Thursday, January 29, 2015

" BİRİ VAR ... " ( yeni yazım )

  BİRİ   var ,  hər   birimizin   həyatında .  Nə   yaxşı   ki ,  " var "  deyə   biləcəyimiz
biri ...  Bizi  hər  an  anlayan , sevincimizi  bölüşən , kədərimizi , qəmimizi , hər  bir
sıxıntımızı  bütün  səmimiyyətiylə  dinləyib  çözüm  axtaran  biri ...  Gah  əsl  dost
kimi  şərik  olar  uğurlarımıza ,  gah  düşmən  tək  qarşı  çıxar  bizə ,  gah  da
etdiyimiz  əməllərə ,  səhvlərə  görə  heç  kim  bizi  qəbul  etməyəndə ,  hətta
amansızlıqla  qınayanda  yanımızda  olar ,  əllərimizdən sevgiylə  tutaraq
yaşadıqlarımıza   cavab  tapmaqda  yardım  edər .  BİRİ  var ...  Dünya  içrə
qurduğumuz  kiçik  dünyamızda . Xəyallarımızı   görməyi  bacaran ,
arzularımızdakı  reallaşdırmaq  istədiyimiz  səadəti  gözlərimizə  əxz  edən ,
ruhumuzu  təmkiniylə , sədaqətiylə  var  edən  biri ...  Ümidlərdən  yaratdığımız ,
TANRIDAN   həqiqət  olmasını  dilədiyimiz  şirin  nağıllarımızın  sonundakı
üç  almanı  gətirər  ömrümüzə  o .  Əllərimizi  göylərə  açdığımız  zaman  belə
könlümüzü nurlandıran  duaların  yolu  onun  verdiyi  inam  və  çözümlərdən  keçər.
Möhkəm  tutaq  əllərindən . Bizi  tərk etməsinə səbəb olacaq mənəvi tənəzzüldə yox  olmayaq . Varlığımıza  ayna   tutan  əyrimizi ,  düzümüzü ətrafımızdan  öncə bizə  göstərən  də  odur . 
 
  
  Günəşın   al  şəfəqləriylə  açdığımız   hər   günün  24  saatını   necə
tamamladığımızı  ulduzlu  gecələrin  röyasına  gözlərimizi  yummadan   öncə
sevgiylə  dinləyər . VİCDAN təmizliyini  tanıdar   hər  birimizə . Həyatın
təzadlarında  yorulub - usanan  ruhumuzun dinclik   tapdığı  məkana   çevrilər ,
onunla  vəhdətimiz .  Sevinəndə  UCA  YARADANA   şükranlığımızı  unutdurmaz !
Qəlbimizi  ağrıdan   nisgilin , qəm - qüssənin   silinməsinə  çalışan  səbrimizə
dönər  o . Və  onun  var  olduğu  qədər  İNSAN   kimi  addımlayarıq  həyat
yollarında ...
  BİRİ   VAR ,  həyatımızda  dediyimiz - elə   ÖZÜMÜZÜK !  Söylədiklərimi  yalnız
özümüzlə  etdiyimiz  söhbət  zamanı  yaşayırıq . Çünki  hər  bir  kəs  bütün
səmimiyyətiylə   yalnız  ÖZÜYLƏ   SÖHBƏT   zamanı  TANRININ  hüzuruna  çəkilir .
Mənəvi  hesabatımızı  varlığımızı  var  etmək  üçün  nəfəs  qədər  dəyərli  bilək !
Çünki  bunsuz  mənliyimiz   də ,   vicdanımız  da   boğularaq   məhv  olar ! 


                                                            
                                                                    YAQUT   HÜSEYNOVA

Dərc  olunub :

Avromedia.az                     link :  http://avromedia.az/yaqut-huseynova-biri-var/

  

Friday, January 23, 2015

" KİMLİYİNİ AXTARANLAR ... " ( yeni yazım )

