Sunday, April 24, 2016

"BALTA"

   -“Artıq heç kimdən incimirəm. Daha qəlbim kimsədən küsmür. Əslində bir kimsəm yoxdur, inciyib küsməyə. Əvvəllər bu hiss mənə çox doğma idi. Bu kiçik qəlbimdə sevgidən, güvəndən, səmimiyyətdən və inamdan doğan ən ülvi bir hiss idi, küsmələrim. İndisə ürəyim də, ruhum da özüm kimi kimsəsizdir. İnsan yalnız sevdiyi, güvəndiyi, qəlbinə və ruhuna doğma olan insanlardan inciyər. Artıq SİZDƏN nə küsə bilirəm, nə də inciyirəm... Biganəliyiniz bu gözəl hissi birdəfəlik sildi, qəlbimin dərinliyindən. Gözlərimdəki gülüşü yox edən laqeydliyiniz  sığınacağım olan KİMSƏSİZLİYİ hərf-hərf anlatdı mənə... Bu hərflərin nurunda özümə gedən yolçuluğumun aydınlatdığı düşüncələrimdə İLAHİ sevgi damla-damla bir ümmana çevrildi. QƏLBİMİN ÖZ ƏLİFBASI yazıldı. KİMSƏSİZLİK isə ilk hərfi oldu, bu əlifbanın! Heç vaxt arzularımı dinləmədiniz...
   ANA, ATA, dəhşətlisi bilirsiz, nədir?! Bir parçanız olan övladınızın qəlbinin səsini eşidə bilmədiniz! Əslində, o səsin könlünüzdə ucalmasına imkan vermədiniz! Hər zaman SİZ deyən oldu. SİZ DEYƏN həyata keçirildi. Daima həsrətlə sizdən gözlədiyim, lakin heç vaxt görmədiyim tövsiyə və məsləhətlərinizlə arzularım ortaq məxrəcdə “yüz ölçülüb, bir biçilərək” son nöqtəyə gəlmədi. Mən, məhz bu səadəti yaşamağı diləyirdim. Hər bir övladın arzusu olan bu son nöqtəni sizinlə birlikdə müzakirə edərək, sevinclə yazmaq istəyirdim. Amma heç vaxt bunu mənə hədiyyə etmədiniz. Və...
   ATA, “SİZ DEYƏN” lə, “Qız nədir, oxumaq nədir, hələ işləmək nədir?!“ amansızlığıyla zorla parta arxasından qoparılaraq, 15 yaşımda erkən nigahın zülmətində qaraldı ömrüm. Bir zamanlar, azərbaycan dili dərsində sevinclə yazdığım “MƏNİM ARZUM” adlı inşamda sətirlərə köçürdüklərim həyatda yaşadığım yeganə fərəhim oldu... ”


