! Nələri yaşadıq, nələri! Daha doğrusu, bütün bunları bizə
özgəsi deyil, öz doğma oğlum, səninsə doğma atan yaşatdı!!!
-Nənə, Nursel üçün, çox darıxmışam. Fikir eləmə,
bir gün ona, mütləq qovuşacağıq. Özüm, səni onun yanına aparacam. Nənə, heç
demirsən, tablom necədir. Düşüncələrini bölüşmədin, mənimlə. - Uşaq
şıltaqlığıyla soruşdu və öz sualına, elə özü cavab verdi:
-Tablo
“ANAMIN GÖZLƏRİ” adlanır. İlk rəsmim, yadındamı? Həmin şəklin təkrarıdı, amma
çox kiçik bir fərqlə fırçaya almışam. Bəlkə də, həmin fərq çox kiçikdir, amma mənim
üçün həmin fərq yaşadığım həyatın əksidir, desəm, yanılmaram. Həmin şəkli anam
çox sevirdi. Rəhmətə gedən günü, yastığının altından tapmışdıq onu. İndi, məndədi
həmin şəkil. O ilk rəsmim olduğuna gorə deyil, anamın ətrinin hopduğu üçün, mənə
daha dəyərlidir. – Deyərək, yamaqlı, köhnə paltarının cibindən bir dəsmal
çıxardı. Dəsmalı açıb, içindəki rəsmi əvvəlcə qoxlayıb öpərək, nənəsinə göstərdi.
Rəbiyyənin əlində tutduğu şəkil, bir az öncə,
tamamladığı tablo ilə eyni görüntüdə idi. Çəkilmiş səmada mas-mavi rəng, sanki
adi rəngdən çox, ilahi bir səsləniş kimi canlandırılmışdı tabloda. Bu səma, bu
asiman Rəbiyyənin əzablarla qıvrılan qəlbinin əksi idi. Səmanın dan yerindən
boylanan al şəfəqli Günəşdə min bir arzu, sonsuz ümid işıqlanırdı. Tablo kağız
üzərində illər öncə, çəkilmiş əslindən, yalnız xırda bir haşıyə ilə fərqlənirdi.
Tablonun aşağı hissəsində cadar-cadar olmuş kiçik bir torpaq və bu torpağın üstündə
üzərində qan ləkələri olan doğranmış bir odun parçası vardı. Nənə bunu anlaya
bilmədi. Təəccüblə nəvəsinin gözlərinə baxdı. Sualına cavabı, sanki, onun dərdlə
rənglənən körpə baxışlarında axtarmağa çalışdı. Yenə heç nə anlaya bilmədi. Soruşmaq
istəyirdi ki, Rəbiyyə nənəsinin verəcəyi sualı gözləmədən, cəld dilləndi:
-Hə, nənə,
soruşacaqsan ki, üzərində qan ləkəsi olan bu odun nədir? Bu rəsmə nə aidiyyatı
var? Bəli, bu odun parçası tabloda söylədiklərimin son nöqtəsi, tamamıdır.
Yadındadı, anamın vəfat etdiyi günə bizi yaxınlaşdıran öncəki səadət dolu gün...
O gün anam səhərdən axşamacan odun doğradı. Sanki, öləcəyini əvvəlcədən hiss etmişdi.
Atamın başı eyş-işrətə qarışdığı zamanda, rəhmətlik anamızın əlləri ilə doğranmış
odunlar sobada yandıqca, öz isti nəfəsi ilə ağuşuna aldı bizi. Bizə uzun qış
gecələrində kimsəli kimsəsizliyimizi unutdurdu. Həmin gün anama kömək edəndə, o
əvvəlkindən daha pis öskürürdü. Ana-bala şirin söhbətlər edə-edə odunları tövləyə
daşıdıq. Nursel axşam yeməyini hazırlayırdı. Sən isə atamla etdiyin mübahisədən
sonra, çox ağlamışdın. Göz yaşların qurumadan, elə sobanın yanında yuxuya
getmişdin. Birdən, anamın barmaqlarında qan izi gördüm. Əlindəki dəsmal da qanın
içində idi. Nə olduğunu soruşdum. Gülərək:-“Balta ilə əlimi yaralamışam. “ –
Dedi. Amma əllərində yara yox idi. İsrarla əllərinə baxmaq istəsəm də, buna
imkan vermədi. Beləcə, işimizə davam etdik. Qucağıma götürdüyüm odunların
birinin üstündə, bir neçə yerdə qan ləkəsi vardı... Çox sonra, öyrəndim həqiqətləri.