  Elə  mövzular  var  ki , nə  qədər  müzakirə  olunsa  da , daha  doğrusu  ən  çox
müzakirə  olunan  mövzu  və  problemlər   olsa  da  nə  bir  konkret  nəticəsi  var ,
nə  də  bir cavabı .  Məhz  yazacağım  mövzu  kimi ...
  Bu   günlərdə  sosial  şəbəkələrin  birində  şəkil  paylaşılmışdı . Çox  maraqlı  və
düşündürücü   mənzərə   əks  olunmuşdu . Cəmiyyətin  acı   gerçəkliyi
vurğulanırdı . Şəkildə  qəribə  mağaza  təsvir  edilmişdi .  Mağazanın  vitrin   və
rəflərində  müxtəlif  simanı   əks  etdirən  çoxlu  sayda  başlar  düzülmüşdür .  Alıcı
isə  rəflərdəki  başlardan  hansını  seçəcəyini   bilməyən  başsız  bədən  idi .
Şəkildəki   mənzərə  mənə  çox  təsir  etdi . Eyni  zamanda  düşüncələrimə   çözüm
tapmağa  çalışdım . Hətta   bir  atalar  sözümüzü   də   xatırlatdı  mənə : - " Axtaran
tapar . "  Amma  özümə  də  gülməli  göründü  bu  xatırlatmam .  Çünki   yanaşma
və  məğzlər  tamam  fərqli   idi .  Başsız  bədənin   əlindəki  səbəti   dolduracaq
qədər  rəflərdən  baş  axtarması ,  seçməsi   çirkli   xislətini   gizlətmək ,  var
olmayan   " varlığını "   xarici   vizuallıqla  yaratmaq   istəməsindən   başqa  bir  şey
deyildi . Xarici  vizuallıq   heç  vaxt   insana  cəmiyyətdə  həqiqi   ehtiram ,  sevgi
və  hörmət  gətirə  bilməz .  Əksinə   bunu  edənlərin  iç  dünyasının  bataqlıqdan
ibarət olduğunu   anladır   hər  kəsə .  Bir də    xarici  vizuallıq  mənəviyyatı  zəif ,
yaxud  da  mənəviyyatı  olmayan   gözləri  aldada   bilər !!!  Cəmiyyət  təəssüflər
olsun   ki , xarici   vizuallığı   önəmsəyir . Bəşəriyyətin  ümumi  bəlası  da  budur .
Bəlkə  də   həqiqətləri susdurmaq   üçün   dırnaqarası   cəmiyyətin
" yükşəlişlərinin "   təminatıdır    belə   yaşam.  Hər  addımda   şəxsi   mənfəətlər
önə   çəkilir ,  ümumi    mənafelər   tapdanaraq  yox  edilir .
  KİMLİK ...  Var   olmanı  sübut  edən  önəmli  məqam  və  atributdu !  Məişətdə
işlətdiyimiz  əşyaların   çoxunun  belə  sənədi  olur .  Aldığımız  zaman  orijinalı
saxtadan  seçməyə   çalışırıq .  Ağrılı  və   təzadlı   məqama  yol  açır   qələmim .
Belə   mövzuda   yazdıqca   qəribə   bir   vahimə   duyuram .  Bəlkə  də  ALLAH
eləməmiş   elə   bir  zaman   gələcək  ki ,  Yer  üzünün   əşrəfi  adlandırılan   və
bütün   mənəvi  gözəlliyi   ilə  təcəssüm  edən   İNSAN   sözünə  lüğətlərdə  rast
gələcəyik .  Dünyada ,  cəmiyyətlərdəki   bu  günkü   hadisə   və   proseslərə   nəzər
salsaq   bu   bəlanın  qaçılmaz   olduğunu  görərik .  Əşyaların  belə  sənədləri
olduğu halda ,  insanların   çoxu   kimliklərini  müəyyənləşdirə   bilməyib ,  yaxud
da  geyindiyi   maskalar  məhv  edib   varlıqlarını !
  MASKALANMAQ ... CİLDDƏN   CİLDƏ   GİRMƏK  ...  Məncə   öz  yolu   və
düşüncəsi   olmayanlar   belə  edir    həmişə . TƏQLİD  edərək   yaşayırlar . Çünki
özləri   mövcud   deyil ,  yaxud   da  özlərini   yarada   bilməyirlər .  Problemdən
doğan   faciə   isə   budur  ki ,  artıq   belələri   daşıdıqları   maskaların  öldürdüyü   kimliklərini, əvvəllər   kim   olduqlarını ,  ən  əsası   dünyaya  hansı  cilddə  gəldiklərini   xatırlaya   bilməyir !!! 
  Tarixin   səhifələrinə  diqqət   yetirsək ,  heç  vaxt   mövcud  olmayan   vətənini ,
kimliyini   axtaran   " toplum "   və   " xalqlar "  ı    da   görmək   olar .  Qondarma
" həqiqətlərində "  ,  başqa   dövlətlərin  qulu ,  köləsi  olaraq   murdar  varlığını
sübut  etməyə   çalışan  mənfur  düşmənlərimiz  ermənilər  kimi !.. 
   KİMLİYİMİZİ   unutmayaq ,  XİSLƏTİMİZİ   dəyişməyək !  Bizi  izah  edəcək
iç  dünyamızı  olduğu  kimi  yansıdaq ,  bir  simamız  olsun !  Saysız - hesabsız  
taxdığımız   maska  və   üzlərimizlə   çaşdırmayaq   özümüzü !  İNSAN   kimi
yaşayaq .  Son  nəfəsdə ,  kəfənə  büküləndə  yadımıza  düşməsin  RƏBBİMİZİN
buyurduqları !  Əməllərimizlə  adına  fani  dedirtdiyimiz  dünyadan   müttəhimlər
tək   ayrılmayaq !.. 
  CİBRAN  XƏLİL  CİBRANIN   Tanrı  sevgisi  və   insanlıq   haqda  söylədiyi
bir  kəlamın  nuruyla  bitirmək  istəyirəm  yazımı . O  deyirdi : - " TANRI - ağıl
dünyasının  vicdanıdır ! "  