   Onunla üz-üzə oturub həmsöhbət olsam da, tale hekayəsinin dərin əzablarını illər öncə yazdığı və oxumaq üçün mənə təqdim etdiyi bu məktubla tanıdım. Gənc bir qızın puç olmuş ömrünün göz yaşlarına bürünən sevincinin izləri idi, bu sətirlər. Artıq, bu məktubun yazıldığı tarixdən uzun zaman keçmişdi. Bu gün o özü də bir anadır. İKİ QIZ ANASI. Övladları məktəblidir. Onların gözəl təhsil alması naminə fədakar bir ana kimi gecəsini gündüzünə qataraq, qızı Günəş və İlknurla birlikdə ışıqlı sabahlara doğru inana-inana addımlayır. Yaşadığı bütün çətinliklərə baxmayaraq, bir zamanlar valideyninin onun ürəyində qoyduğu sonsuz gözəl arzuları Günəşlə İlknurun bir gün həyatda reallaşdıracağına əmindir. Bəli, əmindir. Çünki o, övladlarının qəlbinin səsini ruhuyla duymağı və onları nəvazışlə dinləməyi bacarır...
Müsahibim deyir ki:
-“ Kimi həyatda VALİDEYN olur, kiminin də sadəcə uşağı var. Təəssüf ki, dünyada “Mən sənin böyüyünəm, mən deyən olmalıdır!”- söyləyən uşaq sahibləri daha çoxdur. Belələri sənəd üzərində valideyndir, real həyatda yox. Bəli, ana, ata müqəddəsdir. Nə qədər qəlbimizi qırsalar da, onların nə borcu ödənər, nə də əvəzi olar.” – deyən müsahibimin gözləri dolur. Bir qədər sükuta daldıqdan sonra, Cəmilə xanım yenidən söhbətinə davam edir:
-“Heç vaxt arzularımız dinlənilmədi. Atamıza onu nə qədər çox sevdiyimizi belə etiraf eməyə qorxurduq. Sanki onunla bizim aramızda keçilməz bir sədd vardı. Bir gün, bu səddin uçulacağına illərlə ümid bəslədik. Amma günü-gündən həmin sədd daha da böyüdü. Elə böyüdü ki, ata nəvazişi xəyallarımızda daha real göründü, mənə və bacıma. Ən çox bu həyatda anamdan incidim, ondan küsdüm. Mən və bacım erkən nigaha məcbur ediləndə o, atamın qorxusundan bir kəlmə belə deyə bilmədi. Anamızın çarəsiz nidalı gözünə dikilən son ümid dolu baxışlarımız cavabsız qaldı. Bəlkə də qəlbini param-parça edən, cavabsız qoyduğu kədər dolu baxışlarımız onun ömür yolunu addımbaaddım əbədiyyətə yönəltdi. Beləcə, bir gün onu itirdik. Daha sonra ailəm dağıldı. Atam məni və övladlarımı qəbul etmədi. Gedəcəyim yerim belə yox idi. Nəhayət, bir qohumumuzun evinə sığındım. Uşaqlarım çox körpə idi. Yavaş-yavaş özümdə təpər tapıb, yenidən ayağa qalxdım. Sənətimlə dolanışığımı təmin etməyə başladım. Nə yaxşı ki, anam mənə dərziliyi öyrətmişdi...
   Bəli, valideyn sözü dinlənilməlidir. Amma “Mən deyən olmalıdır, mənəm sənin böyüyün!” hökmranlığı övlad ömrünə çalınmış BALTAYA çevrilməməlidir! “




