Gözəl bir deyim var:-"İnsanı geyminə görə qarşılayıb, ağlına görə yola salırlar." Peşə də belədir. Sanki onu daşıyanın geymini xatırladır.
Peşəkarlıq hər sənət sahibinə nəsib olmur. Məsələnin ən önəmli tərəfi budur ki, sənətdə peşə etikasını son nöqtəsinə qədər öyrənərək, onu layiqincə tətbiq etməyi hər diplomu olan bacarmır. Peşə etikası seçilən sənətin özülü, təməlidir. Bu özül üzərində peşəsini qurmayan şəxs nə qədər savadlı olursa-olsun, cəmiyyətdə varlığı ilə heçliyi sərgiləyir. Atalar yaxşı deyib:-"Meşə çaqqalsız olmaz." Əfsus ki, hər peşədə çaqqal ulaşması var. Hər birində... Həkim peşəsində beləsini görmək isə çox iyrəncdir. Sosial şəbəkələrin birində bir statusum vardı. Günümüzün reallığını əks etdirirdi. Statusum belə idi:-"Şirvan şəhərində bir çox idarə və müəssisələrin adındakı "şəhər" sözü mütləq çıxarılmalıdır. Çünki həmin ifadəni əvəz edəcək ən doğru söz "ticarət" kəlməsidir. Nümunə üçün bunları qeyd etmək istəyirəm. Məsələn, Şirvan Ticarət Xəstəxanası, Şirvan Ticarət Məşğulluq darəsi və s... Bu siyahını istənilən qədər uzatmaq da olar."
Bu gün Şirvan şəhər xəstəxanasının bir ünsüründən danışacam. Yazımdakı "ünsür" sözü bəlkə də, çoxlarına qəribə görünəcək. Onu vurğulayım ki, həmin ünsürə həkim deyə müraciət etsəm, qələmimə hörmətsizliyim olar. Deməli, belə...
Şahidi olduğum bir hadisəni sizlərlə bölüşərək, həkim olmasam da Akif "bəyə" həkimin etməyə borclu olduğu, amma unutduğu bəzi önəmli məqamları xatırlatmaq istəyirəm.
Balaca bir uşağın dırnağının içinə girən günəbaxan toxumunun qırıntısını heç bir dərman və ya keyidici istifadə etmədən çıxartmasını və bu azmış kimi uşağın ağrıya dözə bilmədiyi üçün ağladığını görüb, "anqırma" deməsini eşitdikdə, iki gözünü bir deşıkdən çıxartmağım gəldi. Həmin körpənin valideynlərinin ona verdiyi cavab, bir sillə kimi dəydi sifətinə!
Akif "bəy", bəlkə də, şəhərdə ad qazanmış yox, ad çıxartmış ağ xalatlılardansınız. Amma görürəm ki, sizə peşənizdəki bəzi önəmli məqamları demək lazımdır. Həkim deyiləm. Ancaq qeyd edəcəklərimi sizə təkrarlamağa ehtiyac duyuram. Yəqin zamanında yaxşı oxumamısınız.
-Birincisi, körpə pasient ilə davranma və ona yanaşma qaydasını hələ gec deyil. Bundan sonra da öyrənə bilərsiniz!!!
-İkincisi, körpənin, balaca uşağın bir həkim görəndə ağlaması təbii haldır. Normal mənzərədir. Burada ətrafa anormal görünəcək heç bir şey yoxdur. Özü də həkim deyilən birinə bu hal qeyri-normal görünürsə, cümləni necə tamamlayacağımı bilmirəm. Həkim uşağa psixoloji cəhətdən gözəl yanaşmanı bacarmalıdır. Onda qorxuya üstün gələcək gücü yaratmalıdır. Qarşısında bir insan həyatı olduğunu, ələlxüsus, körpə canın ağrılar içində dayandığını ürəyi ilə hiss etməlidir!!!
-Üçüncüsü, adına mərkəzi şəhər xəstəxanası deyilən bu boyda müəssisədə keyidici və yaxud sakitləşdirici hər hansı dərman yoxdurmu, tibbi müdaxilə zamanı istifadə edilsin?!
Və ən sonda söyləcəklərimi birər-birər qulaqlarınızda sırğa edin. Qulağınıza elə taxın ki, həmin sırğaları itirməyəsiniz. Çünki onlar çox dəyərlidir, siz anlamasanız da! Bir insana, daha da konkretləşdirsəm, bir körpəyə canının ağrısını hiss etdiyi üçün, ağladığına görə bir həkimin "anqırma" deməsi ən böyük SƏVİYYƏSİZLİK və ŞƏRƏFSİZLİKDİR! BUNUN BAŞQA ADI YOXDUR!!!
Yaqut Hüseynova
No comments:
Post a Comment