Saturday, October 8, 2016

NƏSİL-NƏCABƏTİNİ XATIRLAYAN AKİF "həkim"

   Gözəl bir deyim var:-"İnsanı geyminə görə qarşılayıb, ağlına görə yola salırlar." Peşə də belədir. Sanki onu daşıyanın geymini xatırladır.
   Peşəkarlıq hər sənət sahibinə nəsib olmur. Məsələnin ən önəmli tərəfi budur ki, sənətdə peşə etikasını son nöqtəsinə qədər öyrənərək, onu layiqincə tətbiq etməyi hər diplomu olan bacarmır. Peşə etikası seçilən sənətin özülü, təməlidir. Bu özül üzərində peşəsini qurmayan şəxs nə qədər savadlı olursa-olsun, cəmiyyətdə varlığı ilə heçliyi sərgiləyir.  Atalar yaxşı deyib:-"Meşə çaqqalsız olmaz." Əfsus ki, hər peşədə çaqqal ulaşması var. Hər birində... Həkim peşəsində beləsini görmək isə çox iyrəncdir. Sosial şəbəkələrin birində bir statusum vardı. Günümüzün reallığını əks etdirirdi. Statusum belə idi:-"Şirvan şəhərində bir çox idarə və müəssisələrin adındakı "şəhər" sözü mütləq çıxarılmalıdır. Çünki həmin ifadəni əvəz edəcək ən doğru söz "ticarət" kəlməsidir. Nümunə üçün bunları qeyd etmək istəyirəm. Məsələn, Şirvan Ticarət Xəstəxanası, Şirvan Ticarət Məşğulluq darəsi və s... Bu siyahını istənilən qədər uzatmaq da olar."
   Bu gün Şirvan şəhər xəstəxanasının bir ünsüründən danışacam. Yazımdakı "ünsür" sözü bəlkə də, çoxlarına qəribə görünəcək. Onu vurğulayım ki, həmin ünsürə həkim deyə müraciət etsəm, qələmimə hörmətsizliyim olar. Deməli, belə...
   Şahidi olduğum bir hadisəni  sizlərlə bölüşərək, həkim olmasam da Akif "bəyə" həkimin etməyə borclu olduğu, amma unutduğu bəzi önəmli məqamları xatırlatmaq istəyirəm.
   Balaca bir uşağın dırnağının içinə girən günəbaxan toxumunun qırıntısını heç bir dərman və ya keyidici istifadə etmədən çıxartmasını və bu azmış kimi uşağın ağrıya dözə bilmədiyi üçün ağladığını görüb, "anqırma" deməsini eşitdikdə, iki gözünü bir deşıkdən çıxartmağım gəldi. Həmin körpənin valideynlərinin ona verdiyi cavab, bir sillə kimi dəydi sifətinə!
   Akif "bəy", bəlkə də, şəhərdə ad qazanmış yox, ad çıxartmış ağ xalatlılardansınız. Amma görürəm ki, sizə peşənizdəki bəzi önəmli məqamları demək lazımdır. Həkim deyiləm. Ancaq qeyd edəcəklərimi sizə təkrarlamağa ehtiyac duyuram. Yəqin zamanında yaxşı oxumamısınız. 
   -Birincisi, körpə pasient ilə davranma və ona yanaşma qaydasını hələ gec deyil. Bundan sonra da öyrənə bilərsiniz!!!
 -İkincisi, körpənin, balaca uşağın bir həkim görəndə ağlaması təbii haldır. Normal mənzərədir. Burada ətrafa anormal görünəcək heç bir şey yoxdur. Özü də həkim deyilən birinə bu hal qeyri-normal görünürsə, cümləni necə tamamlayacağımı bilmirəm. Həkim uşağa psixoloji cəhətdən gözəl yanaşmanı bacarmalıdır. Onda qorxuya üstün gələcək gücü yaratmalıdır. Qarşısında bir insan həyatı olduğunu, ələlxüsus, körpə canın ağrılar içində dayandığını ürəyi ilə hiss etməlidir!!!
   -Üçüncüsü, adına mərkəzi şəhər xəstəxanası deyilən bu boyda müəssisədə keyidici və yaxud sakitləşdirici hər hansı dərman yoxdurmu, tibbi müdaxilə zamanı istifadə edilsin?!
   Və ən sonda söyləcəklərimi birər-birər qulaqlarınızda sırğa edin. Qulağınıza elə taxın ki, həmin sırğaları itirməyəsiniz. Çünki onlar çox dəyərlidir, siz anlamasanız da! Bir insana, daha da konkretləşdirsəm, bir körpəyə canının ağrısını hiss etdiyi üçün, ağladığına görə bir həkimin "anqırma" deməsi ən böyük SƏVİYYƏSİZLİK və ŞƏRƏFSİZLİKDİR! BUNUN BAŞQA ADI YOXDUR!!! 




