şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan " NUH YURDU " qəzetinin
20 iyul 2005 - ci il tarixli sayında işıq üzü görüb . )
Tarixi keçmişi dəqiq və dürüst öyrənməyin ən gözəl mənbələrindən biri ,
zamanın kollektiv yaddaşı hesab edilən kütləvi informasiya vasitələridir .
Arxiv və kitabxana rəflərində tarixin sınaqlarından çıxmış , indisə saralıb -
solmuş yüzlərlə qəzet , jurnal və digər mətbuat nümunələri saxlanılır . Bu
cansız vərəqləri oxuyub öyrəndikcə saralmış səhifələrdə neçə - neçə nəslin
amal və qayəsini , fikir və düşüncəsini , arzu və mübarizəsini görmək
mümkündür . Bəli , KİV hər bir millətin varlığını sübut edən atributlarından
biridir . Bu fakt jurnalistlərin üzərinə böyük bir məsuliyyət düşdüyünü bir
daha təsdiq edir .
Hər sahədə olduğu kimi bu gün KİV - də də məqsədyönlü inteqrasiyanı
görmək mümkündür . Sevindirici haldır ki , hal - hazırda qələm sahiblərininbir çoxu dünyanın bəzi ölkələrində , müxtəlif media qurumlarında fəaliyyət
göstərir . Onlar Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə dəqiq
və operativ çatdırılmasında böyük rol oynayır . Rizvan Qənbərli də belə
qələm sahiblərindəndir . Jurnalistika ixtisasına " İMAQ Araşdırmaçı
Jurnalistik vəqfi " ndə yiyələnən Rizvan Qənbərli " Türkiyə - Azərbaycan
Media Araşdırmaları Mərkəzi ( TAMAM ) " ni quraraq , " Türkiyə
mətbuatının Azərbaycana münasibəti " mövzusunda silsilə araşdırma və
hesabatların hazırlanmasını təşkil edir . " Azərbaycanda qəzet və qəzetçilik " ,
" Jurnalistin əl kitabı " , " Media və səhiyyə " adlı kitabların müəllifidir .
Milli Mətbuatımızın 130 illiyi ilə əlaqədar tanınmış jurnalist Rizvan
Qənbərlidən müsahibə aldıq .
- Mətbuatımızın bu günkü səviyyəsi sizi qane edirmi ?
- Mətbuatımızın indiki səviyyəsi qənaətbəxşdir . Lakin bu sahənin
özünəməxsus problemləri də yox deyil . Bunun bir neçə səbəbi var . Əvvəla
Sovetlər birliyi dağıldıqdan sonra yaşanan keçid dövrü mətbuatımızın
inkişafına da öz təsirini göstərmişdir . Keçid dövrüylə yanaşı ,
jurnalistikamızda sovet ənənəsinin hələ də öz təsirini davam etdirməsi
mətbuatımızın inkişafına mane olan faktorlardan biridir . Milli müstəqillik
mübarizəsi şəraitində formalaşan müstəqil Azərbaycan mətbuatı , hələ də
90 - cı illərin romantik ruhu və emosional peşə anlayışı ilə yanaşır . Son
illərdə Azərbaycan jurnalistikasında artan siyasiləşmə meyli bu anlayışın yeni
və qeyri - modern təzahürüdür . Mətbuatımızın indiki səviyyəsi baxımından
narahatçılıq doğuran bir başqa məqam isə iqtisadi cəhətdən yaranan
problemlərdir . Bu problemlər bir tərəfdən mətbuatın bazar iqtisadiyyatına inteqrasiyasını zəliflətməkdə , digər tərəfdən də media idarəçiliyi sahəsində
müəyyən problemlərə yol açmaqdadır . Əgər qəzet özü - özünü maddi
cəhətdən təmin edə bilmirsə , o , çıxmasa yaxşıdı . Belə mətbu orqanlar
bağlanarsa , əslində jurnalistikamız udar . Mətbuata və jurnalistikaya heç
bir xeyir vermədiyi halda , qışqır - bağır salaraq , " borclarımızı silin , bu
qəzet bağlanarsa çox ciddi hay - küy qopacaq " deyə , qaraguruhçuluq
edənlər uzağa gedə bilməzlər ... Amma buna baxmayaraq , mən
mətbuatımızın parlaq gələcəyini görürəm . İnanıram ki , Azərbaycan
jurnalistikası peşəkarlıq istiqamətində özünü inkişaf etdirə biləcək .