                                                                     YAQUT    HÜSEYNOVA

Dərc olunub :  

kultur.az                              link :  http://kultur.az/?p=7879 

Avromedia.az                     link :  http://avromedia.az/yaqut-huseynova-kimliyini-
                                         
                                             axtaranlar/   

blogustan.com                   link :  http://blogustan.com/kimliyini-axtaranlar/#

Tuesday, January 13, 2015

" QARŞILIQSIZ SEVƏK VƏ YAŞADAQ ! " ( yeni yazım )

     Cibran  Xəlil  Cibran  yazırdı : - " İnsan  cismının   bərki   sümükdür , zərifi
nəfəs . Ancaq ... Sizin  sümüklərinizə  həyat  verən ,  onları  möhkəmləndirən
NƏFƏSİNİZ   deyilmi ?! "  Həyata da , verilən  ömür  payına   da   bu   aspektdən
yanaşmalıyıq . Yəni   YAŞADARAQ   YAŞAMALIYIQ !  Daha   da   açıqlasam ,
yaşatmağı - hər  an  aldığımız   nəfəs  tək  yaşam amalımıza   çevirməliyik .  Hər
zaman  " xoşbəxtəm "  sözünü   dilimizə  şükranlıqla gətirməliyik . Yaşadığımız
acıların  mahiyyətindəki   səadəti  görməyi ,  dərk  etməyi  düşünməliyik .
Gileylənməkdən qaçmalıyıq . Hər  şey   öz  əllərimizdə ,  ovcumuzun   içindədir .
Bunu  ortaya  çıxarmağı ,  yəni  özümüzü   tanımağı  bacarmağı  bilməliyik .
Şikayətlənməyə haqqımız  belə  yox . Çünki   TANRI   insanı   Yer  üzünün 



əşrəfi   tək  yaratdı .  Deməli ,  " bacara   bilməyəcəyik "  fikriylə   gücümüzü
tükətməməliyik . Saf  niyyət   və  amallar naminə  bu  ucalığı  dəyərləndirməliyik .
Zəhmət   və  əziyyətlərdən  keçən  bu  yolda qorxmadan ,  bizi  YARADANA 
güvənərək   addımlamalıyıq . Yenə   Cibran  Xəlil  Cibranın  bir   fikrinə   istinad
etmək  istəyirəm . O  söyləyirdi : - " Bu  dünyanın   tikanlı   yollarıyla   getməkdən
qorxmayın . Çünki    o   yollar  sizin  dabanlarınızdakı  artıq ,  xarab   olmuş qanları
çıxaracaq !.. "  Digər   bir   kəlamında  bu  fikri   başqa  şəkildə  vurğulayır :
- " Üstünüzə   qaranlıq   çökəndə ...  deyin  ki ,  bu  qaranlıq   hələ  doğulmamış
sübhdür . "  
    Təmənna   gözləmədən   sevək   və   yaşadaq !  Qarşılıqsız   səbəb  olaq ,
üzlərdəki   təbəssümə ,  ürəklərdəki   kədəri   yox  edəcək ,  ovudacaq   sevinclərə !
Bunu  bacardığımız   an    əsl   xoşbəxtliyin   nə   olduğunu  duyarıq .  İnsan  o
zaman  xoşbəxtdir  ki ,  özünü   və   mənəvi  dünyasının  sərhədlərini   tanıyır .
Duyduğumuz   bu   hüzur ,  nəinki   bu dünyamıza ,   axirətimizə  də   nur  ələyər .
Belə   bir   nurun   həyat   yollarımızı   izləməsi  diləyi   ilə,  
                                                      
                                                                                            YAQUT  VAFİQQIZI .

Monday, January 12, 2015

" Jurnalistikanın əsası araşdırma üzərində qurulub . " ( müsahibə )

       ( Yazı   22   iyul   Milli   Mətbuat  günü  münasibətilə  yazılıb . Və  Naxçıvan  
    şəhər   İcra  Hakimiyyətinin   mətbu  orqanı  olan  " NUH  YURDU "   qəzetinin  
                     20  iyul  2005 - ci   il   tarixli  sayında  işıq  üzü   görüb . )
    