                                                                   Yaqut Hüseynova  







Sunday, October 2, 2016

"ƏBƏDİ NURA DÖNƏN OBRAZ"

                       ( "SƏMAYA QAYIDAN YAZI"  romanı haqqında ikinci yazım )


   Kitablar da insanlar kimi xoşbəxt və bədbəxt olur. Bəli, bu taleyi onlar da yaşayır. Məhz, oxucu sevgisi ilə yazılır, kitabların adına bu iki yazıdan biri. Orxan Paşanın sözlərini xatırlamaq istəyirəm. O deyirdi:-"Bədbəxt o kitabdır ki, tozu silinəndən-silinənə rəfdən götürülüb, ələ alınır."
   Gözəl əsər yazmaq, qəlbləri fəth edəcək, beynlərdəki sual işarələrinə birər-birər cavab olacaq mükəmməl bir kitab ərsəyə gətirmək olduqca məsuliyyətli və şərəflidir. Bunu bacarmaq, yazıçının ən böyük uğuru və səadətidir. Bir əsərin daha da oxunaqlı olması üçün bəzi vacib məqam və amillər var. Ən əsası odur ki, hansı mövzu olursa-olsun, qələmə alındığı zaman onun cəmiyyətimizdəki real görüntüsü, problemin bütün dərinliklərini çılpaqlığı ilə daha təsirli əks etdirmək üçün tarixi gerçəklikləri, səbəb olduğu mənfi durumlar və xilas yolları dəqiqliklə araşdırılaraq, oxucuya çatdırılmalıdır. Tarixi, elmi və psixoloji yanaşma bədii çalarlarla yazıçı qələmindən süzülərək, bir mirvari kimi düzülməlidir, vərəqlərin köksünə. 
    
   Məhz oxuduğum bu kitab kimi...

   Əsər yaddaşıma "Allahın hakim kəsildiyi ölkə" də müqəddəs kitabımız "Qurani Kərim" in səhifələri arasına bir həkimin qoyduğu dörd ağ vərəqdə digər bir həkimin, AZƏRBAYCANLININ ailəsinə yazdığı məktubda söylədiyi həqiqətlərin, etirafların, ümid və arzuların qumlu səhralarda saldığı, rüzgarların belə sovurub yox edə bilmədiyi izləri kimi həkk oldu.
   