Sadəcə bu hədəfə çatmaq üçün hər bir jurnalistin , media qurucularının ,
cəmiyyətin və dövlətin öz öhdəlikləri var .
- Jurnalistika və hüquq mövzusuna aydınlıq gətirərdiniz ...
- Jurnalistlərin hüquqlarının pozulması bir həqiqətdir , amma mənə elə
gəlir ki , bunun səbəblərini axtarmaq üçün sadəcə hüquqi cəhətdən məsələyə
yanaşmaq kifayət deyil . Çünki hamıya aydındır ki , jurnalistlərimizin
hamısı heç də öz hüquqlarını bilmir . Eyni zamanda onların toxunulmazlığını
təmin etmək , təkcə dövlət dairələrinin vəzifəsi deyil . Adətən jurnalistlərimiz
öz hüquqlarından danışmağı sevirlər , onun peşəkarlıq prinsipləri və ya
peşə - əxlaq qaydalarından söz düşəndə eyni canfəşanlığı görmək mümkün
olmur . Jurnalist toxunulmazlığını da bu çərçivədə çox idealist bir anlayış
olaraq görürəm . Çünki bu anlayış dünya təcrübəsində belə tam olaraq
formalaşa bilməmiş mətbuat azadlığı fikrinə dayanır . Halbuki , problemi
mətbuat azadlığı olaraq deyil , informasiya azadlığı olaraq görmək daha
doğru olardı . Azərbaycan Respublikasının Konstitusiyasında hər bir jurnalist
kimi hər bir vətəndaşın informasiya alma və yayma hüququna malik
olması haqqında maddə təsbit olunmuşdur . Jurnalist hüquqlarının
pozulmasını mətbuatın bir problemi olaraq yox , vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində qarşımıza çıxan bir problem kimi görmək
lazımdır .
- Ümummilli Lider Heydər Əliyevin belə bir sözü var , " Jurnalist əməyi
qeyri - adi əməkdir . " Onun qeyri - adiliyini nədə görürsünüz ?
- Jurnalistika çox əzablı peşədir . Bəzən elə olur ki , jurnalistin gecəsi
gündüzünə qarışır . Qəzet səhifələrində çap olunan kiçik bir xəbər üçün
jurnalist günlərlə məlumat axtarışına çıxmalı , neçə - neçə mənbəyə üz
tutmalı olur . Bunlar peşə praktikasının sadə çətinliklərindəndir . Bunları
jurnalistikanın fədakarlıq tələb edən bir peşə olduğunu vurğulamaq üçün
qeyd edirəm . Amma bu çətinliklərin hamısı əvəzolunmaz bir həzzi də yaşadır
jurnalistə . Məhz , jurnalistikanın qeyri - adiliyi də buradan irəli gəlir . Təbii
ki , jurnalistikanın daşıdığı ictimai məsuliyyəti də xüsusi vurğulamaq lazımdır.
- Kütləvi informasiya vasitələri xalqımızın tarixi günləri , xüsusilə tarixi
faciələrimizdən təəssüf ki , çox zaman onların ildönümlərində söhbət açır .
Buna münasibətiniz ...
- Ölkə KİV - nin xalqımızın faciələrindən yalnız onların ildönümündə söhbət
açması narahatlıq doğurmaqdadır . Halbu ki , media , xüsusilə də mətbuat
hər bir xalqın yaddaş kitabçasıdır , tarixidir . Bu baxımdan təkcə milli faciələr
haqqında yox , ümummilli mənfəətlər baxımından tarixi əhəmiyyət daşıyan
hadisələrə xüsusi diqqət yetirməkdə fayda vardır . Amma onu da əlavə edim
ki , indiki jurnalistika adətən digər quruluşların müəyyən etdiyi gündəmi
izləməyə çalışır . Bu həqiqəti nəzərə almaq lazımdır . Yəni məsuliyyət
sadəcə KİV - də deyil , eyni zamanda KİV - lərə məlumat yayan informasiya
mənbələrində , ölkənin rəsmi və qeyri - rəsmi quruluşlarındadır .
