Thursday, September 1, 2016

"XOCALI" NIN MƏZARI ÖNÜNDƏ...

-Maşallah, indi o qədər qəzet və jurnallarımız var ki, saymaqla bitməz. Hamı yazır, hər kəs qələm sahibidi. Nə gəldi yazılır, nə gəldi çap olunur. Nəşrlərin də ardı-arası kəsilmir. Ağrılısı da odur ki, əlində qələm olanların, daha doğrusu, əlini məcburi qələmə öyrətmək istəyənlərin cəmiyyətdə sərgilədiyi mənzərə, yalnız və yalnız yağışdan sonra çoxalan göbələkləri xatırladır. Belələrinin nə sözün mahiyyətindən xəbəri var, nə də ona yanaşma bacarığından. Tarixin yaddaşına köçən "rəhmətlik" senzura yadıma düşdü. O "rəhmətə" gedən gündən hamı cumdu qələmə. Söz azadlığı adı altında "yazanlarımız" o qədər çoxaldı ki, mənşəyi və janrı bilinməyən cızmaqaralar ədəbiyyat və jurnalistikamızı edam kürsüsünə qədər sürükləyib apardı. Bir məqam isə unuduldu ki, SENZURA kağız üzərində hər hansı bir hakimiyyət tərəfindən verilərək, möhürlənmiş maddə və yaxud qanundan ibarət olmamalıdır. O hətta DİLƏ və DÜŞÜNCƏLƏRƏ vurulmuş qandallara da dönməməlidir. SENZURA, hər bir qələm sahibinin özünə, yalnız ruhundan və qəlbindəki vətəndaşlıq hissindən təyin etdiyi bir qanunu xatırlatmalıdır. VİCDANI isə bu ali qanunnamənin möhürünə çevrilməlidir. Əbəs yerə deyilməyib ki, "əsl sənətkar olmaq istəyirsənsə, fərqi yoxdur, hansı sahədə olrsa-olsun, ilk növbədə təpədən-dırnağadək VƏTƏNDAŞ OLMAĞI bacarmalısan..." Bəli, əsl vətəndaş olmağı bacarmalısan ki, əlinə götürəcəyin bir ovuc torpağın zərrələrinə RUHUN qarışa bilsin!
   Hər dəfə bu pillələrlə qalxanda ürəyimdəki qürur və kədər düşmənə olan nifrətimi qat-qat artırır. Qalxdığım pillələr tarixi həqiqətləri bir daha təkrar-təkrar səhifələyir, burada torpağa tapşırılan neçə-neçə şəhidin rəsminin dil açdığı baş daşlarında. Bir əsrdə iki dəfə ŞƏHİDLƏR XİYABANINA dönən Dağüstü Parkda bu dəfə tək deyildim. Mənimlə birlikdə addımlayan ONLARIN da əbədiyyətə varan ayaq səslərinin ahəngi torpağa hopduqca, düşüncələr məni məndən aldı. Addımlarımı yavaşıdıb, bu tarixi şəxsiyyətlərin AZADLIQ, MÜSTƏQİLLİK və İNSANLIQ sevgisindən rəng alan baxışlarının ucalığındakı sehrdə bütün varlığımla yox oldum...

   

   O yenə də hamıdan öndə irəliləyirdi. Əzəmətli şəxsiyyəti ilə Yer kürəsinə meydan oxuyurdu. Simasına göylərdə dalğalanan üç rəngli bayrağımızın şəfəqi yayıldıqca, sanki:-"Bu BİZİK, O TAYLI, BU TAYLI BÖYÜK AZƏRBAYCAN!!!" - deməsinin əks-sədası ruhumuzda duyulurdu. Qürur dolu baxışları məzarlardakı rəsmlərə dikildikcə, böyük türk şairi Gültəkinin möhtəşəm misralarını xatırladım:

                             "Yaşa, ey həsrətlə doğan İSTİQLAL!
                                Yaşa, ey TÜRK, yaşa, ey gözəl HİLAL!"