   Yazıçının dördüncü kitabı olan bu əsəri də mövzu aktuallığı ilə diqqəti çəkir. Onu oxuyarkən, nə zaman bitirdiyinin belə fərqinə varmırsan. Məktubunda doğmalarından ümidlə ayrılan Qədirin, əsərin sonunda çarmıxa çəkilən cismindəki qardaş nankorluğunun, erməni vəhşiliyinin izləri ilə tamamlanan alın yazısını bir daha vərəqləmək üçün qayıtmaq istəyirsən, romanın ilk səhifəsinə. Qayıtmaq istəyirsən, yollara sirdaş olan Güşvər ananın əlindəki məktuba göylərin yansıtdığı rəngin ağrısını gözlərindən oxumaq üçün...
   Səmanın, masmavi asimanın, gecə və gündüzü ilə Yer kürəsinə tarazlığı bəxş edən göylərin təsviri ilə başlayır, yazıçı, şərqşünas Əli Rzazadənin "SƏMAYA QAYIDAN YAZI" romanı. Yazıçının bu təsviri, yadıma onun "YAĞIŞ" əsərindəki Kənan obrazının göylərə baxaraq, söylədiyi bu düşüncələri saldı:-"Göylərə baxdıqca düşünürəm, bu şəffaflıq içərisində səmanın lap kiçik zərrəsinə qədər görmək olar. Saf, hər bir çirkinliklərdən təmiz, insan ayağı dəyməmiş okean sahilinə çırpılan  ləpələr kimi tərtəmiz səma. Bəlkə də səmanın təmizliyinin, paklığının səbəbi, ORADA İNSANIN YAŞAMAMASINDADIR. Göylər, insanın yaşadığı Yer üzündən həm də saflığı ilə fərqlənir..."
   Dini radikalizm və İŞİD-dən bəhs edən "SƏMAYA QAYIDAN YAZI" nın sətirlərində yazıçı sevginin ülviliyindən, mütaliənin önəmindən, dini maarifləndirmədən, Tanrı və vətən məhəbbətindən müxtəlif obrazların dili ilə söhbət açır. Əsərin əvvəlində Orxan surətinin oxucuya təqdimatı çox maraqlıdır. Romanın ilk səhifələrində o sevgisinə sadiq, ailəsini sevən, qəlbində Allah eşqi olan bir gənc kimi təqdim edilsə də, əsərin sonunda qardaşı QƏDİRİN erməni çaqqalının əli ilə öldürülməsini soyuqqanlılıqla izləyən, İŞİD-in sıralarında iblisə xidmət edən bir caniyə, bir vəhşiyə çevrilir. Gözlərini əbədiyyətə yummadan öncə, Qədirin Orxana zillənən baxışlarında, sanki bu sözlər bir daha təkrarlandı:-"... Bəzən bir insanla bağlı xatirələr üçün darıxırsan, o insan üçün yox. Çünki xatirələr dəyişmir, insan isə dəyişə bilir..."
   Orxan dini radikalizmin "beyn yuma" siyasətinin günahsızlara tuşlanan ən qorxunc, ölümsaçan silahına dönmüşdü. O silah ki, Qədirin gözlərindən əksi heç bir zaman getməyən qan içində çırpınan balaca qızcığazın vəhşicəsinə qətlində onun da amansız izləri vardı. Qolları üstündə canını tapşıran həmin balaca qızcığaz Qədirə ŞƏHİDLƏR XİYABANINDA uyuyan neçə-neçə günahsız körpələri, ələlxüsus, həmişə ziyarət zamanı məzarı qarşısında susaraq dayandığı beş yaşlı XOCALINI xatırladırdı. Bu məqamda yazıçının "YAĞIŞ" romanından kiçik bir hissəni vurğulamaq istəyirəm. Həmin sətirlərdə söylənilir:-"Bunu da unutma ki, həqiqət bəzən ölümə məhkum olur, amma O ÖLMÜR. Zira, əbədi nur ölməzdir və başqa CİSMLƏRDƏ TƏCƏLLA edir." Qədir də ölümü ilə oxucu ürəyində ƏBƏDİ NURA çevrildi. Sonda Qədirin qətlə yetirilməsini qəbul etmək çox çətindir. Düşünürsən... Qədir ölməməliydi. Əslində, o zəfər qazanmış bir TÜRK kimi əbədiyyətə ucaldı. Çarmıxa çəkilsə belə, İŞİD terrorçusu olan erməni dığası Əbu Həmzə ilə apardığı mübarizə haqqın nahaq üzərində qələbəsi, şəhidlərimizin mənfurlardan alınan qısası idi. 
   Qədir, cismi terrorçuların güllələri ilə parçalanmadan öncə, mənən, ruhən qətlə yerilmişdi. Özü də doğma qardaşının və tibbi düşərgədə cərrah işlədiyi zaman yaxını sandığı xidmətçi Əkbərin ona arxadan sapladığı saysız-hesabsız xəncərlərin ağrısından...
   Bəlkə də hər qarışında XƏYANƏT və ARXADAN VURULAN BALTALARIN LƏPİRLƏRİ olan Yer kürəsində BİR OVUC SAF TORPAQ qalmadığından, Tanrının bəşəriyyətə bəxş etdiyi bərəkət, mərhəmət, sevgi, həya, ədalət, səbr, səxavət, gözəl əməl, inanc və sonda müqəddəs kitabımız "QURANİ KƏRİM" yenidən göylərə, İNSAN AYAĞI dəymədiyi üçün TƏRTƏMİZ OLAN MASMAVİ SƏMAYA QAYTARILACAQ!










                                                                            Yaqut Hüseynova















"QAMÇI"

                                                (Eyni adlı yazımdan)



Gücün yetməsə də, büdrəmədən sən,
Daşıdın çiyninə yüklənənləri.
Sən hər döyündükcə, anladım ki mən,
Həyat da qamçılar, təklənənləri.


Öləndə yada da rəhmət oxunur,
Məzarı qazılır, kəfən biçilir.
Bəzən bir insanın gözündəki nur,
Doğması yad olan cığırdan keçir.


Doğma yadlaşdıqca "böyüdü" dünya,
Beləcə kiçildi, get-gedə insan.
İblisin meydanda zəfər çalması,
Bəlkə də bu üzdən olubdur asan.








                                 
                                                       
                                                            Yaqut Hüseynova