   Tarixi   keçmişi  dəqiq  və  dürüst   öyrənməyin   ən  gözəl  mənbələrindən   biri ,
zamanın   kollektiv  yaddaşı   hesab  edilən   kütləvi   informasiya  vasitələridir . 
Arxiv  və  kitabxana  rəflərində  tarixin  sınaqlarından  çıxmış ,  indisə  saralıb - 
solmuş   yüzlərlə  qəzet ,  jurnal   və  digər   mətbuat  nümunələri  saxlanılır . Bu
cansız   vərəqləri  oxuyub   öyrəndikcə  saralmış  səhifələrdə   neçə - neçə   nəslin
amal  və  qayəsini ,  fikir   və  düşüncəsini ,  arzu  və  mübarizəsini   görmək
mümkündür .  Bəli ,  KİV   hər  bir   millətin  varlığını sübut  edən  atributlarından  
biridir .  Bu  fakt  jurnalistlərin  üzərinə   böyük   bir  məsuliyyət   düşdüyünü  bir  
daha  təsdiq  edir .
    Hər  sahədə  olduğu  kimi  bu   gün   KİV - də   də  məqsədyönlü  inteqrasiyanı  
görmək   mümkündür .  Sevindirici   haldır ki ,  hal - hazırda  qələm   sahiblərinin
bir  çoxu  dünyanın  bəzi   ölkələrində , müxtəlif  media  qurumlarında   fəaliyyət
göstərir .  Onlar  Azərbaycanla  bağlı  həqiqətlərin  dünya  ictimaiyyətinə  dəqiq
və  operativ   çatdırılmasında   böyük  rol  oynayır .  Rizvan   Qənbərli  də  belə
qələm  sahiblərindəndir . Jurnalistika  ixtisasına  " İMAQ   Araşdırmaçı
Jurnalistik  vəqfi "  ndə   yiyələnən   Rizvan   Qənbərli  " Türkiyə - Azərbaycan
Media  Araşdırmaları  Mərkəzi  ( TAMAM ) "  ni   quraraq ,  " Türkiyə
mətbuatının  Azərbaycana  münasibəti "  mövzusunda  silsilə   araşdırma  və
hesabatların   hazırlanmasını   təşkil  edir .  " Azərbaycanda  qəzet  və  qəzetçilik " , 
" Jurnalistin  əl  kitabı " ,  " Media  və  səhiyyə "  adlı  kitabların  müəllifidir .
  


    Milli  Mətbuatımızın  130  illiyi  ilə  əlaqədar  tanınmış  jurnalist  Rizvan  
Qənbərlidən  müsahibə  aldıq .
   - Mətbuatımızın  bu  günkü  səviyyəsi  sizi  qane  edirmi ?
   - Mətbuatımızın  indiki  səviyyəsi  qənaətbəxşdir .  Lakin  bu  sahənin  
özünəməxsus  problemləri   də  yox  deyil .  Bunun  bir  neçə   səbəbi  var .  Əvvəla  
Sovetlər   birliyi  dağıldıqdan  sonra  yaşanan  keçid  dövrü  mətbuatımızın  
inkişafına  da   öz  təsirini   göstərmişdir . Keçid  dövrüylə  yanaşı ,
jurnalistikamızda  sovet  ənənəsinin  hələ  də  öz təsirini   davam  etdirməsi
mətbuatımızın  inkişafına  mane   olan  faktorlardan  biridir .  Milli   müstəqillik
mübarizəsi  şəraitində  formalaşan  müstəqil   Azərbaycan  mətbuatı ,  hələ  də
90 - cı  illərin   romantik  ruhu   və  emosional    peşə  anlayışı  ilə  yanaşır .  Son
illərdə   Azərbaycan  jurnalistikasında  artan  siyasiləşmə  meyli  bu  anlayışın  yeni
və  qeyri - modern  təzahürüdür .  Mətbuatımızın  indiki  səviyyəsi  baxımından
narahatçılıq  doğuran  bir  başqa  məqam  isə  iqtisadi  cəhətdən  yaranan
problemlərdir .  Bu   problemlər  bir  tərəfdən   mətbuatın  bazar  iqtisadiyyatına   inteqrasiyasını  zəliflətməkdə ,  digər  tərəfdən  də  media  idarəçiliyi  sahəsində
müəyyən  problemlərə  yol  açmaqdadır . Əgər   qəzet   özü - özünü  maddi
cəhətdən  təmin  edə  bilmirsə ,  o ,  çıxmasa  yaxşıdı . Belə  mətbu   orqanlar
bağlanarsa , əslində   jurnalistikamız  udar . Mətbuata   və  jurnalistikaya  heç
bir  xeyir  vermədiyi  halda , qışqır - bağır   salaraq ,  " borclarımızı  silin ,  bu
qəzet   bağlanarsa  çox  ciddi  hay - küy   qopacaq "  deyə ,  qaraguruhçuluq
edənlər   uzağa  gedə  bilməzlər ...  Amma  buna  baxmayaraq ,  mən
mətbuatımızın   parlaq  gələcəyini   görürəm . İnanıram  ki , Azərbaycan
jurnalistikası   peşəkarlıq   istiqamətində   özünü   inkişaf  etdirə   biləcək .  
Sadəcə  bu  hədəfə  çatmaq  üçün   hər  bir   jurnalistin ,  media  qurucularının ,
cəmiyyətin  və  dövlətin   öz  öhdəlikləri  var . 
   - Jurnalistika  və  hüquq   mövzusuna  aydınlıq  gətirərdiniz ...   
   -  Jurnalistlərin  hüquqlarının  pozulması   bir  həqiqətdir ,  amma  mənə  elə
gəlir  ki ,  bunun  səbəblərini  axtarmaq  üçün  sadəcə  hüquqi  cəhətdən  məsələyə
yanaşmaq   kifayət  deyil .  Çünki   hamıya  aydındır  ki ,  jurnalistlərimizin
hamısı   heç  də  öz  hüquqlarını   bilmir . Eyni  zamanda  onların  toxunulmazlığını
təmin  etmək ,  təkcə  dövlət   dairələrinin   vəzifəsi   deyil .  Adətən  jurnalistlərimiz
öz   hüquqlarından  danışmağı  sevirlər ,  onun  peşəkarlıq  prinsipləri   və   ya
peşə - əxlaq  qaydalarından   söz   düşəndə  eyni  canfəşanlığı   görmək   mümkün
olmur .  Jurnalist   toxunulmazlığını da  bu   çərçivədə   çox  idealist   bir  anlayış
olaraq   görürəm .  Çünki   bu  anlayış  dünya  təcrübəsində   belə   tam   olaraq
formalaşa  bilməmiş   mətbuat  azadlığı   fikrinə   dayanır .  Halbuki , problemi
mətbuat   azadlığı   olaraq  deyil ,  informasiya  azadlığı  olaraq   görmək   daha
doğru   olardı .  Azərbaycan  Respublikasının   Konstitusiyasında  hər  bir  jurnalist
kimi   hər   bir   vətəndaşın  informasiya  alma   və   yayma   hüququna   malik  
olması   haqqında  maddə   təsbit   olunmuşdur .  Jurnalist   hüquqlarının
pozulmasını   mətbuatın   bir  problemi  olaraq  yox ,  vətəndaş  cəmiyyəti
quruculuğu   istiqamətində   qarşımıza   çıxan  bir   problem   kimi  görmək  
lazımdır .  
   
