Thursday, January 29, 2015

" BİRİ VAR ... " ( yeni yazım )

  BİRİ   var ,  hər   birimizin   həyatında .  Nə   yaxşı   ki ,  " var "  deyə   biləcəyimiz
biri ...  Bizi  hər  an  anlayan , sevincimizi  bölüşən , kədərimizi , qəmimizi , hər  bir
sıxıntımızı  bütün  səmimiyyətiylə  dinləyib  çözüm  axtaran  biri ...  Gah  əsl  dost
kimi  şərik  olar  uğurlarımıza ,  gah  düşmən  tək  qarşı  çıxar  bizə ,  gah  da
etdiyimiz  əməllərə ,  səhvlərə  görə  heç  kim  bizi  qəbul  etməyəndə ,  hətta
amansızlıqla  qınayanda  yanımızda  olar ,  əllərimizdən sevgiylə  tutaraq
yaşadıqlarımıza   cavab  tapmaqda  yardım  edər .  BİRİ  var ...  Dünya  içrə
qurduğumuz  kiçik  dünyamızda . Xəyallarımızı   görməyi  bacaran ,
arzularımızdakı  reallaşdırmaq  istədiyimiz  səadəti  gözlərimizə  əxz  edən ,
ruhumuzu  təmkiniylə , sədaqətiylə  var  edən  biri ...  Ümidlərdən  yaratdığımız ,
TANRIDAN   həqiqət  olmasını  dilədiyimiz  şirin  nağıllarımızın  sonundakı
üç  almanı  gətirər  ömrümüzə  o .  Əllərimizi  göylərə  açdığımız  zaman  belə
könlümüzü nurlandıran  duaların  yolu  onun  verdiyi  inam  və  çözümlərdən  keçər.
Möhkəm  tutaq  əllərindən . Bizi  tərk etməsinə səbəb olacaq mənəvi tənəzzüldə yox  olmayaq . Varlığımıza  ayna   tutan  əyrimizi ,  düzümüzü ətrafımızdan  öncə bizə  göstərən  də  odur . 
 
  
  Günəşın   al  şəfəqləriylə  açdığımız   hər   günün  24  saatını   necə
tamamladığımızı  ulduzlu  gecələrin  röyasına  gözlərimizi  yummadan   öncə
sevgiylə  dinləyər . VİCDAN təmizliyini  tanıdar   hər  birimizə . Həyatın
təzadlarında  yorulub - usanan  ruhumuzun dinclik   tapdığı  məkana   çevrilər ,
onunla  vəhdətimiz .  Sevinəndə  UCA  YARADANA   şükranlığımızı  unutdurmaz !
Qəlbimizi  ağrıdan   nisgilin , qəm - qüssənin   silinməsinə  çalışan  səbrimizə
dönər  o . Və  onun  var  olduğu  qədər  İNSAN   kimi  addımlayarıq  həyat
yollarında ...
  BİRİ   VAR ,  həyatımızda  dediyimiz - elə   ÖZÜMÜZÜK !  Söylədiklərimi  yalnız
özümüzlə  etdiyimiz  söhbət  zamanı  yaşayırıq . Çünki  hər  bir  kəs  bütün
səmimiyyətiylə   yalnız  ÖZÜYLƏ   SÖHBƏT   zamanı  TANRININ  hüzuruna  çəkilir .
Mənəvi  hesabatımızı  varlığımızı  var  etmək  üçün  nəfəs  qədər  dəyərli  bilək !
Çünki  bunsuz  mənliyimiz   də ,   vicdanımız  da   boğularaq   məhv  olar ! 


                                                            
                                                                    YAQUT   HÜSEYNOVA

Dərc  olunub :

Avromedia.az                     link :  http://avromedia.az/yaqut-huseynova-biri-var/

  

No comments:

Post a Comment