Yenicə ATA olmuşdu. Valideyn olmağın sevincini
yaşayırdı. SƏNGƏRDƏKİ dostları ilə bölüşdü, çin olmuş arzusunun səadətini. Həyata
ilk qədəmlərini atan oğlunu görmək, onu qucağına almaq, cənnət ətirli qoxusunu
duymaq üçün günləri sayırdı. Qəlbi ümidlər, arzular, xəyallar ümmanına
çevrilmişdi... Amma düşmən gülləsi aman vermədi, oğlunun şirin qığıltısını
eşitməyə. Onun beşiyi başında səngərdən, hərbdən, qanlı döyüşlərdən, qolları
üstündə gözlərini yuman şəhid igidlərdən bəhs edən hekayətlərini birər-birər nəql
etməyə. Ömrü qəhrəmanlıq əfsanəsinə döndü. VƏTƏN yolunda şəhidlik zirvəsinə
ucaldı. Beləcə, ÖZÜ üzünü görmədiyi, sevgiylə qucaqlaya bilmədiyi oğlunun
beşiyi başında söyləniləcək ilk nağılın qəhrəmanına çevrildi. Bu körpə aslan
parçası göylərdə bayrağımız dalğalandıqca onun hər çırpıntısında bütün şəhidlərin,
o cümlədən atasının qəlbinin döyüntüsünü qürur hissi ilə duyacaq. Vətən məhəbbəti
və övladını görmək arzusu ilə sətirlənmiş, hər kəsi qəhərə boğan bir hekayəti
yazdı, leytenant ORUCƏLİYEV QABİL!...
TANRININ yanında
ŞƏHİDLƏR diri,
VƏTƏNÇİN ÖLƏNƏ ölü
deyilməz!
Onların yatdığı torpaq
and yeri,
VƏTƏNÇİN ÖLƏNƏ ölü
deyilməz!
Üç rəngli
bayrağımız Seyidsulan kəndində, Lələtəpə və Talış kəndi
yaxınlığındakı strateji yüksəkliklərdə yenidən dalğalandı. Neçə-neçə şəhid
övladını qoynuna aldı, ana torpaq... VƏTƏN
OĞLU, TANRI torpağın köksündəki səngərləri, məhz sənin atdığın addımlarla bir
daha şərəfləndirdi. VƏTƏN sənə güvənir, xalq sənə inanır! QƏLƏBƏ nidalı, ZƏFƏR
arzulu şücaətinlə, qüdrətinlə millətin birliyini, gücünü, qətiyyətini, tutduğu
yoldan dönməzliyini yenidən sübut etdin, mənfur düşmənlərimizə. Ruhumuzla, qəlbimizlə
üç rəngli bayrağımıza bu dəfə daha möhkəm sarıldıq. Yumruğa çevrilən birliyimiz
torpaqlarımıza göz dikən soysuzların, çaqqalların başını xıncım-xıncım əzərək, haqqın,
ədalətin səsini eşitməyən YER KÜRƏSİNİN qulaqlarının pasını təmizlədi. Yeri-göyü
lərzəyə gətirdi, VƏTƏN SEVGİMİZ! Tarixi həqiqətlər bəşəriyyətin önündə dönə-dönə
vərəqləndi...
Addımından
od yağır,
Gözündə şimşək çaxır,
Şuşa
yoluna baxır,
VƏTƏN, sənə
güvənir!
Bir gün
XARI BÜLBÜL AZAN çıçəkləri ilə birlikdə Şuşada yenidən ana torpağın köksünü əsrarəngiz
gülüstana çevirəcək. XOCALI, KƏLBƏCƏR, AĞDAM, QUBADLI, ZƏNGİLAN və LAÇINDAKI məscidlərimizdə
ucalan AZAN səsinin ilahi nurunda şəfəqlənəcək bu çiçəklər! QƏLƏBƏ sevincli o
gün uzaqda deyil!!!
Yaqut Hüseynova
No comments:
Post a Comment