                                                            Yaqut Hüseynova



Monday, April 18, 2016

“ TƏK QULAQLI " ÇAQQAL “

-Ay Molla, yoxsa yazmaqdan artıq yorulmusan, nədi? İndi də rəssamlığa keçmisən... – deyərək, Molla Nəsrəddinin arvadı onun çəkdiyi rəsmi əlinə aldı. Şəklə diqqətlə baxa-baxa sözünə davam etdi:
-Maraqlı şəkildir. Bir ÇAQQAL başını elə özünəməxsus yanaşma ilə bəyaz kağıza köçürmüsən ki, təsvirə adam söz tapa bilmir. ÇAQQALIN siması, beyni və qulaqları müxtəlif görüntüləri əks etdirir. Olmaya, sən də Darvin kimi nəzəriyyə yaratmaq fikrindəsən? Bir də ki, ay Molla, bu şəkil mənə murdar Andraniki xatırlatdı.
-Həəə, ay arvad. Bəzən qəlbindəki nifrət və açılan yaralar o qədər dəhşətli olur ki, rəsmlər daha gözəl ifadə edir, söyləmək istədiklərini. Bu TƏK QULAQLI ÇAQQAL BAŞI Andranik Ozanyanın timsalında bütün ermənilərin alnına vurulmuş damğanın görüntüsüdür! İgid AZƏRBAYCAN oğlu Sultan bəy Sultanovun 1918-ci ildə Zabux dərəsində (o vaxtdan həmin dərə “ QANLI DƏRƏ ” adlanır) erməni daşnaklarına tutduğu divan onları bütün dünyaya, məhz bu adla tanıtdı!!! Bu eybəcər sima erməni kimliyinin beynlərdə nöqtələnmiş “ATRİBUTU” oldu! O ki qaldı nəzəriyyəyə, vallah dünyanın siyası müstəvisində elə üzdəniraq “nəzəriyyələr“ reallaşdırılıb ki, Darvin belə kölgədə qalıb. ALLAH rəhmət eləsin, Əzim Əzimzadəyə. Deyirəm, rəhmətlik sağ olsaydı, işğal altında olan torpaqlarımızda murdar addımlarını atan erməni dığalarını karikaturalarında, görəsən, necə canlandırardı?! Amma öz aramızdı, mənim çəkdiyim şəkil də pis alınmayıb, haaa...
   Bax, bu bir ÇAQQAL başıdır. ÇAQQALIN başı yaddaşıma Kim Kardaşyanın sevimli “qardaşı“ Sarkisyan kimi köçsə də, bu başın qurd basmış boş beyni Rusiyanın yönləndirdiyi qurğudan başqa bir şey deyil!!! Vallah, rəsmdəki bu iyrənc məxluqda olan VƏHŞİ XİSLƏT heç qədim dövrlərdə yaşayan dinazavrlarda belə olmayıb!
   Molla Nəsrəddin sözünü bitirib, yumruğunu yazı stoluna elə çırpdı ki, gözlərindəki nifrət şimşək kimi ətrafa yayıldı. Çətin də olsa, özünü ələ alıb, fikrini tamamlamağa çalışdı:
-Neçə-neçə ŞƏHİD verdik. Canlarını VƏTƏNƏ fəda edən igidlərimizin nakam taleyi  ana torpağın köksünə axan al qanlarının müqəddəsliyində yenidən millətin qəlbində əbədi dünyaya gəldi. Üç rəngli bayrağımız mənfur düşmənlərdən azad edilmiş torpaqlarımızda mavi səmanın al şəfəqli GÜNƏŞİNƏ çevrilərək, XOCALIYA, LAÇINA, QUBADLIYA, ZƏNGİLANA, ŞUŞAYA, AĞDAM və FÜZULİYƏ gedən yolumuzu qisas, intiqam qətiyyətiylə aydınlatdı!!! Şəhid-şəhid böyüdü, VƏTƏN! Şəhid-şəhid daha da dərinləşdi, BİRLİYİMİZ və AZADLIQ EŞQİMİZ! Bir ANANIN, məğrur bir TÜRK QADINININ zərif çiyinləri üstündə üç rəngli bayrağımıza bürünən tabutda əbədiyyətə uğurlandı, ŞƏHİDİMİZ! Son mənzilə çiyinləri üstə yola saldığı övladının düşmən gülləsiylə al qana boyanmış cisminin ağrılarını qəlbində duyduqca, şəhid valideynlərinin çəkdiyi ah göylərdə iz saldı... TORPAQ, ŞƏHİD övladları ilə ruhumzda, qəlbimizdə bütövləşərək VƏTƏNLƏŞDİ!
   Yunanların atalar sözlərinin birində deyilir:-“TÜRK sülhdən danışırsa MÜHARİBƏ, müharibədən danışırsa QİYAMƏT olacaq.” Artıq, yenilməz ORDUMUZUN MƏĞRUR ƏSGƏRLƏRİ son ucu QƏLƏBƏ olan qiyamətin ilk addımını atdı. YOLUN UĞURLU olsun, AZƏRBAYCAN ƏSGƏRİ!!!

                                            

                                                   
                                              Yaqut Hüseynova



Friday, April 8, 2016

“ VƏTƏNÇİN ÖLƏNƏ ÖLÜ DEYİLMƏZ! ”