- Sizcə , qəbul imtahanları zamanı jurnalistika ixtisasını seçən abituriyentlərin
qabiliyyət imtahanlarından keçməsi zərurəti nə dərəcədə düzgündür ?
- Bu ixtisasa yiyələnmək istəyən abituriyentlərin qabiliyyət imtahanı
vermələri fikri ortaya atılanda mən müxtəlif platformalarda öz etirazımı
bildirmişəm . Bu fikri irəli sürənlər özlərini jurnalistika fakültələrinə təsadüfi
gəlişlərin olması faktıyla əsaslandırır və təhsil sistemini günahlandırır .
Amma məsələ burasındadır ki , jurnalistika fakültələri bir peşə məktəbi deyil ,
bir ixtisas məktəbidir . Ayrıca , " jurnalist qabiliyyəti " anadangəlmə bir
qabiliyyət də deyil . Məhz , jurnalistika fakültələrinə sənədlərini verən
abituriyentlərin məqsədi də bu qabiliyyətə yiyələnməkdir . Belə olan halda ,
bir abituriyenti yiyələnmək istədiyi bir qabiliyyət üçün sınağa çəkmək
düzgün fikir deyil . Biz onlar üçün hər cür şərait yaratmalı , maneələri
aradan qaldırmalıyıq . Qabiliyyət imtahanı fikri isə mənə elə gəlir ki ,
abituriyentlərimizin qarşısına sədd çəkməkdən başqa bir işə yaramır .
- Rizvan müəllim, dövlətimizin KİV - in inkişafı üçün gördüyü tədbirlər
haqqında nə deyə bilərsiniz ?
- Mətbuata dövlət qayğısı hələ Ümummilli Lider Heydər Əliyevin
Azərbaycan rəhbərliyinə qayıdışının ilk illərinə təsadüf edir . Bu tədbirlər
sırasında ən mütərəqqi və medianın inkişafına stimul yaradan addım
senzuranın ləğvi oldu . Eləcə də KİV - in inkişafı üçün dövlətin ayırdığı
kreditləri xüsusi vurğulamaq istəyirəm . Media - dövlət dialoqunun
təkmilləşdirilməsi üçün keçirilən silsilə tədbirlər isə mətbuata dövlət
qayğısının artmasının göstəricisidir .
- Sonda bu sənətdə yeni addımlarını atan gənc jurnalistlərə nə
arzulardınız ?
- Mən onlara hər şeydən əvvəl dözümlü olmağı məsləhət görürəm .
Peşə həyatında çəkilən əziyyətlər gənc jurnalistləri ruhdan salmasın .
Jurnalist sənətində əldə edilən uğurlar , məhz bu cür əziyyətlərin ardınca
gəlir . Gənc qələm sahiblərimizə araşdırma ruhunu mənimsəmələrini arzu
edirəm . Çünki JURNALİSTİKANIN ƏSASI ARAŞDIRMA ÜZƏRİNDƏ
QURULUB . Üçüncü , MÜŞAHİDƏ və ANALİZ qabiliyyətini inkişaf
etdirmək üçün çox - çox mütaliə etmələrini istərdim . Nəhayət , onlara
jurnalistika peşəsinə CİDDİYYƏTLƏ və SİDQ - ÜRƏKDƏN yanaşmalarını
arzu edirəm .
- Rizvan müəllim, səmimi söhbətə görə təşəkkür edir , sizi və sizin
şəxsinizdə bütün jurnalistləri Milli Mətbuat günü münasibətilə təbrik
edirik . Qəzetimizin yaradıcı heyəti adından sizə yorulmaz fəaliyyət və
uğurlar arzulayırıq !
YAQUT VAFİQQIZI
No comments:
Post a Comment