Bəlkə də, anam yaşaya bilərdi. Amma atam buna imkan vermədi. Bu tablo, çəkdiyim
rəsmlərin “GÜNƏŞİ” olacaq, nənə. Heç vaxt icazə vermərəm, atam digər rəsmlərim
kimi, bunu da satsın. O biri tablolarım satılanda, heç vaxt səsimi çıxartmadım.
Bilirdim ki, razı olmasam, atam ya onları yandıracaq, ya da ayaqları altına
atıb param-parça edəcək. Və bir daha sevdiyim fırçamdam, rənglərdən məni əbədi
ayıracaq. Rəsmlərimin satılmasına razı olmaqla, çox xoşbəxt idim. Düşünürdüm ki, tablolarım hardasa yaşayacaq,
dəyər tapacaq. Hansısa bir evin, ələlxüsus, hansısa bir yaşıdımın atasının onun
üçün qurduğu, kitab rəfləri ilə zəngin olan gözəl bir otağının bəzəyinə çevriləcək.
Belə olduğu halda, mən də həmin xoşbəxt taleyi yaşayan, ən azından şagird olan
həmyaşıdımın timsalında yarın qalmış arzılarıma çatmış olacam. Çin olmayan bir
arzum belə, qalmayacaq! HƏYAT, yadlar ona düşmən kəsiləndə yox, doğmalar ögeyləşəndə
dözülməz olur! Doğma atamız belə, bizə ögeyləşdi. Anamızı əllərimizdən, məhz, onun
laqeydliyi aldı. Bacım Nursel diri-diri məhvə sürükləndi, onun cəhalətiylə. Mənimsə
arzularımın sevinci olan tablolarım satılaraq, əldə edilən vəsait, onun içkisinə
verilən pullara qatıldı. Bütün bu yaşadıqlarımızla belə, çox xoşbəxtəm, çox.
Çünki, sevdiklərim, bizi sevməyən atam belə, sağ-salamatdır...
Artıq, AZANIN səsi tamamlanırdı. Səadət ana
göz yaşları içində nəvəsini bağrına basdı. Onu doya-doya öpdü. Sonra səhər
namazını qılmaq üçün, otağına getdi.
Bu gün, Nəzirənin doğum günü idi. Ruhu göylərdə
öz rahatlığına qovuşan bu nakam ana ilk və son möhtəşəm hədiyyəsini, məhz, övladından
almışdı. Günorta nənəsi ilə anasının məzarını ziyarətdən qayıdanda, atasını yad
bir nəfər ilə evlərinin həyətində gördü. Atası onları uzaqdan görcək:
-Belə getsə,
molla olacaqsız. Yenə qəbiristanlıqdan gəlirsiz, deyəsən. Axırıncı dəfə olsun,
bir də məndən xəbərsiz ora getməyiniz! Hə, Rəbiyyə, təzə tablonu gətir, müştərisi
var. Gələni gözlətməyək.
Ananın qəzəbdən az qala ürəyi partlasın.
Oğlunu evə çağırıb, satmamasını xahiş etdi. Rəbiyyə də ilk dəfə idi ki, atasına
verdiyi cavabla etiraz edirdi:
-Onu
qoymaram, satasan, qoymaram. Həmin tablo, anama hədiyyəmdir!
Atası əsəbləşərək,
Zəhranı sillə ilə vurdu. Və bu azmış kimi:
-Ananı belə
çox istəyirsənsə, get yanına! – Dedi.
Ağsaçlı anası onun ayaqlarına qapansa da, Bəhruzu
fikrindən döndərmək mümkün olmadı:
-Oğul, bu
gün, Nəzirənin doğum günüdür. Heç olmasa, başqa gün satarsan, uşağın sınıq ürəyini
qırma!
Bəhruz heç nəyə məhəl qoymadan, tablonu dəyər-dəyməzə
satdı. Rəbiyyə, sanki, donmuşdu yerində. Nitqi tutulmuşdu, gördüyü dəhşətdən.
