Thursday, May 14, 2015

" SÖZÜN TƏRKİBİ "

  Qrammatikada sözün tərkibi ən önəmli məqamlardandı . Kök və şəkilçi isə bu tərkibi müəyyənləşdirən əsas amildir . Sadə , düzəltmə , mürəkkəb - leksikonumuzda olan sözlərin quruluşca təyin edilmiş növləridir . Elə sözlər , elə kəlmələr var ki , düzəltmə hesab olunsalar da, onları bəzən başqa , fəqət vacib olan prizmadan yanaşaraq kök və şəkilçiyə bölməyə çalışır insan . Daha doğrusu cəmiyyətimizdəki çağdaş ədəbi mühit bu addımı atmağa vadar edir bizi . Qrammatik qaydaları kobudcasına pozaraq , həmin sözləri müəyyən bir təxəyyülün, yanaşmanın süzgəcindən keçirməyə ehtiyac duyulur . 


   YAZAR kəlməsindən danışmaq istəyirəm . Bəli , yazar kəlməsindən . Bu gün adiləşdirdiyimiz o böyük SÖZDƏN ! Kök və şəkilçiyə bölsək bu sözü , feldən əmələ gələn düzəltmə isim olduğunu görərik . Fəqət  - ar ( - ər ) şəkilçisini digər aspektdən vurğulamaq istəyirəm . Bu şəkilçini şəkilçi olaraq deyil ," yaz" felinə qoşularaq "yazar " kəlməsini yaradan müstəqil bir söz kimi çözmək zərurətini duyuram . Ar sözünün leksik mənasına diqqət yetirsək , " namus " , geniş şəkildə açıqlasam , insanın üzərinə qoyduğu mənəvi və vicdan məsuliyyətini ifadə etdiyini görərik . Bəli, vicdan məsuliyyətini dərk etdirir insana bu təkhecalı söz . Amma acınacaqlısı budur ki , təmtəraqla , bəh - bəhlə " yazar " adını daşıyan çoxları hələ də qələmə sadiqliyin , vərəqlərin köksünə fikirləri , düşüncələri duyğuları cümlələrlə cəm edib köçürən QƏLƏMİN dəyərini , anlamını hələ də dərk etmir . Heç anlamağa belə səy göstərmir . Çox vaxt içində olduğumuz ədəbi mühit mənə şou - biznesi xatırladır . Necə ki , səsi və sənəti olmayan yüzlərlə müğənninin əlində daş - qaşla bəzədilmiş mikrafonu varsa , çox yazanların əlində QIZIL QƏLƏMİ yox, qızıldan qələmi var .
   YAZMAQ , YARATMAQ qəlbdən , beyndən qaynaqlansa da , ortaq nöqtə olan əlimizdəki qələmin mürəkkəbinin vərəqlərə iz saldığı cığırlarda tanıdar yazarı. Bu cığırlar bəlli edər oxucu ürəyindəki , oxucu düşüncəsindəki ,oxucu tənqid və rəylərindəki məqamını .
   GÜNÜN YAZARI deyil , əsrlərin sətirləri olmağı bacaraq ! QƏLƏMİN məsuliyyətini dərk edənlərdən olaq , QƏLƏM OYNADANLARDAN YOX !!!



                                                              YAQUT HÜSEYNOVA


No comments:

Post a Comment