Sunday, April 24, 2016

"BALTA"

   -“Artıq heç kimdən incimirəm. Daha qəlbim kimsədən küsmür. Əslində bir kimsəm yoxdur, inciyib küsməyə. Əvvəllər bu hiss mənə çox doğma idi. Bu kiçik qəlbimdə sevgidən, güvəndən, səmimiyyətdən və inamdan doğan ən ülvi bir hiss idi, küsmələrim. İndisə ürəyim də, ruhum da özüm kimi kimsəsizdir. İnsan yalnız sevdiyi, güvəndiyi, qəlbinə və ruhuna doğma olan insanlardan inciyər. Artıq SİZDƏN nə küsə bilirəm, nə də inciyirəm... Biganəliyiniz bu gözəl hissi birdəfəlik sildi, qəlbimin dərinliyindən. Gözlərimdəki gülüşü yox edən laqeydliyiniz  sığınacağım olan KİMSƏSİZLİYİ hərf-hərf anlatdı mənə... Bu hərflərin nurunda özümə gedən yolçuluğumun aydınlatdığı düşüncələrimdə İLAHİ sevgi damla-damla bir ümmana çevrildi. QƏLBİMİN ÖZ ƏLİFBASI yazıldı. KİMSƏSİZLİK isə ilk hərfi oldu, bu əlifbanın! Heç vaxt arzularımı dinləmədiniz...
   ANA, ATA, dəhşətlisi bilirsiz, nədir?! Bir parçanız olan övladınızın qəlbinin səsini eşidə bilmədiniz! Əslində, o səsin könlünüzdə ucalmasına imkan vermədiniz! Hər zaman SİZ deyən oldu. SİZ DEYƏN həyata keçirildi. Daima həsrətlə sizdən gözlədiyim, lakin heç vaxt görmədiyim tövsiyə və məsləhətlərinizlə arzularım ortaq məxrəcdə “yüz ölçülüb, bir biçilərək” son nöqtəyə gəlmədi. Mən, məhz bu səadəti yaşamağı diləyirdim. Hər bir övladın arzusu olan bu son nöqtəni sizinlə birlikdə müzakirə edərək, sevinclə yazmaq istəyirdim. Amma heç vaxt bunu mənə hədiyyə etmədiniz. Və...
   ATA, “SİZ DEYƏN” lə, “Qız nədir, oxumaq nədir, hələ işləmək nədir?!“ amansızlığıyla zorla parta arxasından qoparılaraq, 15 yaşımda erkən nigahın zülmətində qaraldı ömrüm. Bir zamanlar, azərbaycan dili dərsində sevinclə yazdığım “MƏNİM ARZUM” adlı inşamda sətirlərə köçürdüklərim həyatda yaşadığım yeganə fərəhim oldu... ”


   Onunla üz-üzə oturub həmsöhbət olsam da, tale hekayəsinin dərin əzablarını illər öncə yazdığı və oxumaq üçün mənə təqdim etdiyi bu məktubla tanıdım. Gənc bir qızın puç olmuş ömrünün göz yaşlarına bürünən sevincinin izləri idi, bu sətirlər. Artıq, bu məktubun yazıldığı tarixdən uzun zaman keçmişdi. Bu gün o özü də bir anadır. İKİ QIZ ANASI. Övladları məktəblidir. Onların gözəl təhsil alması naminə fədakar bir ana kimi gecəsini gündüzünə qataraq, qızı Günəş və İlknurla birlikdə ışıqlı sabahlara doğru inana-inana addımlayır. Yaşadığı bütün çətinliklərə baxmayaraq, bir zamanlar valideyninin onun ürəyində qoyduğu sonsuz gözəl arzuları Günəşlə İlknurun bir gün həyatda reallaşdıracağına əmindir. Bəli, əmindir. Çünki o, övladlarının qəlbinin səsini ruhuyla duymağı və onları nəvazışlə dinləməyi bacarır...
Müsahibim deyir ki:
-“ Kimi həyatda VALİDEYN olur, kiminin də sadəcə uşağı var. Təəssüf ki, dünyada “Mən sənin böyüyünəm, mən deyən olmalıdır!”- söyləyən uşaq sahibləri daha çoxdur. Belələri sənəd üzərində valideyndir, real həyatda yox. Bəli, ana, ata müqəddəsdir. Nə qədər qəlbimizi qırsalar da, onların nə borcu ödənər, nə də əvəzi olar.” – deyən müsahibimin gözləri dolur. Bir qədər sükuta daldıqdan sonra, Cəmilə xanım yenidən söhbətinə davam edir:
-“Heç vaxt arzularımız dinlənilmədi. Atamıza onu nə qədər çox sevdiyimizi belə etiraf eməyə qorxurduq. Sanki onunla bizim aramızda keçilməz bir sədd vardı. Bir gün, bu səddin uçulacağına illərlə ümid bəslədik. Amma günü-gündən həmin sədd daha da böyüdü. Elə böyüdü ki, ata nəvazişi xəyallarımızda daha real göründü, mənə və bacıma. Ən çox bu həyatda anamdan incidim, ondan küsdüm. Mən və bacım erkən nigaha məcbur ediləndə o, atamın qorxusundan bir kəlmə belə deyə bilmədi. Anamızın çarəsiz nidalı gözünə dikilən son ümid dolu baxışlarımız cavabsız qaldı. Bəlkə də qəlbini param-parça edən, cavabsız qoyduğu kədər dolu baxışlarımız onun ömür yolunu addımbaaddım əbədiyyətə yönəltdi. Beləcə, bir gün onu itirdik. Daha sonra ailəm dağıldı. Atam məni və övladlarımı qəbul etmədi. Gedəcəyim yerim belə yox idi. Nəhayət, bir qohumumuzun evinə sığındım. Uşaqlarım çox körpə idi. Yavaş-yavaş özümdə təpər tapıb, yenidən ayağa qalxdım. Sənətimlə dolanışığımı təmin etməyə başladım. Nə yaxşı ki, anam mənə dərziliyi öyrətmişdi...
   Bəli, valideyn sözü dinlənilməlidir. Amma “Mən deyən olmalıdır, mənəm sənin böyüyün!” hökmranlığı övlad ömrünə çalınmış BALTAYA çevrilməməlidir! “




                                                            Yaqut Hüseynova



2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Yazılarınızı okudum hepsi birbirinden güzel,değerli fikirleriniz var.Çalışmalarınızda size başarılar.

    ReplyDelete