   Yenicə ATA olmuşdu. Valideyn olmağın sevincini yaşayırdı. SƏNGƏRDƏKİ dostları ilə bölüşdü, çin olmuş arzusunun səadətini. Həyata ilk qədəmlərini atan oğlunu görmək, onu qucağına almaq, cənnət ətirli qoxusunu duymaq üçün günləri sayırdı. Qəlbi ümidlər, arzular, xəyallar ümmanına çevrilmişdi... Amma düşmən gülləsi aman vermədi, oğlunun şirin qığıltısını eşitməyə. Onun beşiyi başında səngərdən, hərbdən, qanlı döyüşlərdən, qolları üstündə gözlərini yuman şəhid igidlərdən bəhs edən hekayətlərini birər-birər nəql etməyə. Ömrü qəhrəmanlıq əfsanəsinə döndü. VƏTƏN yolunda şəhidlik zirvəsinə ucaldı. Beləcə, ÖZÜ üzünü görmədiyi, sevgiylə qucaqlaya bilmədiyi oğlunun beşiyi başında söyləniləcək ilk nağılın qəhrəmanına çevrildi. Bu körpə aslan parçası göylərdə bayrağımız dalğalandıqca onun hər çırpıntısında bütün şəhidlərin, o cümlədən atasının qəlbinin döyüntüsünü qürur hissi ilə duyacaq. Vətən məhəbbəti və övladını görmək arzusu ilə sətirlənmiş, hər kəsi qəhərə boğan bir hekayəti yazdı, leytenant ORUCƏLİYEV QABİL!... 

                        TANRININ yanında ŞƏHİDLƏR diri,
                        VƏTƏNÇİN ÖLƏNƏ ölü deyilməz!
                        Onların yatdığı torpaq and yeri,
                        VƏTƏNÇİN ÖLƏNƏ ölü deyilməz!

   Üç rəngli bayrağımız Seyidsulan kəndində, Lələtəpə və Talış kəndi yaxınlığındakı strateji yüksəkliklərdə yenidən dalğalandı. Neçə-neçə şəhid övladını qoynuna aldı, ana torpaq... VƏTƏN OĞLU, TANRI torpağın köksündəki səngərləri, məhz sənin atdığın addımlarla bir daha şərəfləndirdi. VƏTƏN sənə güvənir, xalq sənə inanır! QƏLƏBƏ nidalı, ZƏFƏR arzulu şücaətinlə, qüdrətinlə millətin birliyini, gücünü, qətiyyətini, tutduğu yoldan dönməzliyini yenidən sübut etdin, mənfur düşmənlərimizə. Ruhumuzla, qəlbimizlə üç rəngli bayrağımıza bu dəfə daha möhkəm sarıldıq. Yumruğa çevrilən birliyimiz torpaqlarımıza göz dikən soysuzların, çaqqalların başını xıncım-xıncım əzərək, haqqın, ədalətin səsini eşitməyən YER KÜRƏSİNİN qulaqlarının pasını təmizlədi. Yeri-göyü lərzəyə gətirdi, VƏTƏN SEVGİMİZ! Tarixi həqiqətlər bəşəriyyətin önündə dönə-dönə vərəqləndi...

                                     Addımından od yağır,
                                     Gözündə şimşək çaxır,
                                     Şuşa yoluna baxır,
                                     VƏTƏN, sənə güvənir!

   Bir gün XARI BÜLBÜL AZAN çıçəkləri ilə birlikdə Şuşada yenidən ana torpağın köksünü əsrarəngiz gülüstana çevirəcək. XOCALI, KƏLBƏCƏR, AĞDAM, QUBADLI, ZƏNGİLAN və LAÇINDAKI məscidlərimizdə ucalan AZAN səsinin ilahi nurunda şəfəqlənəcək bu çiçəklər! QƏLƏBƏ sevincli o gün uzaqda deyil!!!



                                                             Yaqut Hüseynova



  

Sunday, April 3, 2016

“YEGAYDER”AZERBAYCAN TEMSİLCİSİ YAQUT HÜSEYNOVA OLDU




   Jurnalist, Bloger, Naxçıvan Dövlət Universiteti belgeli Gazeteci-Yazar Yaqut Hüseynova Türk Dünyasında Yerel Gazeteciler ve Yazarlar Cemiyetinde temsilci oldu.

   Yurt içi ve Yurt dışı temsilcilikleri ile büyük bir oluşum hazırlığı içinde olan “YEGAYDER”Yerel Gazeteciler ve Yazarlar Cemiyeti bir ilke imza attı. Azerbaycan’dan sonra, Türkmenistan, Özbekistan, Kırgızistan ve Kazakistan’dan temsilci görüşmeleri devam ediyor.




P.S. Yazının linki: http://www.mercekhabergazetesi.com/yegayderazerbaycan-temsilcisi-yaqkut-huseynova-oldu/