-O evimizin qəfil qonağı idi. Övladımız kimi
sevirdik onu. Çox zəhmətkeş, dərin düşüncəli, ən əsası qayğıkeş idi. HƏRBÇİ
olmaq istəyirdi. Həmişə deyirdi ki:-“ Mütləq hərbi təhsil alacam. Və ömrümün
sonuna qədər VƏTƏNƏ layiqincə xidmət edəcəm.” Uşaqlığı böyük çətinliklər içində
keçmişdi. Valideynlərinə kömək etmək üçün həmişə müxtəlif işlərdə işləyirdi.
Çox gənc olsa da, əllərindəki qabarlar çəkdiyi əziyyət və zəhməti kəlmə-kəlmə nəql
edirdi. Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir bizə. Hələ də
inanmırıq, RAHİLİN yoxluğuna. Aprel ayının 14-də iyirmi yaşı tamam olmuşdu. Hər
dəfə zəng vuranda:-“ Hər şey qaydasındadır. Narahat olmayın. Addımbaadım irəliləyirik.
İnşallah, bayrağımızı ŞUŞADA dalğalandıracağıq!”- deyirdi. Rahildən “cəbhədə vəziyyət
necədir” soruşanda, bizə cavabı yalnız bu olurdu:-“Mənə belə sual verməyin. Biz
bura VƏTƏNİ qorumağa gəlmişik!” Çox yaxında gələcəyini deyirdi. Yolunu səbrsizliklə
gözləyirdik... Bəli, o gəldi. ŞƏHİD kimi qayıtdı, doğulduğu torpağa. Həmişəki
kimi bu dəfə də gəlişi qəfil oldu...
Ərəbovlar
ailəsinin yaxını Tamilla xanım çətin də olsa, göz yaşları içində sözünü, məhz
bu fikirlərlə tamamladı.
Şəhidin
anası Narıngül ana qapıya dikilən gözlərini oğlu Rahilin tablodan boylanan
simasına yönəldərək, bunları söyləyə bildi:-“RAHİL ölməyib, o yaşayır, mütləq
qayıdacaq. Aprelin 15-i, doğum gününün səhəri mənimlə telefonda danışanda
qayıdacağına söz verdi. O evimizin sonbeşiyi idi. 2015-ci ilin oktyabr ayının
10-da oğlumu hərbi xidmətə yola saldıq. And içmə mərasimindən sonra xidmətini
könüllü olaraq, Astaradan Ağcabədiyə dəyişdi. Sonuncu dəfə onunla Novruz
bayramında görüşmüşdük. Həyatımızın ən gözəl və unudulmaz bayramını yaşadıq.
Döyüş bölgəsində övladım və onun əsgər yoldaşları ilə birgə qarşıladıq, bahar
bayramını. Nə biləydik ki, gözəl arzularla salamladığımız baharda Rahil şəhid
olacaq... Mayın 7-si zəng vurmuşdu. Hamı ilə danışdı. Amma mənimlə danışmadı.
Yalnız bunu anama çatdırın demişdi:-“Tezliklə, anama QƏLƏBƏ şəkillərini göndərəcəyəm,
nigaran qalmasın...”
Narıngül
ana bağrına basdığı üç rəngli bayrağımızı göz yaşları içində qoxlayaraq, öpdü.
Qəlbindəki kədər dediyi ağılarında dilə gəldi:-“Bu bayraqla sarıldı, oğlumun cənazəsi.
Arzusu, Şuşada bayrağımızı dalğalandırmaq idi. Allahdan ömür istəyirəm, balamın
arzusunu çin etmək üçün. İnşallah QƏLƏBƏ günündə ŞUŞAYA özüm aparacam, BAYRAĞIMIZI!...”
Qey edək
ki, qoşunların təmas xəttində gedən döyüşlərdə Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbə
sakini Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Ərəbli Rahil Rafiq oğlu mayın
12-də şəhid olub. Şəhid Şirvan şəhər “ŞƏHİDLƏR XİYABANI” nda torpağa
tapşırılıb.
Yaqut Hüseynova
No comments:
Post a Comment