Sunday, September 4, 2016

"KƏŞF"

   Yer üzünün ən böyük kəşfi, məhz odur. O bir nəfərin, bir dahinin ixtirası deyil. Bütün bəşəriyyətin insanlıq kitabına yazdığı ümumi imzasıdır. Kainatın qütbdən-qütbə ötürdüyü nuruna çevrilən bu ixtiranın hekayəti, yalnız ürəklərdən və gözlərdən oxunar...
   Gülməyi həyat öyrətdi, bizə. Yaşananlar, onunla tanışlığımıza səbəb oldu. Həyat gətirdi, çöhrəmizə təbəssümü. Məhz o tanıtdı, gözlərimizə gülüşü. Bəlkə də ona görə gülməyi öyrətdi ki, yaradılışı dərk etmək üçün daha möhkəm dayayaq ayağımızı, bir gün qoynuna əbədi baş qoyacağımız qara torpağa. Öyrətdi ki, göz yaşlarının könlümüzə gətirəcəyi müvəqqəti rahatlığın acizliyində bitib-tükənməyək. Özümüzə inam və güvənin gücüylə içimizdəki mənin əllərindən tutaraq, onun büdrəmədən kainatı tanımasına zəmin yarada bilək. Yıxıla-yıxıla irəliləsə də, büdrəməməsi üçün qarşısına çıxacaq əngəlləri dəf etməyi bacaraq. Çünki insan yıxıldıqca, hiss etdiyi ağrılar onun daha inamla yenidən ayağa qalxmasına səbəb olur. Büdrədikdə isə axsaq kimliyinin imzasına çevrilir, adı.
   

   GÜLMƏYİ, HƏYAT öyrətdi bizə... Bəlkə də bilirdi, güclü olduğumuzu. Həyat amansız olsa belə əmin idi, onu səbrlə, susaraq dinləməyə ehtiram göstərəcəyimizə. Çox vaxt gülüşlərimiz cavabsız suallara dönərək, çiyinlərində gah günah, gah da bir savab kimi daşıdı, ruhumuzu. Və getdikcə yaşa doldu, gözlərimizdə. Elə baxışlarımızda qonaq oldu, fəsillərə. Bəzən damla-damla boy atan ömrüylə payızın yağmurlarına qarışdı. Bəzən də gizlin saxladığı küsüknlüyü qarlı qışın bəyaz soyuqluğunda yenidən duruldu. Həm bahar çiçəkləri kimi ətirləndi arzularımızda, həm də dualarımızdan qopan kiçik bir zərrə kimi günəşin dan yerini aydınladan şəfəqlərində yox oldu ki, təbiətin yay nəfəsli müjdəsini könlümüzün torpağında duya bilək.

   Beləcə, GÜLÜŞ insanların ən böyük kəşfinə çevrildi. Bir aforizmdə deyildiyi kimi:-"İNSANLAR o qədər acı çəkdi ki, GÜLMƏYİ KƏŞF etdi."




       

                                                                      Yaqut Hüseynova





No comments:

Post a Comment