“(İnsanlar)
ümidsizliyə qapılandan sonra, YAĞIŞ göndərən,
nemətini (Yağışını) açıb paylayan
Odur. Tərifə (şükrə) layiq
olan da Odur.”
olan da Odur.”
“QURANİ-KƏRİM”, Şura 28.
Yazıçı, şərqşünas
Əli Rzazadənin “YAĞIŞ” romanı müqəddəs kitabımız “QURANİ-KƏRİM” in bu surəsi ilə
tamamlanır. Yağış təbiətin əsrarəngiz möcüzəsidir. Yağmurlar mas-mavi asimanı şəfəqləndirən
ilahi nuru və torpağın müqəddəs ətrini, məhz narın damlalarında qəlblərə,
könüllərə, düşüncələrə çiləyir. Yazıçının ilk romanı olan bu əsərində
işıqlandırılan mövzu və ideya mükəmməl bədii çalarlar ilə oxucu qəlbinə, oxucu
ruhuna yağan yağışa bənzəyir. Əsəri vərəqləyərkən, oxucu həyatda aradığı həqiqətlərin,
cəmiyyətdə gördüyü eybəcərliklərin, cahilliyin insanlar arasında yaratdığı
uçurumun köklərini və bu bəlalardan necə xilas olmağın yollarını bir daha analiz
edərək, dərk edir. Romanda istifadə olunan dini hədislər, ibrətamiz hekayələr və
aforizmlər əsəri daha da oxunaqlı edir. Tanrı sevgisi və ilahi eşqin mahiyyəti
bütünlüyü ilə əsərin baş qəhrəmanı gənc zabit Kənanla Abdullah adlı nurani bir
qoca arasında olan hər bir dialoqda mükəmməl şəkildə qələmə alınıb. Müəllif
“YAĞIŞ” ın damlalarının aydınlatdığı həqiqətə yalnız öz çözümləri ilə deyil, Frans
Kafka, Lev Tolstoy, Sartr, Nitşe, Şekspir və digər dünya ədəbiyyatının klassiklərinin
yanaşmalarıyla da fikrini əsaslandırıb.
Romandakı Nizam
obrazını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu surət oxucuya böyük dramaturq
Cəlil Məmmədquluzadənin “ÖLÜLƏR” pyesindəki İsgəndər obrazının bədii cizgilərini
xatırladır. Cəhalətə, cahilliyə qarşı qorxmadan, cəsarətlə mübarizə aparan,
lakin yaşadığı cəmiyyətdə kafir, dinsiz adlandırılaraq, hətta heç kəsin salam
belə vermədiyi Nizam ixtisasca riyaziyyat müəllimi olsa da, İSLAM dinini çox
gözəl bilir. Hər anını mütaliə ilə keçirir. Yaşadığı cəmiyyətdə qəlbinin,
ruhunun, beyninin dərinliyindəki hayqırtını həmsöhbət olduğu kitablar qədər
duyan və müzakirə edən başqa bir kimsə yoxdur. O, cəhalət bataqlığında gündən-günə
ruhu məhv olan cəmiyyətə ilahi həqiqətin mahiyyətini anlatmağa çalışsa da, səyləri
səmərəsiz qalır. Çünki üzvü olduğu cəmiyyətdə Nizam tək idi. İnsanlara
çatdırmaq istədiyi haqq və ədalətin səsi hər zaman qondarma, qaraguruhçu
dindarlar tərəfindən beyni zəhərlənən böyük kütlənin amansızlığı ilə boğulurdu.
Tanrıya gedən yol elmin və mərifətin ucalığından keçir. Əgər Adəm övladı elmsiz
olarsa, ruhu mərifət nuru ilə işıqlanmazsa xurafatın, cəhalətin, mövhumatın
qurbanlarından birinə çevrilərək, məhv olar. Romanda Abdullah Kənan ilə bir
söhbətində dönə-dönə qeyd edir ki:-“CAHİLLİK çayır otuna bənzəyir. Onu
torpaqdan çəkib çıxarırsan və birdəfəlik yox olduğunu düşünürsən. Amma bir müddət
sonra, fürsət tapan kimi torpağın dərinliklərinə ilişib qalmış, gizlənmiş toxumları yenidən
baş qaldırır.”
Təbiətin qoynunda, yağan yağmur damlaları altında Abdullah ilə Kənanın birlikdə Tanrıya əl açaraq, bir zamanlar Həzrəti Əlinin oxuduğu duanı söyləməsi səhnəsində xüsusilə vurğulanır ki, insan yalnız ALLAHI xatırladıqca, ONA sığındıqca, ONA güvəndikcə, ən əsası ONU dərk etdikcə həqiqi xoşbəxtliyin nə olduğunu anlayaraq, mənəvi hüzuru ruhu ilə dada bilər. Əbədiyyətə gedən yolun başlanğıcı, məhz bu səadətdən qaynaqlanır...
Əsərin
sonuna qədər yağış baş qəhrəmanın həyat yollarında atdığı addımlara öz paklığı,
gözəlliyi ilə həmdəm olur. Onun hələ məktəbdə oxuduğu zaman yazdığı ilk hekayəsini
tamamlayan son cümləsində qeyd etdiyi:-“Bu YAĞIŞI damla-damla öpərəm, bu YAĞIŞI
gözlərimə təpərəm” fikri, romanın bədii estetik gücünü artırır. Kənanın
yaddaşında yağış daha bir xatirə ilə əbədiyyətə varmışdı. Ona topladığı hərbi kolleksiyaya
daxil etmək üçün, qara rəngli kitel düyməsini hədiyyə edən əsgərin cənazəsinin
yağışlı bir gündə kəndə qayıtması, baş qəhrəmanı
çox sarsıdır. Yağış damlalarının müşaiəti ilə kənd camaatının çiyinləri üstündə
son mənzilə yola salınan şəhidin axan qanı içindəki VƏTƏN sevgisini şölələndirərək,
mənfur düşmənlərə olan nifrətini daha da artırır. Zaman keçir... Kənan hərbi
xidmətini şərəflə yerinə yetirərək, doğma kəndinə qayıdır. İllərlə axtardığı həqiqətə
qovuşmaq, onu dərk etmək üçün TANRIDAN dilədiyi duaların cavabı olan Abdullah
ilə məhz hərbi xidmətdə tanış olur...
Bu gözəl
roman haqda olan düşüncələrimi, onun kiçik bir mətni ilə bitirmək istəyirəm:-“Yağış
damcıları göz yaşlarıma qarışıb yanaqlarımdan süzülür, mənsə heç vaxt olmadığı
kimi, həyatımda birinci dəfə üzümdən yağış suyunu silmirdim. Gah göydən enən
yağışı, gah da ağacdan qopub düşən saralmış yarpağın asta enişini gözlərimlə
izləyirdim...” Bir hind atalar sözündə deyildiyi kimi:-“Gözdə göz yaşı
yoxdursa, RUHDA GÖY QURŞAĞI OLA BİLMƏZ.”
Yaqut Vafiqqızı
No comments:
Post a Comment