Elə bil, anasını ikinci dəfə onun əllərindən alıb, aparırdılar. Bu dəfə daha
uzaqlara... Anasının qoyulduğu məzar heç zaman ona belə, uzaq görünməmişdi!
Düzdür, Rəbiyyə bu sahədə heç bir təhsil
almamışdı. Onun yeganə müəllimi, həyat və nənəsinin söylədiyi şirin nağıllar
idi. Bir də, rəsmlərində Tanrının ona bəxş etdiyi ilahi istedadın nurunda rənglər
dilə gəlirdi. Müəllimləri, bütün məktəb kollektivi onun və bacısının yenidən, məktəbə
qayıtması üçün nə qədər çalışsa da, atasını razı sala bilməmişdilər.
Alıcı tablonu sevinə-sevinə maşına qoyub, kənddən
uzaqlaşdı. Rəbiyyə heç nə olmamış kimi, nənəsinin yanına qayıtdı. Çay dəmləyib,
nənəsi ilə birlikdə süfrəyə əyləşdi. Bir qədər onunla dərdləşdikdən sonra, gülə-gülə
həyətdə əkdikləri gülləri suvarmağa getdi. Təbiətin gözəlliyində ruhunun
dincliyini aradı. Səadət ana Rəbiyyənin bu halına sevinsə də, bir yandan çox
narahat idi . Çünki, Rəbiyyə hər tablosu satılanda, günlərlə özünə gələ bilmirdi.
Çətinliklə yenidən fırçanı əlinə alaraq, şəkil çəkməyə başlayardı. Nənəsi onun
belə ruhi sarsıntılarına dözə bilmirdi. Nəvəsini rəsm çəkməkdən uzaqlaşdırmağa
çalışırdı. Rəbiyyə isə:-“Nənə, fırça və rənglərlə nəfəs alıram. Bir düşün, nəfəs
almadan, yaşamaq mümükündürmü?! Əlbəttə ki, yox.” – Təbəssüm edərək, söyləmişdir.
Günü beləcə, yekunlaşdırdılar. Atası həmişə
olduğu kimi, evə gecəyarısı gəlirdi. Evdəkilərin gündəlik yemək ehtiyaclarından
başqa, onlar üçün heç nə etmirdi. Üstəlik:-“Hələ, minnətiniz olsun, camaat evdəkilərə
heç quru çörək də vermir.” - deyirdi.
Rəbiyyə anası vəfat etdikdən sonra, gecələr
nənəsi ilə yatırdı. Onun şirin nağıllarının fövqündə gözlərinə yuxu qonardı. Rəsmlərin
isə min arzularla bəzədiyi kiçik otağında çəkirdi. Bu gecə yatmaq üçün, nədənsə,
öz otağına getdi. Nənəsini israrına baxmayaraq, “rəsm çəkəcəyəm” deyərək, öz
otağına çəkildi. Səaədt ana sobanın yanında sərdiyi yerinə girərək, düşüncələrə
daldı. Gecəyarı iki dəfə ayılıb, Rəbiyyəyə baxdı. Onun şirin-şirin yatmasına
tamaşa etdi...
Artıq, AZAN verilirdi. Nənə səhər namazını
qılıb, adəti üzrə, Rəbiyyənin otağına tərəf yollandı. “Gözəl nəvəm, indi, nə çəkir,
görən...” – deyərək, otağın qapısını açdı. Gördüklərinə inanmadı. Elə fəryad çəkdi
ki, yer-göy lərzəyə gəldi. Rəbiyyənin cansız bədəni tavandan asılı vəziyyətdə
önündəydi. O özünü asmışdı. Nənəsi onun ayaqlarını qucaqlayaraq, haray çəkə-çəkə
ağladı. Səsinə qonşular gəldi. Hamı gördüklərindən dəhşətə gəlmişdi. Səadət
ananın nəvəsi Rəbiyyənin ayaqlarına bərk-bərk sarılan əllərini cəsəddən güclə
ayırdılar. Onun ölümünə səbəb olmuş qatil “ata” içkili vəziyyətdə evə gələndə
artıq, Rəbiyyə yad çiyinlərdə son mənzilə yola salınaraq, dəfn olunmuşdu.
