Sunday, May 24, 2015

“ TƏLİMDƏ ƏN AZI 10 BİLMƏDİYİNİZ MƏQAMI ÖYRƏNƏCƏKSİNİZ ! “

" Hər dəfə jurnalistikayla bağlı təlimdə iştirak edəndə təəccüblənirəm ki, gör nə qədər şeyi bilmirəm? Sonra da Azərbaycandakı  böyük jurnalist ordusunu , xüsusilə də jurnalistikanı tramplin bilən, nə bilim “ üzünüzdən xarakteriniz bilinir “ cümləsi yazıb əvəzində “ mən dahiyəm “ deyənləri düşünüb təsəlli tapıram. Onlar həm də o adamlardır ki , yarı zarafat, yarı gerçək həmişə mənə ” adam nə qədər təlimə gedər ? Sən hələ oxuyursan ? “ deyirlər. Dostlar , gərçəkdən yaza bilmək hələ peşəkar olmaq deyilmiş . Mütləq təlimlərə gedin , bunu özünüzə yaraşdırın , inanın ən azı 10 bilmədiyiniz məqamı öyrənəcəksiniz!“
Jurnalist Aynur Elgünəşin bu sözləri jurnalistika və təlimlər haqqında deyilmiş ən sevdiyim sözlərdəndir . Həqiqətən reallığı əks etdirir bu fikir . Çox vaxt cəmiyyətdə qəribə daha doğrusu , artıq adiləşən  bir düşüncəylə tez – tez rastlaşırıq. Universiteti bitirmişəmsə , sevdiyim ixtisas üzrə ali təhsilim varsa, ən əsası diplomum əlimdədirsə, demək ixtisasımı mükəmməl bilirəm . Amma bu belə deyil . Bu düşüncədə olanlar yalnız və yalnız ya öz savadsızlıqlarını qəbul etmək istəmir , yaxud yiyələndiyi ixtisası daha da inkişaf etdirib dərinləşdirməyə gücünün yetə bilməyəcəyi etirafından qorxur... Bəli , problemin kökündə, məhz bu məqamlar dayanır. “ Əlimdə diplomum varsa bəsdir ! “ Cəmiyyətimizdə, təəssüf ki, belə yanaşma özümüzü məhv edən iyrənc vərdişə dönüb . “Savadlıyam “ , “ ixtisasımı ən yüksək səviyyədə bilirəm “ aldanışlarıyla yaşayır çoxu . Ali təhsil hər birimizə seçdiyimiz ixtisasın əlifbasını öyrədir . Amma onu təkmilləşdirərək , mükəmməl şəkildə formalaşdırmaq mütəmadi edəcəyimiz araşdırma və fərdi inkişafımızdan çox asılıdır . Hind kitabxanaşünası Rapqanatanın elm haqda dediyi bir fikri söyləmək istəyirəm . O elmi , biliyi inkişaf edən orqanizm adlandıraraq yazır ki , sahib olduğumuz bilik inkişafda olmalı , daim yeni bilgilərlə zənginləşdirilməli düşüncə və yanaşmalar . Kiçik su hövzələri, göllər ona tökülən çaylardan məhrum olduqda quruduğu kimi , biliyimiz və fərdi inkişafımız da zənginləşməsə varlığımız belə əhəmiyyətini itirər. Unutmayaq ki , həqiqi savad insanı təvazökar edərək ucaldar .
   
    
   Təlimlər bu baxımdan ən gözəl vasitələrdi. Bu gün bütün dünyada daha çox ehtiyac duyulan və geniş vüsət alan NLP və Fərdi inkişaf təlimləri gündəmin aktuallığına çevrilib. NLP haqqında internet saytlarında oxumuşdum. Sosial şəbəkələrdə NLP ustadı Babək Bayramovun motivasiya və fərdi inkişafın yollarına işıq tutan bütün paylaşımlarını izləyirdim. Onun TV kanallarındakı çıxışlarını da dinləmişdim. Şirvan şəhərində dəfələrlə yaşam kouçu Sənan Nəcəfovun təlimləri keçirilib . Amma hər dəfə müəyyən səbəbdən həmin təlimlərə qatılmamışdım .
   Bu günlərdə Sənan Nəcəfovun “ Fərdi İnkişaf “ təliminin iştirakçısı oldum . Təlimin keçirilmə metodları məni heyran etdi. Dinlədikcə, hələ nə qədər məqamları öyrənməli , öz üzərimdə daha çox işləyərək qüsurlarımı dəf etməli olduğumu gördüm . Bir məqam məni daha çox düşündürdü . Jurnalistika ixtisasını bitirmişəm . Universitetdə nitq mədəniyyəti , jurnalistika sənətkarlığı , jurnalistikaya giriş və bu kimi digər fənlər keçirdik . Hər bir fənn ayrı – ayrılıqda yiyələnmək istədiyimiz ixtisasın bütün prinsip və funksiyalarını , özəlliklərini əks etdirirdi . NLP təlimində fərdi inkişafa yüksək səviyyədə nail olma imkanlarının yaradıldığının şahidi oldum . Fərdi inkişaf bacarığı hər bir kəsə vacibdir. Amma ali təhsil sistemində bütün ixtisaslarda , ələlxüsus jurnalistika üçün bir fənn kimi tədrisi daha vacib və mütləqdir .
   NLP təlimləri insana özünü formalaşdırmaq , özünü tanımağı və özünü ən gözəl şəkildə, malik olduğu bütün bacarıqlarıyla birlikdə tanıtmağı dərk etdirir . Uğurlara gedən yolda hər zaman maneəmizə çevrilən komplekslərdən xilas olmağın yollarını inamla addımlamağı öyrədir bizə .
   MƏNƏN VAR OLMAĞIMIZI , FƏRDİ İNKİŞAFIMIZI istəyiriksə , bunu həyatımızın başlıca məqsədinə çevirək  və bu məqsədimizi NLP təlimlərində iştirak edərək daha da təkmilləşdirək .
   ÖZÜNÜ YARATMAQ , özünə hörmət və sevgidən meydana gələn xüsusiyyətdi . Bu hər kəsin malik olmadığı özəllikdi . Bəli, özümüzü sevməliyik . Çünki verilən ömür payında var olan özümüzə YARADANIN əsəri kimi baxmalıyıq . Bu əsəri korlamağa haqqımız yoxdur ! Onu sevə bildiksə , ona hörmət etməyi bacardıqsa , ən əsası onun üzərində məsuliyyətimizi dərk etdiksə buna nail olacağıq !

                             Yaqut Hüseynova


No comments:

Post a Comment