   Bu başdaşılar ONUN, M.Ə.RƏSULZADƏNİN XX əsrin əvvəllərində AZƏRBAYCAN GƏNCİNƏ, TÜRK ÖVLADINA ünvanladığı "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!" vəsiyyətinin könlümüzdə əbədi nura çevrilmiş həqiqəti idi.
   ONLARLA birlikdə gedirdim, şəhiD XOCALINI ziyarət etməyə...
   -Ay Molla, bir de görüm, ONLAR kimdir, niyə məhz ONLARLA ziyarət etdin AND YERİMİZİ? - deyə Mollanın arvadı maraqla soruşdu.
     -Bir az söyədiklərimin əvvəlinə qayıtmaq istəyirəm. Söhbətimə qələm sahibləri və yazı haqda olan fikirlərlə başladım. Bu təsadüfi deyil. Təzad və fərqi daha dərindən anlamaq üçün düşüncələrimə bu başlanğıcı giriş seçdim. 
   Ümumiyyətlə, müxtəlif mövzularda müsahibələri izləməyi çox sevirəm. Mənim üçün verilən suallar maraqlı gəldiyi qədər qarşı tərəfin, yəni müsahibin söylədiyi cavablar da önəm kəsb edir. Bir sual var ki, ona çox vaxt tənqidi yanaşsam da, bəzən qəbul etməsəm də, həmin sual hərdən məni də düşünməyə vadar edib. Görən, mən Molla Nəsrəddinə bu sual verilsəydi, cavabım necə olard? Bax, bu sualı deyirəm. Çox vaxt soruşurlar ki, "əgər zaman maşını olasaydı, hansı zamana qayıdardınız?" İndiyə qədər oxuduğum cavablarda hərə bir zamana dönmək istəyir. Mən isə heç bir zamana qayıtmağı dilimə gətirməzdim. ƏSLA! 
   Məhz ŞƏHİDLƏR XİYABANINDA ziyarət zamanı bu suala cavab verə bildim. Və çoxlarına qəribə görünəcək cavabım, ONLARLA görüşdürdü  məni. Bu ötən üç yüzilliyin DAĞÜSTÜ PARKDA XXI əsrlə görüşü idi...
   ONLARDAN daha biri, "NAMƏLUM MƏZAR" ların qarşısında dayandı. Bir zamanlar qələmə aldığı "PEYĞƏMBƏR" əsərindəki misralar erməni vəhşiliyinin qurbanı olan şəhid övladlarının qəbirləri üstünə çiçək tək səpildi. Yenə də "İBLİS" inin vahiməli istehzasının əks-sədası qulaqlarımızda cingildədi. CAVİD ƏFƏNDİNİN bütün bəşəriyyətə etdiyi bu xitabı, TANRI belə kədər içində dinlədi. "SƏMA ŞAİRİ" nin üsyankar ruhunun səsinə yansıtdığı bu sətirlər, VİCDANLARI silkələdi:

                                       -İBLİS nədir?
                                       -Cümlə xəyanətlərə bais...
                                       - Ya hər kəsə XAİN olan?
                                       - İBLİS...

   QARABAĞIN "DÜRRÜ YEKTASI" adlandırılan "XAN QIZI" əllərindəki qərənfilləri məzarlara düzə-düzə yaşla dolan gözlərini silirdi. O, QƏRƏNFİLLƏRİ çox sevirdi. Şəhid qəbrlərinin üstünə qoyduğu qərənfillərin rənginə erməni vandallarının ŞUŞADA güllələdiyi heykəlinin yaralarından axan al qanı da qarışmışdı. 

                                       Səni kimdir sevən biça qərənfil,
                                       Sənə mən aşiqi-şeyda qərənfil!