Bacısı Nursel də gəlmişdi, onu ötürməyə. Sanki, ötən bu qısa zamanda Nursel
qocalmışdı. Onu tanımaq belə olmurdu. Nakam anasının taleyi, elə bil, onun alın
yazısında təkrarlanırdı. Rəbiyyə öz ölümü ilə, nənəsini bacısı Nurselə
qovuşdurmuşdu. Yəqin ki, indi o çox xoşbəxt idi...
Səadət ana iki qızının həyatını məhv edən
oğlunu, bir az öncə torpağa tapşırılan Rəbiyyənin otağına gətirib, çəkdiyi dərdin
alovlarında ürəyi yana-yana nifrətini dilə gətirdi:
-Bax, bu
otaq, burada təməli qoyulan arzulara məzar oldu. Bir ailəni dağıtdın, onun
parçalarının hər birini məzara göndərdin. İkisini torpaq altına gömdün, məni və
bədbəxt Nurseli isə həyatın məzarlığında diri-diri basdırdın. Bu otaqda çəkildi,
sənin eyş-işrətə acımadan xərclədiyin pullara qatılan vəsaiti sənə qazandıran
tablolar. Rəbiyyəm, çox istedadlı idi. Amma bu otaqda çəkilən son tablonu görəndən
sonra, nəvəmin istedadını unutdum. Bəli, unutdum. Bilirsən, niyə, çünki dediyim
o tablonu HƏYAT ÇƏKMİŞDİ, öz fırçası ilə deyil. Bir QATİL “ATA” nın biganəliyinin,
laqeydliyinin, verdiyi əzablarının rəngində çəkildi, o əsər! O əsər sənin əsərin
idi. TAVANDAN ÖZÜNÜ ASAN KÖRPƏ BİR ÖVLADIN CANSIZ CİSMİNİN, QATİL “ATA” NIN ƏLİ
İLƏ ÇƏKİLMİŞ TABLOSU İDİ!!! Deməli, ən böyük rəssam sənsən, Bəhruz, sən!!!
İndi, sadəcə, bunu düşünürəm! Görən, sənin üçün, yaratdığın o əsərin dəyəri nə
qədərdi?!! Nə qədər qiymət kəsərdin, onu satmaq üçün? De, susma, nə qədər istəyərdin?!
Amma o “möhtəşəm əsərin” qiymətini elə, övladın öz körpə canı ilə ödəmişdi, sənə!!!
Bəlkə, bu qazanc sənə, nəinki, bu dünyada, hətta o dünyada belə, bəs edər! Bir
də unutma, bu dəfə ki, alıcın QARA TORPAQ oldu. O çəkdiyin “əsərini” aldı. Amma
dəyərini sənə ödəmədi. Bilirsənmi, niyə? Məzar, çox ədalətli alıcıdı. Aldığı əsərin
qiymətini, sənə, məhz, axirətdə çatdıracaq! Buna, heç bir zaman şübhən olmasın!
Səadət
ana əlində saxladığı, qızı qədər sevdiyi gəlini Nəzirənin və nəvəsi Rəbiyyənin
qoxusunun əbədi hopduğu kiçik kağız parçasına köçən şəklə baxa-baxa, acı günlərini
bir daha xatırladı. Artıq, Rəbiyyənin haqqa qovuşmasından, üç il keçmişdi. Onun
yasını verdikdən sonra, evi tərk edərək, qohum-qonşunun köməyi ilə paytaxtda
yerləşən “Qocalar evi” nə sığınmışdı. Burada hərə bir dərddə idi. Buranın
sakinlərinin bir sirdaşı vardı, pəncərələrdən görünən yollar və gözlərinin dikildiyi
qapılar...
Səadət ananı burada hər kəs çox istəyirdi.
Hətta, rəhbərlik bura gəldiyi gündən, nəvəsi Rəbiyyənin hər ildönümündə ananı
onun ziyarətinə aparırdı. Yenə də o, səhəri səbrsizliklə gözləyirdi. Çünki, Rəbiyyənin
sabah “atasının əli” ilə, otağında çəkilmiş “SON TABLO” sunun üçüncü ildönümü
tamam olurdu...
Yaqut Hüseynova
20 fevral 2016-cı il.
No comments:
Post a Comment