  
  - Ümummilli  Lider  Heydər  Əliyevin  belə  bir  sözü   var , " Jurnalist   əməyi
qeyri - adi  əməkdir . "  Onun  qeyri - adiliyini  nədə  görürsünüz ?
   - Jurnalistika  çox  əzablı  peşədir .  Bəzən  elə  olur  ki ,  jurnalistin  gecəsi
gündüzünə   qarışır .  Qəzet  səhifələrində  çap  olunan  kiçik  bir  xəbər   üçün
jurnalist   günlərlə   məlumat  axtarışına   çıxmalı ,  neçə - neçə   mənbəyə  üz
tutmalı    olur .  Bunlar  peşə  praktikasının  sadə   çətinliklərindəndir .  Bunları
jurnalistikanın   fədakarlıq   tələb  edən  bir   peşə  olduğunu   vurğulamaq  üçün
qeyd  edirəm .  Amma  bu  çətinliklərin  hamısı  əvəzolunmaz  bir  həzzi  də  yaşadır
jurnalistə .  Məhz ,  jurnalistikanın   qeyri - adiliyi  də  buradan  irəli  gəlir .  Təbii
ki ,  jurnalistikanın  daşıdığı   ictimai   məsuliyyəti  də  xüsusi  vurğulamaq  lazımdır.
   -  Kütləvi   informasiya  vasitələri   xalqımızın   tarixi   günləri , xüsusilə  tarixi
faciələrimizdən  təəssüf  ki , çox   zaman  onların  ildönümlərində  söhbət  açır .
Buna  münasibətiniz ...
  - Ölkə   KİV - nin  xalqımızın  faciələrindən  yalnız   onların  ildönümündə   söhbət
açması   narahatlıq   doğurmaqdadır .  Halbu  ki ,  media ,  xüsusilə  də  mətbuat  
hər  bir   xalqın   yaddaş  kitabçasıdır ,  tarixidir .  Bu  baxımdan  təkcə  milli  faciələr
haqqında   yox ,  ümummilli  mənfəətlər  baxımından   tarixi   əhəmiyyət   daşıyan
hadisələrə  xüsusi  diqqət  yetirməkdə  fayda  vardır .  Amma   onu  da  əlavə  edim
ki ,  indiki   jurnalistika  adətən  digər  quruluşların  müəyyən   etdiyi   gündəmi
izləməyə  çalışır .  Bu  həqiqəti   nəzərə  almaq   lazımdır .  Yəni   məsuliyyət
sadəcə   KİV - də   deyil ,  eyni  zamanda  KİV - lərə  məlumat  yayan   informasiya
mənbələrində ,  ölkənin  rəsmi    və   qeyri - rəsmi    quruluşlarındadır . 
   - Sizcə , qəbul  imtahanları  zamanı   jurnalistika   ixtisasını  seçən  abituriyentlərin
qabiliyyət  imtahanlarından  keçməsi  zərurəti  nə  dərəcədə  düzgündür ?
  - Bu  ixtisasa  yiyələnmək   istəyən   abituriyentlərin  qabiliyyət  imtahanı
vermələri  fikri   ortaya  atılanda  mən  müxtəlif    platformalarda  öz  etirazımı
bildirmişəm . Bu  fikri   irəli   sürənlər   özlərini   jurnalistika   fakültələrinə  təsadüfi
gəlişlərin  olması  faktıyla   əsaslandırır   və  təhsil   sistemini  günahlandırır .
Amma  məsələ  burasındadır   ki ,  jurnalistika  fakültələri   bir  peşə  məktəbi  deyil ,
bir  ixtisas  məktəbidir .  Ayrıca ,  " jurnalist  qabiliyyəti "  anadangəlmə   bir
qabiliyyət  də  deyil .  Məhz ,  jurnalistika  fakültələrinə   sənədlərini  verən
abituriyentlərin  məqsədi  də   bu   qabiliyyətə  yiyələnməkdir .  Belə   olan  halda ,
bir  abituriyenti   yiyələnmək   istədiyi   bir  qabiliyyət  üçün   sınağa  çəkmək
düzgün  fikir  deyil . Biz   onlar  üçün  hər  cür  şərait  yaratmalı ,  maneələri
aradan  qaldırmalıyıq . Qabiliyyət   imtahanı  fikri  isə   mənə  elə  gəlir  ki ,
abituriyentlərimizin  qarşısına   sədd  çəkməkdən   başqa   bir  işə  yaramır .
   - Rizvan  müəllim,  dövlətimizin  KİV - in  inkişafı   üçün  gördüyü  tədbirlər
haqqında  nə  deyə  bilərsiniz ?
   - Mətbuata   dövlət  qayğısı  hələ  Ümummilli  Lider   Heydər  Əliyevin
Azərbaycan   rəhbərliyinə   qayıdışının  ilk   illərinə   təsadüf  edir .  Bu  tədbirlər
sırasında   ən  mütərəqqi    və  medianın   inkişafına  stimul   yaradan  addım
senzuranın    ləğvi   oldu .  Eləcə  də   KİV - in  inkişafı  üçün   dövlətin  ayırdığı
kreditləri   xüsusi   vurğulamaq   istəyirəm .  Media - dövlət  dialoqunun
təkmilləşdirilməsi  üçün  keçirilən  silsilə  tədbirlər   isə    mətbuata  dövlət
qayğısının   artmasının  göstəricisidir . 
   - Sonda  bu  sənətdə  yeni  addımlarını  atan   gənc  jurnalistlərə  nə
arzulardınız ?
   - Mən   onlara  hər  şeydən  əvvəl   dözümlü  olmağı  məsləhət   görürəm .
Peşə   həyatında   çəkilən  əziyyətlər   gənc   jurnalistləri   ruhdan  salmasın . 
Jurnalist   sənətində  əldə  edilən   uğurlar , məhz   bu  cür  əziyyətlərin  ardınca
gəlir .  Gənc  qələm  sahiblərimizə   araşdırma  ruhunu   mənimsəmələrini  arzu
edirəm . Çünki  JURNALİSTİKANIN  ƏSASI  ARAŞDIRMA  ÜZƏRİNDƏ
QURULUB .  Üçüncü ,  MÜŞAHİDƏ   və  ANALİZ    qabiliyyətini   inkişaf
etdirmək   üçün   çox - çox   mütaliə   etmələrini   istərdim .   Nəhayət ,  onlara
jurnalistika  peşəsinə   CİDDİYYƏTLƏ  və  SİDQ - ÜRƏKDƏN   yanaşmalarını
arzu   edirəm .
    - Rizvan   müəllim,  səmimi  söhbətə  görə  təşəkkür  edir , sizi  və  sizin
şəxsinizdə   bütün  jurnalistləri   Milli  Mətbuat  günü   münasibətilə   təbrik
edirik . Qəzetimizin   yaradıcı  heyəti  adından  sizə  yorulmaz   fəaliyyət  və 
uğurlar  arzulayırıq !