   Deyən XURŞUDBANU NATƏVANIN sevimli çiçəkləri bu gün mücahidlərin gülləri kimi tanınır, vətən bağlarında...
   Digər ziyarətçilər kimi O da şəhidlərimizin önündə ehtiramla baş əydi. Üsyan dolu düşüncələrini dilə gətirdi. ONLARIN hər biri danışırdı. Amma susaraq... Alov saçan nitqləriylə dünyaya səslənirdilər. Qəzəb nidalı baxışlarından eşidilirdi, hayqırtıları...
   "AZADLIĞIN nə olduğunu bilməyən HƏYAT cansız bədənə, AMALIN nə olduğunu bilməyən azadlıq isə ÇAŞQIN RUHA bənzəyir. HƏYAT, AZADLIQ və AMAL... Budur, yenilməz əbədi varlığın üç üzü!" - söyləyən şərqin böyük filodsofu, rəssamı, yazarı CİBRAN XƏLİL CİBRANIN XOCALININ məzarına doğru irəliləyən addımları, sanki beynində 441-ci rəsm əsərinin cizgilərini tabloya tez bir zamanda köçürməyə tələsirdi. Ürəklərə qərənfillər kimi düzmək istəyirdi, bu çağırışını:-"Bədbəxt o millətdir ki, İGİDLƏRİNİ basdıranda, xarabalıqlarından savayı vəsf etməyə bir şeyi qalmayanda ETİRAZ SƏSİNİ ucaldır, CƏLLAD təpəsinə döyəndə QİYAMA QALXIR!"
   "Ermənilər acgöz və tamahkardırlar. Sən nökərsən, sən oğrusan, sən ermənisən!" söyləyən böyük rus şairi Puşkin  də ONLARIN sırasında dayanmışdı. O da XOCALININ məzarına doğru düşüncələr içində bizimlə birlikdə yola çıxmışdı. Bu məqamda Rusiya prezidenti Vladimir Putinin ermənistan xarici işlər naziri Edvard Nalbandyanı bu günlərdə "DOSTLUQ" ordeni ilə təltif etməsini xatırladım. Bu "tarixi təltif" eyni zamanda gözəl bir sözü də Putinin elə öz diliylə yadıma saldı:-"Dostumun dostu DOSTUM, düşməni isə DÜŞMƏNİMDİR!" Deyirəm, görəsən, Putin ən azından Puşkinin bir zamanlar mənfur ermənilər haqda dediyi bu kəlmələri heç oxuyubmu?! Oxusaydı, yəqin ki, belə gülünc vəziyyətə düşməzdi. Rus ədəbiyyatının və poeziyasının GÜNƏŞİ hesab edilən Puşkinin ədəbi nurunun nədənsə Rusiya prezidentinin məkrli niyyətini aydınlatmağa gücü yetməyib. Əslində, məsələ budur ki, həmişə SAHİB TULASININ başını sığallayaraq, qabağına yem atır ki, hədəfinə daha tez və diqqətləri çəkmədən YAXINLAŞA BİLSİN! Türk şairi Gültəkinin bir şeirində deyidiyi kimi:

                           Sən, ey xəyanətə, zülmə bir yuva,
                           Ey qızıl Moskva, qızıl Moskva!...

   Nəhayət, ONLARLA birgə 5 yaşlı XOCALININ məzarına yetişdim. Ətrafa baxdıqca göz yaşlarıma hakim ola bilmirdim. ONLAR MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN məzarda uyuyan bu balaca TÜRK ÖVLADININ çiçəklərlə bəzədilmiş qəbri önündə:

                       Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
                       Ustadımız deyib:-"Heçdir Vətənsiz can. AZƏRBAYCAN!"


                      Bəsdir fəraq odlarından kül ələndi başımıza,
                      Dur ayağa! Ya AZAD OL, ya TAMAM YAN AZƏRBAYCAN!"


şeirindən bir parça qiraət etməsinə şahidlik edirdi. Məhz "AZƏRBAYCAN" qəzəli  bu görüşün, bu ziyarətin SON NÖQTƏSİ, ZİRVƏSİ idi!





                                                           YAQUT HÜSEYNOVA














No comments:

Post a Comment