                                      
                                                                    YAQUT     VAFİQQIZI


                                             

Sunday, January 11, 2015

TALEYİMDƏ " NUH YURDU " ndan keçmək də varmış ...

    ( Yazı   22   iyul   Milli   Mətbuat  günü  münasibətilə  yazılıb . Və  Naxçıvan  şəhər
    İcra  Hakimiyyətinin   mətbu  orqanı  olan  " NUH  YURDU "   qəzetinin  20  iyul  
                                  2005 - ci   il   tarixli  sayında  işıq  üzü   görüb . )

  1999 - cu   ilin  may  ayı  idi .  Son  zəngin   çalınmasına  bir   neçə  saat   qalırdı .  
Qəlbimdə  həsrətlə   yaşatdığım   bir  arzu   çırpınırdı .  Tələbə  olmaq ,  özü  də  
JURNALİST ...  Bu   yolda   Çingiz  Mustafayevi  özümə  ideal  da  seçmışdim .  Nə   
biləydim  ki ,  bu  həsrət   hələ  çox  çəkəcək .  Amma  ruhdan  düşmədim ,  
qarşıma  qoyduğum  məqsədə  doğru  inamla  addımladım ,  dönmədim  bu
yoldan . İnanırdım  ki ,  bir   gün   nağıla   dönmüş   xəyallarım  çin   olacaq ...
    Belə  də  oldu .  2002 - ci   il  sentyabrın  2 - də  tələbə  kimi   Naxçıvan  Dövlət   Universitetinin  qapısından  içəri   daxil  oldum .  Çox  sevinirdim ,  çünki  arzuma  
çatmışdım . Qəriblik   isə  məni  hey   sıxırdı .
   Bir    gün   dərsdə   müəllimin  stolunun  üstündə  bir  qəzet  gördüm .  Oxudum ,  
adı   " NUH   YURDU "    idi .  Elə   ilk  baxışdan   qəzet  mənə   xoş  təsir   bağışladı . Düşündüm  ki ,  görən   nə   vaxtsa   mənim də  yazılarım    bu  qəzetdə  çap
olunacaqmı ?!
   

  2002 - ci   ilin  oktyabr  ayı  idi . Universitetimizdə   filalogiya   elmləri  namizədi ,
dosent ,  prezident  təqaüdçüsü ,  " Şöhrət "  ordenli   Əməkdar   müəllim ,
Ümummilli  Lider  Heydər  Əliyevin  müəllimi  Lətif  Hüseynzadənin  100   illik  
yubleyinə  həsr  olunmuş  tədbir  keçirilirdi . Tədbirdə   universitet   tələbələri   
adından    təbrik   üçün  söz   mənə   verilmışdi .  Çox  sevincliydim ,  həm də  belə  
böyük  insanın  yubleyində  çıxış  etməyin  məsulliyyətini   duyurdum .  Çıxışımın  
sonunda   " Müəllim "  adlı  şeirimi   söylədim .  " NUH  YURDU "  qəzetinin  baş 
redaktoru  Seyid  Surə  xanımla   da  tanışlığım  elə  həmin   tədbirə   təsadüf  etdi .
Tədbirdən   sonra   Surə   xanım   mənə   yaxınlaşıb  söylədiyim   şeiri   " NUH   
YURDU "   nda   dərc  etmək   üçün  məndən   istədi .  Sevincimin   həddi - hüdudu
yox  idi .  Qəzetlə  əməkdaşlığım  belə  başladı .  Qəzetdə  dərc  olunmuş  ilk  yazım 
" On bir  ayın  sultanı "   ( 30  noyabr  2002 - ci  il )   oldu . Bu  günə   qədər  
neçə - neçə  qələm  təcrübəm  bu  qəzetdə  işıq  üzü   görüb : " Yollara  dikilən  
gözlər " ,  " Qaranlıqda  işıqlar " ,  " Gözlərdi - ürəyin  danışan  dili " ,  " Unutsaq
unudularıq ! " ,  " Sağlamlığın  keşiyində "   və s.  bu   kimi   məqalələrim   dərc  
olunub .
    " NUH   YURDU "   mənim  bir  jurnalist  kimi  yetişməyimə  əlverişli   şərait   
yaratdı . Qəzetlə   əməkdaşlıq  mənim  üçün  bir   məktəb   oldu .  Həmişə   Surə  
xanımın  redaktor  kimi   verdiyi  tövsiyyələr ,  ondan   eşitdiyim   razılıq  
iradlar   əlimdəki   qələmi   daha  möhkəm   tutmaqda   mənə   dəstək  oldu .  
Beləcə  sənətdə  atdığım   ilk  kövrək  addımlar  " NUH   YURDU "   nun   
cığırlarından   keçdi .  Hələ  bu  yolun  başlanğıcıdır . Qarşıda   dağlar , dərələr , 
təpələr   gözləyir  məni ...


                                                                      YAQUT     VAFİQQIZI

Wednesday, January 7, 2015

" ELÇİNSİZ keçən 25 il " ( yazı ikinci dəfə işlənilib )

   " Hər  il  yanvar  ayının  19 -  zun   tükənməz   həsrət , sevinc   və   ümidlə   hələ  də  gözləyirəm .  25   il   ötməsinə  baxmayaraq ,  elə  bilirəm  ki ,  Elçin  həmin  
günü  qapımızı   döyəcək .  Gözlərimdə  qurumayan  yaşa  çevrilən  gülüş  dolu  
səsiylə  " Ana , mən  gəldim ! " , deyəcək .   25  il ...  Bir   göz  qırpımında  ötən  bu  
zaman  kəsiyi  oğlumun  yoxluğunu ,  onun  bir  daha  gəlməyəcəyini  heç  birimizə 
ovutdura  bilmədi .  Deyirlər , zaman   hər  şeyi  unutdurur ,  ürəkdə   açılan   
yaralara   məlhəm  olur    gətirdiyi   səbr  və  təmkin  ilə .  Amma  övlad   itkisini  
ovutmağa   gücü    yetməz .  Çünki    zaman  da   valideyn  kədəri   qarşısında   çox  
acizdi .  Həyatın   və   dünyanın   hakimi    olan   zaman  bu  ağrının   önündə  
sükutdan   başqa  bir  şey  deyil . "   
   Zemfira   xanım  oğlu  Elçinin   xatirələrini ,  arzularını ,  gülüşlərini   özündə   əks  
etdirən   rəsm   albomunu   vərəqləyə - vərəqləyə   qəhərə  boğulmuş   söhbətini  
köks  ötürərək   belə  davam  etdirdi :
   - " Yanvarın   19 - zu ...  Ömrümüzün   sevincini  kədərlə  əvəz  edən  tarix .
Elçin   tələbə  idi .  Qardaşı   Fuad  da   universitetdə   oxuyurdu .  İnanın    bunu   
bir   valideyn  kimi  demirəm .  Bəlkə  də   həyatda  gördüyüm  sarsılmaz   dostluğu  
da ,  tələbə   yoldaşlığını  da  onların  simasında  gördüm .  Ayrı - ayrı   ixtisaslarda
təhsil  alsalar  da ,  məqsədləri   bir  idi ,  VƏTƏNƏ   layiqli   vətəndaş  olmaq !  
Elçinin  cismən  bu  gün   yanımızda   olmaması   bizi   sarsıtsa  da ,  onunla   hər  
zaman    qürur  duyuruq ,  fəxr  edirik .  
   

   Hər  həftə   sonu  biri  gəlirdi  evə .  Yanvarın  19 - zu   Elçini   gözləyirdik . Vaxt  
keçmək   bilmirdi . Elə  sevinirdik  ki ...  Saatın  əqrəbləri  də sanki , gətirəcəyi  acı 
xəbəri   verməmək  üçün   ləngiyirdi .  Qulağımız  səsdəydi .  Deyirlər ,   ana   qəlbi  
hər   şeyi   duyur .  Həqiqətən   bu  belədir .  Çünki    o  gün    Elçini   görmək
sevinciylə  yanaşı ,  anlaya   bilmədiyim   bir   narahatlıq  vardı .  Nə  qədər   sıxıntını
unutmağa  çalışsam   da ,  bu  mümkün   olmadı .  Gün  artıq   bitmək   üzrəydi ,  
amma   oğlum   hələ  gəlməmişdi ... " 
   Şəhid   anasının  ürək   yanğısını ,  övlad  itkisini   göz   yaşlarında   izləmək   çox
kövrəltdi   məni .  Müsahibəyə   sükut  içində   rəsmləri ,  Elçin   haqqında  yazılan  
yazıları  nəzərdən   keçirməklə   davam  etdik . Elçin   İmanovun   əziz  xatirəsinin   
nurunda  Zemfira  xanım  son  olaraq   bu  sözləri   söylədi : - " Oğlumun   tabutu   
vidalaşmağa   gəldi    bizimlə   həmin  gün ! " 
   1967 - ci   il  avqustun   12 - də   Əli   Bayramlı  ( indiki   Şirvan )   şəhərində   
dünyaya  göz  açan   Elçin   İmanov   şəhid  olanda   N. Nərimanov  adına   Tibb  
İnstitutunun stomotologiya   fakültəsinin  tələbəsi  idi . Şəhidin  atası  Salyan  şəhər
Ağsaqqallar  Şurasının   sədri  Hacı    Beydulla   İmanov   bir  daha  övladıyla  bağlı  
xatırələri  səhifələdi .  O  vurğuladı  ki , oğlum  " TƏKİ ,  VƏTƏN   SAĞ  OLSUN ! "
deyərək ,  ömrünü  azadlıq   yolunda  fəda  etdi .  Onun  haqqında  danışmaq  çox   
çətindir   bizim  üçün .  Bu  gün  ocağımızda  oğlumun  adını  daşıyan  Elçin   
nəvəmiz  böyüyür .  Müdhiş  Yanvar  günü  əbədiyyətə  qovuşan   şəhidlərimiz   bir  
daha  sübut  etdilər  ki ,  ƏSL    VƏTƏNPƏRVƏRLİK   VƏ   HUMANİZM    
YAŞADARAQ  YAŞAMAQDIR !  
   Dərin    hüzün   və   fəxarət   hissiylə  işıqlanan   Elçin  İmanov  dünyasının  
sətirləndiyi  müsahibəmi  şəhidin   Salyan  şəhər  qəbiristanlığında  uyuyan  
məzarını  atamla  birlikdə   ziyarət   etməklə  yekunlaşdırdım .  Onu  da  qeyd  edim  
ki ,  məzunu   olduğu   Şirvan   şəhər  10   nömrəli  tam   orta  məktəb  şəhidin  adını
daşıyır .  ALLAH   CƏMİ   ŞƏHİDLƏRƏ   RƏHMƏT   ELƏSİN , AMİN !


                                                            YAQUT     HÜSEYNOVA 


Yazının  birinci  variantının  linki : 
http://yaqutvafiqqizi.blogspot.com/2011/08/elcin-el-ucun-dogulan-ogul.html

Friday, January 2, 2015

" ƏLVİDASI YOX "

Bu   necə  dostluqdu ,  necə  sevgidi ,
Sevinci   olmadı ,  qəm - kədəri   çox !
Bu   necə  dostluqdu ,  necə  sevgidi ,
Sonunda   quruca   " əlvidası "    yox !


                                 Bu   necə  dostluqdu ,  necə  sevgidi ,
                                 Gözümüz   verdiyi   əzablarla   tox !
                                 Bu   necə  dostluqdu ,  necə  sevgidi ,
                                 TANRIDAN    dilənən   bir  duası  yox !


                                                                             YAQUT     HÜSEYNOVA